Yalquzaq olmalısan
- Dağlar
dağımdır...
Səxavət
Məmmədov oxuyur:
Azad bir
quşdum,
Yuvamdan
uçdum,
Bir
bağa düşdüm
Bu gənc yaşımda.
Bir
ovçu gördü,
Köksümdən vurdu.
Torpağa
düşdüm
Bu gənc yaşımda.
Musiqi məni alıb aparır. "Azad bir quşdum... Bir bağa
düşdüm..." Dağa - dağlara düşdüm. Lalələri, zanbaqları, çiyələkləri
qan rəngində, nərgizləri günəş rəngdə
dağlara.
Laçın
hər yanı dağlar,
Ürəyi, canı dağlar.
Bir qərib
qız dolaşardı
Siz deyin,
hanı, dağlar?
Gözümü dünyaya açanda özümü
dağlarda gördüm. O vaxtacan çətinlik görməyən, həyatın
pis-yaxşı üzü ilə rastlaşamayan biri... Çiçəklərin
arasında kəpənək ardınca qaçan, ağacların
başında quş beççələrinin yuvada cikkildəşməsinə
tamaşaya dalan, səhər
günəşlə, axşam ayla danışan, öz dünyasında tək-tənha
dolaşan, günü kitabların arasında keçən və
hərdən başını qaldırıb bu dünyaya
baxanda diksinən, öz dünyasına dönən biri.
Yenə eramızdan əvvəldən qalmış xatirələrin
buzu əriyəcək. Günəşə
çıxarılası şeylər çoxdur. Ruhumdan ağır daş kimi asılıb qalan, bəzən
işığı ardınca sürükləyib aparan xatirələr.
Hərdən neçə min il
yaşı var kimi, bəzən də lap xırdaca uşaq
kimi olur adam xatirələri vərəqlədikcə. Heç nə qızıl orta həddində
olmadı. Heç nə...
...Dağlar
piramida şəkillidir. Zirvəsi şiş, ətəkləri
enli. Lap qədimlərdən onların necə
böyük,
güclü və ilahi enerjiyə malik olduğunu
bilirlərmiş. Fironların mumiyalarını
ona görə piramida şəkilli daş tikililərin
içərisində saxlayıblar. Dağlar
həm də bizi dingildəyib o tərəf, bu tərəfə
sürüşməyə də qoymur. Yeri mismar kimi
mantiyaya çalır, bərkidir. Ağır
oturub batman gəlirik. Əvvəllər mənə elə
gəlirdi ki, zirvədə adam Allaha daha yaxın olur. Sonralar müxtəlif rayonlarda hər yüksək
zirvə gördükcə orada namaz qılmaq arzusu, yəqin,
buradan doğurdu. Maraqlı, görünməmiş təbiət
hadisələrinin dağlarda baş verməsinin də səbəbləri,
məncə, bu sirlərlə, nəhəng enerji ilə
bağlıdır. Gördüyüm çox maraqlı təbiət
hadisələri haqqında növbəti məqalədə
danışacağam.
Kirs dağı, Sarıbaba, Hadruta tərəf Ziyarat
Kiçik Qafqaz dağlarının Azərbaycan ərazisindəki
ən gözəl, axar-baxarlı yerləridir. Ziyarata uzaqdan
baxardım, yaxından görməmişdim. Bu dağların ətəklərində yerləşən
Gordahat, İtqırılan, Altıntaxta meşələri əvəzolunmaz,
qiymətli bir xəzinə idi. Onların
qiymətini bizdən çox qabaq almanlar bilmiş, rus
çarı Nikolaydan Altıntaxta meşələrinin
qırmızı palıdını qızıl pulla
alırmışlar. Bilmirəm, indi o
ağaclardan əsər-əlamət qalıbmı? Ancaq bilirəm ki, qırmızı palıd
ağacını daşımaq üçün XIX əsrdə
meşələrin arası ilə almanların çəkdiyi
yol hələ də qalar. O torpaq yolla nə qədər
at sürmüş,
gözəlliklərə tamaşa etmiş,
düşüncələrə dalmışdım. Yüz ildən bəri çəkilən yolu bir dəfə
də sel aparmadı, eləcə dururdu. Ancaq rayonun
özündə, kəndlərə gedən yollarda hər il yazda yolları sel aparır, körpüləri
dağıdır, maşınlar o tay-bu tayda qalırdı.
Mədəniyyət yoldan başlanır. İnsanın mədəniyyəti,
insanlığı nədən, necə başlanır, - onu
bilmək olmur. Kor çıraq dibinə
işıq salmaz, - deyiblər. Günəş
insanlar hər yerə işıq salar. Xarakterin
gizli saxlanılan sadist tərəfi hər dəfə qəfil
üzə çıxdıqca iyrənc mənzərələr
yaradır, adamı çaşdırır, əzab verir.
Bu zaman sənin gizlində qalan bütün
potensialın işə düşməli, bu dünyadakı
imicini başa vurmaq üçün qulağına deyilən
pıçıltılara qulaq asmalısan. Qarşına çıxan çətinliklər səni
bişirir, polad kimi bərkidir, "xalisi-müxlis" edir, bənövşə
yarpağı kimi incəldir. Üsyanını
yalnız Allaha edə bilərsən. O, sənə o qədər
yaxınlaşır ki, pıçıltısını
eşidirsən: "Sən bu tale üçünsən. Bunları yaşamalısan. Səbrin
çatacaq sonacan. Səni hər odun içindən
salamat çıxardım, bax... Yenə də
çıxaracam... Döz... Döz... Döz..."
Onlar da dözür və at talelərini at kimi
yaşayırdılar. Doğulandan analarının
südünü əmib, göy çəmənlərdə
azad ruhlarının ardınca qaçan dayçalar vaxtı
çatanda başlarına nə gətiriləcəyini bilsəydilər,
heç doğulmazdılar.
Dağlara azad buraxılmış
ilxını böyüklü-kiçikli sürüb kəndə
gətirərdilər. Mahir kəmənd atanlar devikmiş dayçalara kəmənd
atıb tutur, sonra bərk çəkib boğurdular. Ürəyi gedən dayça yerə
yıxılır, sonra qumla doldurulmuş kisələri onun
belinə bağlayır və oyanmasını gözləyirdilər.
Oyanan kimi belindəki ağır qum kisələrindən yaxa
qurtarmaq üçün onu da götürüb
üzü azadlığa doğru dəli kimi qaçan o
dayçaları görmək elə əzablı idi ki. Onların gözlərini görmüşdüm.
Ömürlük həbsə salınan
adamların da, yəqin ki, baxışları belə olur.
Dəli kimi, vəhşi kimi, hövlnak
qaçan, başlarına gələni hələ də dərk
etmədikləri üçün dəhşət dərəcədə
qorxmuş cavan dayçalar. Azadlıqlarına
ömürlük buxov vurulmuş heyvanları o dəli
yüyürməkdən yorulmuş, qan-tər içində,
ayaqlarını sürüyə-sürüyə, gözlərindən
bayaqkı dəli qəzəb əvəzinə dərin kədər
tökülü, aciz və taleyə boyun əymiş
qayıdan görmək mənim üçün günahı
olmayan birinin dar ağacından asılmasını görmək
qədər əzablı idi. Bundan
sonrası qalırdı göydə Allah, yerdə isə
sahibin insafına. Bizimlə o uzaq
yolları qışda-yayda yorub-yortan qəmər
atımız da bizim insafımızın umuduna idi. Yaxşı baxırdıq qəmərə. O
da bizim əziyyətimizi çəkirdi. "Ata
qıymayınca yol alınmaz"- deyib Dədə Qorqud.
Ən çətini yağışda, tufanda,
külək qarı üz-gözümüzə
çırpanda səfərə çıxmaq idi.
Uzaq yolda atın yorulmasının nə demək
olduğunu bilirsinizmi? Yolun gedilməmiş çox hissəsi
qalanda yorulmuş atı hara, necə aparasan? Ya güllə ilə vurmalı, ya da elə oradaca
qurd-quşa qoyub yəhər-yüyəni öz belinə
şəlləyib aparmalısan. Yolumuzun
yarısı olmamış o biri at - birovuz
aldığımız at yoruldu. Allahım, fevral
ayı... Gecənin yarısı... Uzaq və çətin
yol... Yorulmuş at... Addımını da
qaldırmır. Yüyənindən çək,
şallaqla döy, öldür, ha dəhmərlə,
muşqur... Xeyiri yoxdur. Ölürsə
də, yerindən bir addım atmır. O atı
Qışlağacan, demək olar ki, qəmər atın və
qollarımızın gücünə
ölüm-zülüm apardıq...
Kirsin kimsəsiz
meşəsi... Göydə Allah, yerdə biz... Və
yorulmuş atımız... Qarşıda gedilməmiş uzun
yolumuz... Zil qaranlıq gecənin qorxusu, vahiməsi.. Ulayan qurdların, çovuyan qarın
ümidsizlik, ölüm soyuğu... İçimdən vulkantək
püskürmək istəyən qəzəbi, qorxunu boğan dəmir iradəm... Bir gündə
yaşanmış bir ömürlük əzab! Dağ da gətirməzdi
buna tab! Yorulmuş atımızı güllələyə
bilmədik, çünki birovuzdu, Aydın Məmmədov! Bu ağrılı, əzablı ömür yolunda mən
də bir yorulmuş atam, at. Özümü də
öldürə bilmirəm, Aydın Məmmədov! Çünki birovuzam mən də dünyada.
Qəmər
at adam kimi dil bilirdi. Böyük
oğlum hələ düz-əməlli yeriyə bilmirdi, ancaq
at sürürdü. Toppuş əlləri ilə
yüyəndən bərk tutub: "Dəh-dəh, dəh-dəh"
- deyə muşqurar, hələ bərkiməmiş uşaq səsi
dərələrdə əks-səda verər, sevinərdi. Çiyələkli dərə dediyim yerdən
aşağı pillə-pillə uzanan taxıl zəmisi
vardı. Qışlaqdan öz kəndimizə
gələndə at ayaqlarını nə qədər
çaldısa, pillənin birini çıxa bilmədi.
Yazda iki-üç qarış uzanmış və üzərinə
şeh düşmüş taxılın necə
sürüşkən olduğunu bilənlər bilir. Bir neçə cəhddən sonra at dizi üstə
çökdü. Oğlum da, mən də
yəhərdən aşıb atın qarnının altına
düşdük. Mən özümü
toparlayıb tez uşağı çəkib
çıxardım, bir tərəfə itələyib
özüm qalxdım. Qəmərə
baxdım. Dizi üstə özünü
güclə saxlayıb tərpənmirdi, əsə-əsə
quruyub qalmışdı. Biz
özümüzü düzəldəndən sonra ayağa
qalxdı. Tərpənmirdi ki, birdən əl-ayağı
uşağa, ya mənə dəyər, əzilərik. Çox insandan qayğıkeş, düşüncəli,
heyvan dediyimiz yaratıq.
Bir payız Xumarta kəndinin adamları dedilər ki, tərəkəmənin
sürüsündən yayınan bir dəstə yiyəsiz it
meşələrdə məskən salıb. Vəhşiləşmiş
itlər qarşılarına çıxan heyvanları
parçalayıb yeyir, adamlara hücum edirlər. Ehtiyatlı olun. İtdən
çox qorxmasam da, yenə vahimələndim. Oğlumun iki yaşı vardı onda. Hava seyrək duman idi. Axşamüstü
iki təpənin arasında talada tək bitmiş qoz
ağacının yanına çatanda qarşıdan
mırıldaşan bir sürü itin səsini eşitdik.
Külək onlar tərəfdən əsirdi.
Ürəyim üzüldü. Belə əlahiddə
vəziyyətlərdə dərhal işə düşən -"ən optimal variantı
seç" - deyən empirik vərdişim ani olaraq bu qənaətə
gətirdi: "Uşağı tapşır atasına,
atı qov, özün qaç itlərə tərəf. Körpəni atası qurtarsın, sən uşaqla tək
qalsan, olar ki, uşağı qurtara bilməzsən. Qoy onlar getsin, qurtulsunlar, sənin üçün
heç nəyin fərqi yox onsuz da, heç olmasa, oğlun
yaşayar. O, var olsun, sən onda davam edəcəksən".
Lap astaca pıçıldaşırıq: "Külək
bizə tərəf əsir, itlər bizim, atın iyini
duymurlar, qurtara bilərik". Sakitcə əks
tərəfə qayıdırıq. Yolumuz
uzaq düşsə də, qurtuluruq. Allah
qurtarır. Yenə ürəyimdə bir
neçə telin çıqqıltı ilə
qırıldığını eşidirəm. Əlimi uzadıb qəməri tumarlamaqdan da
özümü saxlaya bilmirəm. Bütün
minnətdarlığım ruhumdan Tanrıya, əlimdən qəmərə
axır.
Və... bir gün qəmər at yox idi. Başqa
birisi ilə - sarı atla dəyişdirilmişdi. Həyətdə
görəndə əvvəlcə bir az
ögeylik hiss etdim. Ancaq sonra isnişdik.
Allah, buna necə bir gözəllik vermisən! Hündür,
qızılı-sarıya çalan, yalı-quyruğu şəlalə
kimi axıb tökülən sevimli bir at. O tərəf-bu
tərəfinə keçdim, "xoş gəldin" dedim. Qəməri xatırladım. Üzüldüm.
Bir neçə gün sonra isə sarı
atın başına gələn o dəhşətin
şahidi olmaq əzabını yaşadım. Demə, atın qolu alınıbmış. Qolun alınmağı o deməkdir ki, soyuqlaması
olur və qolu qəfil qatlanır, süvari yıxılır.
Sarı at da gecə yol gələndə həmin
hadisə baş vermişdi. Səhəri gün at həyətə
bağlandı və... Və: "Sarı at, yalı qız
birçəyi, quyruğu qız saçları kimi gözəl
at! Yanlarında, belində, boynunda səni qəzəblə,
bağıra-bağıra az qala yarım
saat döyənin toğu dana gönündən
hörülmüş od kimi yandıran
şallağının yeri gömgöy qaldı! Hər
tükündən daman tər damlası lənətə
dönüb səni o günə qoyanı cəhənnəmə
sürükləməzmi?! Sənin əsə-əsə zorla
ayaq üstə durmağın gözüm önündən
getmir! Təəccüb və dəhşətdən
irilmiş gözlərinin əzablı baxışları
da... İsti göz yaşları adamın
ürəyini yox, sifətini yandırsa, yaxşıdır.
Bağışla, bağışla ki, səni
o zülmdən qurtaran, o şallağın qabağına
duran olmadı. Sənin nə
günahın vardı ki?! Xəstə idin, qolun
alınmışdı! Belində gəzdirdiklərin səni
o günə qoymuşdu! Əvəzi nə oldu
- o qədər döyülməkmi?! İndi
ölmüş olarsan. Sənin gözəlliyindən, qəşəng
yerişindən kino lenti kimi xatirələr, bir də bu
acı səhnə qaldı, sarı at! Bağışla...
Bağışla..!" (FB).
...Kənddən
çox aralı idi Qırxbulaq. Səfərli
çayının o tayında, dərədə
daşların arasından poqquldayıb çıxan və
çaya qarışan gur sulu bulaqdı. Danışırdılar ki, qar uçqunu olanda
Qırxbulağın dərəsi ağzınacan qarla dolar,
yayın sonunacan əriməzmiş. Yayda
bulağın axdığı yerdən üzüyuxarı
altdan qar əriyər, böyük tunel əmələ gələrmiş.
Qar tunelinin içində solğun rəngli
yarpız, bulaqotu kolları bitərmiş. Suyu Qırxbulaqdan səhənglə
daşıyır, üzüyuxarı birnəfəsə evə
qaçırdım. Çox vaxt körpə
uşağın yanında qoymağa adam
tapmazdım. Paltarı da Səfərli
çayında suya çəkirdim. Qışda
çayın buzunu sındırmaq çətin olurdu. Nə illah edirdim, buza yapışmış
daşları yerdən qopara bilmirdim. İri
bir daşı qoparandan sonra çayın buzunu
sındırır, açılmış yerdə
paltarları suya çəkirdim. Kənd
camaatı suyu ulaqla daşıyır, evdə istifadə
edirdilər. Mənim belə bir imkanım
yox idi. Qalın duman dərəni basanda qorxardım,
tez-tez boylanıb kiminsə gəlməsinə baxır, adam keçəndə ürəklənərdim.
O günü Qara dayı yuxarıdan - Dadaş əminin evinin
altındakı cığırdan atının yüyənindən
tutmuş, dumanın içindən çıxdı və
üzüaşağı:
- A bala,
ay müəllim, bunun ziyanını çəkəcəksən.
O soyuq su ilan kimidir indi. Sən bir
sağlamlığını da düşün, - deyib
başını bulaya-bulaya yoluna davam etdi.
İşimi qurtaran kimi əllərimi bir-iki dəfə
ovxurub isidər, sonra üzüyuxarı evə yüyürərdim. Hərdən
düşünərdim ki, gərək tüfəngi də
özümlə götürə idim. Onda adam ürəkli olur. Ancaq tüfənglə
paltar suya çəkməyə getmək fikri çox
gülünc görünürdü. Gərək
qorxularıma üstün gələydim yenə.
...Qar yaza
qalanda xarlayır, bərkiyib daş kimi olurdu. Düz-dünya
buz meydançasına dönürdü. Əyərəyə
dəvət almışdıq. Rəhmətlik
Rövşən müəllim dedi:
- Müəllim,
mən də sizinlə gedim. Qaynatam
yoldaşımın cehizliynə bir inək verib. Nə müddətdir, deyir, gəl, apar. Qalıb. Yoldaşlı gedək, qayıdanda inəyi
də gətirim..
Birlikdə getdik. Qayıdanda inəyin ipindən
tutub zorla tövlədən çıxardılar, yiyəsinə
verib yolağanı bağladılar. İnək sözündə
nəsə qəribə neqativ bir çalar gizlənib. O
söz bütün neqativliyini itirdi həmin gün. Yumru,
ortabab, göy bir düyə idi. Müəllim nə qədər
çəkirsə, ayaqlarını dirəyib getmək istəmir.
Gah fısıldayıb üstünə cumur, gah da
başını silkələyib geri çəkilir, yeni
sahibindən qurtulmaq istəyirdi. Birdən yerindən
götürülüb üzüaşağı Devliyin dərəsinə
tərəf qaçmağa başladı. Əlik kimi elə
sıçrayır, ceyrana dönüb. Bərkiyib buza
dönmüş qar meydançasında Rövşəni də
özü ilə fiqurlu konki sürənlər kimi
sürüşdürüb aparır. Uğunub getmişəm.
Arxadan qışqırdıq ki, səni dərədən
atacaq. Qəfildən ipi yana döndərən müəllim
istiqaməti dəyişə bildi. Biz yuxarıda yolla gedirik, o
isə bizimlə paralel maili düzənlikdə güllə
kimi inəyin ardınca sürüşür. Gah gülə-gülə,
gah qorxa-qorxa gəlib kəndə çatdıq. Elə həmin
gündən də macəralar başladı. O inəyin
qorxusundan bir canavar kəndin həndəvərinə hərlənə
bilmədi. Qabağına qatıb sıldırımdan
aşağı atmamış əl çəkmirdi. Onda cəsarətin
nə demək olduğunu bir daha anladım. Pisi bu idi ki, müəllimin
xanımından başqa bir adam qorxusundan tövləyə girə
bilmirdi. Şiş buynuzlarını irəli əyib hücuma
keçirdi.
... Dağlarda qış uzun çəkir. Ona
görə ən çox xatirələr qışla
bağlı olur. Qışın ortasında çəpərdə
yolağa açıb həyətə gələn
tülkülər üçün elə o yolağada cələlər
qurulardı. Əyilməyən bərk, nazik mətil
yolağaya bərkidilərdi. Gecəyarı itin hürməyindən
bilirdik ki, cələyə tülkü düşüb.
Tülkülərin dərisi soyulur, gərgiyə vurulub
qurudulur, sonra yaxın qohumlara pay aparılırdı. Bir dəfə
qurşağacan yağan qarda açdığımız
cığırla bulağa gedirəm. Qarşıma bir
tülkü çıxdı. Hərəkətindən,
üz-gözündən xəstəyə bənzəyirdi.
Gözümün içinə qəribə baxışlarla
baxıb bir addımlığımdan keçib həyətə
sarı getdi. Çox təəccübləndim. Baxdım ki,
bunda nəsə var. Evə qayıdanda ot tayası
yığdığımız şax-şəvəlin
altına sürünüb girdiyini gördüm. Gedib evdə
danışdım. Tülkünün toyuq-cücəyə
ziyan verə biləcəyini düşünüb elə
tayanın altında tüfənglə vurdular. Bayıra
çəkib çıxaranda başımdan tüstü
qalxdı. Qurulmuş cələ qırılıb
sıxılaraq belində qalmış, qarnının
altını sürtüb tamam yara eləmişdi. O, bizə pənah
gətirmişdi. "Bunu açın, məni zülmdən
qurtarın, sizin bəlanıza düşmüşəm"
- demək istəmişdi. Daha
peşmançılıq fayda verməzdi. O heyvanın imdad
diləyən və anlamadığım baxışları hələ
gözlərim önündən getmir.
... Həyat ən yaxşı kitab, ən
yaxşı məktəbdir. Oxunduqca bitməz ki rəngarəng
səhifələri. Hərdən Cek Londonun, Çingiz
Aytmatovun əsərlərini xatırlayır, həyatımı
oxuduğum o macəralarla, zəngin yaşantılarla dolu əsərlərlə
müqayisə edirdim. Qarabağ işğal olunduqdan sonra mənim
də həyatım səmtini yüz səksən dərəcə
dəyişdi. Tam fərqli bir həyatla üz-üzə qaldım.
Yeni çətinliklər, ağır məişət
qayğıları ilə dolu bir həyat. Onu deyə bilərəm
ki, insana "faili-muxtar" deyilsə də, bizdən
asılı olmayan elə məsələlər var ki,
qarşısında aciz qalır, barışmalı,
yaşamalı olursan.
Həcər
525-ci qəzet.- 9
yanvar.- S.15.