Üzümçülüyün inkişafı
ilə bağlı qəbul edilmiş dövlət proqramının
icra müddəti sona çatıb
Nəticələr nədən xəbər verir
Prezidentin
2011-ci il 15 dekabr tarixli sərəncamı ilə təsdiq edilən və icra müddəti sona çatan “2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı”, həmçinin 2018-ci il 3
may tarixli sərəncamı ilə
təsdiqlədiyi “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın
inkişafına dair Dövlət Proqramı” ölkənin aqrar sektorunda üzümçülüyün
inkişaf strategiyasını
müəyyənləşdirən mühüm dövlət sənədləridir.
Bu
proqramlarda Azərbaycanda
üzümçülüyün yenidən genişləndirilməsi,
innovativ texnologiya əsasında inkişafı,
sənaye miqyasında
istehsal edilən müxtəlif çeşidli
üzüm məhsullarının
daxili və dünya bazarlarına çıxarılmasının əsas istiqamətləri göstərilmişdir.
Ölkəmizdə
iqtisadiyyatın səmərəliliyinin
artırılması və
rəqabət qabiliyyətinin
yüksəldilməsi çərçivəsində
qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafının
təmin edilməsi əsas iqtisadi prioritetlərdəndir. Üzümçülük
isə aqrar sektorda iqtisadi baxımdan ən gəlirli sahələrdən
biridir. Müasir dövrdə Azərbaycanda üzüm istehsalı üçün
yararlı torpaq şəraitinə malik olan təbii-iqtisadi bölgələrin mövcudluğu,
üzümün digər
bitkiçilik məhsullarına
nisbətən yüksək
iqtisadi səmərəliliyi,
ərazidə yerli üzüm sortlarının
zəngin genofondu, mövcud işçi qüvvəsi, üzüm emalı
sənayesi müəssisələrinin
yerli xammala olan tələbatının
ödənilməsi, həmçinin
dünya bazarlarına
yüksək keyfiyyətli
ekoloji təmiz süfrə üzümü
və müxtəlif şərab məhsullarının
çıxarılması imkanları
üzümçülüyün yenidən genişləndirilməsi
problemini aktuallaşdırmışdır.
Məhz buna görə müvafiq dövlət proqramlarında
ölkə ərazisində
üzümçülüyün yenidən inkişaf etdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.
Bu
yerdə yaxın keçmişə nəzər
salaq: keçən əsrin 70-80-ci illərində
Azərbaycanda irimiqyaslı
üzüm plantasiyaları
salınmış və
1984-cü ildə üzümlüklərin
əkin sahəsi 284,1
min hektara, üzüm yığımı
2126,1 min tona, hektardan məhsularlıq isə ən yüksək həddə
- 99,2 sentnerə çatmışdır.
Lakin
1985-ci ildə alkoqolizm
və sərxoşluğa
qarşı mübarizə
tədbirləri ilə
bağlı qəbul edilmiş məlum qərardan sonra Azərbaycanın aqrar sektorunda aparıcı sahə olan üzümçülük və
şərabçılığa böyük zərbə vurularaq, 130 min hektardan çox məhsuldar üzüm bağları məhv edilmiş, 76 istehsal, 116 ilkin emal müəsisəsi
fəaliyyətini dayandırmışdır.
Sonrakı illərdə
respublikamızda üzüm
istehsalı ildən-ilə
azalmağa başlamışdır.
1988-ci ildə 195,4 min
hektardan 1254,3 min,
1990-cı ildə 181,4 min
hektardan 1196,4 min,
1995-ci ildə isə
97,7 min hektar üzümlüklərdən 308,7 min ton məhsul
toplanmışdır.
Yalnız qeyd etdiyimiz sənəd - “2012-2020-ci illərdə
Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət Proqramı” ölkədə üzümçülüyün
inkişafında yeni mərhələnin əsasını
qoymuşdur. Dövlət proqramında ölkə
ərazisində müasir
tipli yeni plantasiyaların salınması,
kişmişi, süfrə
və texniki üzüm sortlarının
əkin sahələrinin
genişləndirilməsi, tingçilik
təsərrüfatlarının yaradılması, üzümçülük
təsərrüfatları üçün əsas və köməkçi
materialların istehsalının
təşkili və başqa vəzifələr
irəli sürülmüşdür.
Sənəddə Azərbaycanda üzümçülük
və şərabçılığın
inkişafının mövcud
vəziyyətı, nəzərdə
tutulan görüləcək
işlərin məqsəd
və vəzifələri,
üzümçülüyün və şərabçılığın
inkişafının əsas
istiqamətləri, maliyyələşmə mənbələri, gözlənilən nəticələr,
nəzərdə tutulan
işlərin həyata
keçirilməsi üzrə
tədbirlər planı
hazırlanmış və
uğurla həyata keçirilməsinə başlanılmışdır.
Üstündən 8 il
keçdikdən sonra
nəticələrə nəzər salaq: əgər 2012-ci ildə Azərbaycanda üzüm bağlarının
ümumi əkin sahəsi 16,3 min hektar, məhsul yığımı 151 min
ton, məhsuldarlıq
88,6 sentner olmuşdursa, 2018-ci ildə
üzüm bağlarının
əkin sahəsi 16,1 min hektar olmaqla
toplanılan məhsul
artaraq 167,6 min tona, məhsuldarlıq
92,8 sentnerə çatmışdır.
2020-ci ildə isə
16,1 min hektar üzüm bağından 201,5 min ton məhsul toplanmışdır.
Qeyd
edək ki, bu illərdə daha çox üzüm bağları Gəncə-Qazax rayonunda
(4041,1 hektar), Dağlıq
Şirvan bölgəsində
(3107,1 hektar), Lənkəran
inzibati ərazisində
(1620,0 hektar), Naxçıvan
MR-də (1445,6 hektar) salınmışdır. Ölkədə
yeni salınan üzümlüklərin 10,580 hektarı
süfrə, 5506,3 hektarı
texniki sortlardan ibarətdir.
Bu illər
üzüm məhsullarının
ixracına da diqqət artmışdır.
Belə ki, 2019-cu ildə Azərbaycandan xarici ölkələrə 4168,3 ton (Rusiya Federasiyasına
4066,78, Ukraynaya 83,42, Qazaxıstana
14,21, Birləşmiş Ərəb
Əmirliklərinə isə
3,9 ton) üzüm ixrac olunmuşdur.
Üzümçülük iqtisadi baxımdan gəlirli sahədir. Bir hektar üzüm
bağından əldə
olunan maddi gəlir müvafiq olaraq pambıqdan 2,7, dənli-paxlalı
bitkilərindən 3,9, tərəvəz
bitkilərindən 1,5, bostan bitkilərindən 7,5, meyvə
bağlarından 2,6 dəfə
yüksəkdir. Azərbaycanın coğrafi ərazisi, təbii torpaq-iqlim qurşaqları isə üzüm plantasiyalarının
maksimum sahəsinin 150
min hektara qədər artırılmasına,
ildə yüksəkkeyfiyyətli
1-1,2 milyon ton üzüm istehsalına imkan verir. Üstəlik,
işğaldan azad olunmuş cənub rayonlarımız üzümçülüyün
genişləndirilməsi imkanlarını
artırmışdır. Belə
olan halda bu sahədən əldə edə biləcəyimiz qazancı
hesablamaq çətin
deyil.
Sözügedən dövlət proqramı çərçivəsində digər mühüm işlər də görülmüşdür. Məsələn, bu dövr ərzində
Abşeronda, Naxçıvan
MR-də, Şamaxıda,
Cəlilabadda, Gəncə-Qazax
və digər üzümçülük bölgələrində
müasir tipli yeni üzüm plantasiyaları salınmış,
aqrotexniki qulluq istiqamətində yeni texnologiyanın tətbiqinə
başlanılmış, çoxlu
sayda modul tipli şərab zavodları yaradılmış, əhalinin süfrə və
qurudulmuş məhsullarla
təminatı yaxşılaşdırılmış,
emal sənayesi müəssisələrinin xammala
olan tələbatının
daxili məhsul istehsalı hesabına ödənilməsi təmin
edilmiş, kənd əhalisinin maddi gəlirlərinin artmasına
nail olunmuş, dövlət büdcəsinə
və yerli büdcəyə daxil olan maddi
vəsaitin həcmi artmış, üzümçülük
bölgələrində yaşayan
əhalinin maddi-rifah və sosial şəraiti yaxşılaşdırılmaqla
kənd yerlərində
yeni iş yerləri yaradılmışdır.
Son dövrlər
Naxçıvan MR ərazisində
də üzümçülüyün
genişləndirilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan Nehrəm
kəndi inzibatı ərazisinin şərq hissəsində indiyə qədən ictifadəsiz qalan təpəliklərin
şumlanaraq əkinə
yararlı hala gətirilməsi nəticəsində
170 hektardan çox müasir tipli süfrə üzümü
plantasiyalarının salınması
dövlət proqramının
icrasına layiqli töhfə olmuşdur.
O ki qaldı “2018-2025-ci illərdə
Azərbaycan Respublikasında
şərabçılığın inkişafına dair Dövlət Proqramı”na,
bu sənəd aqrar-sənaye kompleksinin ən rentabelli və ən qədim sahələrindən
olan şərabçılığın
innovativ texnologiya əsasında inkişafına
yönəlmişdir. Yenə də tarixə nəzər salaq: keçən əsrin
80-ci illərində respublikada
210 şərab zavodu və şərabçılıq
məntəqələri sistemində
151 mindən artıq fəhlə və mütəxəssis işləmiş,
56 adda şərab, 10
adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal olunmuşdur.
Bu gün
də ölkədə
şərabçılığın inkişafı qarşıda
duran əsas hədəflərdən biridir.
Dünyada yüksəkkeyfiyyətli şərab istehsalında
istifadə olunan texniki üzüm sortlarından Bayanşirə,
Mədrəsə, Hənəqırna,
Şirvanşahı, Xindoqnı,
Həməşərə, Mələyi, Xərci, Qara aldərə, Naxçıvan qara üzümü, Dəvəgözü
və başqaları
məhz Azərbaycanın
üzüm genofonduna mənsubdur. Elə dövlət proqramının
da məqsədi bu cür məşhur
sortların hesabına
2025-ci ilə qədər
ölkədə şərab
və şərabçılıq
məhsullarına tələbatın
ortamüddətli perspektivdə
yerli ehtiyac və ixracat imkanları nəzərə
alınmaqla ödənilməsi,
şərab istehsalı
müəssisələrinin
fəaliyyətinin genişləndirilməsidir.
Dövlət proqramında həmçinin
şərabçılıq müəssisələrinin istehsal
potensialından maksimum
istifadə etməklə
dünya standartlarına
uyğun şərab məhsullarının ixracının
2025-ci ilədək 5 dəfə
artırılması nəzərdə
tutulmuşdur. Heç
şübhəsiz ki,
ölkənin aqrar sektorunda aparılan islahatlar və dövlət tərəfindən
verilən dəstək
hesabına bu proqramda da qarşıya
qoyulan vəzifələr
yerinə yetiriləcək.
Varis QULİYEV,
AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı,
aqrar elmləri doktoru
Azərbaycan. - 2021.-31 yanvar.- S.1; 7.