Tovuz fermerləri üzümçülüyün inkişafında maraqlıdırlar
Kənd təsərrüfatının əsas
istiqamətlərindən olan
üzümçülük və şərabçılıq
iqtisadi səmərəlilik
baxımından ölkə
iqtisadiyyatı üçün
mühüm əhəmiyyət
kəsb edir. Bu sahə yeni
yaradılan iş yerlərinin sayına və qazancına görə də sərfəlidir.
Vaxtilə Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü
və rəhbərliyi
sayəsində Azərbaycanda
üzümçülük sürətlə inkişaf
etmişdir. Onun 1969-cu
ildə Azərbaycana rəhbərliyə başladığı
zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş
tədbirlər nəticəsində
2 milyon tonu ötmüşdür. Bu da öz növbəsində
aqrar-sənaye kompleksinin
inkişafına, kənd
əhalisinin həyat səviyyəsinin yüksəlməsinə
səbəb olmuşdur.
Həmin illər Tovuz rayonunda 10 min hektara yaxın sahədə üzüm plantasiyaları salınaraq
illik məhsul istehsalı 120 min tona çatdırılmış,
rayon ərazisində
12 şərab emalı
zavodu fəaliyyət göstərmişdir. Lakin 80-ci illərin
ortalarından başlayaraq
keçmiş Sovet İttifaqının rəhbərliyi
tərəfindən aparılan
antialkoqol kampaniyası
çərçivəsində Azərbaycanda da böyük zəhmət hesabına yaradılmış
üzüm bağları
məhv olunmuş, insanlar bu gəlir
mənbələrindən məhrum
edilmişlər.
Nəhayət, 15 dekabr
2011-ci ildə Prezident
İlham Əliyevin sərəncamı ilə
“2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı” təsdiq edilərək icrasına başlanılmışdır.
Proqramın
icrası istiqamətində
Tovuz rayonunda da çoxsaylı tədbirlər həyata keçirilmiş, o cümlədən
rayon üçün
ənənəvi olan
bu sahənin dirçəldilməsi ilə
bağlı torpaq mülkiyyətçiləri arasında
geniş maarifləndirici
işlər aparılmış,
üzümçülüyün iqtisadi səmərəliyi təşviq olunmuşdur.
Hazırda Tovuzda 794 hektar üzüm bağı vardır ki, bunun da
720 hektarı məhsul
verir. Üzüm bağlarının 654 hektarı
süfrə, 140 hektarı
texniki üzüm sortlarıdır. Keçən
il rayonda 17712 ton üzüm istehsal olunmuşdur. Məhsulun bir hissəsi rayonda fəaliyyət göstərən
soyuduculara vurulmuş,
qalan hissəsi daxili bazarlarda satılmışdır. Texniki
sortlardan əldə olunan məhsul isə sərfəli qiymətlərlə 2019-cu ildən
rayondakı üzüm
emalı müəssisəsinə
təhvil verilmişdir.
Hazırda üzüm bağlarının
sahələrini genişləndirmək
istiqamətində tədbirlər
görülür. Bu işlər icra hakimiyyətinin diqqət mərkəzindədir. Elə bu
günlər rayon rəhbərliyi sahələrdə
aparılan becərmə
işləri ilə yaxından tanış olmuş, üzümçülüyün
inkişafı və iqtisadi səmərəsi ilə bağlı fermerlərlə fərdi söhbətlər aparmış,
intensiv üsulla salınan üzüm plantasiyalarının genişləndirilməsinin zəruriliyi
barədə fikir mübadiləsi aparmışdır.
Sabir ƏLİYEV,
Azərbaycan. - 2021.-30 yanvar.- S.1; 5.