"Vətən yaxşıdır"ın gerçək
tarixçəsi
və “Xudayarın təstifi”nin
mətninə dair qeydlər
İkinci
Qarabağ savaşında şəhid, qazi qəhrəmanlarımız
haqqında mütəmadi olaraq sosial şəbəkələr,
media vasitəsi ilə məlumatlanırıq. Amma tarix boyu müxtəlif müharibələrin simasına
çevirilən qəhrəmanlar
var ki, onların
adına şərqilər yazılıb,
dastanlar qoşulub.
Şəhid gizirimiz Xudayar Yusifzadə də İkinci Qarabağ savaşının simasına
çevrilən, əfsanələşən
qəhrəmanlardandır. Xudayarın şücaəti,
həyat yolu barədə çox oçerklər yazıldı,
silsilə reportajlar hazırlandı, ifası üzərində bir neçə layihə ərsəyə gəldi.
Bu gün bizim marağımıza səbəb
olan nüans isə, Xudayarın ifasında tarixin səhifələrindən yenidən
canlanaraq aktuallaşan
"Vətən yaxşıdır"
mahnısıdır...
"Vətən yaxşıdır"
mahnısı "Şur"
ladında yazılıb. Mahnı Sovet
dövründə "Şur
təsnifi" kimi təqdim olunsa da, sonralar müəlliflər
təsdiqlənir. Hətta Əlibaba
Məmmədovun 1978-ci ildə
işıq üzü
görən valında
sözlərin müəllifi
Əliağa Vahid, melodiya isə xalq mahnısı kimi təqdim olunur. Bu, Sovet
senzurasının "həvəskar"
bəstəkarlara qarşı
əsassız qayda-qanunu
idi. Sözləri
görkəmli qəzəlxan
Ə.Vahidə, musiqisi
isə ustad xanəndə Ə.Məmmədova
məxsus olan "Vətən yaxşıdır"
mahnısının 50 yaşı
olmasına baxmayaraq, bəzi retro mahnılardan fərqli olaraq, o, heç vaxt unudulmayıb və daim müğənnilərin,
xanəndələrin repertuarında
olub. Mütəmadi səslənməsinə rəğmən,
bu mahnı yalnız müəyyən
bir kütlə üçün tanış
olub, müasir dövrdə çox da geniş arena qazanmayıb.
Amma Xudayarın bir dəqiqədən ibarət
olan ifası - mahnının birinci bəndi və ikinci nəqarəti səslənən vidoe qısa zamanda uşaqdan böyüyə
qədər hamıya
"Vətən yaxşıdır"
mahnısını sevdirdi,
tanıtdı. Sanki bu ifa Vətən
şərqisinə, İkinci
Qarabağ müharibəsinin
türküsünə, həzin
zümzüməsinə çevrildi.
Şəhid Xudayar Yusifzadənin ifasında səslənən
mətnlə Əlibaba
müəllimin ifası
arasında bir sıra fərqlər var. Belə ki, ustad
xanəndə 1-ci bənddə
"Dumanlar başımda
duman göründü"
kimi ifa edir. Şəhidimiz isə "Dumanlar
başımda dastana döndü" oxuyur.
Sonda Əlibaba müəllim
"Vahid, sorma Vətən nədən yaxşıdır" deyir,
amma şəhid gizirimiz "Şair, sorma Vətən nədən yaxşıdır"
kimi səsləndirir.
Əvvəla, elə bir vəziyyətdə, qızğın
müharibə şəraitində
Xudayarın mahnının
sözlərini dəyişik
oxuması normal haldır.
Digər
tərəfdən isə,
onun bu cür
oxuması həmin ifaya, hamımızı kövrəldən o misilsiz
kadrlara daha da şirinlik, təbiilik qatır.
Mahnı
Xudayarın ifasından
sonra xatirimizə iki varinatda həkk
olundu: "Vətən
yaxşıdır" mahnısı
və Ə.Məmmədovun
dediyi kimi, "Xudayar təsnifi".
Bir neçə il
öncə Vahidin
1973-cü ildə nəşr
olunan "Seçilmiş
əsərləri"nin 1-ci cildini oxuyan zaman "Vətən"
adlı şeir diqqətimi çəkdi və mətn mənə sözügedən
mahnını xatırlatdı.
Bəli,
həmin şeir "Vətən yaxşıdır"
mahnısının orijinal
mətni idi, necə deyərlər, Vahidin yazdığı kimi.
Sizə təqdim elədiyimiz
"Vətən" şeirinin
mətnində göründüyü
kimi, Ə.Məmmədov
bəstə zamanı
bəzi sözləri
dəyişib. Birinci onu nəzərinizə
çatdıraq ki, Ə.Vahid bu şeiri qərib diyarda - Abxaziyanın paytaxtı Suxum şəhərində olarkən
yazıb və bunu şeirin ikinci bəndində görürük. Şeirin digər
dörd bəndindən
fərqli olaraq bu bənd Əlibaba
müəllimin mahnısında
öz əksini tapmır. Ümumiyyətlə, şeiri oxuyarkən
Vətən həsrəti
ilə, qürbət eldə yazıldığı
aydın sezilir. Şeirdə işlədilən
bütün sözlər
müasir lüğətimizə
uyğundur və hamısı günümüzdə
ümumişləkdir, ilk bəndin
2-ci misrasında işlədilən
"xeymə" və
son bəndin 4-cü misrasında
işlədilən "xəndan"
sözlərindən başqa.
Şeirdəki "xeymə" sözü "çadır,
alaçıq" mənalarını
verir, "xəndan"
isə "şən,
gülən" anlamındadır.
Mahnı
ilə orijinal mətni fərqləndirən
ən gözəçarpan
məqam isə "Qara dəniz" ifadəsinin "Xəzər
dənizi" ifadəsi
ilə əvəz olunmasıdır. Mahnı "Xəzər dənizi tək eşqimlə coşdum" formasında
ifa olunsa da, orijinal mətndə "Qara dəniz kimi eşqimlə coşdum" formasında
qeyd olunub. Məhz 3-cü bəndin
1-ci misrasına "Xəzər
dənizi" əlavə
olunduğundan 4-cü bənddə
(mahnının 2-ci bəndində)
"Şövqümü artırdı
gözəl Xəzərə"
misrası ustadın ifasında "Şövqümü
artırdı şeirə,
qəzələ" kimi
səslənir.
Bəzi müğənnilər mahnının
2-ci nəqəratının 3-cü misrasını təhrif edərək "Vahid, sorma nədən Vətən yaxşıdır"
kimi oxuyur. Amma bu oxunuş şeirin qanunauyğunluğuna ziddir.
"Çəmən",
"Vətən", "nədən" həmqafiyə
sözlərdir və
müvafiq olaraq hər 3 bənddə işlənib. 2-ci misrada "İnsançün
laləzar Vətən
yaxşıdır" kimi
oxunur, 3-cü bənddə
də təkrar olaraq "Vahid, sorma nədən Vətən yaxşıdır"
yox, "Vahid, sorma Vətən nədən yaxşıdır"
kimi oxunmalıdır.
Digər
fərqlər isə xırda olsa da, nəzərimizdən yayınmadı.
1-ci bəndin 3-cü misrasında
"o gözəl yurdum"
ifadəsi xanəndənin
ifasında "öz
gözəl yurdum",
"İnsana laləzar
Vətən yaxşıdır"
ifadəsi isə "İnsançün laləzar
Vətən yaxşıdır"
kimi ifa olunur.
Allahdan Ə.Vahidə və X.Yusifzadəyə rəhmət,
Ə.Məmmədova isə
can sağlığı arzu
edirik. Beləliklə,
Əliağa Vahidin
"Vətən" şeirini
diqqətinizə çatdırırıq:
Dumanlı dağların başında
durdum,
Dumandan özümə
bir xeymə qurdum.
Keçdi xəyalımdan öz
gözəl yurdum,
Dumanlar başımda
duman göründü.
Gəmimiz Suxuma çatan
çağında,
Hiddətli dalğalar yatan
çağında,
Günəşin üfüqdə batan
çağında,
Sahillər qarşımda ümman göründü.
Qara dəniz kimi eşqimlə coşdum,
Xülyalar içində sanki
bihuşdum,
Vətən arzusilə nəğmələr
qoşdum,
Tufanlar gözümə
dastan göründü.
Dünyalar cəzb edən
bu xoş mənzərə,
Şövqümü artırdı gözəl Xəzərə,
Çarpdıqca vətənim, elim
nəzərə,
Təbiət də mənə heyran göründü.
Deyirlər, bülbülə çəmən
yaxşıdır,
İnsana
laləzar Vətən
yaxşıdır,
Vahid, sorma Vətən nədən yaxşıdır,
Adı gəlcək
könlüm xəndan
göründü.ndü.
Nadir Rzalı
525-ci qəzet.- 2021.- 13 yanvar.- S.17.