Azərbaycanda
dünya standartlarına uyğun gömrük xidməti
formalaşıb
Yanvarın
30-da Dövlət Gömrük Komitəsinin
yaradılmasından 29 il ötür və hər ilin bu
günü gömrük əməkdaşları öz
peşə bayramlarını qeyd edirlər. Lakin builki peşə
bayramı əvvəlkilərdən fərqlidir.
Çünki biz bu bayramı qalib ölkənin gömrük əməkdaşları
kimi qeyd edirik.
2020-ci il gömrük
orqanları, gömrükçülər üçün də,
ilk növbədə, 30 ilə yaxındır işğal
altında olan ərazilərimizin Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli
Azərbaycan Ordusu tərəfindən azad edilməsi,
Qarabağ həsrətinin bitməsi ilə
yadda qaldı. Bu sevinci, bu qüruru bizə
yaşatdıqları üçün şəhidlərimizin
ruhu qarşısında baş əyir, onların valideynlərinə
dərin təşəkkürümüzü bildirir,
başda Müzəffər Ali Baş Komandan İlham Əliyev
olmaqla, şanlı Azərbaycan Ordusunun hər bir mənsubuna
dərin minnətdarlıq hisslərimizi
çatdırırıq. Prezident İlham
Əliyevin uzun illər bütün sahələrdə həyata
keçirdiyi uğurlu siyasət, xüsusilə ordu
quruculuğu istiqamətində reallaşdırdığı
tədbirlər 44 günlük Vətən müharibəsini
qələbə ilə nəticələndirdi. Şübhəsiz
ki, 2020-ci ildə qazanılan bu zəfər Azərbaycan
tarixinə qızıl hərflərlə yazılacaq.
Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra təşəkkül tapmış
yeni strukturlardan biri olan gömrük sistemi 1992-ci il yanvarın
30-da yaradılıb və ötən müddət ərzində
müstəqil gömrük xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin
etibarlı təminatçısı kimi formalaşan mühüm dövlət təsisatına çevrilib.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin
qorunmasının və daha da möhkəmləndirilməsinin
əsas istiqamətlərindən birini yüksək səviyyəli
gömrük xidmətinin yaradılmasında
görürdü. Məhz Ulu Öndərin
uzaqgörən siyasəti, gömrük sisteminin
formalaşması üçün verdiyi dəyərli
tövsiyələri və bu qurumun daha da modernləşməsinə
yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda
dünya standartlarına uyğun gömrük xidməti
formalaşıb.
Prezident İlham Əliyev hər bir
sahədə olduğu kimi, gömrük sisteminin də
bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi
işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir
ki, son illər Azərbaycan gömrük xidməti dinamik
inkişaf edir və yeni, müasir layihələr həyata
keçirməklə beynəlxalq standartlara cavab verən təşkilat
kimi inamla irəliləyir. Gömrük orqanlarının və
onun əməkdaşlarının əsas məqsədi
göstərilən etimadı doğrultmaq, dövlətə,
dövlətçiliyə sədaqət nümayiş etdirməklə
qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir.
Son illər gömrük sistemində şəffaflığın
təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi,
elektron xidmətlərin sayının artırılması və
digər sahələrdə islahatların əhatə dairəsi
xeyli genişlənib ki, bu da xidmət mədəniyyətinin
yüksəlməsində, xarici ticarət iştirakçılarında
könüllü riayət prinsiplərinin
formalaşmasında və beynəlxalq ticarətin
asanlaşmasında əhəmiyyətli rol oynayıb.
Əsası Ulu Öndər Heydər
Əliyev tərəfindən qoyulmuş milli dövlət
quruculuğu və inkişaf konsepsiyasının Prezident
İlham Əliyev tərəfindən uğurla və qlobal
çağırışlara uyğun davam etdirilməsi nəticəsində
ötən illərdə olduğu kimi, 2020-ci ildə də
ölkə iqtisadiyyatında islahatlar davam etdirilmiş, biznes və investisiya mühitinin
daha da yaxşılaşdırılması, iqtisadiyyatın
şaxələndirilməsi, regionların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi, qeyri-neft
sektorunun təşviqi və qeyri-neft məhsullarının
ixracının artırılması, kiçik və orta sahibkarlığın
dəstəklənməsi istiqamətində həyata
keçirilən genişmiqyaslı islahatlar ölkəmizin
ümumi iqtisadi inkişaf strategiyasının
formalaşmasına və bu strategiyanın uğurla həyata
keçirilməsinə etibarlı zəmin
yaradılmışdır.
Qeyd edilən
sosial-iqtisadi inkişafa öz töhfəsini vermək,
qarşıya qoyulmuş vəzifə və
tapşırıqların yüksək səviyyədə
yerinə yetirilməsi istiqamətində Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən
ötən dövrlərdə olduğu kimi, 2020-ci il ərzində
də müəyyən edilmiş proqnoz
göstəriciləri uğurla yerinə yetirilib,
gömrük nəzarəti və gömrük
qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri
gücləndirilib, komitənin maddi-texniki bazası möhkəmləndirilib,
şəxsi heyətlə aparılan işin səmərəliliyi
artırılıb.
Dövlət Gömrük Komitəsi
və onun strukturuna daxil olan gömrük orqanları 2020-ci ildə
öz fəaliyyətini Azərbaycan Respublikasının
Konstitusiyası, Gömrük Məcəlləsi,
“Gömrük tarifi haqqında” qanun Prezidentin müvafiq fərman
və sərəncamları, Nazirlər Kabinetinin qərarları,
“Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin 2017-2021-ci illər üzrə inkişafına
dair Fəaliyyət Planı”nı və gömrük işini
tənzimləyən digər normativ-hüquqi aktları
işdə rəhbər tutaraq tərtib olunmuş iş
planı əsasında qurub.
Dünya Bankının Daxili
Audit Komitəsi tərəfindən keçirilmiş auditin nəticələrinə
uyğun olaraq, Azərbaycan yeganə ölkə kimi irəliləyiş
nümayiş etdirərək “Doing Business 2020” hesabatında
mövqeyini 6 pillə yaxşılaşdırıb, növbəti
dəfə dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olub, xüsusilə
3 indikator dəyişikliyə məruz qalıb və “Sərhəddə
ticarət” indikatoru müsbət istiqamətdə əsas ciddi
dəyişikliklərə məruz qalan indikatorlardan biri olub,
ölkəmiz 34-cü pillədən 28-ci pilləyə irəliləyib.
Alman-Azərbaycan Xarici Ticarət
Palatasının 2020-ci il biznes mühiti hesabatının
gömrük məsələlərinə dair hissəsində
son bir neçə ildə gömrük orqanlarının
ticarətin asanlaşdırılması, gömrük
prosedurlarının sadələşdirilməsi və
uyğunlaşdırılması, korrupsiya və
rüşvət hallarının minimuma endirilməsi istiqamətində
apardığı genişmiqyaslı işləri təqdirəlayiq
hal kimi qiymətləndirilib. Bu kontekstdə
birbaşa insan təmasının rolunu məhdudlaşdırmaq
üçün elektron gömrük təşəbbüslərinin
təkmilləşdirilməsində və müəssisələrin
ehtiyaclarını daha dolğun təmin etmək
üçün dövlət-özəl sektor dialoqunun
inkişafındakı irəliləyiş Azərbaycanda fəaliyyət
göstərən xarici müəssisələr tərəfindən
yüksək dəyərləndirilib. Alınan rəylər əvvəlki
illərdə biznes ictimaiyyəti tərəfindən
qaldırılan aktual ehtiyaclardan biri olan “Yaşıl dəhliz”
rejiminin optimallaşdırılması istiqamətində
atılan addımların bəhrəsini verməyə
başladığını göstərir. Alman-Azərbaycan
Xarici Ticarət Palatasının apardığı sorğuda
iştirak edən respondentlərin yarıdan çoxu (58%)
gömrük islahatlarını ən səmərəli
islahatlar kimi qiymətləndirərək ilk 5-likdə
sıralayıb.
“Gömrük sistemində
islahatların davam etdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamına
uyğun olaraq, məmur-vətəndaş təmasının
minimuma endirilməsi, elektron gömrük xidmətlərinin
daha da genişləndirilməsi məqsədilə bəyannamələrin rəsmiləşdirilməsi
üçün əməkdaşların təyin edilməsində
elektron növbə sistemi yaradılıb, hər bir xarici
iqtisadi fəaliyyət iştirakçılarına tez bir
zamanda yüklərini rəsmiləşdirmələrinə
maksimum şərait yaradılıb.
Gömrük
xidməti koronavirusla mübarizədə
ayıq-sayıqdır
Koronavirus (COVID-19)
infeksiyasının ölkəmizin ərazisində
yayılmasının qarşısının alınması məqsədilə
Dövlət Gömrük Komitəsi tərəfindən
gömrük-sərhəd buraxılış məntəqələrinin
gücləndirilmiş iş rejiminə keçirilməsi
haqqında sərəncamı ilə bir sıra
tapşırıqlar müəyyən edilib. O
cümlədən “Səhiyyə məqsədləri
üçün sərnişin haqqında məlumat təqdimetmə
forması” (Azərbaycan, rus və ingilis dillərində)
hazırlanıb, səyahət edən şəxslər
üzərində effektiv nəzarət tədbirlərinin həyata
keçirilməsi məqsədilə ölkənin bütün gömrük-sərhəd buraxılış məntəqələrində
məsafədən hərarətin ölçülməsi
üçün nəzərdə tutulan termovizorlar
quraşdırılıb, vətəndaşların və nəqliyyat
vasitələrinin keçdiyi ərazilərdə, eləcə
də koronavirus infeksiyasına yoluxma riski olan digər yerlərdə mütəmadi olaraq dezinfeksiya işləri
aparılıb, infeksiyaya yoluxma riskinin azaldılması məqsədilə
komitənin strukturuna daxil olan ərazi və
ixtisaslaşdırılmış gömrük idarələrinin
şəxsi heyəti müvafiq fərdi mühafizə vasitələri
və digər ləvazimatlarla təmin edilib.
Bunlardan əlavə, koronavirus
pandemiyası ilə bağlı sualların
cavablandırılması məqsədilə Dövlət
Gömrük Komitəsinin “Çağrı” mərkəzində
“Qaynar xətt”in fəaliyyəti fasiləsiz iş rejimində
təmin olunub, profilaktik tədbirlərin aparılması
çərçivəsində gömrük-sərhəd
buraxılış məntəqələrindən
keçən şəxslərin və gömrük əməkdaşlarının
məlumatlandırılması üçün nəzərdə
tutulan, Ümumdünya Səhiyyə Təşkilatının
tövsiyələri əsasında posterlər hazırlanaraq
bütün gömrük-sərhəd buraxılış məntəqələrinə
göndərilib. Həmçinin Azərbaycan
Respublikasının dövlət sərhədlərində
sanitariya nəzarətinin daha da gücləndirilməsi və
müasir çağırışlara cavab verməsi məqsədilə
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin
tərkibində Sanitar-Karantin Xidməti yaradılıb, eləcə
də maarifləndirici kitabçalar və təlimatlar
hazırlanıb.
Gömrük
ödənişlərinə artıqlaması ilə əməl
olunur
“Azərbaycan
Respublikasının 2020-ci il dövlət büdcəsi
haqqında” qanununa əsasən, 2020-ci il ərzində
Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən
3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242
min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə
köçürülməsi təmin edilib və büdcə
öhdəliyinə 102,83 faiz əməl olunub. Onu da qeyd edim
ki, 2021-ci il üzrə Dövlət Gömrük Komitəsi
üçün 3 milyard 900 milyon manat həcmində büdcə
proqnozu müəyyən edilib.
Hesabat dövründə
malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin
sadələşdirilməsi və elektron gömrük xidmətlərinin
daha da genişləndirilməsi məqsədilə
“Yaşıl dəhliz”, eləcə də beynəlxalq təcrübədə
mövcud olan digər buraxılış sistemlərinin
yaradılmasının təmin edilməsi və digər
istiqamətlərdə bir sıra mühüm tədbirlər
həyata keçirilib. Belə ki, idxal olunan
malların gömrük dəyərinin və çəkisinin
düzgün bəyan olunmaması nəticəsində yaranan
fiskal risklərin insan amili olmadan avtomatik olaraq aşkar edilməsi
məqsədilə elastiklik göstəricilərinin
avtomatlaşdırılması istiqamətində beynəlxalq
statistik modellərdən istifadə edilməklə təhlillər
aparılır. Ötən il 29 risk
profili deaktiv olunaraq 91 yeni risk profili sistemə əlavə
edilib. Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası
üzrə mal kodlarının, gömrük dəyərinin
düzgün bəyan olunmaması, idxal olunan mallar üzrə
çəki fərqləri təhlil edilmiş riskli mal
mövqeləri, həmçinin bir sıra risk meyarları nəzərə
alınmaqla risk hallarının
minimallaşdırılması məqsədilə müvafiq
risk profilləri tətbiq olunub.
Gömrük-sərhəd
buraxılış məntəqələrinin mövcud
potensialından daha səmərəli istifadə olunması,
Dövlət Gömrük Komitəsinin sərəncamında
olan resursların daha riskli sahələrə yönləndirilməsi,
eləcə də gömrük orqanlarında beynəlxalq tələblərə
cavab verən risklərin idarəolunması sisteminin
yaradılması məqsədilə Ümumdünya
Gömrük Təşkilatının Risk Menecment Kompendiumunun
sərhəd risklərinin idarəolunması üçün
istifadə edilən əsas risk meyarları, sərhəd risklərinin
idarəolunması üzrə qabaqcıl beynəlxalq təcrübə
öyrənilərək idxal, ixrac və tranzit əməliyyatlarını
həyata keçirən yük avtomobillərinin
gömrük-sərhəd buraxılış məntəqələrindən
risk əsaslı avtomatlaşdırılmış sistem vasitəsilə
keçidinin təmin edilməsini özündə ehtiva edən
sərhəd risklərinin idarəolunması sisteminin modulu
layihəsi hazırlanıb. Bu sistem hər bir sərhədkeçmə
əməliyyatı üzrə müəyyən olunmuş
risk meyarlarına əsasən məlumatların emal edilməsini,
onlara riyazi müəyyən olunmuş əhəmiyyətlilik
dərəcəsi üzrə xüsusi çəki verməsini
və nəticədə aparılmış qiymətləndirməyə
görə əməliyyatın riskli olub-olmaması
ehtimalının müəyyən edilməsini nəzərdə
tutur.
Ümumdünya
Gömrük Təşkilatı ilə Dövlət
Gömrük Komitəsi arasında Yük Hədəfləmə
Sisteminin tətbiqinə dair bağlanmış müqavilə
çərçivəsində risklərin idarə edilməsi
üzrə ilkin qiymətləndirmə işləri
aparılıb, eyni zamanda gömrük-sərhəd keçid
məntəqələrində formalaşan məlumatların
proqram təminatına uyğunlaşdırılması, həmin
məlumatları emal edən virtual maşınların tətbiqinə
başlanılması, müvafiq təlimlərin həyata
keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə
işlər davam etdirilir.
Gömrük nəzarəti gücləndirilir,
ticarət asanlaşdırılır
Azərbaycan
Respublikasının Prezidenti tərəfindən müəyyən
edilmiş prioritet hədəflər çərçivəsində
mallar və nəqliyyat vasitələri üzərində həyata
keçirilən gömrük nəzarətinin səmərəliliyinin
artırılması, sadələşdirilmiş
gömrük nəzarəti metodlarının tətbiqi, ticarətin
asanlaşdırılması, beynəlxalq miqyasda əməkdaşlığın
gücləndirilməsi, tranzit potensialının inkişaf
etdirilməsi, o cümlədən gömrük sisteminin beynəlxalq
təcrübə nəzərə alınmaqla daha müasir
model əsasında formalaşdırılması istiqamətində
mütəmadi tədbirlər həyata keçirilməkdədir.
“Yaşıl
dəhliz” buraxılış sistemindən daimi istifadə
hüququnun əldə olunması ilə əlaqədar 2019-cu
ildən etibarən, ümumilikdə 843 xarici ticarət
iştirakçısı olmaqla, yalnız idxal üzrə
501, yalnız ixrac üzrə 102, həm idxal, həm də
ixrac üzrə isə 240 xarici ticarət
iştirakçısı müraciət edib. Daxil olmuş
müraciətlərin təhlilinin nəticəsi olaraq 236
xarici ticarət iştirakçısına ixrac, 432 xarici ticarət
iştirakçısına idxal əməliyyatları üzrə,
ümumilikdə 668 xarici ticarət
iştirakçısına “Yaşıl dəhliz”
buraxılış sistemindən daimi istifadə hüququ
verilib. Ötən il ərzində “Yaşıl dəhliz”
buraxılış sistemindən istifadə hüququnun
verildiyi şirkətlərin əməliyyatlarının
ümumi idxalda həcminin xüsusi çəkisi statistik dəyər
üzrə 40 faiz, ixracda isə 32.85 faiz, kənd təsərrüfatı
və yeyinti məhsullarının idxalında həcminin
xüsusi çəkisi statistik dəyər üzrə 62.77
faiz, ixracda isə 54.72 faiz təşkil edib.
Dövlət
Gömrük Komitəsi tərəfindən mərhələli
qaydada keçirilmiş 14 imtahanda iştirak üçün
dolayı gömrük təmsilçiliyi fəaliyyətini həyata
keçirmək istəyən 230 hüquqi şəxs Dövlət
Gömrük Komitəsi tərəfindən aparılan
dövlət reyestrinə daxil olunub, həmin şirkətlərin,
ümumilikdə 1172 nəfər əməkdaşı ixtisas
attestatı əldə etmək üçün müvafiq sənədlərlə
Dövlət Gömrük Komitəsinə müraciət edib,
onlardan 445 nəfərin elektron xidmətlərdən istifadə
hüququ aktivləşdirilib. Hazırda 185
şirkət Dövlət Gömrük Komitəsinin reyestrində
qeydiyyatdan keçməklə dolayı gömrük təmsilçiliyi
fəaliyyətini həyata keçirir.
Gömrük hüquqpozmalarına
qarşı mübarizə zəifləmir
Ötən il ərzində Azərbaycanın gömrük
orqanları tərəfindən əməliyyat-axtarış
və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi
istiqamətində həyata keçirilmiş kompleks tədbirlər
nəticəsində 18913 hüquqpozma faktı aşkar edilib. Bu faktlardan 509-u cinayət xarakterli olub. Bu əməllərin törədilməsində
şübhəli bilinən 517 nəfərin (412 Azərbaycan
vətəndaşı, 105 əcnəbi) barəsində
müvafiq tədbirlər görülüb.
Gömrük
orqanları tərəfindən (digər hüquq mühafizə
orqanları ilə birlikdə) görülən tədbirlər
nəticəsində 2020-ci il ərzində narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi ilə əlaqədar 111 fakt aşkar
olunub, ümumilikdə 1 ton 490 kq 495 qramdan çox narkotik vasitələr,
psixotrop maddələr və onların prekursorları qanunsuz
dövriyyədən götürülüb. Bunların 96%-ni
daha təhlükəli narkotik vasitə olan 1 ton 430 kq 538 qram
heroin, 36 kq 702 qramdan çox tiryək, 5 kq 909 qram həşiş,
1 kq 169 qramdan çox marixuana, 1 kq 365 qramdan çox kokain, 15,5 qram metadon, 6 kq 354 qramdan çox metamfetamin, 1
kq 187 qram MDMA (ekstazi), 9 ədəd klonazepam, 4 kq 600 qram sulfat
turşusu, 2 kq 556 qram xlorid turşusu və digər maddələr
qanunsuz dövriyyədən çıxarılıb.
2020-ci il ərzində
narkotiklərin qanunsuz dövriyyəsində şübhəli
bilinən 108, o cümlədən 94 kişi və 14 qadın
olmaqla 79 nəfər Azərbaycan vətəndaşı və
29 nəfər əcnəbi (17 İran, 5 Rusiya, 4
Gürcüstan, 1 Ukrayna, 1 Pakistan və 1 Türkiyə vətəndaşı)
barəsində müvafiq tədbirlər görülüb, 12
halda bu əməlləri törədən cinayətkar dəstə
ifşa edilib.
Azərbaycan
Respublikası gömrük orqanları tərəfindən
aşkar olunan 18404 gömrük qaydaları əleyhinə
inzibati xəta faktları üzrə 2360 hüquqi şəxs
(o cümlədən 861 xarici hüquqi şəxs) və 16064
fiziki şəxs (o cümlədən 11301 xarici vətəndaş)
inzibati məsuliyyətə cəlb edilib.
Gömrük
orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirilməsi üzərində nəzarəti həyata
keçirərkən qanunvericiliyin tələblərini pozan
şəxslərdən 340 800,0 ABŞ dolları, 2 007 491,0 rus
rublu, 110 326,0 manat dəyərində 287 ədəd
qızıl-zinət əşyaları, 12 848,0 manat dəyərində
531 ədəd gümüş-zinət əşyaları,
3418 manat dəyərində 62,18 qram qızıl muncuqlar və
s. aşkar olunub.
İstintaq orqanının barələrində
axtarış elan etdiyi 30 nəfər şəxslə
bağlı zəruri əməliyyat-axtarış tədbirləri
həyata keçirilərək onların yeri müəyyən
edilib və istintaq orqanının sərəncamına verilib.
Texnoloji və sosial innovasiyaların tətbiqi
genişlənir
Dövlət Gömrük Komitəsi öz fəaliyyətində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə
xüsusi önəm verərək bu sahədə davamlı
islahatlar həyata keçirir. Komitənin internet saytında təkmilləşdirmələr
aparılıb, yeni bölmələr əlavə edilib, Azərbaycan
Respublikasının xarici ticarətinin gömrük
statistikasına dair məlumatlara əlçatanlığın
təmin edilməsi məqsədilə “Ticarət
statistikası” portalının beta versiyası
hazırlanıb.
İnternet üzərindən elektron ticarət yolu ilə
idxal olunan malların rəsmiləşdirilməsi və nəzarətin
həyata keçirilməsi məqsədilə “Sadələşdirilmiş
bəyannamə - elektron ticarət” elektron gömrük xidməti
istifadəyə verilib.
Gömrük-Biznes əməkdaşlığının
(C2B) daha da inkişaf etdirilməsi, biznes subyektlərinə
göstərilən xidmətlərin keyfiyyətinin
artırılması, məmur-vətəndaş təmasının
aradan qaldırılması və şəffaflığın
təmin edilməsi məqsədilə yeni www.e.customs.gov.az
portalı hazırlanıb. Elektron gömrük xidmətlərinin həmin
portal üzərindən göstərilməsi nəzərdə
tutulur və hazırda “Sadələşdirilmiş bəyannamə
- elektron ticarət” xidmətinin bu portal üzərindən tətbiqinə
başlanılıb. Həmçinin
portalda xarici iqtisadi fəaliyyət
iştirakçıları üçün gömrük rəsmiləşdirilməsi
üzrə lazım olan sənədlərin elektron qaydada
gömrük orqanlarına göndərilməsi məqsədilə
“Sənədlərin qeydiyyatı” bölməsi
yaradılıb.
Beynəlxalq
ticarət zənciri üzrə malların vaxt və xərc
itkisinə məruz qalmadan maneəsiz və sürətli hərəkətinin,
o cümlədən xarici ticarət
iştirakçılarına öncədən biznes
proqnozlaşdırılmasının təmin olunması məqsədilə
“Məcburi qərarlar” elektron gömrük xidməti
hazırlanıb və istifadəyə verilib. “Smart Customs”
mobil tətbiqinin yeni versiyası istifadəyə verilib, ilkin
olaraq “Sadələşdirilmiş bəyannamə - elektron
ticarət”, “Elektron növbə”, “Sürətli keçid” və
“Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə
bağlı gömrük ödənişlərinin
hesablanması” gömrük xidmətləri bu tətbiqə
inteqrasiya edilib. Eləcə də xarici vətəndaşların
elektron gömrük xidmətlərindən istifadə edə
bilməsini təmin etmək üçün www.e.customs.gov.az
portalında qeydiyyatdan keçmə və istifadə üzrə
modulu hazırlanıb və tətbiq olunub.
“Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların
əldə edilməsi” gömrük xidməti təkmilləşdirilib,
idxal-ixrac olunan mala görə bank ödənişləri
üzrə banklar tərəfindən edilmiş qeydlərin
bankların özləri tərəfindən silinməsi və
onlara düzəliş edilməsi imkanı yaradılıb. Pul köçürmələrinə
nəzarətin səmərəliliyinin artırılması məqsədilə
hesabat formalarında təkmilləşdirmələr
aparılıb.
Poçtdaşıma və kuryer şirkətləri
üçün elektron ticarət platforması
hazırlanıb, həmin şirkətlər üçün
fiziki şəxslərə gətirdikləri yüklərin
malın dəyərinə və miqdarına görə tətbiq
olunan güzəştlər nəzərə alınmaqla sadələşdirilmiş
qaydada rəsmiləşdirilməsi imkanı (o cümlədən
“Smart Customs” mobil tətbiqində) yaradılıb. Hazırkı dövrə qədər
44 şirkət bu xidmətə inteqrasiya olunub.
Dövlət
Gömrük Komitəsinin www.customs.gov.az rəsmi internet səhifəsinin
müraciətlər bölməsində “Könüllü
gömrükçü” alt bölməsi yaradılıb ki,
bu da öz növbəsində növbəti dəfə
könüllü olmaq istəyən gənclərə rahat
formada müraciət etmək imkanını verib.
Beynəlxalq əməkdaşlığa
xüsusi diqqət verilir
2020-ci ildə gömrük işi sahəsində beynəlxalq
əməkdaşlığın inkişaf etdirilməsi və
genişləndirilməsi məqsədilə bir sıra
ölkələrin gömrük orqanları ilə beynəlxalq
normalara uyğun saziş, protokol və aidiyyəti sənədlərin
hazırlanması istiqamətində müvafiq tədbirlər
görülüb.
“Azərbaycan Respublikası və Birləşmiş
Ərəb Əmirlikləri arasında keçirilən mallar
və nəqliyyat vasitələri haqqında ilkin məlumat
mübadiləsinin təşkili barədə Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
Birləşmiş Ərəb Əmirliklərinin Federal
Gömrük Orqanı arasında Saziş” layihəsi
hazırlanaraq münasibətin bildirilməsi üçün
qarşı tərəfə təqdim edilib.
“Azərbaycan
Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı
Krallığı Hökuməti arasında gömrük
işi sahəsində əməkdaşlıq və
qarşılıqlı yardım haqqında Saziş”, “Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi və
Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında
müəyyən növ mallara münasibətdə
gömrük nəzarətinin nəticələrinin elektron
şəkildə qarşılıqlı tanınması
haqqında Protokol”, “Azərbaycan Respublikasının Hökuməti
ilə Əfqanıstan İslam Respublikasının Hökuməti
arasında gömrük işi sahəsində
qarşılıqlı inzibati yardım və əməkdaşlıq
haqqında Saziş” isə imzalanma üçün tam
hazırlanıb.
“Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
Belarus Respublikasının Dövlət Gömrük Komitəsi
arasında Azərbaycan Respublikası və Belarus
Respublikası arasında keçirilən mallar və nəqliyyat
vasitələri barədə ilkin məlumat mübadiləsinin
təşkili haqqında Saziş”ə müvafiq olaraq
hazırlanan “Texniki şərtlər sənədi”, “Azərbaycan
Respublikasının Hökuməti ilə Türkiyə
Respublikasının Hökuməti arasında Avtomobil nəqliyyatı
ilə tranzit daşımalar haqqında ilkin elektron məlumat
mübadiləsi sisteminin yaradılmasına dair Saziş”ə
müvafiq olaraq hazırlanan “Texniki şərtlər sənədi”
imzalanıb.
Hesabat dövründə Dövlət Gömrük Komitəsi
tərəfindən bir neçə regional və beynəlxalq
səviyyəli tədbirlər də təşkil edilib.
2020-ci ilin yanvarında Bakıda
ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə
Avropa Regional Ofisində “Bergen Anlaşması”nın yeni
redaksiyasının hazırlanması məsələsinin
müzakirə edilməsi məqsədilə işçi
qrupun iclası və ÜGT-nin Avropa Regionu üzrə Milli
Əlaqələndirici Şəxslərin 3-cü iclası,
ÜGT-nin Regional Kinoloji Mərkəzində isə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv dövlətlərin gömrük idarələrinin
Kinoloji Xidmətlərinin nümayəndələri
üçün kinologiya sahəsində
qarşılıqlı əməkdaşlıq və təcrübə
mübadiləsi üzrə seminar təşkil olunub.
Fevral ayında
ABŞ Hökumətinin təşkilatçılığı
ilə Türkiyə Respublikasının Ədirnə şəhərində
Dövlət Gömrük Komitəsinin əməkdaşları
üçün “Gömrük xəttində xidmət edən
zabitlər üçün sərhədlərin mühafizəsi”
mövzusunda təlim, ÜGT-nin Potensialın Gücləndirilməsi
üzrə Avropa Regional Ofisində ABŞ Beynəlxalq
Hüquqi Araşdırmalar üzrə Müdafiə
İnstitutu tərəfindən Dövlət Gömrük
Komitəsinin əməkdaşları üçün beynəlxalq
humanitar hüquq sahəsində təlim seminarı, mart
ayında Moldova Respublikası və Ukrayna gömrük xidmətlərinin
nümayəndələri üçün elektron alətlərin
və avtomatlaşdırılmış videomüşahidə
sistemlərinin sərhəd-keçid məntəqələrində
tətbiq edilməsi sahəsində Dövlət Gömrük
Komitəsinin təcrübəsinin öyrənilməsi məqsədilə
təlim, aprel ayında Ümumdünya Gömrük Təşkilatının
Baş katibi Kunio Mikuriyanın sədrliyi ilə videokonfrans,
Dövlət Gömrük Komitəsi və İran İslam
Respublikasının Gömrük İdarəsinin nümayəndə
heyətləri arasında onlayn rejimdə müzakirələr,
may ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv və müşahidəçi ölkələrin
iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin
videokonfrans formatında müzakirələri, iyun ayında
ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə
Ofislərinin əlaqələndirici şəxslərinin
videokonfrans formatında iclası, ÜGT Şurasının sədri
vəzifəsinə təyinatla bağlı məsələnin
müzakirəsi məqsədilə MDB üzv dövlətlərin
gömrük xidmətləri arasında videokonfrans, ÜGT
Şurasının videokonfrans formatında 135/136-cı
sessiyaları, iyul ayında narkotiklərin qanunsuz dövriyyəsinə
qarşı mübarizə məsələləri üzrə
Dövlət Gömrük Komitəsi - Mərkəzi Asiya
Regional Məlumat və Əlaqələndirmə Məzkəzi
- BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi
arasında üçtərəfli formatda videokonfrans,
ABŞ-ın İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi
Proqramı çərçivəsində kütləvi
qırğın silahlarının yayılması ilə
bağlı istintaqlar üzrə Dövlət Gömrük
Komitəsinin nümayəndələri üçün onlayn
təlim, sentyabr ayında Dövlət Gömrük Komitəsinin
nümayəndə heyəti ilə Koreya Gömrük Xidmətinin
nümayəndə heyəti arasında Gömrük Modernləşdirilməsi
Layihəsi çərçivəsində videokonfrans
formatında görüşlər, Azərbaycan,
Əfqanıstan və Türkmənistan gömrük xidmətləri
arasında gömrük və sərhəd məsələləri
bölməsi üzrə alt işçi qrupun rəhbərlərinin
videokonfrans formatında ikinci iclası, Dünya Bankı
Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası ilə
Dövlət Gömrük Komitəsi arasında videokonfrans
formatında görüş, noyabr ayında ÜGT-nin Avropa
Regionu üzrə Gömrük Xidməti Rəhbərlərinin
videokonfrans formatında iclası və digər tədbirlər
baş tutub.
Gömrük infrastrukturu müntəzəm
yenilənir
Ölkə ərazisinə gələn və ölkə
ərazisini tərk edən şəxslər və nəqliyyat
vasitələri üzərində gömrük nəzarətinin
effektivliyinin daha da artırılması məqsədilə
gömrük-sərhəd buraxılış məntəqələrinin
mövcud infrastrukturunun genişləndirilməsi, eləcə
də sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi
məsələləri diqqət mərkəzində olub və
müvafiq təkliflər hazırlanaraq Nazirlər Kabinetinə
təqdim edilib.
Dövlət
sərhədinin buraxılış məntəqələrindən
malların və nəqliyyat vasitələrinin keçidinin
daha da sürətləndirilməsi məqsədilə mal və
nəqliyyat vasitələrinin qeydiyyatı, yol vergilərinin
hesablanması və icazə blanklarının tətbiqi, eləcə
də malların baytarlıq, fitosanitar və sanitariya nəzarətinə
aid olan sənədlərinin və sertifikatlarının
yoxlanılması “Bir pəncərə” üzrə “Bir
inspektor - bir nəqliyyat vasitəsi” prinsipi əsasında həyata
keçirilib.
Hazırda Cənub
Ərazi Baş Gömrük İdarəsinin “Astara”
gömrük postunda sərnişin nəqliyyatı
binasının yenidən qurulması və genişləndirilməsi,
nəqliyyat vasitələrinin yoxlanılması
üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun
tikinti işləri və dəmiryol gömrük postunda dəmir
yolu üzərində “HCVT-6032” tipli X-RAY rentgen-nəzarət
buraxılış məntəqəsinin tikinti işləri
yekunlaşmaq üzrədir.
Qərb
Ərazi Baş Gömrük İdarəsinin “Tovuz
gömrük terminalı və anbarları”nın
ərazisində yardımçı binaların tikinti işləri
başa çatıb və ərazidə Ticarətin
Asanlaşdırılması Mərkəzi istismara verilib.
Əməkdaşlarımızın
peşəkarlıq səviyyəsi artır
Ölkəmizdə bütün sahələrdə
olduğu kimi, gömrük sahəsində də elm, tədris
və tədqiqat fəaliyyətinə, eləcə də
gömrük əməkdaşlarının ixtisas və
peşəkarlıq səviyyəsinin artırılmasına
xüsusi diqqət yetirilir.
Ötən
il gömrük sahəsində tədris və elmi əməkdaşlıq
məsələləri ilə bağlı Avropa
İttifaqı üzvü olan 10 ölkə, həmçinin
Türkiyə, ABŞ, Böyük Britaniyanın Azərbaycandakı
səfirlikləri ilə əlaqələr yaradılıb,
Litva, Latviya, Ukrayna, Almaniya, İspaniya, Koreya və Belarusun
müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını
həyata keçirən ali təhsil müəssisələri
ilə ikitərəfli müqavilələr və memorandumlar
imzalanıb. Dövlət Gömrük Komitəsinin
Akademiyası ölkədə ilk olaraq edX MIT və Harvard
Universitetinin yaratdığı “Online Campus” qlobal nüfuzlu təhsil
platformasına qoşulub, həmçinin BMT Qlobal Sazişinə,
UNGC-nin Məsuliyyətli İdarəetmə Təhsilinin
Prinsipləri (PRME) proqramına, Qara Dəniz Universitetləri
Şəbəkəsinə üzv qəbul olunub.
Gömrük
Akademiyası tərəfindən Çin Xalq Respublikası,
Estoniya və Şimali Makedoniyanın təhsil müəssisələri
ilə əməkdaşlıq haqqında müqavilələrin
imzalanmasına hazırlıq işləri görülüb,
Türkiyənin üç universiteti, Qazaxıstan, Özbəkistan
və Rusiyanın gömrük işinin təşkili sahəsində
mütəxəssis hazırlayan ali təhsil müəssisələri
və Qırğızıstan Dövlət Gömrük Komitəsinin
Təlim Mərkəzi ilə əməkdaşlıq əlaqələri
razılaşdırılıb.
Dövlət
Gömrük Komitəsinin Akademiyası Avropa
Komissiyasının qrantı əsasında 2020-2023-cü illərdə
həyata keçiriləcək “ERASMUS+WORK4CE” layihəsinin
Ukrayna, Belçika, Almaniya, Azərbaycan və İspaniyadan
olan səkkiz ali təhsil müəssisəsinin
daxil olduğu konsorsiumun üzvü olub.
Ötən
il ərzində 129 tələbə, 63 gömrük əməkdaşı
dünyanın müxtəlif universitetlərinin təşkil
etdiyi kurslarda təlimlərə qoşulub, sonunculardan 18 nəfəri
həmin universitetlərdən 41 sertifikat əldə edib. Bu platformadan istifadə üçün daha 2500
lisenziya əldə edilib. Gömrük Akademiyası ilk
olaraq həm də tələbələrin və
gömrük əməkdaşlarının “Coursera for Campus”
proqramı çərçivəsində təlimlərə
qoşulması üçün imkan yaradıb,
Ümumdünya Gömrük Təşkilatının “CLiKC!”
onlayn təhsil platformasında e-Learning kurslarından istifadə
üzrə Milli Koordinatorun icazə sistemini bərpa edib.
İnkişafın yeni dövrü
başlayır
Şübhəsiz
ki, 2020-ci ildə ölkəmizdə əldə edilən ən
böyük uğur Vətən müharibəsindəki tarixi
Zəfərdir! Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusu
topraqlarımızı işğaldan azad etdi, Azərbaycanın
ərazi bütövlüyü bərpa olundu. Vətən
müharibəsi Azərbaycan xalqının birliyini, yenilməzliyini,
əsgər və zabitlərimizin igidliyini, cəsarətini, qəhrəmanlığını
bir daha bütün dünyaya göstərdi.
Bu zəfərin əldə olunmasında gömrük
orqanlarının əməkdaşları da öz töhfəsini
əsirgəməyib. Müharibənin ilk günlərindən səfərbər
olunan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin tibb kollektivi ön və arxa cəbhələrdə
yaralı əsgərlərimizə zəruri tibbi xidmət
göstərib, əsgərlərimizin müalicəsində
aktiv iştirak edib.
Dövlət Gömrük Komitəsi sistemindən 60 əməkdaş
ərazi bütövlüyünün təmin edilməsi
istiqamətində ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlara
qatılıb. Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə Vətən
müharibəsində göstərdiyi şücaətlərinə
görə təltif olunan hərbi qulluqçular arasında
bir qrup gömrük əməkdaşı da var. Onlardan şəhidlik
zirvəsinə ucalan əməkdaşımız Hacıyev
Ülvi Şirin oğlu “Vətən uğrunda” medalı ilə
təltif olunub. Həmçinin 18 qazi əməkdaşımız
müxtəlif medallara layiq görülüb.
Bununla
yanaşı, Dövlət Gömrük Komitəsinin əməkdaşları
könüllü olaraq əməkhaqlarından Azərbaycan
Ordusuna Yardım Fonduna 1 milyon, Yaşat Fonduna 580 min manat vəsait
köçürüblər. Komitə tərəfindən
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə,
ümumilikdə dəyəri 7 milyon 600 min manatdan çox
qeyri-ərzaq məhsulları, dərman preparatları və
tibbi ləvazimatlar təhvil verilib.
Vətən müharibəsindəki zəfər ölkəmizdə
iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində
illərdir aparılan siyasətin, eləcə də milli
birliyin təcəssümüdür. Bu tarixi zəfər Azərbaycanın, eləcə
də bütün regionun iqtisadi inkişafına ciddi təsir
göstərməklə ölkəmizdə tamamilə yeni
iqtisadi inkişaf amillərini formalaşdırıb. Əminik ki, 2021-ci ildə də Azərbaycan dövləti
və xalqı qarşısına qoyduğu bütün hədəflərə
çatacaq, zəfər ovqatı iqtisadi-sosial sahədə irəliləyişlərlə,
böyük quruculuq və inkişaf tempi ilə müşayiət
ediləcəkdir.
Öz növbəsində gömrük xidməti
respublikamızın iqtisadi inkişafında iştirak etməklə
ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin
sosial vəziyyətinin
yaxşılaşdırılmasında Prezident İlham
Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni
uğurlar qazanmasında bundan sonra da mühüm rol oynayacaq.
Səfər MEHDİYEV,
Dövlət Gömrük Komitəsinin sədri,
gömrük
xidməti general-polkovniki
Azərbaycan. - 2021.- 30 yanvar.- S.4.