Nizami
Gəncəvinin irsinə və ideallarına yenidən
qayıdışa çağırış
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili
"Nizami ili" elan etməsi ölkəmizdə klassik ədəbi
irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin
görkəmli simaların tanıdılmasına müstəqil
Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin
və böyük qayğının əməli ifadəsidir.
Bu, həm
də Prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə
və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi
şəxsiyyətlərimizə yenidən qayıdış
istiqamətində apardığı ardıcıl siyasətin
növbəti təzahürüdür. Bundan əvvəl,
2019-cu ilin "Nəsimi ili" adlandırılması bu
görkəmli şair və mütəfəkkirin Azərbaycan
və dünyaya yenidən tanıdılması sahəsində
mühüm addımların atılmasına, ciddi dönüşün
baş verməsinə şərait yaratmışdır. Hesab
edirəm ki, Azərbaycanda və dünyada kifayət qədər
tanınan və böyük şöhrət qazanmış
Nizami Gəncəvinin zəngin bədii irsini də müasir
dövrdə azərbaycançılıq və müstəqil
dövlətçilik işığında yenidən tədqiq
və təbliğ etməklə bu görkəmli sənətkarı
daha dərindən kəşf etməyə və bütün
parlaqlığı ilə tanıtmağa ehtiyac vardır.
"Nizami Gəncəvinin nəsil şəcərəsi",
"Nizami Gəncəvi yaradıcılığında azərbaycançılıq",
"Nizami Gəncəvinin dövlətçilik idealları və
müasir dövr", yaxud "Nizami Gəncəvi və Azərbaycan
renesansı" və sair kimi problemlər məhz indi,
müstəqilliyimizin inkişaf etdiyi bizim günlərdə
daha çox aktuallıq kəsb edir. Möhtərəm
Prezidentimizin "Nizami ili" haqqındakı mühüm
tarixi əhəmiyyətə malik olan Sərəncamı
Nizami Gəncəvinin həyatı və
yaradıcılığını bütün istiqamətlər
üzrə yeni təfəkkür əsasında tədqiq və
təhlil etməyə geniş imkan yaradan tarixi sənəd
kimi mühüm əhəmiyyətə malikdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin "Nizami
ili" ilə əlaqədar imzaladığı Sərəncam
vaxtıilə Ümummilli lider Heydər Əliyevin 1979-cu ildə
böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin
irsinin tədqiqi, tərcümə və nəşr edilməsi
haqqında qəbul etdiyi qərar əsasında həyata
keçirilmiş tədbirlərə yenidən qayıtmaq,
başlanmış mühüm işləri daha geniş
miqyasda və əhatəli şəkildə,
yaradıcılıqla davam etdirmək üçün də
geniş meydan açır. Bu baxımdan Nizami Gəncəvinin
əsərlərinin dünya dillərinə tərcüməsi,
"Xəmsə"nin akademik nəşrinin hazırlanıb
çap olunması görkəmli sənətkarın
haqqında xarici dillərdə tanıtma kitablarını
yazıb nəşr etdirmək baxımından da
qarşıda mühüm vəzifələr durur.
Nizamişünaslıq
dünya elmi olsa da, Azərbaycan dünya
Nizamişünaslığının mərkəzidir.
Dünya ölkələrində Nizami Gəncəvi
haqqında yazılanları tərəzinin bir gözünə,
Azərbaycanda aparılan tədqiqatları, çap olunan
kitabları və tərcümələri tərəzinin o
biri gözünə qoyulsa, Azərbaycan
Nizamişünaslığı ağır gələr. Qədim
dövr və orta əsrlərdən başlamış Nizami
haqqında yazmış təzkirəçilərin əksəriyyəti:
Əhdi Bağdadi, Sadiq bəy Əfşar, Lütvəli bəy
Azər, Hüseyn Əfəndi Qayıbov, Mir Möhsün Nəvvab
və başqaları azərbaycanlı idilər. XX əsr ərzində
də Azərbaycan elmi Nizamişünaslığa
böyük töhfələr vermişdir. Firudin bəy
Köçərli, Mirzə Məhəmməd Axundov, Həmid
Araslı, Mir Cəlal, Mirzə İbrahimov, Məmməd Cəfər
Cəfərov, Azadə Rüstəmova, Mikayıl Rəfili, Xəlil
Yusifli, Zümrüd Quluzadə, Çingiz Sasani və
başqaları Nizami Gəncəvi irsinin tədqiqi işinə
samballı elmi töhfələr vermişlər. Nizami Gəncəvinin
"Xəmsə"yə daxil olunan əsərlərinin və
şeirlərinin Azərbaycan dilində tərcümə və
nəşr olunması, xarici dillərdə yayılması və
təbliğində də Azərbaycan həmişə
aparıcı mövqeyə malik olmuşdur.
Azərbaycan
Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər
bölmələrini əhatə edən elmi tədqiqat
institutları yeni müstəqillik dövründə yeni
tarixi mərhələnin yüksək tələblərinə
cavab verən elmi əsərlər yazıb nəşr etdirməyi
də özlərinə şərəfli borc hesab edirlər.
Artıq ölkəmizdə yeni Nizamişünaslar nəsli
yetişib formalaşmışdır. Akademik Teymur Kərimli,
müxbir üzv Nüşabə Araslı, filologiya elmləri
doktorları Mehdi Kazımov, Məhəmməd Qocayev, Seyfəddin
Rzasoy, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə
doktorları Zəhra Allahverdiyev, Hacı Siracəddin, Vəfa
Hacıyeva, Xuraman Hümmətova, Əzizağa Nəcəfzadə,
Xanəli Babayev, Təhminə Bədəlova, Yelena Teyer, Xədicə
İskəndərli, Gülgün Babayeva, doktorantlardan
Hürnisə Bəşirova, Samirə Əliyeva, Məsumə
Rzayeva və başqaları Azərbaycan
Nizamişünaslıq elmini müstəqillik
işığında ciddi elmi problemlərin və yeni
yanaşmaların əsasında meydana çıxmış
elmi əsərləri ilə zənginləşdirməkdə
davam etməkdədirlər. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci
ilin "Nizami ili" elan olunması Nizamişünaslıq
elminin daha da inkişaf etdirilməsinə böyük stimul
verir. Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda fəaliyyət göstərən
"Nizamişünaslıq" şöbəsinin əməkdaşları
Prezident Sərəncamının işığında son
üç il ərzində üzərində
çalışdıqları, ilk mənbələrə,
orijinal mətnlərə istinad etmək əsasında
yazılmaqda olan "Nizami Gəncəvinin həyatı və
yaradıcılığı", "Nizami Gəncəvinin
elmi tərcümeyi-halı" mövzularında monoqrafiyaları
daha da təkmilləşdirərək tamamlayıb ictimaiyyətə
təqdim edəcəklər. Bundan başqa, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına
Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə
2017-2020-ci illərdə həyata keçirdikləri
"Nizami Gəncəvi və Şota Rustaveli"
monoqrafiyasının da 2021-ci ildə Bakıda və Tbilisidə
Azərbaycan, gürcü və ingilis dillərində kitab
halında nəşr edilməsi nəzərdə tutulur.
Ədəbiyyat İnstitutunun əməkdaşları
"Nizami Gəncəvinin görkəmli davamçısı
Əmir Xosrov Dəhləvi" adlı monoqrafiya üzərində
də tədqiqat işlərini davam etdirirlər. Bundan
başqa, uzun illərdən sonra nəşri yenidən bərpa
edilmiş "Nizami Gəncəvi almanaxı"nın ikinci
sayı da bu il oxuculara çatdırılacaqdır. Eyni
zamanda, Ədəbiyyat İnstitutunun əməkdaşlarından
Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva və Hacı Siracəddinin
Nizami Gəncəvinin həyatı və
yaradıcılığının aktual problemlərinə həsr
olunmuş doktorluq dissertasiyalarının müzakirəyə
çıxarılacağı da gözlənilən
mühüm yeniliklərdən biri ola biləcəkdir.
Böyük
Azərbaycan şairi Nizami Gəncəvi haqqında qəbul
edilmiş Prezident Sərəncamı yeni nəsillərdə
milli iftixar, azərbaycançılıq, vətənpərvərlik
duyğuları aşılamaq, milli-mənəvi
özünüdərk proseslərini daha geniş şəkildə
təbliğ etmək üçün də
qarşımızda yeni perspektivlər açır. Bu istiqamətdə
ümumtəhsil məktəblərindən başlamış
elm və mədəniyyət müəssisələrinə qədər
hər yerdə, kütləvi informasiya vasitələrində
düşünülmüş təbliğat işləri
aparmaq hər bir ziyalının borcudur.
Prezident
İlham Əliyevin 2021-ci ilin "Nizami ili" elan olunması
haqqında Sərəncamı Nizami Gəncəvi kimi dünya
miqyaslı qüdrətli sənətkara yenidən
qayıdış üçün Azərbaycan
ziyalılarını səfərbər olmağa
çağırır.
05.01.2021
İsa
HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər
Akademiyasının Birinci vitse-prezidenti, Milli Məclisin
deputatı, akademik
525-ci qəzet.- 2021.- 7 yanvar. S. 9.