Eşitmə
çətinliyi olan uşaqlar üçün teledərslər
təşkil edilib
Mütəxxəssislər
bu təşəbbüsü təhsilin əlçatanlığı
naminə mühüm addım kimi dəyərləndirirlər
Fevralın
9-dan etibarən Təhsil Nazirliyinin dəstəyilə "Mədəniyyət"
telekanalında efirə gedən "Dərs vaxtı"
proqramı çərçivəsində, eşitmə
çətinliyi olan uşaqlar üçün teledərslərin
yayımına başlanılıb.
Prosesə
pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək
eşitmə qavrayışını və nitqi inkişaf
etdirən, tələffüzü formalaşdıran
surdopedaqoqlar da cəlb olunub. Məqsəd çətinliklərə
baxmayaraq, bütün uşaqların öyrənməsini təmin
etməkdir.
Təhsil Nazirliyi
De-institutlaşma və Uşaqların Müdafiəsi
İdarəsinin rəis müavini Həbib Kərimovun sözlərinə
görə, sağlamlıq imkanları məhdud uşaqlar
üçün 2 nömrəli
xüsusi internat məktəbində
202 zəif eşidən və
sonradan eşitmə əngəlli olmuş uşaqlar,
Sağlamlıq imkanları məhdud uşaqlar
üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində
isə 633 anadangəlmə danışma və eşitmə əngəlli şagird təhsil alır. Hər
iki təhsil müəssisəsi
Bakı şəhərində fəaliyyət göstərir.
Mövcud pandemiya şəraitini nəzərə alaraq bu təhsil
müəssisələrinin də
dərsləri distant formada
keçirilir: "Ancaq bilirik
ki, İKT-nin imkanlarından
hamı eyni dərəcədə istifadə etməyi
bacarmır. Eyni zamanda, bu dərslərin dinləyicilərinin
sağlamlıq durumlarının da prosesdə iştirakında müəyyən çətinlik
yaratdığını nəzərə alsaq, tədrisin daha geniş
auditoriyaya
çatdırılması məqsədi ilə
hazırlanan teledərsləri Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən ən uğurlu layihələrdən
hesab edilə bilər. Bu teledərslər həssas qrupa
aid daha çox şagirdin təhsil
almasına yardımçı olacaq".
Teledərsləri
aparan müəllimlərin könüllülük prinsipi əsasında
seçildiyini deyən H.Kərimov onların öz işinin
peşəkarı, fəal, yeniliklərə açıq,
ixtisasını və jest dilini yüksək səviyyədə
bilən pedaqoqlar olduğunu bildirib: "Teledərslər ilk
növbədə ibtidai sinif şagirdləri üçün
nəzərdə tutulub. Və davamı olaraq V-XI siniflər
üçün də teledərslərin təşkili
planlaşdırılıb".
Təhsil
İnstitutunun mütəxəssisi Nərgiz Kərimova layihənin
pandemiya dövründə şagirdlər üçün təhsili
əlçatan etmək məqsədilə
yarandığını deyir: "Təhsil Nazirliyinin dəstəyi
ilə hazırlanan teledərslər təhsilalanlar
üçün alternativ imkan yaradır. Nəzərə
almaq lazımdır ki, pandemiya dövründə tədris
prosesi yalnız ümumtəhsil məktəblərində
deyil, həmçinin, xüsusi təhsil müəssisələrində
də dayandırıldı. Bu səbəblə "Dərs
vaxtı" proqramı çərçivəsində
eşitməsində çətinliyi olan uşaqlar
üçün teledərslərin yayımı ilə
bağlı müzakirələr və hazırlıqlar
başladı. Eşitməsində çətinliyi olan
uşaqlar üçün dərslər 9 fevraldan etibarən
hər həftənin çərşənbə
axşamı "Mədəniyyət" kanalında
yayımlanır. Televiziya qarşısında dərsləri
izləyə bilməyən şagirdlər üçün dərslər
alternativ olaraq Təhsil Nazirliyinin rəsmi "Youtube"
kanalında və "video.edu.az" saytında da yerləşdirilir".
N.Kərimovanın
sözlərinə görə, hazırkı dərslər
ibtidai siniflər üzrə təqdim olunur: "Hazırda həm
ibtidai, həm də yuxarı siniflər üçün dərslərin
çəkilişi davam edir. Növbəti həftələrdən
başlayaraq, eşitməsində çətinliyi olan
yuxarı sinif uşaqları üçün də dərslər
təqdim olunacaq".
Sağlamlıq
imkanları məhdud uşaqlar üçün 3 saylı
Respublika xüsusi internat məktəbinin tədris işləri
üzrə direktor müavini Rübabə Cabbarova bildirib ki,
teledərslerin yayımlanmasına nəinki şagirdlər,
valideynlər də çox sevindilər. Çoxlu telefon zəngləri
oldu. Valideynlərimiz minnətdarlıqlarını bildirdilər:
"Eşitmə qüsurlu uşaqlar üçün onlayn dərslərdə
çətinliklər mövcud idi. Bəzi şagirdlərimizdə
internet avadanlığı
çatışmazlığı, internetin olmaması çətinliklər
yaradırdı. Bizim şagirdlərin əksəriyyəti
rayonlarda, ucqar kəndlərdə, cəbhə bölgəsi ərazilərində
yaşayırlar. Ona görə də, bizdə onlayn dərslərin
keçirilməsində problemlər yaranır. Teledərslər
nəinki şagirdlər üçün, valideynlər
üçün də önəmlidir. Teledərslərdə
valideynlər övladları ilə birgə dərslərə
qoşularaq dərs keçirlər. Yeni sözləri,
sözlərin dakdil və mimikasını da öyrənmiş
olurlar. Teledərsdən sonra şagirdlərdə aktivlik
yaranıb. Ucqar kəndlərdə yaşayan, internet əlaqəsi
olmayan şagirdlərimiz müəllimləri ilə telefon bağlantısı
yaradaraq teledərslərdən razılığını,
sevindiklərini və bu imkanı yaradanlara minnətdarlıqlarını
bildirirlər". İnternat məktəbinin ibtidai sinif
müəllimi Esmira Şirinova isə bildirir ki, virtual dərslərdən
əvvəl, ənənəvi olaraq sinif otaqlarında dərslər
keçirilirdi: "Eşitmə əngəli olan uşaqlarla
tədris zamanı ilk olaraq daktildən (əlifbadan)
başlayırıq. Hər sinifdə iki müəllim olur.
İbtidai sinif müəlliməsi ilə yanaşı, həm
də səs müəlliməsi - loqoped. Sinif müəlliməsi
hərfləri keçdikcə, səs müəlliməsi səslərin
düzgün artikulyasiya üzrə tələffüzünə
köməklik edir. Dərslərimiz daktil, jest və dodaqdan
oxumaqla şagirdlərimizə mənimsədilir".
E.Şirinovanın sözlərinə görə, bu
uşaqlar digər sağlam həmyaşıdlarından daha həssas
olduqları üçün onlarla işlədikdə daha
çox səbr, sevgi və qayğı göstərmək
önəmlidir: "Məhz bu sevgi, qayğı onların gələcəkdə
cəmiyyətə normal inteqrasiyası üçün zəmin
yaradır. "Dərs vaxtı" proqramının müəllimi
olmaq mənim pedaqoji fəaliyyətimdə bir ilkdir. Yəni
kameralar qarşısında dərs demək, sinif
otağında dərs deməkdən iki və ya
üçqat məsuliyyətlidir. Hazırda teledərslərimə
öz şagirdlərimlə yanaşı, respublika
miqyasında eşitmə əngəlli uşaqlar da baxır və
faydalanır. Bu, mənə ayrıca zövq verir".
No
description available.
13
ildir eşitmə qüsurlu uşaqlara riyaziyyat fənnini tədris
edən A.Abdullayeva hesab edir ki, teledərs layihəsi bu qəbil
uşaqlar üçün maraqlı olacaq və onların dərslərə
həvəsini artıracaq: "Uşaqlar özlərini
artıq cəmiyyətin bir hissəsi sayacaqlar. İndiyə qədər
az da olsa onları cəlb edən verilişlər olub. Amma bu
layihə sırf onlara məxsusdur. Pandemiya səbəbindən
uşaqlarda dərsə həvəs tamamilə
azalmışdı. Bu layihə onlarda həm maraq, həm də
həvəs oyadacaq. Bizim uşaqların hər zaman öz
dünyası, öz cəmiyyəti olub. Başqa insanlar onlara
qəribə baxıblar. İndisə bizim uşaqlarla birgə
teledərslərə Azərbaycan xalqı baxacaq və hardasa
onlara da maraqlı olacaq. Bu dərslər həmçinin,
onlara eşitmə qüsurlu olanlara adi yanaşmağı təlqin
edəcək".
Təhsil
üzrə ekspert Kamran Əsədov deyir ki, səs, daktil,
mimika və jestlər əsasında hazırlanmış dərslər
uşaqların dərslərdən daha faydalı istifadəsinə
yardımçı olacaq. Təhsil Nazirliyinin yeni layihəsi
eşitmədə çətinliyi olan uşaqlar
üçün əlavə imkanlar yaradır:
"COVİD-19 pandemiyası nəticəsində onlayn-distant
təhsil əyani təhsili əvəzlədi. Əksər
ölkələrin təhsil məkanında nisbətən
arxa planda qalan bu tədris üsulu ön plana keçdi. Təhsil
Nazirliyi ümumi təhsil müəssisələrində tədris
prosesinin dayandırılması səbəbindən dərslərin
onlayn öyrənilməsi üçün bir neçə tədris
resursunu təqdim edərək, dərslərin
davamlılığını təmin etməyə
çalışdı. Distant tədris imkanlarını,
alternativ tədris resurslarını nəzərdən
keçirən nazirlik "Dərs vaxtı", "Virtual məktəb"
(virtual.edu.az) layihələrini alternativ tədris metodu kimi təqdim
etdi. Belə ki, "Mədəniyyət" və "ARB
Günəş" kanallarında yayımlanan dərslərə
ölkə üzrə minlərlə şagird qoşulur. Eyni
zamanda, təhsilalanlar bütün dərsliklərin onlayn
platformaya köçürüldüyü e-derslik layihələrindən
faydalanırlar. Təhsil Nazirliyi eyni zamanda, eşitmədə
çətinliyi olan uşaqlar üçün də tədrisdə
yaranan çətinliyi teledərslərlə aradan
qaldırmaq təşəbbüsünü gerçəkləşdirib.
Belə ki, fevralın 9-dan etibarən Təhsil Nazirliyinin dəstəyi
ilə "Mədəniyyət" telekanalında efirə
gedən "Dərs vaxtı" proqramı çərçivəsində
eşitməsində çətinliyi olan uşaqlar
üçün teledərslərin yayımına
başlanıb. Hesab edirəm ki, bu layihə internetə
çıxışı olmayan uşaqlar üçün pəncərə
açmaqla yanaşı, onların tədrisə yaxşı
yiyələnməsinə dəstək olacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.-
16 fevral. S. 11.