Zili də, bəmi də ürəklərə yol tapan xanəndə...

 

UNUDULMAZ İFAÇI QARAXAN BEHBUDOVUN MUĞAM SƏNƏTİMİZİN

TARİXİNDƏ ÖZÜNƏMƏXSUS YERİ VAR

 

 

Azərbaycanda tarix boyu muğam sənətinin inkişafında Qarabağ xanəndəlik məktəbinin müstəsna rolu olub.

 

Qarabağ muğam ifaçılığı dəsti-xəttini layiqincə təcəssüm etdirən sənətkarlardan biri də dəyərli xanəndə və pedaqoq, Əməkdar artist Qaraxan Behbudov idi. Qaraxan Behbudovun səsindəki məlahət, şirinlik hər xanəndəyə nəsib olmayıb. Ancaq təbii ki, peşəkar, meydangir xanəndə olmaq üçün məlahətli səs bəs eləmir. Q.Behbudovu öz dövründə fərqləndirib üzə çıxaran ən ümdə xüsusiyyəti onun səsinin tarın bütün pərdələrinə uyğunlaşması idi. O, həm zildə, həm də bəmdə rahat ifa edə bilirdi, zənguləli səsi zildə qəti yorulmazdı. Oxu tərzi bütün xanəndələrdən fərqlənən Q.Behbudov Filarmoniyanın səhnəsində mikrofonlardan imtina edən sənətkarlardan idi. O vaxtın muğamsevərləri danışırlar ki, Q.Behbudov nadir hallarda səhnədə mikrofonla oxuyardı. Tanrı ona sənətdə hərtərəfli xoşbəxtlik bəxş etmişdi: tələbələrin sevgisini qazanan müəllim, sevilən xanəndə idi. Amma bunların hamısına rəğmən, Ağdamın işğalı Qaraxan Behbudovu hər şeydən küsdürmüşdü. Elə efirlərdə, konsertlərdə uzun müddət görünməməsinin bir səbəbi də bu idi...

 

Qaraxan İmran oğlu Behbudov 1935-ci il noyabrın 25-də Ağdam rayonunun Əfətli kəndində dünyaya göz açıb. O, 1953-cü ildə Mahrızlı kənd orta məktəbini bitirib. Elə uşaq yaşlarından radiodan, val yazılarından eşitdiyi mahnıları züm-zümə edərək ustadların ifalarını mənimsəməyə çalışırmış. Ağlı kəsən vaxtdan etibarən əmisi, Qarabağın məşhur xanəndəsi Əfətli Əkbərin avazı ilə böyümüşdü. Əmisinin avazı vasitəsilə muğamat onun ruhuna hopmuşdu.

 

1954-cü ildə hərbi xidmətə yollanır, 1956-cı ildə hərbi xidmətini başa vuraraq Əfətliyə qayıdır. 1961-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirib. Texnikumda təhsil aldığı vaxtlarda oranın nəzdindəki bədii özfəaliyyət dərnəyinin üzvü imiş. Həmin dövrdə konsertlərdə öyrəndiyi mahnıları, kiçik muğam parçalarını ifa edirmiş. 1961-1963-cü illərdə İmişlidə sinif müəllimi kimi fəaliyyət göstərib.

 

Böyük sənətkar, dövrünün ən məşhur tarzəni Bəhram Mansurov Q.Behbudovun sənətə gəlməsini belə xatırlayır: "Mən öz sənət dostlarımla birgə Ağdamda səfərdə olanda Qaraxanın atası İmranla qarşılaşdım, biz bir-birimizi tanıyırdıq. Xeyli söhbətdən sonra o, Qaraxan haqqında mənə danışdı. Qaraxanı çağırdım və oxumağını xahiş elədim. Qaraxan bizim üçün bir muğam və bir neçə təsnif oxudu. Doğrusu, onun səsi mənim çox xoşuma gəldi və mən dedim ki, sən mütləq Bakıya gəlməli, muğam təhsili almalısan. Qaraxan Behbudov mənim məsləhətlərimə qulaq asdı və Bakıya gələrək muğam təhsili aldı. O, konsert zallarında şövqlə çıxış edərək xalqın rəğbətini qazana bildi. Onun musiqiyə olan sonsuz həvəsi məni heyran edirdi".

 

B.Mansurovdan başqa, bəstəkar Süleyman Ələsgərov da Ağdamda olanda konsertlərin birində Q.Behbudovun səsini eşidir və Bakıya gəlməyini məsləhət görür. Beləliklə, Q.Behbudov 1963-cü ildə sənədlərini Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xanəndəlik şöbəsinə verir. Burada ustad xanəndələr Əlibaba Məmmədovun və Nəriman Əliyevin sinifində muğamatın sirlərini öyrənən Q.Behbudov Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov və Mütəllim Mütəllimovla ünsiyyətdə olaraq onlardan bəhrələnmiş, sənət yolunda daha da püxtələşmişdi. Tələbəlik illərində möhkəm dostluq etdiyi Xalq artisti Canəli Əkbərov Q.Behbudovu belə xatırlayır: "Qaraxan çox mehriban, xeyirxah insan idi. Tələbəliyimiz bir yerdə keçib. Bizim münasibətimiz çox yaxşı olub. Bir müddət bir evdə yaşamışıq, əsl yoldaşlığı bacaran insan idi. Tez-tez Ramiz Hacıyev, Əbülfət Əliyev, Qaraxan Behbudov və mən bir yerə yığışar, sənətdən, musiqidən söhbətlər edərdik. Xan əmi onun xətrini çox istəyirdi və həmişə sənətinə yüksək qiymət verərdi. Qaraxan Behbudov daim axtarışda olan bir xanəndə olub. Elə ona görə də o, muğamın sirlərinə yaxşı bələd idi. Qızıl fondda onun ifaları qorunub saxlanılır. Mər arzu edirəm ki, həmin ifalar mütəmadi səsləndirilsin. Allah Qaraxana qəni-qəni rəhmət eləsin!"

 

 

 

Vaxtilə Filarmoniyanın direktoru olan görkəmli sənətkarımız Şəmsi Bədəlbəylinin də Q.Behbudova xüsusi rəğbəti varmış. Onun ifasını korsertlərin birində eşitdikdən sonra xanəndəni Filarmoniyaya dəvət edib. Q.Behbudov 1964-cü ildə daxili baxışdan sonra Filarmoniyaya solist kimi işə götürülüb. 1978-ci ilə qədər Azərbaycanın müxtəlif bölgələrinə səfər edərək konsertlər verib. 1978-ci ildən 1994-cü ilə qədər Azərbaycan Konsert Birliyində dövrünün çox məşhur sənətkarları ilə birlikdə fəaliyyət göstərib. Bu illərdə Q.Behbudov, sözün əsl mənasında, xalqın sevimlisinə çevrilməyi bacarıb. Müxtəlif illərdə Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" ansamblında, Bəhram Mansurovun rəhbərlik etdiyi ansamblda, sonralar Ağasəlim Abdullayevin bədii rəhbəri olduğu Baba Salahov adına "Araz" xalq çalğı alətləri ansamblında, Əliağa Quliyevin bədii rəhbəri olduğu ansamblda fəaliyyət göstərib. Özünün də xatirələrində qeyd etdiyi kimi, onun yüksək səviyyəli xanəndəyə çevrilməsində Bəhram Mansurovun və Əliağa Quliyevin çox böyük rolu olub. Qaraxan Behbudov vaxtilə özünün "Qönçə" ansamblını da yaradıb və bu ansamblla bir çox qastrol səfərlərində olub. O, eyni zamanda, ölkə xaricində də musiqimizi layiqincə təbliğ etməyi bacarıb. Sovet respublikalarında, eləcə də Afrikanın bir sıra ölkəsində konsertlər verib.

 

Q.Behbudovun səsinin diapazonu çox geniş idi. Maraqlı məqam odur ki, onun ifasında zil guşələrdə də qəzəl aydın başa düşülürdü. O, 70 yaşında belə zil pərdələrdə rahat ifa edə bilirdi. Vahid poeziya evindəki "Bayatı-Şiraz"ı hələ də həmin tədbirdəki qonaqların yaddaşındadır. Tamam dəsgahı oxuyan xanəndənin həmin vaxtlar 70 yaşı vardı. Q.Behbudov ömrünün sonuna qədər səsini qoruyan sənətkarlardan idi. Görkəmli tarzən Vamiq Məmmədəliyev Qaraxan Behbudovu belə xatırlayır: "Biz Filarmoniya bağına gedəndə görürdük ki, bir qrup xanəndə Xan Şuşinskinin ətrafına yığışıb, o cümlədən, onların içərisində Qaraxan da olardı. Həmin vaxtlardan mən Qaraxan Behbudovu tanımışam. Bir gün mən Qaraxanı Kürdəxanı kəndinə toya dəvət elədim. Necə oxudusa, bütün toy əhli onun ifasına heyran qaldı. Muğamları çox əla bilirdi. Hətta kişi xanəndələrin çox da müraciət etmədiyi "Qatar" muğamını oxumuşdu. Bu, nadir hadisə idi. Mən İncəsənət universitetində dekan vəzifəsində çalışanda müəllim kimi onu da dərs demək üçün dəvət eləmişdim. Bir müddət orada işlədi. Sonralar Milli Konservatoriyada işləyəndə də tez-tez görüşərdik. Qaraxan Behbudov çox sayılıb-seçilən xanəndə idi. Çünki muğamları düzgün ifa edirdi. Zərb muğamlarının mahir ifaçısı idi. Allahdan ona rəhmət diləyirəm!"

 

 

 

Q.Behbudovun muğam sənətinə verdiyi ən böyük töhfələrdən biri də pedaqoji fəaliyyəti idi. O, yüzlərlə tələbəyə Azərbaycan muğamının sirlərini öyrədərək özündən sonra bir məktəb formalaşdırmağı bacardı. O, 1996-1999-cu illərdə Q.Qarayev adına 8 saylı musiqi məktəbində, 1999-cu ildən 2010-cu ilə qədər isə S.Rüstəmov adına 12 saylı musiqi məktəbində yeniyetmələrə muğamın sirlərini öyrədib. 2010-cu ildə Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. Q.Behbudovun yetişdirdiyi tələbələr də bu gün pedaqoji fəaliyyətlə məşğuldular. Ağcabədi şəhər Qarabağ Muğam mərkəzində muğam müəllimi kimi fəaliyyət göstərən Tural Niftəliyev öz müəllimini belə xatırlayır: "Qaraxan müəllim çox qayğıkeş müəllim idi. Tələbələrin hər birinə xüsusi diqqət göstərirdi. Muğamı yaxşı mənimsəməmizdən ötrü əlindən gələni edirdi. Mən bir tələbə kimi çox müəllimdə görmədiyim insani kefiyyətləri onda gördüm. Allah Qaraxan müəllimə rəhmət eləsin!"

 

Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülən Q.Behbudovun ifası Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələn "Qarabağ xanəndələri" muğam albomuna da daxil edilib.

 

Q.Behbudov Qarabağın işğalından üzü bu yana bu həsrəti ürəyində yaşadan, bu fəlakətlə heç cür barışa bilməyən sənətkarlardan idi. Amma Tanrı ona bu həsrətlə dünyadan köçməyi rəva bilmədi. 2020-ci il noyabrın 10-da Ağdamın, o cümlədən, digər ərazilərin işğaldan azad olması xəbəri elan olundu. Qaraxan müəllim, bu dünyadan köçməmiş, belə bir şad xəbəri eşidə bildi. Dəyərli sənətkarımız noyabrın 17-də, 85 yaşının tamamına sayılı günlər qalan bir vaxtda dünyamızı tərk etdi.

 

Onilliklər keçəcək, amma muğam salnaməmizin Qaraxan Behbudov səhifəsi heç vaxt köhnəlməyəcək. Nə qədər ki, onun oxuduğu muğamlar səslənəcək, adı və xatirəsi də yaşayacaq. Çünki o, sənətdəki sələflərinin yolunu istedadla, fədakarlıqla davam və inkişaf etdirən mahir ifaçı, əsl muğam fədaisi idi.

 

 525-ci qəzet.- 2021.- 6 yanvar.- S.17.