Ömrə bərabər gün...
(Əvvəli ötən
saylarımızda)
Bağdaddan ayrılarkən
Haccı Ğassan yola çıxmamışdan əvvəl
əllərini göyə açıb nəsə dilinin
altında dua etdi və yavaş səslə, "Allah, sən
hifz elə!" - deyib sürücümüz Həmudiyə
yola düşməyimizə işarə etdi. Avtomobilimiz
gündə dolaşdığım Bağdad küçələrinin
birini o birisiylə əvəz edərək, şəhərdən
çıxıb Diyalə vilayətinə gedən şosseyə
döndü. Artıq şəhər
arxada qalmışdı. Amma hələ də
partlayış səsləri eşidilir və bu
partlayışlardan yaranan tüstü Bağdadın
üstündə yayılaraq göyə ucalırdı.
Mən Bağdadı ürəyimdə
aparırdım, onu heç cür tərk edə bilmirdim.
Hələ də fikrim Bağdadda
qalmışdı.
Haccı Ğassanın nə dediyini anlamırdım. Bircə onu eşidirdim ki,
"İnşallah, sağ-salamat gedib çatarsan", -
deyirdi. O da hiss edirdi ki, mən Bağdaddan belə ayrılmaq
istəmirəm. Haccı Ğassan mənə
ürək-dirək verirdi. Tez-tez də təkrar edirdi:
-
Amerikalılar burda çox qala bilməyəcəklər. Hər şey, inşallah, qaydasına düşəcək,
onda qayıdarsan.
Sonra Haccı Ğassan da susdu, daha danışmadı. Bir müddət
belə lal-dinməz, hərəmiz özümüzə
qapılaraq, ətrafa səpələnmiş xurma
ağaclarının arasından keçərək, irəliləyirdik.
Artıq Mesopotomiyadan çıxıb, Baqubə şəhərini
arxada qoyub, İraq-İran sərhədində yerləşən
Munziriyyə qəsəbəsinə tərəf yönəlmişdik. Arada hökm sürən
sükutu Haccı Ğassan pozdu:
- Sən
bilirsən, o vaxt ingilislər niyə İraqı tərk ediblər?
Haccı Ğassan, yəqin ki, keçən əsrin
iyirminci illərində Bağdadda ingilislərə
qarşı baş vermiş üsyanı nəzərdə
tuturdu.
- Yox, -
dedim, - bilmirəm.
- Onda
qulaq as! - dedi. - Üç doğma qardaş hər gün
İraqdakı ingilis hərbi düşərgələrdən
birinin hasarının altından lağım atıb, hərbi
hissənin yerləşdiyi yerə daxil olub və oradan nəsə
oğurlayıb, sonra da aparıb satırmışlar. Bir gün ingilislər duyuq düşürlər,
onları görürlər. Qardaşlar da
ingilislərin onlara tərəf gəldiklərini görüb
qaçır və həmin lağım atdıqları
hasarın altından keçib, çıxmaq istəyirlər.
Qardaşlardan ikisi keçir. Üçüncü qardaş keçəndə
ingilis əsgərləri onun ayaqlarından tutub geri çəkməyə
başlayırlar. Bayırdakı iki
qardaş isə onun başından tutub özlərinə tərəf
dartırlar. Lakin ingilis əsgərləri
çox olduğundan qardaşların onlara gücü
çatmır. Bu halı görən qardaşlardan biri
o birisinə deyir: "Tez ol, başını kəs! Yoxsa bizi satacaq!" İngilislər
onu çəkib çıxarırlar və onun
başının kəsildiyini görüb, tez hərbi rəhbərliyə
xəbər verirlər. Bu hadisə Londona
- krala çatır. Kral bu hadisəni eşidəndən
sonra deyir: "Bu xalqı idarə etmək mümkün deyil. Bizə İraqı tərk eləmək lazım gələcək".
Sonra məlum olduğu kimi, həmin vaxt
Bağdadda ingilislərə qarşı üsyan baş
qaldırır.
Haccı Ğassan sözünü tamamlayıb mənə
baxdı. Görünür, mənim buna münasibət bildirməyimi
gözləyirdi. Mən isə heç nə
demədim. Doğrusu, Haccı
Ğassanın danışdığı bu hadisə məni
olduqca sarsıtmışdı. Buna inana
bilmirdim. Haccı Ğassan mənim daxilimdəki
təlatümü elə bil anlayırdı. Bir az ara verəndən sonra:
-
Amerikalılar burada qala bilməzlər! - deyə,
qətiyyətlə bildirdi.
Sonra çiyinlərini çəkib gözlərini məndən
ayırdı.
Onun gözlərinin dərinliyində gizlənən
kədər ürəyindəki ah-nalədən xəbər
verirdi. Amma Haccı Ğassan özünü
o yerə qoymurdu. Hər şeyə sinə gərməyə
hazır olduğunu göstərməyə
çalışırdı...
Biz artıq yolun yarıdan çoxunu qət etmişdik. Əl-Miqdadiyyə
şəhərini keçib Xanıqinə gedən yola
çıxdıq. Bir az getdikdən
sonra amerikalılara məxsus nəhəng "Abrams"
adlanan tanklardan ibarət bir hərbi batalyon
qarşımızı kəsdi. Doğrusu,
fikirləşdim ki, daha hər şey bitdi, yəqin məni
saxlayacaqlar. Sonra nə baş verəcəyini
təsəvvür edə bilmirdim. Müxtəlif
səbəblərdən, təbii ki, bu, belə nəticələnməli
idi. Ən azından mən Rusiya vətəndaşı
idim. Həm də işlədiyim şirkətlə
bağlı başqa səbəblər də vardı. Avtomobilimizi bir zənci əsgər saxladı. Başdan-ayağa silahlanmış həmin zənci əsgər
bizə yaxınlaşdı, avtomobilin içərisinə
boylanıb, bizim yerə düşməyimizi tələb etdi.
Haccı Ğassan mənə baxıb, "narahat olma" -
dedi və avtomobildən düşməyimə işarə elədi,
yavaşcadan, "sən danışma" - dedi. Amerikalı əsgər sənədlərimizi istədi.
Mən pasport əvəzinə mənə
İraqda verilən müvəqqəti yaşayış vəsiqəsini
təqdim etdim. Ona bu vəsiqəni bilərəkdən
verdim. Çünki pasportu versəydim,
mütləq onlarda şübhə yaradacaqdı və pasportu
aparıb kiminləsə əlaqə saxlayacaqdılar. Sonrasının necə olacağını deyə
bilmərəm, hər halda məni saxlayacaqlarına daha
çox ehtimal var idi. Amma bu verdiyim vəsiqə
ərəbcə və ingiliscə qatmaqarışıq şəkildə
yazıldığından qeyri-ərəb cətin ki, onu tam
başa düşə bilərdi. Zənci
əsgər də vəsiqənin ora-burasına baxıb,
özümə qaytardı və hara getdiyimizi soruşdu.
Haccı Ğassan məni qabaqlayıb: "Biz Məşhədə
ziyarətə gedirik" - dedi. Amerikalı isə heç nə
demədən onun və sürücünün sənədlərini
qaytarıb özlərinə verdi. Sonra başqa bir əsgər it gətirib avtomobilimizi
yoxladıqdan sonra yolumuza davam etməyə icazə verdilər.
Düzü, mən özümü itirmişdim. Əgər məni
saxlasaydılar, başıma nələr gələ biləcəyinin
fikrindən hələ də ayrıla bilmirdim. Bu fikirlərlə yolumuza davam etdik. Bir az getdikdən sonra sakitləşməyə
başladım, elə bil rahatlıq tapdım və Haccı
Ğassana üz tutub:
- Ziyarətə
gedirik, hə!? - deyə zarafatla
soruşdum. Haccı Ğassan gülümsündü və mənə
amerikalıların, yerli əhalinin həyat tərzindən,
tarixindən xəbəri olmaması barədə gülməli
bir əhvəlat danışdı:
-
Amerikalılar İraqı tutandan sonra generallardan biri Kərbəlaya
gəlir. Həmin vaxt Məhərrəm
ayına - Aşuraya düşür. Bu vaxt bütün
şəhər əhalisi və bura gələn zəvvarlar mərsiyyə
deyərək, özlərini zəncirlə döyüb:
"Şah Hüseyn! Vay Hüseyn!" - deyə-deyə,
İmam Hüseynin məzarını ziyarət edirdilər. Bu
mənzərəni görən amerikalı general onu
müşayiət edən iraqlıdan soruşur: "Bu adamlar
niyə belə ağlaşırlar? İraqlı: "Bu
gün İmam Hüseyni qətl ediblər" - deyir.
Amerikalı:
- Biz qətlə
yetirmişik?
- Yox, -
deyə, iraqlı cavab verir, - Bu qətl min dörd yüz il dundan əvvəl olub. Amerikalı general təəccüblə
soruşur:
- Bunlar
indiyədək ağlayırlar!?
Haccı
Ğassan sözünə davam edərək:
-
Generalı belə olanın, əsgəri necə
olmalıdı ki!? O, heç
bilmədi ki, Məşhəd hardadı, ora ziyarət etmək,
nədir - dedi.
Bir sözlə, təhlükədən
ötüşdük. Bir az ara verib: "Hə,
babalarımız kömək etdi, - dedi və əlini kürəyimə
çəkərək, gülümsədi: "Bir gün səni,
inşallah, Bağdadda qarşılayacam. Yenə
səninlə "Saray" kitab sərgisinə gedəcəyik".
Haccı Ğassanın dediyi bu kitab sərgisi Dəclə
çayına və Harun Ər-Rəşid küçəsinə
yaxin bir yerdə - Saray deyilən ərazidə yerləşirdi. Bu sərgi hər
cümə günü mənim ən çox ziyarət
etdiyim yer idi. Haccı Ğassan mənimlə
ora tez-tez gedirdi. Burada müxtəlif
kitablar, o cümlədən, elmi, texniki, tibbi, tarixi və
klassik ərəb şairlərinin divanlarından ibarət
külliyyatlar satırdılar. Mən hər dəfə
bura gələndə ərəb klassik ədəbiyyatının
əvəzedilməz və qiymətsiz nümayəndələrindən
olan Əbu Nüvas, Əbu Əl-Ətahiyyə, Bəşşar
ibn Burd, Cərir, Fərəzdəq, Əl-Fərabi, Əbu
Əl-Fərəc Əl-İsfahani və başqa klassiklərin
divanlarından mütləq nəsə alırdım. Ən çox maraqlandığım şair isə əsasən,
xəmriyyə şeirləri yazan, xəlifə Əl-Əmin
və Harun Əl- Rəşid dövründə
yaşamış Əbu Nüvas idi. Bu marağı məndə
universitetdə oxuduğum zaman ərəb ədəbiyyatı
müəllimimiz, professor Malik Mahmudov
aşılamışdı. O, Əbu Nüvasdan həvəslə
və xüsusu bir sevgiylə danışardı və həmişə
xüsusi olaraq, deyərdi:
- Əbu Nüvas bütün dünyanın
tanıdığı Ömər Xəyyamdan heç də
geridə qalmır, əksinə, bəlkə də, ondan daha
da yüksəkdədir. Lakin Əbu Nüvasın "faciəsi"
ondadır kı, onun yazdıqları qəsidə və qəzəllər
mürəkkəb ərəb dilində olduğundan,
onları lazımi səviyyədə başqa dillərə
çevirməyin mümkün olmaması idi. Bu əsərlər həm ərəb dilinə xas
olan dərin fəlsəfi mənalı, həm də bir
neçə məna qatlarından ibarət olduğundan onun tərcüməsini,
demək olar ki, mümkünsüz edirdi.
Sizə başqa bir universitet müəllimim - XIX əsr
Azərbaycan ədəbiyyatından dərs deyən çox
maraqlı bir insan, təpədən dırnağadək milli ənənələrə
sadiq olan professor Abbas Zamanov haqqında danışmaq istəyirəm. O, belə söhbət
edirdi ki, bir gün bir neçə fransız filoloqu bizə
qonaq gəlmişdi. Bakıda olduqları bir həftə
ərzində bizim milli ədəbiyyatı daha çox
öyrənməyə çalışırdılar. Biz onlara vətənlərinə qayıdanda Cəlil
Məmmədquluzadənin əsərlərini və Sabirin
"Hophopnamə"sini verdik ki, aparıb fransız dilinə
tərcümə etsinlər. Bir ildən
sonra bizi Fransaya dəvət etdilər. Biz
ora gələndə Cəlil Məmməquluzadənin
bütün əsərlərini tərcümə etdiklərindən
danışdılar və hətta "Ölülər",
"Poçt qutusu" kimi əsərlərini səhnələşdirdiklərini
dedilər. Bu əsərlərin fransız
tamaşaçılarının olduqca xoşuna gəldiyini
xüsusilə qeyd etdilər. Bizim: "Bəs Sabir?"
- sualımıza belə cavab verdilər:
"Sabiri tərcümə etmək üçün hələ
Fransada şair yoxdur!"
Bu söhbəti Abbas Zamanov fəxrlə deyirdi. Abbas müəllim
bizim ədəbiyyatımızda belə nəhənglərin
olması ilə fəxr edirdi. Amma bir tərəfdən
də bu kimi şairlərin tərcümə
olunmasının çətinliyi, onun öz ölkəsindən
kənara çıxa bilməməsi təəssüf hissi
doğururdu.
Haqqında danışdığım Əbu Nüvas da
bəxti gətirməyən həmin nəhəng şairlərdən
idi. O,
dövrünün sayılıb-seçilən, xəlifələrin
hörmət bəslədiyi şair idi. Onun həyat
tərzi hardasa məşhur rus şairi Puşkinin həyat tərzinə
bənzəyir. Şair həm də
çox hazırcavab olub. Onun
hazırcavablığı haqqında çoxsaylı
nümunələr bu gün də xalq arasında
yaşamaqdadır. Xüsusən xəlifə
Harun Əl-Rəşidlə bağlı bəzi məzəli
əhvalatlar dövrümüzə qədər gəlib
çıxmışdı. Onlardan birini
sizinlə bölüşmək istəyirəm. Amma bilmirəm, onu olduğu kimi sizə
çatdıra biləcəm, ya yox. Çünki
bu hadisə ərəb dilinin özünəməxsus
xüsusiyyətləri ilə bağlıdır.
Beləliklə, bir gün Harun Əl-Rəşid Əbu
Nüvası sarayına - ziyafətə dəvət edir. Şair saraya
gələndə görür ki, bir rəqqasə Harun
Ər-Rəşidin və saray əyanlarının
qarşısında rəqs edir. O, içəri girib bir
kənarda oturur və hamı kimi rəqqasəyə tamaşa
edir. Bir müddət keçir, lakin Harun Əl-Rəşid şairə məhəl
qoymur, onun saraya gəlməsinin fərqinə varmır.
Şair bunu hiss edib, sarayı sakitcə tərk edir və
saraydan çıxanda onun qapısında bir beyt yazıb
gedir. Beytin sətri tərcüməsi təxminən belədir:
"Xalisanın (rəqqasə) boynunda boyunbağı itən
kimi (qiyməti nəzərdə tutulur), mənim də
şeirimin qiyməti sizin qapınızda itdi". Əbu
Nüvas saraydan gedəndən bir az sonra
qapıya yazılanlar artıq hamıya məlum olur və rəqqasə
təhqir olunduğunu görüb, ağlamağa
başlayır. Xəbər Harun Əl-Rəşidə
çatır və əmr edir ki, Əbu Nüvası onun
yanına gətirsinlər. Şair məsələnin
nə yerdə olduğunu anlayır və saraya gəlir.
Qapıdan içəri girəndə beytdəki bir hərfin
aşağı hissəsini silir və ərəb əlifbasının
yazılış xüsusiyyətinə uyğun olaraq söz
dəyişir və "itmək" sözu "işıq
salmaq" sözünə çevrilir. Əbu
Nüvas içəri girib xəlifənin hüzuruna gəlir.
Xəlifə qəzəblə onu niyə təhqir etdiyini,
onun qapıda nə yazdığını soruşanda Əbu
Nüvas deyir:
-
Qibleyi-aləm, mən Sizi - xəlifəni təhqir edə bilərəmmi!?
Sizin əyanlar elmsizdirlər, düz deməyiblər.
İstəyirsiniz özünüz oxuyun.
Xəlifə Harun Əl-Rəşid Əbu Nüvas və
əyanlarla birgə Saray qapısına yaxınlaşıb
orda yazılanları oxuyur və başqa bir mənanın
olduğunu görür. Beytin mənası artıq başqa cür səslənirdi:
"Xalisanın (rəqqasə) boynunda boyunbağı
işıq saçan kimi, mənim də şeirim sizin
qapınızda işıq saçdı".
Harun Əl-Rəşid, təbii ki, Əbu Nüvasın
vəziyyətdən məharətlə
çıxdığını başa düşür. Onu
mükafatlandırır və saray şairi olmağı təklif
edir. Amma bir şərtlə ki, o, daha xəmr
(çaxır) içməməlidir. Şair
razılaşır və saraya köçür. Bir
müddətdən sonra Xəlifə onun əlində
çaxırla dolu şüşəni görüb
soruşur:
- Əlindəki nədir?
- Süd,
- deyə şair cavab verir.
- Sud
qırmızı olur!? - deyə xəlifə
hiddətlənir.
- Yox, o, xəcalətindən
belə qızarıb.
Əbu Nüvasın cavabı Harun Əl-Rəşidin
xoşuna gəlir və onu bağışlayır. Sonralar
şair sarayda çox qala bilmir və oranı tərk edir.
Ərəb ədəbiyyatında Əbu Nüvasın
xüsusi yeri var. Bağdadda - Dəclə çayının
sahili boyu uzanan Əbu Nüvas küçəsi var və həmin
küçədə onun heykəli ucaldılıb.
Burada
başqa bir iraqlı şairi - Əməvilər hakimiyyətindən
Abbasilər
hakimiyyətinə keçid dövrundə
yaşamış və dövrünün xəlifələri
ilə yola getməyən və nəhayət, xəlifə
Əl-Mehdi tərəfindən həbs edilmiş və
öldürülmüş Bəşşar İbn Burdu
(714-784) yada salmamaq insafsızlıq olardı. O, ərəb ədəbiyyatında
yeniləşmə hərəkatının mühüm şəxsiyyətlərindən
biri idi. Ona qədər ərəb şeir
janrı, hələ ki, Cahiliyyə dövrünün
(İslama qədərki dövr) poeziyasında olan və uzun
müddət dəyişməyən qayda-qanunlarla
yaşayırdı. Cahiliyyə şeir
forması pərakəndə və müstəqil fikirlərdən
ibarət olan beytlərdən ibarət idi. Bir şeirdəki beytin o biri beytlərlə əlaqəsi
olmurdu. Bizə həmin dövrun bu
günümüzə gəlib çatan yeddi böyük
şairi məlumdur (bəzi mənbələrdə onların
sayının daha çox olduğunu qeyd edirlər). Onlara "Müəlləqat"
(asılan, asılmış) şairlər deyirlər. Bu da Məkkə yaxınlığındakı Ukaz
bazarında müxtəlif qəbilələrə mənsub
olan şairlərin ərəb dilinin qureyş ləhcəsində
yazdıqları şeirlərini dərilər üzərinə
köçürüb divardan asdıqlarından irəli gəlirdi.
"Müəllaqat" sözü də buna -
"asılmış"a işarə
idi. Bizim bildiyimiz "Leyli və Məcnun" əsərindəki
Qeys də bu dövrün tanınmış şairlərindən
olub və "İmr ul - Qeys" kimi tarixə
düşüb. Əfsanəyə görə,
o, bütün qəzəllərini sevdiyi Leylaya həsr
etmişdi və sonradan "Məcnuna" çevrilərək,
bütün şərq xalqlarına mənsub "Leyli və
Məcnun" əfsanəsi yaranmışdı. Ukaz bazarının divarına yazılan şeirlər
ilboyu asılı qalardı və insanlar xoşlarına gələn
şeirlərin altına daş qoymaqla öz münasibətlərini
bildirərdilər. İlin axırında
seçilmiş münsiflər tərəfindən həmin
daşlar sayılırdı. Ən
çox daş toplamış şeirin müəllifi ilin ən
yaxşı şairi hesab olunardı. Şairlərə,
onların şeirlərinə verilən qiymət təsadüfi
deyildi. Qəbilə şairləri
dövrünün ən mötəbər adamları
sayılırdılar. Hətta iki qəbilə
arasında olan döyüşlərdə tərəflərdən
birinin qoşunu təslim olurdusa, ancaq şairi məğlub
olmamışdırsa, həmin qəbilə məğlub
sayılmırdı. Yaxud, iki qəbilə
aralarında yaranan münaqişəni həll etmək
üçün qan tökülməsinin
qarşısını almaq üçün şairlər
deyişirdilər. Əgər şairlərdən
biri həmin deyişməni uduzurdusa, onun mənsub olduğu qəbilə
döyüşsüz o biri qəbiləyə təslim olurdu.
Elə bu səbəbdən də, Quran nazil
olduqdan sonra onun yayılmasına ən böyük maneə, o
dövrdə xalq arasında böyük nüfuza sahib olan
şairlər idilər. Onların bəziləri
Quranı və Allahın elçisi Məhəmməd
peyğəmbəri inkar edirdilər. Xalq
isə hələ ki, şairlərə çox
inanırdı. Qurani- Kərimdə olan
"Surət - Əl-Şüara" da ("Şairlər
surəsi") bunun bir təzahürüdür. Şairlər
islamı qəbul etdikdən sonra Məhəmmməd Peyğəmbərdən
"Şairlər surəsi" haqqında soruşanda, belə
cavab vermişdi: "Bu, o şairlər haqqında deyilib ki,
onlar qeyri-müsəlman olublar".
Ərəb ədəbiyyatını əsrlərlə əsarətdə
saxlayan şeir formasını inkar edən ilk şairlərdən
biri Bəşşar İbn Burd olub. O, anadangəlmə kor olduğu
üçün şeirlərini həmişə yanında
olan raviyə (yazar və şifahi ədəbiyyatı
yaddaşlarına həkk edib, onu nəsildən-nəslə
ötürənlər "ravi" adlanırdılar) diktə
edirdi. O, həm də şeirlərini şəhərdən kənarda,
səhralar başlanan yerdə oxuyardı. Bir dəfə
şair öz ravisi ilə gecə yeni şeir yazmaq
üçün şəhərdən kənar, həmin səhraya
gəlir və ilk misranı deyib dayanır, arxasını gətirə
bilmir. Bir neçə dəfə cəhd
edir, lakin alınmır. Ravi ondan soruşur:
- Nə
olub, niyə deyə bilmirsən, ustad?
- Dəvənin
biri axsayır, fikrimi yayındırır, məni köklənməyə
qoymur.
Ravi
şairin cavabından təəccüblənir və heç
nə başa düşmədiyini deyəndə, Bəşşar
İbn Burd onu başa salır: "Sən bilirsən ki, mənim
anadangəlmə gözlərim görmür". Ravi də
ona: "Hə, bilirəm", - deyir.
- Bəs
sən niyə soruşmursan ki, niyə şeirlərimi gecə
deyirəm. Kor üçün nə fərqi, gündüz,
ya gecə! İndi deyim, bil. Dəvə
karvanları bir yerdən başqa yerə, məsələn,
Hicazdan Şam ölkələrinə getmək ücün həmişə
gecələr yola çıxır və yolu ulduzların
düzülüşü ilə təyin edirlər. Dəvələrin azmaması üçün
boyunlarından zınqırov asırlar. Onlar
addımladıqca, boyunlarındakı zınqırovlar eyni ahənglə
ritmik bir səs yaradırlar. Mən də
özümü bu ritmik səslə kökləyib, şeir
oxuyuram. İndi o karvandakı dəvələrin
biri axsayır və həmin ritmi pozaraq, mənə mane olur,
fikrimi çaşdırır. İndi
başa düşdün?
Bir dəfə Saray kitab sərgisində bir ərəb
müəllifinin Məhəmməd Füzuli haqqında
kitabına rast gəldim. Sevinərək kitabı aldım. Fikirləşdim ki, M.Füzuli haqqında yeni bir məlumat
öyrənərəm. Lazım olsa, tərcümə
də edərəm. Kitabın axırıncı səhifəsini
açıb, müəllifin kim
olduğunu öyrənmək istədim. Gördüm ki,
kitabın elmi rəhbəri Ziya Bunyadovdur.
(Ardı var)
Zahid ŞAHSUVAROV
525-ci qəzet.- 6 yanvar.- S.18.19