Mingəçevir
Dövlət Universiteti sürətlə modernləşir
Dünyanı
bürümüş COVID-19 infeksiyasına qarşı
mübarizə tədbirlərinin davam etdirilməsi ali təhsil
müəssisələri qarşısında yeni
çağırışlar yaratmış, əvvəlki
dövrlərdə rast gəlinməmiş vəzifələrin
icrasını qaçılmaz etmişdir. Başqa sözlə, universitetlər qısa müddətdə
mövcud reallıqlara uyğunlaşmağa, tədris prosesinin
davamlılığının təmin edilməsi
üçün bütün mümkün resursları səfərbər
etməyə, rəqəmsallaşmanı sürətləndirməyə,
məsafədən təhsilin təşkili
üçün çevik və qeyri-ənənəvi qərarlar
qəbul etməyə çalışır.
Ölkəmizdə 2020/2021-ci tədris
ilinin başa çatan payız semestri pandemiya
dövrünün mövcud çətinlikləri ilə
yanaşı, müzəffər Ali Baş
Komandanımızın və rəşadətli Azərbaycan
Ordusunun sayəsində möhtəşəm tarixi Zəfərin
əldə edilməsilə nəticələnmiş 44
günlük
Vətən müharibəsi ilə yadda qalmışdır.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin yeni dərs ilinin
başlanması və Bilik Günü münasibətilə
15 sentyabr 2020-ci il tarixli müraciətində qarşıya
qoyduğu vəzifələrdən irəli gələrək,
cari tədris ilinin payız semestri ərzində ali təhsil
prosesinin təşkili zamanı tələbələrin
müasir bilik və bacarıqlar əldə etməsi, gənclərin
sağlamlığı və inkişafı ilə
yanaşı, onların milli-mənəvi dəyərlərimiz
əsasında və vətənpərvərlik ruhunda tərbiyə
olunmasının prioritetliyi təmin edilmişdir.
Yeni dövrün ali təhsil
müəssisəsinə çevrilməyi, qabaqcıl paytaxt
universitetləri səviyyəsində ali təhsil xidmətləri
göstərməyi, şəhər və ətraf
rayonların hərtərəfli inkişafına töhfənin
artırılmasını strateji vəzifələr olaraq
müəyyənləşdirən Mingəçevir
Dövlət Universiteti (MDU) fəaliyyətini milli ali təhsilimizdə
müşahidə olunan inkişaf trendlərini, beynəlxalq
ali təhsil məkanında baş verən dəyişikliklərə
əsaslanan yeni çağırışları, eləcə
də universitetin mövcud və potensial imkanlarını əhəmiyyətli
dərəcədə nəzərə almaqla həyata
keçirir.
Cari tədris ilinin payız
semestri ərzində mövcud şərtlər daxilində tədrisin
keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin
artırılması, maddi-texniki bazanın gücləndirilməsi,
professor-müəllim və inzibati-texniki heyət üzvlərinin
həvəsləndirilməsi və sosial rifahının
yaxşılaşdırılması, yerli və
xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın
genişləndirilməsi, özəl və dövlət
qurumları ilə səmərəli işbirliyinin
yaradılması modernləşməkdə olan MDU-nun prioritet
fəaliyyət istiqamətləri kimi müəyyən
edilmişdir.
Əmək bazarının tələblərinə
uyğun yüksəkixtisaslı və rəqabətqabiliyyətli
kadrların hazırlanması, təhsilalanlara müasir bilik və
bacarıqların ötürülməsi, onların karyera
inkişafına və məşğulluq problemlərinin həllinə
dəstək göstərilməsi, universitetin innovasiya
potensialının genişləndirilməsi istiqamətində birgə
layihələrin reallaşdırılmasına böyük
üstünlüyün verilməsi, bütövlükdə
MDU-nun cəlbediciliyinin artmasına, cəmiyyət həyatında
faydalı rolunun güclənməsinə və regional
eko-sistemin mühüm aktorlarından birinə çevrilməsinə
hədəflənmişdir.
Hazırda universitetdə
iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə
edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura)
üzrə kadr hazırlığı həyata keçirilir.
Üç fakültənin, on kafedranın mövcud olduğu
universitetdə ümumilikdə 2600-dən artıq tələbə
və magistrant təhsil alır. Cari tədris
ilində universitetə yüksək balla qəbul olan və “Gələcəyin
müəllimi” təqaüdünə layiq görülən
tələbələrin sayında artımın
müşahidə edilməsi son dövrdə MDU-nun imicinin yüksəldilməsi
istiqamətində görülən işlərin
müsbət nəticəsi kimi qiymətləndirilir.
Pandemiya şəraitində
universitetin əsas vəzifəsi tədrisin keyfiyyətli
şəkildə davamlılığının təmin edilməsi,
məsafədən təhsil prosesində tələbələrin
yüksək fəallığına və mənimsəmə
səviyyəsinə, biliyin qiymətləndirilməsi
prosesinin optimal həllinə nail olunmasından ibarət olmuşdur. Hesab etmək olar ki, bütün mümkün online
kommunikasiya alətlərindən istifadə, müasir
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastruktur
imkanlarının və kadr potensialının səfərbər
olunması sayəsində MDU bu vəzifələrin öhdəsindən
uğurla gələ bilmişdir.
“Xüsusi karantin rejimi
dövründə Azərbaycan Respublikasının ərazisində
fəaliyyət göstərən təhsil müəssisələrinin
fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər
barədə” Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli Qərarına
əsasən payız semestrində MDU-da tədris prosesi məsafədən təşkil
olunmuşdur. Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə
universitetdə bakalavriat və magistratura səviyyələri
üzrə tədris davamlı surətdə “Microsoft Teams”
platforması üzərindən həyata
keçirilmişdir.
Mövcud qanunvericiliyin tələbləri
və aparıcı ali təhsil müəssisələrinin
müsbət təcrübəsi əsasında universitetdə
yeni tədris ilinə hazırlıqla bağlı müvafiq əmrin
verilməsi və buna əsasən tədris prosesinin təşkilinə
dair qarşıya konkret vəzifələrin qoyulması,
struktur
bölmələr arasında funksional iş
bölgüsünün dəqiq aparılması tədrisin təşkilində
səmərəliliyin artırılmasına səbəb
olmuşdur. Universitetdə tədrisin məsafədən
təşkili ilə bağlı atılan məqsədyönlü,
ardıcıl və çevik addımların sayəsində
təhsilverənlərin və təhsilalanların onlayn dərslərdə
yüksək iştirakçılıq səviyyəsi
müşahidə edilmiş, müəllimlərin 95-100 faizi,
tələbələrin isə 85-90 faizi məsafədən
təhsilə cəlb olunmuşdur. Semestr ərzində
müvafiq fənlər üzrə mühazirə mətnləri,
təqdimatlar, eləcə də dərslik və dərs vəsaitlərinin
elektron formatda bütün tələbələrə
çatdırılması təmin edilmiş, MDU-nun
professor-müəllim heyəti tərəfindən
hazırlanan videodərslərin bazası genişləndirilmiş
və ümumilkdə 1500-dən artıq videodərs çəkilərək
tələbələrin istifadəsinə verilmişdir.
MDU-da 2020/-2021-ci tədris ilinin
payız semestrinin imtahan sessiyası mövcud qaydalara uyğun
təşkil edilmiş, tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflığı və obyektivliyi təmin etmək,
yarana biləcək neqativ halları operativ surətdə aradan
qaldırmaq məqsədilə zəruri tədbirlər
görülmüşdür. Universitetdə
İmtahan Qərargahı, “Qaynar xətt” və Appelyasiya
Komissiyasının çevik və operativ fəaliyyəti təmin
edilmiş, müəllimlərdən ibarət “İmtahanlara dəstək
qrupu”, gənc əməkdaşlardan ibarət “Texniki dəstək
qrupu” və tələbələrdən ibarət “İmtahan
könüllüləri” imtahan prosesinin səmərəli
təşkilində mühüm rol oynayırlar.
Pandemiya
şəraitində elmi istiqamət üzrə universitet fəaliyyətinin
davamlılığı və səmərəliliyi diqqət
mərkəzində saxlanılmışdır. Bu dövrdə MDU-da 10 kafedra tərəfindən ənənəvi
formada reallaşdırılan elmi fəaliyyət çərçivəsində
2021-2025-ci illər üçün dörd elm sahəsi
üzrə (təbiət elmləri, texniki elmlər, ictimai
elmlər, humanitar elmlər) ümumilikdə 16 problemə dair
43 mövzunu əhatə edən perspektiv beşillik
elmi-tədqiqat işlərinin planları hazırlanmış
və təsdiq edilmişdir.
Müasirləşməkdə
olan MDU-nun kadr potensialının gücləndirilməsi məqsədilə
gənc əməkdaşların qabaqcıl universitetlərin
doktoranturalarında təhsil almasına xüsusi diqqət
yetirilmiş, universitet tarixində ilk dəfə olaraq bir əməkdaşımız
Türkiyənin Qazi Universitetinin Təhsil Elmləri
İnstitutunda “Təhsilin idarə edilməsi” ixtisası
üzrə doktorantura ali təhsil səviyyəsinə qəbul
olmuşdur.
Ötən ilin dekabr ayında
MDU-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin anım gününə həsr olunmuş “Heydər
Əliyev müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin
rəmzidir” mövzusunda onlayn formatda keçirilmiş elmi
konfrans mühüm əhəmiyyət kəsb etmişdir. “Regional inkişafın təmin olunmasında innovativ
tendensiyalar: reallıqlar və müasir
çağırışlar” mövzusunda respublika elmi
konfransı, “Tarixi qələbənin davamlı iqtisadi inkişafa
potensial təsirləri” mövzusunda nəzəri-praktiki
seminar, eləcə də qabaqcıl yerli universitetlər və
sənaye qurumları ilə birgə ölkə və region
iqtisadiyyatının aktual problemlərinə həsr
olunan çoxsaylı elmi tədbirlər universitet kolektivi, ali
təhsil və elmi ictimaiyyətin böyük marağına
səbəb olmuşdur.
Semestr ərzində ölkəmizin
qabaqcıl ali təhsil müəssisələrindən olan
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət
İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti və Azərbaycan Texniki Universiteti ilə sıx
qarşılıqlı faydalı əməkdaşlığın
davam etdirilməsi MDU-nun potensialının gücləndirilməsi
və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi
işinə əhəmiyyətli töhfə vermişdir.
Payız semestri ərəfəsində
Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində
reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə
uyğunlaşması üçün geoməkan mühəndisliyi
üzrə yeni kurslar” layihəsinə MDU-nun tərəfdaş
qismində daxil edilməsi 2021-2023-cü illərdə Almaniya,
Niderland, Litva və Rumıniya universitetlərinin müsbət
təcrübələrinin öyrənilməsi, müvafiq
ixtisaslar üzrə kurikulumların təkmilləşdirilməsi,
laboratoriyaların və virtual otaqların yaradılması
imkanlarını qazandıracaqdır.
Almaniyanın Siegen Universiteti və
Prime Akademiyası ilə tərəfdaşlıq çərçivəsində
reallaşdırılmış “Sahibkarlıq
bacarıqlarının inkişaf etdirilməsi”, Almaniyanın
Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
(GİZ) dəstəyi ilə həyata keçirilən
“Karyera Mərkəzinin yaradılması və inkişafı”
layihələri MDU-nun beynəlxalq əməkdaşlığının
inkişafında yeni ənənələrin əsasını
qoymuş və universitetin modernləşməsi prosesinə
ciddi təkan vermişdir. MDU Avropa Ali Təhsil Məkanı
(EHEA) ölkələrinin Nazirlər Konfransında (Roma,
İtaliya), Kəmər və Yol Universitetləri
Alyansının (UAB&R) “Post-pandemiya dövründə beynəlxalq
əməkdaşlıq və mübadiləyə yeni
yanaşma” mövzusunda keçirdiyi beynəlxalq konfransda
(Lanzhou, Çin) fəal təmsil olunmuşdur. Tədrisin məzmununun təkmilləşdirilməsi,
eləcə də professor-müəllim və tələbə
heyətinin praktiki bilik və bacarıqlarının inkişaf
etdirilməsi məqsədilə MDU-da “Turizm sahəsi üzrə
kadr hazırlığında yeni
çağırışlar: təcrübə və karyera
imkanları”, “Microsoft Teams Proqramı və onun imkanları” və
digər mövzular üzrə mütəmadi təlimlər
həyata keçirilmiş, ingilis dili mütəxəssisi
olan amerikalı professor tədris prosesinə cəlb
edilmişdir.
Xüsusi qeyd etmək
lazımdır ki, 30 illik Qarabağ həsrətinə son
qoyulması və ərazi bütövlüyümüzün
təmin edilməsi ilə nəticələnən 44
günlük Vətən müharibəsi dövründə
MDU-nun tələbə, məzun və əməkdaşları
həm
ön cəbhədə, həm də arxa cəbhədə fəal
iştirak etmiş, yüksək həmrəylik nümayiş
etdirmişlər. Eyni zamanda koronavirus
pandemiyasına qarşı mübarizə tədbirləri
çərçivəsində MDU-da kollektiv və tələbə
heyəti arasında mütəmadi maarifləndirmə tədbirləri
həyata keçirilmiş, bütün tədris
binalarında dəfələrlə tibbi-profilaktik və
dezinfeksiya işləri aparılmışdır.
Fikrimizcə, mövcud
reallıqların doğurduğu yeni
çağırışlara və məhdudiyyətlərə
baxmayaraq, cari tədris ilinin payız semestrində universitetdə
bütün istiqamətlər üzrə fəaliyyətin
davamlılığının təmin edilməsində Təhsil
Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti
və digər qurumlarla tərəfdaşlıq
mühüm rol oynamışdır. Dövlət
və özəl qurumlar, qeyri-hökumət və gənclər
təşkilatları, o cümlədən media ilə
qarşılıqlı faydalı əlaqələrin
genişləndirilməsi sürətlə modernləşən
MDU-nun milli ali təhsilin ümumi mənzərəsində
mövqeyinin güclənməsi üçün ciddi əsaslar
yaradır.
Şahin
BAYRAMOV,
Mingəçevir
Dövlət Universitetinin rektoru
Azərbaycan. - 2021.- 29 yanvar.- S. 6.