Azərbaycan Ordusunda döyüşən yəhudilər cəmiyyətimizin qürurudur"

 

46 SAYLI BAKI YƏHUDİ MƏKTƏBİNİN DİREKTORU ZAMİR İSAYEV İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRİ ZİYARƏT EDİB

 

Zamir İsayev ötən ilin payızında keçririlən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan torpaqları ziyarət edən ilk yəhudi oldu. Bu yaxınlarda o, Füzuli bölgəsinə və Azərbaycan-İran sərhədində yerləşən Zəngilan rayonuna səfər edib.

Z.İsayevin direktoru olduğu 46 saylı Bakı Yəhudi məktəbinin məzunlarından 5 nəfər döyüşlərdə iştirak edib. Zamir İsayev deyir:

"Şagirdlərimin uğrunda döyüşdükləri yerləri öz gözlərimlə görmək mənim üçün vacib idi. Azərbaycan Ordusunda döyüşən yəhudilər cəmiyyətimizin və bütün ölkənin qürurudur".

Zamir İsayevin səfərinin əsas nöqtəsi Zəngilan rayonu idi. Qeyd edək ki, Zəngilan rayonu 1993-cü il  oktyabrın 29-da erməni silahlı qüvvələri tərəfindən işğal edilib və o zamandan qondarma Dağlıq Qarabağ Respublikasının nəzarəti altında olub. Bu ərazilər Dağlıq Qarabağın tərkibində olmayıb, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qərarına əsasən, işğal edilmiş ərazi kimi tanınıb. 1993-cü ildə evlərini tərk etmək məcburiyyətində qalan 42700 nəfər Zəngilan rayon sakini hazırda Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayır.

İsayev işğaldan azad edilmiş əraziləri öz gözləri ilə görəndə heyrətə gəlib. 18-ci əsrə aid məscid, eləcə də xəstəxana və məktəblər daxil olmaqla, şəhərin bütün binaları erməni işğalçıları tərəfindən dağıdılıb: "Mən 30 ildir dağılmış, xarabalığa çevrilmiş, tərk edilmiş bir şəhər gördüm". Onun sözlərinə görə, indi azad edilmiş ərazilərin bərpası sürətlə davam etdirilir, rabitə və kommunikasiya sistemləri bərpa olunur.

Z.İsayev deyir ki, gördükləri ona bu il 29-cu ildönümü yaxınlaşan Xocalı soyqırımını xatırladıb. Qeyd edək ki, 1992-ci il Qarabağ müharibəsi zamanı fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində 613 nəfərdən çox mülki şəxsi qətlə yetirib.

 

İshak Belenki

Sputnik.

Azərbaycan dilinə Qəmər Yunusova çevirib

525-ci qəzet.- 2021.- 16 fevral. S. 6.