Pikassonun üsyanı: "Gernika"
Vətən
müharibəsi günlərində erməni terroru nəticəsində
Gəncə və Bərdədə qətlə yetirilən məsum
körpələr və övladlarını itirən
anaların fəryadı böyük ispan rəssam Pablo
Pikassonun 1937-ci ildə çəkdiyi, İspaniya vətəndaş
müharibəsində alman və italyan hava qüvvələrinin
İspaniyanın Basklar regionunda Gernikanın bombardman edilməsinə
həsr olunmuş dünyaca məşhur "Gernika" əsərindəki
hadisələrin eynisini öz gözlərimizlə
görməyimizə səbəb oldu.
"Bir rəsmin dedikləri" rubrikasının
növbəti qonağı sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının müəllimi Nuranə Səlimli
ilə də elə bu əsər haqqında
danışdıq.
- Pablo Pikasso və kubizmi bir-birindən ayrı təsəvvür
etmək mümkünsüzdür. Kubizmdə Pikasso və
Pikassoda kubizm - bu haqda nə deyə bilərsiniz?
- XX əsrin
əvvəllərində Avropa təsviri sənətində
çox böyük dəyişikliklər baş verib. Realizm üslubundan imtina edən əksər rəssamlar
rəng, forma və digər ifadə vasitələri üzərində
çox həyəcanla təcrübələr aparır və
nəticədə bir-birinin ardınca müxtəlif modernist sənət
cərəyanları meydana gəlirdi. Əsası
Jorj Brak və Pablo Pikasso tərəfindən 1907-ci ildə
qoyulmuş kubizm realizmə ən çox "zərbə"
vuran, formanı radikal dəyişikliyə uğradan sənət
üslubudur. Postimpressionizm cərəyanının məşhur
nümayəndəsi Pol Sezanın öz düşüncələrini
ümumiləşdirərək söylədiyi "Təbiətdə
hər şey şar, silindir və konus
formasındadır " ifadəsini kubistlər sanki hərfi mənada
qəbul etdilər. Bu ifadə onların yeni cərəyanının
bədii-estetik prinsiplərinin əsas şüarına
çevrildi. Bu cərəyana mənsub rəssamlar
təsvir edikləri hər şeyi həndəsiləşdirdilər.
Digər cərəyanlarla müqayisədə kubizm ən məhsuldarı,
ən çox sənət əsərlərinin
yarandığı bir üslubdur və təbii ki, bunda
Pikassonun çox böyük payı var. Demək olar,
bütün həyatı boyu intensiv yaradıcılıqla məşğul
olan rəssam "Mən
başqalarını yox, özümü təkrarlamaqdan
qorxuram" deyib daima yeni motivlər axtarır və
özünü fərqli üslublarda sınayırdı. İbtidai dövrün mağara rəsmləri,
Şərq miniatür üslubu, xəttatlıq sənəti,
Afrika maskaları Pikassonu çox həyəcanlandırırdı
və o, bu qiymətli mənbələr üzərində
pikassosayağı təcrübələr aparırdı.
-
Pikassonun ən məşhur əsərlərindən olan
"Gernika"nın yaranma tarixçəsi
haqqında nə deyə bilərsiniz?
- Yüksək
sənət dəyərinə malik bir çox əsərlər
yaratdığından "Gernika" bəlkə də,
Pikasso yaradıcılığının şah əsəri
deyil. Ancaq bu əsərin XX əsr modern rəssamlığının
ən məşhur nümunələrindən biri olması dəqiqdir.
Demək olar, dünyanı
qarış-qarış gəzən "Gernika" tablosunun
yaranmasının səbəbi tarixin qanlı səhifələrindən
biri ilə bağlıdır. 1937-ci ildə
Parisdə keçiriləcək Dünya incəsənət sərgisində
İspaniya pavilyonunun memarı Jozep Sert burada Pikassonun tarixi
mövzuda, milli ruhu əks etdirən əsər sərgiləməsi
üçün hökumətin xahişini rəssama
çatdırdı. Əslində, Pikasso
yaşadığı sənət cameəsində tamamən
apolitik dünyagörüşə sahib biri kimi
tanınırdı. Onun dostu və
bioqrafı Kristian Zervos Pikassonun İspaniyada baş verənlərə
qarşı necə münasibət göstərməsilə
bağlı xeyli qərarsız qaldığını
söyləmişdi. Rəssam İspaniyada
olanlara görə böyük narahatlıq keçirirdi.
Hər gün qorxulu xəbərlər gəlirdi.
Çox sevdiyi yaxın dostu, şair Federiko
Qarsiya Lorkanın millətçilər tərəfindən
sorğu-sualsız güllələnməsi xəbərini
Pikasso böyük ürək ağrısı və acı
ilə qarşıladı. Bundan sonrakı
günlər də yalnız qan və ölümlə dolu
idi.
Pikasso İspaniyada baş verənləri tabloya necə
köçürmək barədə tərəddüdlər
keçirirdi.
Yaşanan hadisələr isə tarixi əsərin
yaranmasına münbit zəmin hazırlamaqda idi. 1937-ci il aprelin 26-da general Frankonun dəvət etdiyi
nasist birləşmələrinin qırıcı təyyarələri
kiçik qəsəbə Gernikanı üç saat
yarım boyunca bombalayıb onu yerlə yeksan edirlər. İki mindən çox insan məhv oldu. Mülki əhalinin vəhşicəsinə qətl
edilməsinin bir səbəbi də yeni növ təyyarə və
bombaları sınaqdan keçirmək idi. İki gün sonra öldürülən
insanların fotosunu qəzetdə görən rəssam bundan
çox sarsılır və belə demək mümkünsə,
öz mövzusunu tapır - məsumların məhv edilməsi.
Və rəssam bu dəhşətin, bütün bəşəriyyətə
qarşı çevrilmiş cinayətin, qətliamın
verdiyi böyük hirslə, qəzəblə öz vətəndaş
və dahiyanə sənətkar münasibətini "Gernika" adını
verdiyi əsərilə ortaya qoydu. "Gernika"
rəssamın bu acı, həyəcan, təşviş dolu
günlərinin daxili üsyanı kimi meydana
çıxdı. Deyilənə görə,
bir nasist zabit sərgidə tablonu Pikassoya göstərərək
"Bunu siz çəkmisiniz?" deyə soruşanda, o,
"Yox, siz çəkmisiniz" cavabını verir.
-
"Gernika"nın ümumi təsviri və
bugünkü vəziyyəti necədir?
- Pikasso "Gernika" ilə ilk dəfə belə
böyük ölçüdə əsər
yaratmışdı. Tablonun ölçüsü 7,76 x
3,50 metr təşkil edir. Tablo kətan üzərində
yağlı boya ilə ağ, qara və
boz rənglərlə işlənib. Çoxlu
ölkə və muzeyləri dolaşması əsərin zədələnməsinə
səbəb olduğundan indi onu görmək üçün
yalnız Madridə, Reina Sofiya muzeyinə getmək
lazımdır.
Gernika (rəsm)
— Vikipediya
Pikasso əsəri işləyən zaman Dora Maar tərəfindən
fotoları çəkilib. O qeyd edir ki, Pikasso mövzuya o qədər
hakim idi və elə hirslə işləyirdi ki, eskizlərə
sadəcə bir neçə dəfə baxmışdı.
O, fasiləsiz çalışaraq tez bir zamanda bu monumental
tablonu tamamladı və möhtəşəm əsər
artıq iyunun əvvəlində Dünya İncəsənət
sərgisində İspaniya pavilyonunda asılmışdı.
Burada nə zaman, nə də aydın bir məkan var, gecədirmi,
gündüzdürmü - o da bəlli deyil, bəlli olan
yalnız bir həqiqətdir: müharibənin sərt
üzü və xaos içərisində təsvir olunmuş
günahsız insanların fəryadı, məsum
uşağın sərt şillə kimi insanı silkələyən
cansız siması. Hansısa döyüş,
müharibə, bombardman səhnəsi yox, müharibənin
vurduğu dərin psixoloji zərbə öz kuliminasiya
nöqtəsindədir. Əsər
üçbucaq kompozisiyaya malikdir. Tablonun sağ hissəsində
insanlar sanki yanan zirzəmidə irəliyə doğru
qaçırlar. Solda nalə çəkərək
başı arxaya doğru sərt şəkildə əyilmiş
verilən ana və qucağındakı ölmüş
körpəsi tablonun əsas mövzusunu, kuliminasiya nöqtəsini
təşkil edir. Bu obraz bizə məşhur
"Pieta" səhnəsini, cansız övladını
qucağında saxlayan Məryəm ananı da
xatırladır. Yəqin ki, Pikasso
müharibələrdə ən çox qadınların və
günahsız uşaqların acı çəkməsindən
yola çıxaraq süjeti belə qurmuşdu. Burada olduqca güclü etiraz hissi var - terrora, məsum
insanların, qadınların, uşaqların məhvinə
etiraz. Əsərdə biz çox acı,
ərşə çıxan fəryad görürük.
Qadın, uşaq, heyvan, hətta çiçəyin
belə fəryadı duyulur.
Sınmış qılınc, əzilmiş gül,
çarmıxa çəkilmiş kimi göstərilən
ölmüş əsgər - bütün bunlar müharibə
və ölümün simvollarıdır. Göyərçin
belə anlaşılmaz şəkildə təsvir olunaraq
sülh rəmzi olmaqdan çıxıb. İti
uclu elementlər, nalə çəkən qadın,
öküz və atın dillərinin kəsici alət şəklində
verilməsi işgəncə simvolu kimi qəbul edilirlər. Antik heykələ bənzəyən,
əlində lampa tutmuş qadın isə ola
bilsin ki, sabaha olan inamı, xeyrin şər üzərində
qələbə qazanacağını, yenidən
oyanışa olan ümidi ifadə edir. Bu nüansı
ölmüş əsgərin ovcunda bitən, yaşamağa
can atan çiçəyə də aid etmək olar. Ümumiyyətlə, "Gernika" onu anlamaq
üçün tamaşaçıdan uzun və diqqətli
müşahidə qabiliyyəti tələb edir.
- Əsərə diqqətlə baxanda müxtəlif
simvollar görürük. Xüsusilə də
at və öküzün təsviri seçilir.
- Pikasso "Gernika"da istifadə etdiyi simvollar barədə
heç zaman danışmazdı və bunu təhlil etməyi
tamaşaçıların ixtiyarına buraxardı. Ona görə
də çoxsaylı fərqli mülahizələr görə
bilərik. Lakin 1945-ci ildə onunla ABŞ-da
görüşməyə gələn təqaüdə
çıxmış hərbçi və həm də həvəskar
rəssam Jerom Seklerin inadcıl israrıyla yalnız
"Gernika" əsərində simvollardan istifadə etdiyini
və tablodakı atın müdafiəsiz, əliyalın
xalqı, qorxunc öküzün isə amansız, qoca,
qadın, uşaq bilmədən insanlara divan tutan şər
qüvvələri təmsil etdiyini söyləmişdi. Yəni burada öküz sırf faşizmi deyil, qəddarlığı
və qaranlığı simvolizə edir. Əsərdə
ağrı və əzabdan ağzını geniş
açmış at dünyada mövcud olan bütün
haqsızlıqların simvolu kimi qəbul edilir. O,
öküzün vəhşi gücü qarşısında
çarəsizdir, müdafiəsizdir. Eynən Gernikanın
müdafiəsiz insanları kimi...
Digər obraz və simvollarla bağlı rəssam
açıqlama verməyib. Qeyd edib ki, "Məni
yalnız rəsmlərimdəki detalların nə olduqları
maraqlandırır, nə anlama gəldikləri yox. Əgər onlardan bir məna
çıxarırlarsa, bunun mənim insanlara nəyisə
çatdırmaq, diktə etmək istəyimlə əlaqəsi
yoxdur. Rəsmə
köçürdüyüm nə varsa, hamısının
mahiyyəti mənim altşüurumda qorunur. Mənim əsərlərimdə heç bir
şüurlu təbliğat niyyəti yoxdur. Təkcə "Gernika"dan başqa".
- Əsərin rəng həlli barədə nə deyə
bilərsiniz?
- Kubizmin
xarakterinə xas olaraq, burada da rəng rəssamı o qədər
də düşündürməyib. Qara, ağ,
boz rənglərdən istifadə etməklə rəssam
işıq-kölgənin güclü təzadı ilə
monoxram rəngkarlıq əsəri yaradıb və forma, səth,
həcmlər, onların ritmik quruluşu ilə daha çox
maraqlanıb. Sintetik kubizmdə olduğu kimi
kollaj texnikasından istifadə burada qara şriftlərlə
verilmiş qəzet parçalarına bənzər fraqmentlərdə
özünü göstərir. Rənglərdən
çox ustalıqla istifadə etməsi nəticəsində
tamaşaçı bu monoxromluqdan yorulmur, əksinə,
Pikassonun dinamik emosiyalarına qapılmaqla ardıcıl olaraq
obrazları izləyir, həyəcanlanır və onları
anlamağa çalışır.
- "Gernika" bizə nə deyir?
-
"Gernika"nın ifadə etdiyi məna
çox təəssüf ki, bu günümüz
üçün də aktualdır. Terror,
qadınların və məsum uşaqların qətl edilməsi
bu gün də insanlıq cinayəti kimi qalmaqdadır. Və təəsüf ki, bu baxımdan
"Gernika" hələ də siyasi əhəmiyyətini
qoruyub saxlamaqdadır. Vətən
müharibəsində erməni terroru nəticəsində Gəncə
və Bərdədə qətl edilən məsum körpələrimiz
və övladlarının qətlinə hayqıran
analarımız "Gernika"da təsvir olunan hadisələrin
canlı müşahidəçisi olmamıza səbəb
oldu. "Gernika" bütün müharibələrin
bəşər üçün böyük acılara səbəb
olduğunu göstərir.
Bəzən siyasi-ictimai məsələlərə
qoşulmadıqlarını söyləsələr də, əslində,
sənətkarlar istər-istəməz yaratdıqları əsərlərilə
özlərini hadisələrin içində tapırlar. Pikasso da həmçinin.
O söyləyirdi: "Hər zaman olduğu kimi, indi də
inanıram ki, mənəvi dəyərlərlə yaşayan
və çalışan sənət adamı insanlıq və
mədəni dəyərlər təhlükəyə düşəndə,
buna etinasız qala bilməz və qalmamalıdır". Pikasso "Gernika" ilə söylədiyi bu ifadəyə
sadiq qaldığını sübut edib.
Aytac SAHƏD
525-ci qəzet.- 13
yanvar.- S.21.