Analar gender bərabərsizliyini
necə təbliğ edirlər?
Bu gün bir çox
cəmiyyətlərdə qadın
haqlarını müdafiə
edən feministlərə
və gender bərabərliyi
məsələsinə istehzalı
baxışın, rişxəndli
münasibətin özü
də bir zorakılıq növü
hesab edilir. Amma reallıq göstərir ki, inkişaf etmiş ölkələrdə
qadın hüquqlarının
müdafiəsi dəstəklənir,
əksinə, buna qarşı çıxanların
isə cahil və geridəqalmış
insanlar olduğu düşüncəsi formalaşır.
Bu baxımdan, əgər
bir qlobal şirkətdə, yaxud hər hansı bir cəmiyyətdə feminizmi rişxəndlə
qarşılamaq geridəqalmışlıq
kimi qəbul oluna bilir. Əgər fikir
vermisinizsə, bu gün siyasi partiyalardan qlobal markalara qədər hər bir güclü
quruluş qadın hüquqlarının müdafiəsində
maraqlı olduqlarını
tez-tez ifadə edirlər. Bunun əksi isə
kütlələr tərəfindən
qınaqla, boykotla və böyük narazılıqla qarşılanır.
Yəni lokal səviyyədə bu gün feminizm və gender bərabərliyi
məsələsi bəzən
dırnağarası qəbul
olunsa da, qlobal səviyyədə bu hərəkatın həm
siyasi, həm də iqtisadi önəmini görmək
mümkündür.
Azərbaycan gender bərabərliyini tam təmin edə bilmək üçün
ən münbit ölkələrdən biridir
Azərbaycan bir dövlət
olaraq bu gün gender bərabərsizliyinin
demək olar ki, yalnız məişət səviyyəsi
ilə mübarizə
aparır. Bu baxımdan
yetərincə şanslı
cəmiyyət olduğumuzu
deyə bilərik.
İnkişaf etməkdə olan
bir çox ölkələrdə qadın
cinayətlərinin artması,
məişət zorakılığı,
qız uşaqlarının
təhsildən kənarda
qalması, yaxud yetərincə təhsil ala bilməməsi halları ən çox müşahidə
olunan problemlərdəndir.
Öz nəzdində həm ailə mədəniyyətini
qoruyub, həm də azad fərdlərdən
təşkil olunmuş
sağlam və müasir ailə modellərini yarada biləcək siyasi, sosial və mədəni gücə
sahib bir ölkədə
yaşamağımız gender bərabərliyinə həm
ölkə, həm də məişət səviyyəsində tamamilə
nail olacağımıza böyük
ümidlər yaradır.
Gender bərabərliyi probleminin məişət
səviyyəsində həll
olunmasının birinci
əsas yolu isə şüurlu ailələrin qurulması,
fərdlərin öz
mənlikləri, kimlikləri
və arzuları ilə bağlı dərketmə səviyyələrinin
yüksəldilməsindən keçir. Ailə mühitində ta qədim
zamanlardan qalmış,
az qala,
genetik yaddaşımza
çevrilməkdə olan
bir sıra tabular var ki, bunlar
uşaqların tərbiyə
prosesinə də təsir göstərir. İnsan kiçik yaşlarda kimlərlə, nə ilə əhatə olunursa, hansı düşüncəyə sahib bir ailədə yaşayırsa, həyatını
da həmin düşüncələr
və həmin baxış tərzi ilə davam etdirməyə meyilli olur.
Analar tərbiyə prosesində
daha diqqətli olmalıdır
Bu gün ölkəmizdə
mövcud ailə modellərində anaların
uşaq tərbiyəsindəki
rolunun atalardan daha çox olduğu bir reallıqdır. Bu da uşağın
ilk yaşlarda anaya daha çox möhtac olması, ana ilə daha
çox birlikdə vaxt keçirməsi ilə əlaqəlidir.
Deməli, cəmiyyətdə gender bərabərsizliyini aradan
qaldırmaqda əsas vəzifə də elə qadınların üzərinə düşür.
Bu baxımdan daha savadlı, daha şüurlu tərbiyə modellərini
mənimsəyən qadınların
yetişdirdiyi övladlar
da bərabər bir cəmiyyətin qurulması
üçün ən
böyük töfhədir.
Bu da qadınların tərbiyə prosesində
bir çox faktorun fərqinə vararaq uşaqla düzgün davranmalarının
labüdlüyünü ortaya
qoyur.
Bu davranış normaları
hansılardır?
Birinci növbədə,
valideynlər qız və oğlan övladları ilə bərabər şəkildə
davranmağı, onları
eyni dəyərlərlə
tərbiyə etməyi
öyrənməlidirlər. Qanun qarşısında
olduğu kimi, tərbiyə prosesində
də hər iki cinsə bərabər şərtlərə
və dəyərlərə
sahib olduqları fikri aşılanmalıdır.
Məişət məsələlərində iş bölgüsünün
adətən ana və ailədəki qız uşaqlarının
çiyninə düşməsi,
anaların bu məsələlərdə bütün
övladları arasında
bərabər iş bölgüsü aparmaması
gender bərabərsizliyinə yol açan əsas amillərdəndir.
Ailə mühitində oğlan uşaqları ən kiçik məişət
işlərini həll
etməkdə belə
köməyə ehtiyac
duyurlar. Bu baxımdan, fiziki məhdudiyyətli kimi böyüdülmələrinin səbəbi isə bütün bu məişət işlərinin
qadınların vəzifəsi
olduğunu düşünəcək
formada yetişdirilmələridir.
Bizim cəmiyyətimizdə
də ən çox müşahidə
olunan hallardan biri oğlan uşaqlarının ev işlərindən
kənar qalması, öz yatağını toplamamaq, öz paltarlarını, kitablarını
səliqəyə salmamaq,
öz kirli paltarlarını səbətə
atmamaq ananın ailədəki nataraz idarəçiliyindən irəli
gəlir. Nəticədə
ev işlərində
oğlan uşaqlarına
"sən bacarmazsan"
siqnalı ötürüldüyü
kimi, bir çox bayır işlərində də qız uşaqlarına eyni fikir aşılanır.
Ailə mühitində başqa qadınlar və qızlar haqqında mənfi fikirlər səsləndirilməsi, həyat
tərzlərinə, geyimlərinə
görə onlara qarşı alçaldıcı
ifadələr işlədilməsi
uşaqlarda qadınla
bağlı müəyyən
steriotipləri lap kiçik
yaşlardan formalaşdırır. "Kişilərə hər şey olar, qadınlara olmaz" düşüncəsini formalaşdırmaqdansa,
ailədə hər iki cinslə bağlı ortaq əxlaqi dəyərləri
aşılamağa çalışmaq
uşaqların da gələcəkdə
həm sağlam psixologiyada, həm komplekssiz, həm də ədalətli fərdlər olaraq yetişməsinə zəmin
yaradır.
Cəmiyyətdə evlənənə qədər
qız uşağına
"qadın" deyilməsi
düzgün hesab olunmasa da, oğlan uşaqlarına lap körpəlikdən
"kişi bala" deyilməsi adi hal alıb. Beləcə, kişilik də qadınlıq kimi adi bioloji hal
olmaqdan çıxıb
bir zirvə, ucalıq, xüsusi bir mərtəbə, tanrının lütfü
kimi qəbul olunur. Gündəlik həyatda bu
kimi ən adi davranışların dəyişdirilməsi, doğru
tənzimlənməsi üçün
ailələr yetərincə
məlumatlandırılarsa, daha sağlam və bərabərhüquqlu
cəmiyyətin qurulması
da mümkün olar.
"Qız kimi danışma",
"qız kimi mız-mız olma",
"qız kimi davranma", "kişi də heç ağlayar?" tərzli ifadələrin oğlan uşaqları üçün
nə qədər zərərli olduğunu yəqin ki, anlamaq çətin deyil. Bu cür
davranılan uşaqlar
kişiliyin müəyyən
şərtlər və
qaydalar çərçivəsində
müqəddəs bir
status olduğu fikrini mənimsəyirlər. Bununla yanaşı,
dünyaya qız kimi gəlməyin ikinci dərəcəli insan, hətta ayıb bir hal
olduğu düşüncəsi
formalaşır.
Bu cür yetişdirilən oğlan uşaqları daima qadınlar üzərində hökm
etmək, hisslərini
ifadə edə bilməmək, təbii davrana bilməmək, öz hərəkət və davranışlarını
məhdudlaşdıraraq daima
"kişilik"lərini sübut etmək məcburiyyətində qalırlar.
Bu isə oğlan
uşaqlarının istismarı,
onların psixologiyasına
vurulan ən böyük zərbədir.
Bu cür detallara diqqət etmədən uşaq böyütmək,
həmin uşaqlarda böyüdükləri şəraitə,
yetişdirilmə tərzlərinə
uyğun olaraq öz güclərinə inamsızlıq və öz taleyinə hakim ola bilməmək
qorxusu aşılayır.
Bu gün dünyanın trend
məsələlərindən biri, hətta birincisi olan gender bərabərliyinin təmin
edilməsi neçə-neçə
qız uşaqlarının
həyata daha çox bağlanması, daha yaxşı şərtlərdə yaşaması,
oğlan uşaqlarının
komplekssiz və rahat formada həyatlarını
sürməsi, ümumilikdə
hər iki cinsin daha sağlam
cəmiyyətdə yaşaya
bilməsi üçün
ən vacib çağırışdır. Bu problemin məişət səviyyəsində həllinə
nail ola bilmək
üçün köhnəlmiş
qaydaların fərqinə
vardığımız vacib
və zəruridir. Fərqinə vardığımız bu yalnış davranışları aşmaqla
yeni və sağılam nəsil yetişdirə bilərik.
Eyni zamanda, fərqinə varmağımız bu və bunun kimi
bir çox yanlış davranışın,
yazılmamış qanunların,
köhnəlmiş qaydaların
və tabuların məhkumlarına da çevrilə
bilərik. Unutmayaq
ki, insanlığın
yarısı üçün
faydalı olan bir şey digər
yarısı üçün
də faydalı ola bilər.
Yazıdakı materiallar Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap olunur
Nətəvan Abdulla
525-ci qəzet.- 13 yanvar.- S.20.