Qartal
zirvədə yaşayar
...
İsmayıl dünyaya gələndə bizim
üçün ən çətin illər idi. Sakit həyatımız
pozulmuş, çörəyimizi yeyən, suyumuzu içən
ermənilər yenidən xain xislətlərini göstərmiş,
xaricdəki havadarlarının köməyi ilə yurd yerlərimizin
viran qoyulmasına və işğal edilməsinə
başlamışdılar.
O
zamankı uşaqların xatirində qalanlar isə kədər
və qəm-qüssədən savayı bir şey deyildi.
Qarabağ müharibəsi, şəhidlər,
torpaqlarımızın işğal olunması kimi sözlər
hər gün səslənən, uşaqlıq
dünyasına daxil olan sözlər idi. Onun oxuduğu orta məktəbdə
ən çox adı çəkilənlər də şəhidlərin
adları idi. Bəlkə dəfələrlə məktəbin
dəhlizində asılmış şəhid Qoca Qocayevin
şəkli önündə dayanan İsmayılın ürəyində
mənfur düşmənə nifrət hissi də elə o
zamandan baş qaldırmışdı. Doğrudur, hərbçi
olmaq barədə fikrini büruzə verməyə hələ
tələsmirdi. Təbiət fənlərini sevirdi. Lahıc
kənd tam orta məktəbinin doqquzuncu sinifini bitirib
Bakıya, kimya-biologiya təmayüllü məktəbə təhsilini
davam etdirməyə gedəndə də əsl məqsədini
bildirməmişdi. Heydər Əliyev adına Ali Hərbi Məktəbə
daxil olmaq üçün sənədlərini verəndə
valideynlərini sakitləşdirmək üçün
demişdi ki, başqa ixtisaslara qəbul olunması çətin
olar. Bunu mənə atası Məhəmməd söylədi.
Mən başa düşdüm ki, İsmayıl özü
könüllü bu sənəti seçib. Ürəyində
olan böyük Vətən sevdası onun gələcək həyat
yolunu müəyyənləşdirib. Könüllü şəkildə
hərbçi kimi çətin bir peşəni seçmək,
həyatını bu peşəyə həsr etmək bir gəncin
iradə və qətiyyətindən qaynaqlana bilərdi. Onun
çox qısa, 30 illik həyatında bəlkə
çoxlarına müyəssər olmayan və örnək
ola biləcək o qədər şeylər var ki...
2007-ci
ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil olanda İsmayıl Səmədovun 17 yaşı
vardı. O, təhsil aldığı dörd il ərzində
hərbi biliklərə həvəslə və inadla yiyələndi.
2011-ci ildə arzusunda olduğu məqsədə
çatdı, leytenant hərbi rütbəsi ilə Mingəçevir
şəhərindəki hərbi hissələrin birində
taqım komandiri kimi xidmətə
başladı. Atası Məhəmməd Səmədov deyir
ki, hərbi xidmətə başladıqdan bir müddət
sonra mənə zəng edərək bildirdi ki, xüsusi təyinatlı
qüvvələrdə xidmətə keçmək istəyir.
Dedim ki, ay oğul deyirlər orda xidmət etmək çox
çətindir. Cavabında dedi ki, ata, narahat olma, öhdəsindən
gələrəm. Beləliklə, onun bundan sonrakı hərbi
yolu xüsusi təyinatlı qüvvələrin
sırasında keçdi. İsmayıl Səmədov Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan və
qərargahın nəzdində fəaliyyət göstərən
Xüsusi Təyinatlı qüvvələrin 6 aylıq
kurslarına daxil oldu və kursu uğurla bitirərək hərbi
xidmətini Xüsusi Təyinatlı Qüvvələr
sırasında baş leytenant rütbəsilə davam etdirdi.
2016-cı
ilin Aprel döyüşlərində İsmayıl Səmədov
xüsusi təyinatlı zabit kimi böyük igidlik və
şücaət göstərdi. Lələtəpə
yüksəkliyinin alınmasında göstərdiyi igidliyə
görə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən
mükafatlandırıldı. Birbaşa cəbhə xəttində
Ali Baş Komandan tərəfindən verilən Diplom və
medallar İsmayılın bir zabit kimi hörmət və
nüfuzunu şəxsi heyət arasında daha da
artırdı, onun hərbçi peşəsinə
vurğunluğunu daha da gücləndirdi.
Gənc
zabit öz üzərində daim çalışan, hərbi
biliklərini daim yeniləməyi sevən biri idi. Təlimlərdə
çox məsuliyyətli davranışı ilə diqqəti
çəkirdi. Ən çətin təlimlərdə iradə
və dözüm nümayiş etdirən İsmayıl Səmədov
tabeliyində olanlara qarşı çox tələbkar bir
kimandir idi. Əsgərlərinə deyirmiş ki, biz hərbi
hazırlıq səviyyəsinə görə həmişə
fərqlənməliyik. Bizləri görün nə qədər
hərbçilər arasından
seçiblər. Odur ki, onun tabeçiliyində olan
bölük hərbi təlimlərdə adətən birincilər
sırasında olurdu.
2018-ci
il İsmayıl Səmədovun həyatında ən yaddaqalan illərdən biri oldu. Həmin
ildə Türkiyə Cümhuriyyətində hərbçilər
arasında festival keçirilirdi. Ölkəmizi bu beynəlxalq
festivalda təmsil etmək şərəfi İsmayıl Səmədovun
rəhbərlik etdiyi xüsusi təyinatlılardan ibarət dəstəyə
qismət oldu. Festivalda iştirak edən 25 ölkə
arasında İsmayılın rəhbərlik etdiyi dəstə
yüksək məharət və peşəkarlıq
nümayiş etdirərək birincilik qazandı. Bir zabit kimi
İsmayılın sevinci hədsiz idi. Fəxr edirdi ki,
günlərlə çəkdikləri əziyyət, fiziki
güc onların adına şan-şöhrət gətirdi.
Qazanılan bu uğura görə İsmayıl Səmədova növbəsiz olaraq kapitan hərbi
rütbəsi verildi.
Xüsusi
təyinatlı qüvvələrin bacarıqlı zabiti
İsmayıl Səmədovun bir komandir kimi
qorxmazlığı və cəsarəti 44 günlük Vətən
müharibəsində tam şəkildə özünü
göstərdi. Sentyabrın 27-də torpaqlarımızın
düşmən işğalından azad olunması uğrunda
başlayan müharibədə əsgər və zabitlərimiz
dünyanı heyrətə salan qəhrəmanlıqlar
göstərdilər. Bu, bir tarixdir ki, hər səhifəsi
qürur və fəxarətlə doludur. Döyüşlər
hər yüksəklik, hər kənd, hər qəsəbə
uğrunda şiddətli şəkildə gedirdi. Azərbaycan
əsgəri və zabiti bir əlində bayraq, bir əlində
silah heç nədən qorxmadan düşmən üzərinə
yeriyərək o mənfurları torpaqlarımızdan qovdular.
Müharibənin
ilk günlərindən xüsusi təyinatlılarımız
düşmənə elə zərbələr endirdilər
ki, onların adı gələndə düşmənlər
lərzəyə düşür, ciddi itkilər verərək
geri çəkilməyə məcbur olurdu. İsmayıl Səmədovun
dəstəsi Cəbrayıl və
Füzuli istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşaraq yurd yerlərimizin
azad olunmasında fəal iştirak etdi. İsmayıl təcrübəli
zabit kimi döyüşlərdə şəxsi nümunəsi
ilə tabeliyində olanları daim irəliyə aparır,
qarşıya qoyulmuş tapşırıqları uğurla
yerinə yetirirdi. Döyüşçülərindən
biri söyləyirmiş ki, komandirimiz çox qorxmaz insan idi.
Onun cəsarətinə heyran qalmamaq mümkün deyildi. Dəfələrlə
çətin duruma düşmüşük. Lakin komandirimiz
İsmayıl elə bir igidlik göstərib ki, düşmənin
məğlubiyyəti qaçılmaz olub. O, hər zaman bizi
qorumağa çalışırdı. Döyüşlərdə
onun gözlənilməz taktiki hərəkətləri qələbələrimizi
təmin edirdi. Cəsur komandirimiz olan yerdə biz heç nədən
qorxmurduq, qürur hissi keçirirdik ki,
torpaqlarımızı azad edirik, Vətən
qarşısındakı müqəddəs borcumuzu yerinə
yetirmək şərəfinə nail oluruq.
Xüsusi
təyinatlı qüvvələrimiz Füzuli istiqamətində
düşmənin güclü müdafiə xətlərini
yarmaqda xüsusilə fərqlənirdilər. Bəzi xarici hərbi
ekspertlər bildirirdilər ki, bu yerləri azad etmək
üçün xeyli vaxt lazım gələcək. Lakin Azərbaycan
ordusunun döyüşkənlik bacarığını və
yenilməz ruhunu kimsə hesablaya bilməzdi. O gücün
qarşısında tab gətirməyə düşmənin
taqəti yetmirdi.
Hadrut
istiqamətində gedən döyüşlər şiddətinə
görə seçilirdi. Düşmən ağır itkilər
versə də, geri çəkilmək niyyətində
deyildi. Lakin bu istiqamətdəki yüksəkliklərin ələ
keçirilməsi strateji baxımdan əhəmiyyətli idi.
İgid komandir İsmayıl Səmədovun rəhbərliyi
altında xüsusi təyinatlılar oktyabr ayının 11-də
düşməni ağır məğlubiyətə
uğradaraq Hadrut qəsəbəsinə daxil oldular. Qəsəbənin
alınması uğrunda gedən döyüşlərdə
İsmayıl əsl qəhrəmanlıq göstərdi, 80-ədək erməni
işğalçısını məhv edərək şəhidlik
zirvəsinə yüksəldi. Onun komandirlərindən birinin
bu yaxınlarda mənə söylədikləri İsmayıl
Səmədovu gözlərimdə bir daha ucaltdı. O dedi ki,
İsmayıl bizim ən seçilmiş, gələcəyi
çox parlaq olan bir zabitimiz idi. Mən ona təkcə ləyaqətli
bir həmyerlimiz kimi deyil, əsl zabit keyfiyyətlərinə
görə həmişə hörmət bəsləmişəm.
İsmayılda vətənpərvərlik çox
güclü idi. Ona hədsiz dərəcədə inanır və
güvənirdik. Vətən müharibəsində
qarşımıza qoyulan tapşırıqların yerinə
yetirilməsində İsmayıl bir zabit kimi hər zaman fərqləndi.
Sonuncu döyüşə yollananda dostlar kimi
görüşdük, ona uğurlar arzuladım.
Döyüşdə şəhid olması xəbərini
alanda uzun müddət özümə gələ bilmədim.
Biz çox dəyərli və igid zabitimizi itirdik. Nə etmək
olar, müharibə qan-qadasız, itkilərsiz olmur.
Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsində
xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin
azad olunması zamanı düşmənin məhv edilməsi
üzrə qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirən zaman
göstərdiyi qəhrəmanlıq nümunəsinə
görə, həmçinin, hərbi qulluq vəzifəsini
yerinə yetirən zamanı igidliyin və mərdliyin
nümayiş etdirilməsinə görə Azərbaycan
Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına
əsasən İsmayıl Səmədova ölümündən
sonra "Vətən Müharibəsi Qəhrəmanı"
adı verildi.
Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən
İsmayıl Səmədov ölümündən sonra "Vətən
uğrunda" və "Cəbrayılın
azad olunmasına görə" medalları ilə təltif
edildi. Bunadək kapitan İsmayıl Səmədov nümunəvi
və qüsursuz xidmətlərinə görə III dərəcəli "Hərbi
xidmətdə fərqlənməyə görə", III dərəcəli
"Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin
95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley
medalları, çoxlu sayda fəxri fərman, qiymətli hədiyyələrlə
təltif olunmuşdu.
Vətən
müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun
ömrü qısa olsa da, onun adı daim yaşayacaq.
Qarşımda kapitan hərbi formasında İsmayılın
gülümsər şəkli var. Sanki o, hiss edirmiş ki,
Qarabağımıza Qələbə və Zəfər
mütləq gələcək. Deyirlər, elə insanlar var
ki, qarşıda nələr olacağını əvvəlcədən
duyurlar, ürəklərinin dərinliyində buna bütün
varlıqları ilə inanırlar. İsmayıl Səmədov
da Vətən müharibəsindəki döyüşlərdə
iştirak edərkən Qələbəyə tərəddüdsüz
inananlardan biri idi. Ona bu günü şəxsən görmək
nəsib olmasa da, ruhu bu gün şaddır. Vətənimizin
dilbər güşəsi Qarabağ erməni
işğalından azad olunub, xalqımız tarixi qələbə
qazanıb. İsmayılın ailəsi indi hamının ən
əzizinə çevrilib. Ailədə böyüyən iki
kiçik yaşlı uşaqları indi atasız
böyüyürlər. Balaca oğlunun başındakı
xüsusi təyinatlıların bireti ona Vətən
müharibəsi Qəhrəmanı atasından qalan bir
yadigardır.
Nədənsə,
xüsusi təyinatlı döyüşçülərimizin
şax duruşunu, kəskin baxışlarını görəndə
gözlərim önünə qartal gəlir. Qartal yenilməzlik
rəmzidir. Onların məskəni yalnız yüksəkliklərdir.
Həmyerlimiz İsmayıl Səmədov da Qəhrəman və
İgid bir zabit kimi, yenilməz bir Qartal kimi həmişəlik
uca bir məkanda, müqəddəs Şəhidlik məkanındadır.
Dünyanın rəhməti səninlə olsun, igidimiz!
İbrahim
BƏXTİYAROĞLU
525-ci qəzet.- 2021.-
16 fevral. S. 13.