Nizami Gəncəvi - bəşəri dəyərlərin dahi tərənnümçüsü

 

Bütün zamanların ən böyük söz ustalarından olan ulu şair Nizami Gəncəvinin hər bir əsərinin obyekti insandır.

İnsanı kainatın əşrəfi, ən böyük yetirməsi, təbiətin nadir dürdanəsi hesab edən Nizami bəşər övladını öz adına layiq olmağa çağırır: ömrünü, varlığını yalnız böyük və nəcib əməllərə, xeyirxah, bəşəri qayələrə həsr edənlərin Tanrı xəzinəsində inci kimi yaşamağa layiq olduğunu bildirir. Kainatda hər şeyin insan üçün yarandığını deyən Nizami Gəncəvi qeyd edir ki, İnsan öz zəka gücü sayəsində ulduzları köhlən at kimi yəhərləyib çapa bilər. Deməli, bütün kainat onun hökmündə, iradə ixtiyarındadır. Bu mənada, insana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu aşılanmasına kömək edən oxunması zəruri olan bəşəri kitablardan biri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəridir.

Əsərdə insanı bütün canlıların tacı tacidarı adlandıran dahi şair göstərir ki, İnsan kainatda öz müstəsna rolu ilə fəxr edə bilər. O zamana qədər fəxr edə bilər ki, nəfsinə əsir düşməsin, maddi aləmdən dördəlli yapışmasın.

Nizami nəfsinə hakim olanları çevik insan adlandırır. Mütəfəkkirin fikrincə, cismani mənəvi hüsnün atributlarından biri çeviklikdir. Yalnız nəfsini cilovlamağı bacaran, dünya yükünü çiyninə götürməyən pak nəfəsli, pak cövhərli insanlar çevik ruhən qanadlı olurlar.

 

Sakit axan su kimi yaşamağı seç peşə,

Yüngül suyun qiyməti ağır olur həmişə.

Bədən gözəllik tapır yalnız çevikliyilə,

Ruhun yüngüllüyündən can dönür qızılgülə.

 

Ancaq nəfsini cilovlaya bilməyənlər, dünya yükünü özünə yük edənlər Qaf dağı kimi ağırlaşıb öz yerində qalır, çevik, ruhən qanadlı insanlar isə ruzigar kimi azad sərbəst dolaşırlar. Nizami belə insanları kainatın mənəvi hökmdarı adlandırır.

Nizami Gəncəvi zalımlığın, zülmkarlığın, qəddarlığın baş alıb getmə səbəbini insanın tamahında görür. Əlindən yaxşılıq gəlməyən insanın qüsurunu onun özündə, "pis xislət"ində görür yeri gəldikcə, canlının öz təbiətindən irəli gələn imkanlarını da nəzərdən qaçırmır - deyən Nizami Gəncəvi mahir psixoloq kimi çıxış  edir. İnsanlar arasında saxtalığın, natəmizliyin, lovğalığın, paxıllığın, bədməcazlığın, yemək dostu olmağın, ədalətsizliyin, nakişiliyin, şəhvət arxasınca qaçmağın, düşmənçiliyin, vəfasızlığın, xəbisliyin, bəd nəfisliyin sair mənfi halların yaranmasını qeyd etdiyimiz kimi tamahkarlıqla əlaqələndirir.

Əxlaq tərənnümçüsü Nizami Gəncəvi insanda düzlük, cömərdlik, saf münasibət görmək istəyir, ancaq bu cür insanların Süleyman peyğəmbərin dünyasında qaldığını göstərir.

 

Dünya uzaq düşübdür Süleyman dünyasından,

Sanki qeybə çəkilmiş gerçək insan, ər insan.

 

Nizami Gəncəvi qeyd edir ki, ey insan, zəka sənə ona görə verilmişdir, öz ruhunun qayğısını çəkəsən! Amma sən əksinə davranırsan, tamahın ucbatından özünü dəli, divanə edirsən. Əl çək acgözlükdən, sərvət şöhrət düşkünlüyündən. Əgər sənə verilən ömrü dəyərləndirə bilməsən, tamahdan əl çəkib yaşamağı bacarmasan aslanlar, yırtıcılır, gecə gündüz kimi ikiüzlülər səni kamına çəkəcəklər, yəni səni aldadacaqlar.

Bu kimi səciyyələndirmələrdən sonra Nizami Gəncəvi belə bir qənaət ortaya qoyur ki, insanın dilxor olması, rənginin saralıb solması dünya malına aludəliyindəndir, nəfsinin, tamahının ucbatındandır.

 

Saralmısan, görürəm sənin solğunluğunu,

Onillik sirkə belə apara bilməz onu.

Acgözlüyün yüzillik çırağın yağı kimi,

Səni onillik sirkə pak eləyə bilərmi?

 

Ağır yük daşımaqdan qozbel oldun, şil oldun,

Yandın nəfsin yağında, ömür boyu qovruldun.

Sən - cahan mətbəxində ocağın külü, hisi,

Qiyamət günündəsə cəhənnəm gözətçisi!

 

"Dünya qayğılarından qurtulma bəhsi" adlı doqquzuncu söhbətdə Nizami yenə Tanrının İnsana verdiyi dəyərdən söz açır. Yazır ki, biz kainatın əşrəfi yaranmışıq. Bütün başqa varlıqlardan fərqli olaraq bizə düşünmək dünya bilməcələrini qavramaq, anlamaq istedadı verilib. Yeddi qat göylərin sirlərini açan bizik, fələyin əbcəd-dini, əlifbada hərflərin düzülüş qaydasını Yerin yazı taxtasında yazıb-oxuyan da bizik. Lakin sən tamahın ucbatından yenə narahatsan. Bircə ip üstündə oynamaq səni təmin etmir. Heç yanda qərar tuta bilmirsən. Halbuki kamil insan özünün bütün qüvvəsini, bədən idrak enerjisini bəşəriyyət tərəqqi naminə xərcləməli, özü üçün yox, özgələr üçün yaşamalıdır. Nizami Gəncəvi üzünü tamahkar insana tutaraq deyir: Ey insanlıqdan əl çəkib nəfsə, tamaha uyan insan! Səni maddi dünyaya bağlayan yırtıcı ehtiraslardan əl çək, mənəvi aləminin qayğısına qal! Atan Həzrəti Adəmin yolunu get! Günahlarından əl çəkmək üçün tövbə qıl, təmizlən, pak ol! Ulu göylər daim öz qasırğaları, ildırımları göy gurultuları ilə tamah içində yatmış insanı ayıltmağa, xəbərdar etməyə çalışır ki, bir mənəvi ömür var. Onu düşün! Öləndə yatmaq eyib deyil. Tamah yuxusunda yatmaq eyibdir. Ayıl! O dünyaya köçmək üçün azuqə yığ, mənəvi ömrünü uzatmaq üçün çarələr tap.

 

Tanrının yoğurduğu bu torpağı tanı sən,

Şükür qıl, ey naşükür, ən ulu zirvədəsən.

Tərəddüd içindəsən. Özgə hansı işin var?

Bircə ipin üstündə tuta bilmirsən qərar.

 

Ey sadə insan oğlu, dədənə bax, dədənə,

Gör neylədi? Dədənin yolu "Gəl!" deyir sənə.

Ayıltmasa göy səni çəkil, hicra guşəyə,

Bir azca azuqə yığ, o dünyaya köçməyə.

 

Nizami deyir ki, sərvətə, var-dövlət yığmağa susuzluğunu, təşnəliyini yalnız yalnız zəka, tədbir, səbr, təmkin sayəsində söndürə, öldürə bilərsən. Necə ki, gündüz gecəni öz nuru ilə boğub öldürür. Nizamiyə görə, könlü işıqlandıra bilmək - maddi dünyadan əl çəkib mənəvi dünyaya qovuşmaqdır. Ən böyük səadət heç maddi aləmdə deyil, yalnız ruhun qüdrəti sayəsində qazandığın mənəvi aləmdədir. Buna görə , lazım gələrsə nəfsinə neştər batırmağı bacar.

 

Nizami Gəncəvi özünü vara-dövlətə, qızıla təslim edənləri bədbəxt adlandırır. Çünki onların hamısı bu dünyada qalandır.

 

vaxtacan əl atıb özgə budağına sən,

Dövlətim kaş bir azda çox olsun! - deyəcəksən?

Tutalım, qamarlayıb, aləmi tutdun da sən,

Gedəndə ki əl çəkib, əliboş gedəcəksən.

 

Ali insan əxlaqının böyük təbliğatçısı olan Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri insan əxlaqının paklığı, saflığı, təmizliyi təkmilləşdirilməsi haqqında mükəmməl bir dərslik kimi istifadə olunmalıdır - desək, əsla yanılmarıq. Ümumiyyətlə, dinimizdə, elmi-fəlsəfi fikrimizdə qanunlaşan insan əxlaqının saflaşdırılması ideyası Nizami yaradıcılığında başlıca keyfiyyət kimi təzahür edir.

Nizami Gəncəvi bir tərəfdən insanı əşrəf hesab edərək, elmlə birlikdə onu ən yüksək xilqət sayır, "onun tərəqqiyə bais oldu"ğunu söyləyir, digər tərəfdən mühitin ona təsir göstərdiyini şərh edirdi. İnsanın qüdrət qüvvətinə inam, həmçinin, tərəqqidə insanın mövqeyi, mühitin insana bəd xoş təsir bağışlaması Nizami yaradıcılığında tərbiyə mövzusunun leytmotivini təşkil edir. Əsərdə Nizami Gəncəvi insanlığı kiçik böyüklükdən, hökmdar nökər, rəiyyət əmir kimi təbəqə imtiyazlara baxmayaraq, hamıya şamil edir. Tərbiyə insanı yalnız cəmiyyət içərisində müşərrəf olmağa deyil, bütün mötədil xoş əxlaqa meyilləndirir - deyən Nizami Gəncəvi tərbiyənin qüdrətinə böyük inam bəsləyirdi. Bir sözlə, Nizami insan tərbiyəsinin sonsuz olduğunu söyləyərək onun anadan olduğu bir gündən ta qəbir evinədək davam etdiyini göstərir.

Yekun olaraq qeyd edək ki, Nizami Gəncəvi "Sirlər xəzinəsi" əsəri ilə oxucusuna insana xidmət bayrağı daşımağı tövsiyə edir, yırtıcı ehtiraslara kölə olmamağı məsləhət bilir. Bu möhtəşəm əsəri ilə əxlaq çeşməsi Nizami Gəncəvi insan şəxsiyyətinə, insan inkişafına və tərbiyəsinə sanki ülvi bir himn yaradıb.

 

Kamal CAMALOV

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

525-ci qəzet.- 2021.- 7 yanvar. S, 7.