Acı taleli qız
Onu daha çox əsəbiləşdirən isə
küt, biliyə heç bir həvəsi olmayan tələbələr
idi. Onlar yaxşı oxuyanlara, çalışqan tələbələrə
pis vərdişin daşıyıcıları kimi
baxırdılar. Südabə xanım
bütün tələbələrini biliklərə yiyələnməyə
çağırırdı və qeyd edirdi ki, bilik Allaha məxsusdur.
Daim vətənpərvərlikdən, vətənə
sevgidən dəm vuranlar ancaq öz dövlətinin layiqli vətəndaşları
olmaları naminə heç bir cəhddə bulunmurlar. Onlar, dünya ədəbiyyatına və rusların
"qızıl dövr" adlanan XIX əsr poeziyasına və
nəsrinə olan müraciətləri süngü ilə
qarşılayır, bunu milli hisslərə zərbə kimi
qiymətləndirirdilər. Kvazivətənpərvərlik
isə həqiqi vətənpərvərliyə əks olmaqla,
onu kölgədə qoyur. Onlar milli ədəbiyyatımızı
üfürüb şişirdilən hava şarlarına,
dirijabllara çevirmək istəyirlər. Qədim və zəngin milli ədəbiyyatımıza
yaxşı bələd olmadıqları halda, mübahisəyə
girişir, özlərinin primitiv mövqeyini həqiqətin
sonuncu həddi kimi qələmə verməyə
çalışırlar.
Südabə xanım izah edirdi ki, biz layiq olanlarla fəxr
etməliyik, aşağı səviyyəli əsərləri
isə etalon səviyyəsinə qaldırmamalıyıq. Bizim şairlərin
yaradıcılığı Avropada da populyarlıq qazana
bilmişdi, hətta onun nümunələrinin
oğurlanması faktları da vardır. Məsələn,
Tiflisdə şagirdi olmuş alman Bodenşted Mirzə Şəfi
Vazehə həcv şəklində məqalə həsr etdiyi
halda, onun şeirlərinin Almaniyada çap etdirdikdən sonra
çox yaxşı qarşılandığını
görüb, oğurluq edərək, sonrakı nəşrlərində
onları öz adına çıxmışdı.
Nizamidən sonrakı yeddi əsr ərzində ədəbiyyatımız
poeziya hesabına şöhrət tapmışdı, nəsrimiz
isə XIX əsrdən başlayaraq inkişaf etmişdi. Bu, ümumən
Şərqə xas olan bir əlamətdir ki, poeziya daim
üstün mövqedə olmuşdur və şairlər
böyük nüfuz sahiblərinə çevrilmişdilər.
Ümumiyyətlə, təhsildə mühafizəkarlıqdan
qaçmaq lazımdır, ədəbi irsə də tənqidi
yanaşmalıyıq.
O, tələbələrinə
deyirdi ki, siz dünya ədəbiyyatı nümunələrindən
faydalansanız, milli ədəbiyyatı daha sox sevər və
anlayarsınız. Primitivliyi isə göylərə
qaldırmağa ehtiyac yoxdur. Bir küt tələbəni
bu sözlər çox əsəbiləşdirdi, o, yerindən
qalxıb dedi ki, bizim təkcə üç
Süleymanımızın yazdıqları sizin təriflədiyiniz
ingilis, bəlkə də, bütün dünya ədəbiyyatına
dəyər. Sizə bunları demək
artıqdır. Axı siz onları
tanımırsınız.
Südabə
xanım gülümsünüb, dedi:
- Yəqin,
siz Süleyman Sani Axundovu, Süleyman Rəhimovu və
Süleyman Rüstəmi nəzərdə tutursunuz. Onlar
müəyyən xidmətləri olan
yazıçılardır, lakin klassikliyə onları
yüksəltmək, xatirələrinə yalnız pis
hörmət nişanəsi ola bilər.
İstər "Qaraca qız", istər "Ağbulaq
dağlarında" əsərləri, istərsə də
"Ana və poçtalyon" şeiri bizim ədəbiyyatımızın
inciləri hesab olunsalar, biz öz mədəniyyətimiz barədə
xoşa gəlməyən rəy yarada bilərik.
Sizə görə onlara bənzəyənləri
tapmaq, yəqin ki, çətindir. Guya ki,
onların hər səhifəsi, bütün yer nemətlərindən
də yuxarıdır, hər bir sətirində bir geniş
üfüq açılır.
Tələbə
qeyzlə dedi:
- İstehzanızı sevdiyiniz ingilislərə
saxlayın.
Bizim böyük yazıçılarımızı dərk
etmək üçün, onlara yuxarıdan aşağı
baxanlar bir nəfər kimi universitet auditoriyalarından
uzaqlaşdırılmalıdır, bizim ədəbiyyatımızın
saf sulu bulağını çirkab
arxlarından aşağı tutanlar, öz
yanğılarını da o çirkab suyu ilə
yatızdırmalıdırlar.
Südabə
Səfərli:
- Nə
eybi var, biz gedərik, cəhaləti təbliğ edənlər
gələr və siz də razı qalarsınız. Ancaq bundan millətin faydası nə olacaqdır, mən
bilmirəm. Çünki proqnoz vermək
müşkül məsələdir. Bircə
onu deyə bilərəm ki, elmə, biliyə bəzilərinin
cahil münasibətinin özü də müvəqqəti
hal xarakteri daşıyır. Bu da
ötüb, keçəcəkdir, bütünlükdə bəşəriyyət
ona ümid bəsləyir ki, ağılsızlıqlara
qarşı gedən mübarizədə elm hökmən qələbə
çalacaqdır.
Zəng professorla mübahisə edən tələbə
arasında dialoqa son qoydu.
Südabə xanım özünə qapılanda,
ağır suallar ona əziyyət verirdi. O, xoşbəxtdirmi? Bu suala birmənalı cavab vermək onun
üçün çətin idi. O, artıq elmlər
namizədi, dosent olanda, 28 yaşında ailə qurmuşdu,
ölkədə tanınan inşaatçı mühənis
Hüseyn müəllimə ərə getmişdi. Onlar bir məclisdə
tanış olmuş, tanışlıq
dostluğa çevrilmiş, daha hərarətli münasibət
yarandıqda, nikahları baş tutmuşdu. Hüseyn
müəllim Leninqradda təhsil almışdı, tikinti
nazirliklərində yüksək vəzifələr
tutmuşdu. Müstəqillik dövründə
tikinti-quraşdırma işləri özəl şirkətlərə
keçdiyindən Hüseyn müəllim bu şirkətlərdə
bir qədər işlədikdən sonra Arxitektura Komitəsində
şöbə rəisi təyin olunmuşdu.
Südabə
xanım şəhərdəki tikinti-abadlıq işlərində
baş verən qaydasızlıqlara görə,
arxitektorları, öz ərini də tənqid edərək
deyirdi ki, yaxşı ki, Parisin, Vyananın və
Venetsiyanın tikinti-abadlıq işlərini sizin kimilərə
tapşırmayıblar, yoxsa həmin şəhərlərin
monumental abidələrinin heyranedici gözəlliklərinə
də ağır zərbə dəyərdi.
Onlar evlənəndə əri altı yaş ondan
böyük idi, bu, Napoleonla Jozefinanın nikahı
vaxtlarındakı yaş fərqinə bərabər idi,
Jozefina gələcək məşhur ərindən altı
yaş böyük idi. Ona görə də Hüseyn müəllimə
zarafatla "şalvar geyinən Jozefina" deyirdi və əri
də bu zarafatdan incimirdi.
Hüseyn
müəllim isə arvadına, o, ağ
sifətli olduğuna, dərisinin bəyaz rənginə
görə Qalateya deyirdi, bu söz yunanca "süd kimi
ağ" mənasını verir. Qalaktika,
Qalatasaray və Qalata körpüsü də bu sözdən
yaranmışdı, arvadının adını bildirən
sözün kökü də buna uyğun gəlirdi.
Əsas səbəb isə Piqmalionun ağ
mərmərdən yaratdığı Qalateya heykəli idi. Heykəltəraş öz tişəsindən
çıxan əsərə necə vurulmuşdusa, allahlardan
ona nəfəs verməyi xahiş etmişdi. Qalateya
canlı qıza çevrildi və Piqmalion öz məhəbbətinə
qovuşmaq arzusuna nail oldu.
Hüseynlə Südabənin övladı yox idi. Toylarından üç il
sonra Südabə xanımın döşündə süd vəzində
qorxulu bəd şiş əmələ gəlmişdi,
vaxtında müalicəsinin üstünə
düşülmədiyindən, elmi işlə gərgin məşğul
olması səhhətinə adi bir qayğı göstərməsini
də yaddan çıxarmışdı, şişin
götürülməsi, uşaqlığın da
çıxarılması ilə müşayiət
olunacaqdı və bu əməliyyat ağır xərc
hesabına başa gəlməli idi. Gənc ailə
ağır problemlə üzləşməli olmuşdu, elə
bir çıxış yolu da yox idi. Birdən
Hüseynin yadına ölkədəki böyük nüfuza
malik olan mühüm iş adamı düşdü. O,
hüquq elmləri doktoru, professor idi, hamı onu bu adla
tanıyırdı. Hüseyn tələbə vaxtı onunla
Leninqradda tanış olmuşdu. Həmin vaxt o, oradakı məşhur dövlət
universitetinin hüquq fakültəsində oxuyurdu. Azərbaycanlı tələbələr onun
haqqında xoş sözlər danışırdılar,
yaxşı oxuduğunu, güləşlə məşğul
olduğunu deyirdilər, daha çox isə vətənpərvərliyini
və səmimi olmasını tərifləyirdilər.
Hüseyn onunla bir neçə dəfə
görüşmüşdü, lakin tanışlıq
dostluğa çevrilməmişdi. Deyirdilər ki, o,
öz yerlilərindən başqa, əslən Leninqraddan olan tələbələrlə
də dostluq edir. Bir qrup yoldaşı ilə
isə idman məşqlərində daha da
yaxınlaşmış, onların arasında sıx dostluq
yaranmışdı. Universiteti bitirdikdən
sonra aspiranturaya daxil olmuş, namizədlik dissertasiyası
müdafiə etmiş, sonra elmlər doktoru və professor
titulunu da qazanmışdı. Leninqradlı
yaxın dostu isə siyasi fəaliyyətlə məşğul
olmuş, qısa müddətdə Sankt-Peterburq meriyasında
rəhbər işə irəli çəkilmişdi. Sonra fəaliyyətini Rusiya Federasiyası hökumətində
mühüm vəzifələr tutmaqla davam etdirmiş, karyera
pilləsi ilə zirvələrə yüksəlməyi
bacarmışdı. Onun da köməkliyi
ilə, birinci növbədə isə öz qabiliyyəti ilə
professor Rusiyada uğurlu biznes qura bilmişdi. Qısa müddətdə böyük var-dövlətə
sahib olmuşdu, doğma respublikasındakı bəzi varlı
adamlardan fərqli olaraq o, qazandığı sərvəti vəzifə
hesabına, rüşvət almaq nəticəsində deyil,
qanuni sahibkarlıq yolu ilə əldə etmişdi. Azərbaycanda isə yalnız xeyriyyəçiliklə
məşğul olurdu, ona müraciət edənlərə
mümkün olduğu qədər kömək əlini
uzadırdı. Bütün xərcləri
öz üzərinə götürərək, bir
yaşlı ziyalını Almaniyada əməliyyat etdirməklə,
onu ölümün pəncəsindən qurtara bilmişdi.
Bu qaydadakı xilaskar rolunu dəfələrlə
oynamışdı.
Hüseyn arvadının səhhəti ilə əlaqədar
çətinliyə düşəndə
çıxış yolu tapa bilmədiyindən, nəhayət,
professora müraciət etməyi qərara aldı, lakin
Südabəyə bu barədə heç nə demədi. Özü
kimi keçmiş kasıb tələbə indi böyük
imkanlara və təsir göstərmək gücünə
malik idi. Lakin tərəddüd edirdi,
düşünürdü ki, bəlkə heç yadında
da qalmamışam. Nəhayət, onun
şəhərin mərkəzindəki sadə görkəmli
ofisinə gəldi. Əvvəllər
mühüm vəzifələrdə işləmiş köməkçi
onu gülərüzlə salamladı. Professor isə
Hüseyni sadəcə tanıdığı adam
kimi deyil, yaxın bir dostu kimi qarşıladı. Onun bura gəlməsinə görə
özünü qınaması da artıq arxada
qalmışdı. Professor Leninqradı, bəyaz gecələri,
Peterqof fəvvarələrini yada saldı, son vaxtlar Ermitajda
bir daha olduğunu söylədi. Sonra Hüseyn
müəllimin vəziyyəti ilə maraqlandı. Hüseyn isə
çəkinmədən onun yanına iri xahişlə gəldiyini
bildirdi və düşdüyü çətinliyi ona
çatdırdı.
Professordan
öz böyük təəccübünə səbəb
olan bir cavab aldı, o, belə bir fikir irəli sürdü ki,
Moskvada Onkologiya mərkəzində əməliyyat
aparılması daha yaxşı olardı, lakin uçuşla
bağlı xəstəliyin mürəkkəbləşməsi
təhlükəsini nəzərə alaraq, əməliyyat
burada da aparıla bilər. Əlavə etdi ki, mən
Moskvadan buraya ən yaxşı mütəxəssisləri dəvət
edə bilərəm. Bütün xərcləri
isə mən öz üzərimə götürürəm
Yaxşı ki, mənə müraciət etmisən, çətin
anda biz bir-birimizə kömək etməli, dayaq
olmalıyıq.
Hüseyn müəllim çaş-baş qalmışdı,
ona münasibətdə professor alicənablığın əsl
zirvəsində olduğunu nümayiş etdirdi. Həm də
o, çox səmimi idi, ağılasığmayan
mehribanlıq göstərirdi. Ona görə
də minnətdarlıq etməyə də söz
tapmırdı. Professor onu
qabaqladı, dedi ki, əməliyyat uğurlu keçdikdən
sonra xanımınla səni öz restoranıma qonaq dəvət
edəcəyəm.
Hüseyn müəllim evə
qayıdanda onun sifətindən sevinc yağırdı,
Südabə heç nə başa düşmürdü.
Əri ona bugünkü görüşü bütün təfərrüatı
ilə danışdı. Bunları eşitdikdən sonra
arvadının qarşıdakı əməliyyatdan qorxusi
xeyli azaldı və ürəyində bu böyük mərhəmət
sahibinə minnətdarlıq etməyə başladı.
Professor öz vədlərinə
artıqlaması ilə əməl etdi. Moskvadan dəvət
olunmuş cərrahların Bakıda qalmalarının və əməliyyatın
bütün xərclərini ödədi. Qonaqlar evlərinə
yaxşı sovqatla yola salındılar. Bu alicənab
insanın köməyi ilə Südabə xanım xərçəngin
caynaqlarından xilas oldu.
Əməliyyatdan sonra bu gənc ər-arvadın
övlad sahibi olmaq istəkləri yalnız arzu şəklində
qala bildi. Onlar Hüseyn müəllimin qohumlarından birinin
uşağını götürüb saxlamaq istəsələr
də, hali olduqları özgə ailələrin bu sahədəki
mənfi təcrübəsi onları həmin fikirdən
çəkindirmişdi.
Ailə
daxilindəki münasibətlərə gəldikdə,
Südabə ərindən razı idi, o, yumşaq xasiyyətli
adam idi, mübahisə etməyi sevmirdi, aralarında kiçik
narazılıq baş verəndə də, hətta mərhəmətli
qaydada günahı öz üzərinə
götürürdü və söz-söhbət də
yoxa çıxırdı.
Südabə xanımın zəif cəhəti
onun qısqanc olması idi. Bəlkə də,
bu, onun zəhmətə həddən artıq
özünü həsr etməsindən irəli gəlirdi,
tanınmış mütəxəssisə çevrilmə
asan başa gəlmirdi, çoxlu işləmək,
ağır zəhmətə qatlaşmaq lazım gəlirdi.
Ona görə də, o, çox vaxt evdə tək
qalırdı, bəzən hətta çox məşğul
olduğuna görə ad günlərinə də əri ilə
birgə getməkdən imtina etməli olurdu.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2021.- 9 yanvar.- S.14,15.