Azərbaycan
televiziyasının yeni uğuru
Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin 80 illik yubileyinə həsr olunmuş "Söz məbədi"
filmi haqqında düşüncələr
Televiziya
lap çoxdan hamımızın həyatının
ayrılmaz parçasına çevrilib. Son 30
ildə telekanallarımızın sayı artsa, seyr edə
bildiyimiz xarici televiziyaların miqdarı çoxalsa da, Azərbaycan
milli televiziyası bizimçün onların arasında
xüsusilə seçilir və həmişə diqqəti
daha çox çəkir.
Bunun əsas səbəblərindən biri odur ki, ana
televiziyamızın təməli sağlam ənənələr
üzərində qurulub və müəyyən dövrlərdə
bədii səviyyə, təqdimat, təşkilatçılıq
baxımından geniş tamaşaçı
auditoriyasını yetərincə təmin edə bilməyən
böhranlar yaşasa da, məhz həmin sağlam ənənələr
milli televiziyamızın yeni dirçəlişlərinə
imkan yaradıb.
Son 2 ildə isə "Azərbaycan televiziya və radio
verilişləri" QSC bütün parametrlər üzrə
ölkəmizin ən üstün yayım mərkəzinə
çevrilib.
Azərbaycan
teleradiosunda iş və yaradıcılıq mühitinin
saflaşması, yaşamalı ənənələr və
müasir yanaşmaların qovuşması, bir-birindən
maraqlı yeni verilişlər silsiləsinin təşkili,
eksperimentlərdən çəkinməmək cəsarəti,
verilişlərin təqdimatında müasir televiziya
texnologiyalarına getdikcə daha çox yer verilməsi
AzTV-nin uğurlarının başlıca təminatçısı
olub.
Azərbaycan televiziyasının Bədii və sənədli
filmlər studiyasının tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanan bir sıra yeni filmləri
də AzTV-də müvəffəqiyyətlə aparılan
yeniləşmə və islahat işlərinin diqqətəlayiq
təzahürlərindən sayıla bilər.
Bu mənada Azərbaycan tamaşaçısına yenicə
təqdim olunmuş ikihissəli "Söz məbədi"
adlı sənədli-publisistik film xüsusilə əhəmiyyətlidir.
Bu filmi millətin mühüm bir elm və mədəniyyət
ocağının keçdiyi şərəfli yolun ürək
və göz sevindirən salnaməsi adlandırsaq,
yanılmarıq.
Uzun illər Nizami muzeyində çalışıb
burada yetişənlər, onu dəfələrlə ziyarət
edənlər də təsdiqləyər ki, 80 illik fəaliyyət
yolu ilə bu məkan dünyagörmüş bir müdrikə
bənzəyir.
Gərgin əmək və istedadın bəhrəsi olan
"Söz məbədi" filmi muzeyin keçmiş illərini
işıqlandırır, fədakar qurucularını yada
salır.
Çoxumuzun
dəfələrlə seyr etdiyimiz və haqqında az şey bilmədiyimiz Nizami muzeyi bu film vasitəsilə
sanki bütün gözəllikləri ilə bizə yenidən
açılır və bu milli xəzinəmiz haqqında bilməli
olduğumuz xeyli həqiqətdən xəbərsiz
olduğumuzu anlayırıq.
Hər
hissəsi 1 saat davam edən, ssenari müəllifi və
rejissorunun akademik Rafael Hüseynov olduğu bu film elə
maraqlı qurulub, filmdə elə qiymətli tarixi sənədlər,
kinolentlərdən istifadə olunub, dialoqlara elə dəyərli
həmsöhbətlər cəlb edilib ki, vaxtın necə
keçdiyini hiss etmir, ekrandan ayrıla bilmirsən.
Filmin "Nizaminin salamı" adlı hissəsinin
maraqlı müsahiblərindən biri olan Xalq şairi Ramiz
Rövşən Nizami muzeyinin keçdiyi tarixi yolu belə dəyərləndirir:
"Zaman kimi, ədəbiyyat da həmişə hərəkətdədir. Muzey deyəndə
isə ilk təsəvvürə gələn donmuş,
daşlaşmış, dayanmış zaman olur. Amma mənə belə gəlir ki, bu,
aldadıcıdır. Çünki
yazı gedəni, itəni saxlamaq, ona həyat vermək
üçündür. Ədəbiyyat da
gedəni, itəni sənət əsərinə çevirərək,
sənətləşdirərək saxlayır. Muzey isə bütün bunları qoruyaraq sənədləşdirir.
Ədəbiyyat sənətləşdirirsə,
muzey sənəti sənədləşdirir. Bizim coğrafi ərazimizdən qat-qat geniş, zəngin,
rəngarəng olan mənəvi ərazimizdir. Nizami muzeyi də mənəvi ərazimizin ən
gözəl, ən dəqiq xəritəsidir".
Xronikalar həmişə insanı xatirələr aləminə
aparır, riqqət oyadır. Muzeyin ilk quruculuq illəri,
əvəzsiz memarlıq incisi olan binanın inşası
tarixi haqqındakı kadrlar, Bakının mərkəzi
küçəsini bəzəyən bu abidənin həmin
dövrdəki panoramik görüntüsü -
yaxınlıqdan keçən tramvay yolu, istirahət parkı
və Nizami heykəli ətrafında toplaşmış məşhur
simaları izləmək insana xüsusi zövq bəxş
edir. Həmin o dumanlı kadrları ən
kiçik detalına qədər dönə-dönə
doymadan seyr etmək mümkündür. Axı
bu qiymətli görüntülər sadəcə gəldi-gedər
səhnələr deyil. Həm də bizim
şəhərimizin, deməli, vətən tariximizin də
ayrılmaz bir parçasıdır. Film
tamaşaçıya bunu da xatırladır ki, Nizami muzeyinin
binası elə həmişə yalnız ədəbiyyata
xidmət edən bir ocaq olmayıb. Karvansara,
"Metropol" mehmanxanası kimi tanınan zamanlarda o,
Bakıda erməni daşnaklarının törətdiyi qətliamlara
da şahid kəsilib, istiqlaliyyət qurucularının bir
müddət mənzilinə, iş yerinə də
çevrilib.
"Söz məbədi" filminin ikinci -
"Yaddaş körpüsü" adlı hissəsinin
maraqlı həmsöhbətlərindən biri də Xalq
yazıçısı Anardır. Məhz onunla söhbətində
akademik Rafael Hüseynov Cümhuriyyət dövrünün
"Metropol" mehmanxanası haqqında maraqlı məlumat
verir: "Bu gün bu binanın məhz İstiqlaliyyət
küçəsində yerləşməsində bir rəmz
var. Çünki Azərbaycan istiqlalının
başlanmasının ünvanlarından biri də Nizami Gəncəvi
adına Azərbaycan Ədəbiyyatı
Muzeyidir. Bu bina şərəfli bir tarix
yaşamışdır. Önündə
dayandığımız bu pilləkənlər tarixlə
doludur. 1918-ci ildə Cümhuriyyət hökuməti Gəncədən
Bakıya köçərək "Metropol"
mehmanxanasında yerləşəndə dövrün
böyük insanları - Nəsib bəy Yusifbəyli, Fətəli
xan Xoyski, Xudadat bəy Rəfibəyli və digərləri
burada yaşayar, hər gün məhz bu pilləkənlərlə
enib-qalxarmışlar".
"Söz məbədi" sənədli filmi onillərdir
ki, varlığı ilə həm Azərbaycan
memarlığının təkrarsız incisi, həm də
söz, sənət xəzinəmizin tükənməz xəzinəsi
olan Nizami muzeyinin 80-ci ildönümünə nəsillərə
qalası bir ərməğandır.
Ömrünün
onillərini muzeyə sərf etmiş əməkdaşların
bu söz ocağının dünənindən bəhs edən
söhbətləri 30, 40, 50, 60 il əvvələ
aparan körpüyə dönür, "Söz məbədi"
filmi vasitəsilə tarix bugünümüzə
yaxınlaşır.
Əslində, bu filmdəki müsahibələrin hər
biri özlüyündə zaman keçdikcə dəyəri
qat-qat artacaq sənəddir.
Yaxşıdır
ki, filmdə muzeyin filiallarına da yer ayrılıb,
yaradılması yolunda çox zəhmətlər sərf
edilmiş Xaqani Şirvani adına Aran
regional filialı, Sergey Yesenin adına Azərbaycan-Rusiya Ədəbi
Əlaqələri Mərkəzi, Xurşidbanu Natəvan
adına Qarabağ filialından ətraflı bəhs edilir, həmin
müstəvidə bölgələrimizdəki ədəbi-mədəni
həyatın yüksəlişləri izlənilir.
Bu gün hər bir azərbaycanlı və şəhərimizin
qonaqları Nizami muzeyinin gözoxşayan binasının
yanından ötəndə oradakı vitrin lövhələri
qarşısında ayaq saxlayır, rəsmlərdəki ədəbiyyat
xadimlərinin misralarında əks olunmuş dərin fikirlərdən
həzz alırlar.
İstənilən
filmin - ya bədii, ya sənədli - uğurlu
alınmasının əsas şərti bütün komponentlərin
həmahəngliyidir. "Söz məbədi"
filminin təqdirəlayiq cəhəti məhz elə
bundadır. Nizami muzeyi, onun eksponatları
özlüyündə gözəldir, cazibəlidir,
binanın da, muzeyin də onillərdən adlayan tarixi mahiyyətcə
hər kəs üçün maraq kəsb edəndir. Lakin bütün bunları necə qovuşdurasan, bu
müxtəlif komponentlər arasında həmahəngliyi necə
qurasan ki, bunların birləşməsindən yaxşı
film alınsın? Məhz bu yerdə
ssenari müəllifinin, rejissorun, aparıcının məharəti
və qabilliyi üzə çıxır. Çətin ki, bir başqasının təqdimatında
Nizami muzeyi, onun tarixi və taleyi haqqında belə dərin məzmunlu,
böyük yolun bütün ayrıntılarını əks
etdirən və bunca sevgiylə təqdim edə biləcək
film alına bilərdi.
Akademik Rafael Hüseynovun növbəti təqdirəlayiq
ekran əsəri olan "Söz məbədi" filmi məhz
mövzunu incəliklərinə qədər mükəmməl
bilən və peşəkarlıqla da təqdim etməyi
bacaran bir yaradıcının məhsulu olduğundan belə qənaətbəxş
alınmışdır.
Bu öyrədici,
maarifləndirici və işıqlı film Nizami muzeyinin 80
illiyinə də, başlanan Nizami ilinə də bir
naxış olmaqla yanaşı, şübhəsiz ki, onillərcə
yaşayacaq, zaman ötdükcə daha da həvəslə
baxılacaqdır.
Tükənməz bədii sözün məbədi
Nizami muzeyi artıq öz divarları arasına, ekspozisiya
hüdudlarına sığmır. Onun sorağı məqalələrə,
kitablara köçür, dünyanın hər yerindən gələn
ziyarətçilərin təəssürat rəylərində
yaşayır. Ən başlıcası isə,
bütün əzəməti və tarixi, geniş fəaliyyət
dairəsi ilə "Söz məbədi: "Nizaminin
salamı" və "Yaddaş körpüsü" sənədli
filminə çevrilərək xalqının
yaddaşında yuva qurur.
Sənədliliklə bədiiliyin vəhdətindən
yaranmış ikihissəli sənədli publisistik "Söz
məbədi" filmi Azərbaycan televiziyasının ədəbiyyatımıza,
mədəniyyətimizə, xalqımıza layiqli töhfəsidir.
Əkrəm BAĞIROV
Filologiya üzrə fəlsəfə
doktoru
Nəzmiyyə
YİGİTOĞLU
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2021.-
15 yanvar.- S.14.