"Murov aslanı" mayor Rzayevin şanlı şəhadət yolu

 

Mayor Rzayev İlkin Cəfər oğlu 1984-cü ildə Şərur rayonu Ələkli kəndində anadan olub. O, orta təhsilini 1990-1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995-2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb.

İlkinin uşaq vaxtından hərbiyə və Vətənə sevgisi çox böyük olub. 1993-cü illərdə onun atası, əmisi I Qarabağ müharibəsində könüllü fəal iştirak ediblər. İlkin hələ kiçik ikən onun atasının Vətən haqqında dediyi sözlər daim qulağında cingildəmiş və içində hərbiyə qarşı sevgi oyatmışdır. Bu sevgi ilə də o, hərbi məktəbə sənəd vermişdir. Hətta o, hərbi məktəbə sənəd verən il sağlamlığının yaratdığı problemə görə qəbul ola bilmir, lakin içindəki böyük şövq buna mane olur. O, bir il sonra, 2002-ci ildə yenidən sənəd verir və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2006-cı ildə hərbi məktəbi bitirərək leytenant rütbəsi alır. 2006-2007-ci ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabitlik kursu keçir.

2009-cu ildə baş leytenant, 2013-cü ildə kapitan, 2017-ci ildə isə mayor rütbəsinə yüksəlir. İ.Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənib. Sağ ikən aldığı 6 medal bunun göstəricisidir. "Silahlı Qüvvələrin yaranmasının 90 illiyi" medalı, "Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli" medalı, "Qüsursuz xidmətə görə 3-cü dərəcəli" medalı, "Silahlı Qüvvələrin yaranmasının 95 illiyi" medalı, "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medalı kimi nailiyyətləri onun necə zabit olduğunu göstərir. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub.

Xidməti zamanı daim çətin mövqelərdə olar və işini sevərək edərdi. İlkin üçün qorxu deyilən bir hiss yox idi. Silah yoldaşları, əsgərləri ilə hər zaman qardaş kimi olub. Hətta 2016-cı il Aprel döyüşləri zamanı məzuniyyətdə olsa da, döyüş yoldaşının şəhid olması xəbərini eşitdikdən sonra yenidən cəbhəyə yollanıb.

Şəhidimiz hər yerdə "Murov aslanı" deyə anılır. Yoldaşı Zeynəb xanım onun tarixçəsini belə danışır: "Aprel döyüşləri zamanı şəhid olan Elnur Əliyev onun yaxın silah yoldaşlarından idi. Bir dəfə onunla danışanda eşitdim ki, İlkinə "Murov aslanı" dedi. Soruşdum ki, İlkin, sənə niyə belə ad qoyublar? Gülümsündü və bu adın tarixçəsini danışdı: "Bir gün Murovda olanda qarşıma məqsəd qoydum ki, tabeliyimdə olan əsgərlərlə bu gecə ermənilərin olduğu istiqamətə gedib qum torbalarını doldurub ora tikəcəm və ermənilər qorxub geriyə çəkiləcək". İlkin, həqiqətən də, qorxmadan dediyinə əməl edib. Gecə ilə həmin əraziyə gedib orada səngər qazıb və qum torbaları qoyublar. Səhəri gün belə bir mənzərə ilə qarşılaşan düşmən qorxusundan geri çəkilmək məcburiyyətində qalıb. Silah yoldaşları ondan "Ay İlkin, heç qorxmadınmı bu hərəkəti edəndə?" - deyə soruşublar. İlkin isə "Əgər aslan sürüyə hücum etmək istəyirsə, çobanın ona nə edəcəyi aslan üçün önəmli deyil" deyib. Bu vaxtdan sonra ona həmişə "Murov aslanı" deyiblər. Komandirlərinin bu cür cəsurluğu və qorxmazlığı əsgərlərinə də həmişə dayaq olub.

Sanki İlkinin taleyi Murovda yazılıbmış. Onun təyinatı veriləndə ailəsi dədə-baba yurdu olan Naxçıvanı seçməyini istəyib. O isə bunu qəbul etməyib, Murovu seçib. Ailəsinin təkidinə qarşı cavabı belə olub: "Biz zabitlərin ayaq basdığı hər yer Vətənimizin torpağıdır. Fərqi yoxdur hara olur olsun". İlkinin işinə sevgisi onun ailəsinə olan sevgisindən belə ötədə imiş. Hətta övladı dünyaya gələndə bir neçə kəşfiyyatçı döyüş yoldaşının şəhid olduğuna görə evinə gəlib şadlıq keçirməyib. Komandiri İlkinə "Bəlkə, qızın olub deyə getmirsən evə?" deyib, İlkin isə "Xeyr, komandir, oğlum dünyaya gəlib, lakin indiki halda mən buranı tərk edə bilmərəm" deyib. Və oğlunu üç aydan sonra məzuniyyətdə görüb.

İlkin övladlarını da özü kimi vətənpərvər ruhda böyüdürmüş. Evdə övladlarına nağıl danışanda belə daim qəhrəmanlıqla bağlı nağıllar danışarmış, özünün və döyüş yoldaşlarının başına gələnləri nağıl formasında onlara söyləyərmiş. Qızının 1-ci sinfə hazırlıq qrupuna qeydiyyatını da özü etmişdi, çox sevinirdi onun məktəbə gedəcəyinə görə. Qızı Nur bir dəfə onun yaxasındakı, Ulu öndər Heydər Əliyevin şəkli olan sancaqdan istəyir. Söz verir ki, sən məktəbə gedəndə sənə də alacağam. Və elə qızına son aldığı hədiyyə də həmin yaxa sancağı olur.

İlkin son dəfə sentyabrın 27-si evdə olub, ailəsi ilə halallaşmaq üçün gəlib. O, evdən çıxanda həyat yoldaşına "Mənə bir şey olsa, dik dur. Biz zabitlər bu günü illərlə gözləmişik. Və bu gün artıq gəlib çatıb" - demişdi. Onun bir şüarı var imiş, daim deyirmiş ki, "İnsan anasının, atasının qatilini bəlkə unudar, ancaq şərəf və ləyaqətinin qatilini əsla unuda bilməz". Unutmadı da, bunu özünə amal etdi. Mənfur düşməndən qisasını aldı. Noyabrın 8-də həyat yoldaşının ad günündə evə qayıdacağını, qayıda bilməsə də, ona hədiyyə yollayacağını demişdi. Yoldaşı Zeynəb xanım deyir ki, noyabrın 8-i o, mənə həqiqətən hədiyyə verdi, Qələbəni mənə hədiyyə etdi.

İlkin müharibə başlanandan Murovdağ uğrunda döyüşlərə girir. Onun başçılığı altında hərbçilərimizin əks-hücumu nəticəsində Murovdağ işğaldan azad edilir. Hərbi hissənin döyüş hazırlığına rəhbərlik edən İlkin həmin döyüşlər əsnasında özünə tapşırılan istiqamətdə vəziyyəti tam ələ alıb, qəhrəmancasına vuruşur. Digər istiqamətdə də qızğın döyüşlərin getdiyi vaxtda İlkindən 2-3 km məsafə uzaqlıqda döyüşən əsgərlərinin mühasirəyə düşəcəyini, pis vəziyyətdə olduqlarını müşahidə məntəqəsindən görür. Və öz postunu təhvil verdikdən sonra silahını götürüb təkbaşına həmin yerə köməyə gedir. Bunu onun döyüş yoldaşları danışır. Hələ də bu günə kimi onların olduğu hərbi hissədə mayor Rzayevin igidliyindən və dediyi sözlərdən ağızdolusu danışılır. Əsgərləri deyirlər ki, o, bizim yanımıza yetişəndə zabit heyətindən heç kimin sağ qalmadığını gördü. "Mən bu postu ya özümüzdə saxlayacam, ya da elə burdaca qanımı tökəcəm. Amma sizin birinizi də düşmən gülləsinə qurban verməyəcəm" -deyir. Və silahına sarılaraq çoxsayda düşmən qüvvəsini məhv edir, 30-40 nəfərdən ibarət şəxsi heyəti isə xilas edir. Mayor Rzayevin döyüş bacarığından təlaşa düşən düşmən snayperçiləri həmin mövqeni dayanmadan atəşə tuturlar və sonda bir mərmi İlkinin boğazına tuş gəlir. Baş verən güclü qanaxmaya baxmayaraq, özündə güc toplayaraq yanına yetişən döyüş yoldaşlarına "Övladlarımdan muğayət olun. Komandanlıq üzrümü qəbul etsin. Döyüş tapşırığını sona kimi yerinə yetirə bilmədim... Vətən bağışlasın..." - deyərək şəhid kimi əbədiyyətə qovuşur. Onun şəhid olduğu yer sıldırımlar və çətin relyef olduğuna görə cənazəsini götürmək də asan olmur. Hətta onu götürməyə cəhd edən bir döyüş yoldaşı da snayperlə qolundan vurulur... Oktyabrın 2-də şəhidlik məqamına ucalsa da, üzərinə yağan qar altında qalır, sonra onu tapmaq mümkün olmur. Beləcə, 75 gün Murovun bəyaz qarına sarılıb uyuyur.

İlkin bir çox yerlərdə xidmət etmişdi, ancaq ən çox Murovu sevirdi. Tanrının ona yazdığı alın yazısına da Murovdağda yekun vurdu... Dekabr ayının 18-də II Şəhidlər Xiyabanında dəfn edilən "Murov Aslanı" mayor İlkin Rzayevdən vətənə əmanət iki balası - qızı Nur və oğlu Əli qaldı. Bir də onun öz canı və qanı bahasına yazdığı tarix!

İlkin ər meydanında, döyüş meydanında mərdliyi, igidliyi, qorxmazlığı ilə  çiynində daşıdığı ay-ulduzun haqqını verdi. Ömür yoldaşı Zeynəb xanım da onun dəfnində verilən bayrağı başına örpək bilib, şəhidinin ay və ulduzunu yenidən göylərə qaldırdı.

 

Məleykə MİRZƏLİ

525-ci qəzet.- 2021.- 7 yanvar. S. 15.