Möhtəşəm ənənəyə qürurlu qayıdış

 

"Vaqif poeziya günlərinin bərpası Şuşanın haqqını və Qarabağın müqəddəs mənəvi havasını özünə qaytarmaqdır"

 

Bu günlərdə Prezident İlham Əliyev Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən son dərəcə mühüm bir fikir səsləndirdi ki, Şuşa Azərbaycanın, eləcə də regionumuzun mədəniyyət mərkəzidir.

 Dövlət başçısı bir zamanlar Şuşada keçirilmiş "Xarı bülbül" Festivalı və Vaqif Poeziya Günlərinə xüsusi toxundu və bildirdi ki, hər iki mədəniyyət bayramı yenidən keçirilməlidir: "Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif Poeziya Günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif Poeziya Günlərində olmuşam. Vaqifin məqbərəsinin açılışında olmuşam, o qarlı-şaxtalı havada. İndi Vaqifin məqbərəsini görəndə adamın ürəyi ağrıyır... İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir - "Xarı bülbül" Festivalı və Vaqif Poeziya Günləri".

Azərbaycan tarixində məhz Ümummilli lider Heydər Əliyevin adıyla bağlı möhtəşəm tədbirlər sırasında Vaqif Poeziya Günlərinin ayrıca yeri var. Ulu öndər hələ 1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdi. Onun göstərişi ilə məzar tapılmış və Heydər Əliyev heç də yaxşı vəziyyətdə olmayan məzarı ziyarət etmişdi. O, nitqlərinin birində "bu məzarın Vaqifə layiq olmadığını" deyib. Məhz Ulu öndərin göstərişi ilə Vaqifin məzarı abadlaşdırıldı, 1980-81-ci illərdə orada abidə və türbə ucaldıldı. 1982-ci il yanvarın 14-də H.Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. Çox ağrılı haldır ki, 1992-ci il mayın 8-də Şuşa şəhəri erməni vandalları tərəfindən işğal olunandan sonra məqbərə dağıdılıb, yalnız uçuq-sökük divarları qalıb.

M.P.Vaqifin muzey məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılıb. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə şairin məzarı üstündə inşa edilmişdi. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid olan 80-ə yaxın eksponat da sərgilənirdi.

1982-ci ildə H.Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, Şuşa Poeziya Evinin də açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etmişdi. Rəsmi məlumatlara əsasən öyrənirik ki, həmin il iyulun 29-da keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev, onun həyat yoldaşı - Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Zərifə xanım Əliyeva və oğlu - Azərbaycanın indiki Prezidenti İlham Əliyev, eləcə də respublika rəhbərliyində təmsil olunan Həsən Həsənov, Ziya Yusifzadə, həmçinin, mədəniyyət və elm xadimlərinin böyük bir qrupu poeziya bayramının açılışında olublar. Həmin tarixdən etibarən hər il yayda Şuşada Vaqif Poeziya Günləri keçirilib. Həmin tədbir Qazaxda başlanır, Şuşada yüksək səviyyədə tamamlanırdı. Lakin Şuşanın işğalından sonra bu tədbir də Qarabağımızla əlaqədar bir çox gözəl ənənələr kimi yarımçıq qalır. 

"Şuşanı qar gördüm..."

Şuşada keçirilən bu ənənəvi poeziya bayramı o günlərin şahidi ziyalılarımız, şairlərimiz tərəfindən də unudulmur. Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, publisist Rəşad Məcid uzun illərdən bəri işğal altında olan torpaqlarımız, xüsusən Şuşa haqqında danışarkən Vaqif Poeziya Günlərindən də söz açıb. Bu dəfə isə o, Şuşa və Vaqif Poeziya Günləri haqda söhbətimizdə bunları dedi: "Mən ilk şeirimi 1979-cu ildə yazmışam, "Cıdır düzü" adlanırdı. Cıdır düzünün insan ruhuna təsirini, onu qanadlandırmasını, sirrini, mübhəmliyini ta uşaqlığımdan hiss eləmişəm və o şeirdə də çalışmışam, bunları əks etdirim. Sonra da ümumiyyətlə, Şuşayla bağlı yazılarımda, çıxışlarımda da oranı xatırlayıram, Anar müəllimin məşhur əsərində Şuşayla bağlı fikirlərini tez-tez sitat gətirirəm. Anar müəllim yazır: "Özüm də bilmirəm, Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrəbam burda yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı, bütün ömrümü burda keçirərdim və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar". 1982-ci il qarlı qış günündə Vaqifin məqbərəsinin açılışı o vaxtkı nəslin, görənlərin yadındadır, sonrakı nəsil isə bu görüntüləri televiziya ekranlarından tanıyırlar.

 Təsadüfi deyil ki, 1982-ci ildə Ümummilli lider Heydər Əliyev Vaqifin məqbərəsinin açılışını etdi, ondan 35 il sonra - 2017-ci ildə isə cənab Prezident İlham Əliyev Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsilə bağlı Sərəncam imzaladı. Bu tədbirlər təkcə Azərbaycanda deyil, Türkiyədə və başqa ölkələrdə də keçirildi. Bəzilərində mən də iştirak etdim. Bu hadisələrin böyük mənası vardı. Bu günlərdə cənab Prezidentin Şuşa, Vaqif Poeziya Günləri haqqında dediyi fikirlər, 1982-ci ilin qışında məqbərənin açılışında, yayında isə Vaqif Poeziya Günlərində iştirak etməsini xatırlaması çox parlaq bir məqamdır, keçmişimizə, Qarabağa, Şuşaya mənəvi bağlılığın böyük göstəricisidir. Eləcə də cənab Prezident yeni Mədəniyyət nazirimizə Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyini bildirdi. Ümumiyyətlə, 44 günlük Vətən müharibəmizdə də Ali Baş Komandanımız bir neçə dəfə Şuşa haqqında fikirlərini açıq şəkildə bəyan edərək demişdi ki, düşmənlər "bizim müqəddəs şəhərimizi murdarlayırlar". Onun "Şuşasız bizim işimiz yarımçıq olar" fikri bütün Azərbaycan xalqını təsirləndirmişdi. Şuşa haqqında danışarkən, görünür, cənab Prezidentə məhz öz aydın milli və insani yaddaşı, Şuşayla bağlı gözəl xatirələri də ciddi təsir göstərir. Dövlət başçısı ta gəncliyində atasının - Ümummilli lider Heydər Əiyevin də Şuşaya, Cıdır düzünə olan yüksək münasibətini görüb, genetik olaraq o sevgini öz içində yaşadıb. İnanıram ki, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi Vaqif Poeziya Günlərinin beynəlxalq səviyyədə keçirilməsi naminə layiqli işlər görəcək. Yəqin ki, xaricdən çoxlu qonaqlarımız olacaq və biz Şuşada ənənəvi Vaqif Poeziya günlərinin uğurlu davamını keçirəcəyik.

1985-1986-cı illərdə, gənc yaşlarımda mən dinləyici kimi qatılmışdım həmin poeziya günlərinə. Yadımdadır ki, o vaxt Yusif və Vaqif Səmədoğlular, Məmməd İsmayıl, Zakir Fəxri və digər tanınmış ədiblərimiz orada iştirak edirdilər. Ənənəvi olaraq Vaqifin məqbərəsindən sonra İsa bulağında məclis təşkil olunurdu. Orda Bakıdan və Xankəndidən gedən erməni şairləri də iştirak edirdilər. Ən çox yadımda qalan və heç unutmadığım xatirə isə tanınmış şair-tərcüməçi Səyavuş Məmmədzadənin şeirini dinləməyim idi. İndi xəstədir Səyavuş müəllim. Allah şəfa versinona! Səyavuş Məmmədzadə, adətən, rusca yazırdı. Buna görə də onun Vaqif Poeziya Günlərində, məqbərənin qarşısında Azərbaycan dilində o şeiri deməyini indiyəcən unuda bilmirəm. Şeirin ab-havası, sirli hüznü həmişə məni Şuşanın, Cıdır düzünün sehirli aurasına qovuşdurur. 1986-cı ildən yaddaşıma ömürlük həkk olunan həmin şeir belədir:   

 

Şuşanı qar gördüm, qar gördüm,

Elimi var gördüm, var gördüm,

Səslədim ötən günləri,

Daşları kar gördüm, kar gördüm.

 

Yazıma gəl dedim, gəl dedim,

Üzümə gül dedim, gül dedim,

Haçandan sönən ocağın,

Külünə gül dedim, gül dedim.

 

Dağları dağ gördüm, dağ gördüm,

Həmişə şax gördüm, şax gördüm,

Bir bulaq aynasında

Saçımı ağ gördüm, ağ gördüm.

 

Şuşadan yol getdim, yol getdim,

Dedilər, qal, getdim, qal, getdim,

Ürəyim dilə gəldi,

Dinmədim, lal getdim, lal getdim.

 

"Xaricdəki şair və yazıçı dostlarımız da Şuşanı arzulayırlar"

R.Məcid deyib ki, həqiqətən, cənab Prezidentin tamamilə doğru qeyd etdiyi kimi, Şuşa təkcə Azərbaycanın yox, regionun mədəniyyət mərkəzidir. Hər kəs, xüsusən, mədəniyyət, ədəbiyyat adamları çalışmalıdır ki, gələcəkdə Vaqif Poeziya Günləri məhz Şuşanın adına layiq, cənab Prezidentin arzuladığı kimi keçsin: "Xarici ölkələrdə çoxlu yazıçı, şair dostlarımız var. Onlar da Şuşa həsrətiylə yaşayır, oranı arzulayırlar. Güman edirəm ki, onları da bu poeziya günlərinə dəvət edəcəyik, gələcəklər. Keçən dəfə TÜRKSOY-un tədbirində iştirak edərkən dedim ki, TÜRKSOY hər il bir şəhəri Türk dünyasının mədəniyyət paytaxtı seçir. Təklif etdim ki, inşallah, yaxın illərin birində Türk Dünyasının mədəniyyət mərkəzi kimi Şuşanı elan etsinlər və Türk dünyasından da müxtəlif şair və yazıçılar orda keçiriləcək tədbirlərə dəvət olunsunlar".

"Vaqif Poeziya Günləri böyük şeir bayramı idi"

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Vaqifin məqbərəsinin açılışını və Vaqif Poeziya günlərini belə xatırlayır: "Ümumiyyətlə, o dövr, yəni 1960-80-ci illər, şübhəsiz, Sovet hakimiyyətinin şərtləri daxilində, Azərbaycanda bir növ intibah dövrü idi. Ona görə də bir sıra şəhərlərimizdə böyük şairlərimizin yubileyləri keçirilirdi, tarixi hadisələrimizlə bağlı filmlər çəkilir, məqbərələr ucaldılırdı. Məsələn, Nəsimi, Nizami, Babək, Dədə Qorqud haqqında filmlər çəkilmişdi. Sanki bu işlər davamı olaraq, Şuşada da Vaqifin məqbərəsi ucaldılmışdı. 1982-ci ilin qarlı qış günündə birbaşa Heydər Əliyevin rəhbərliyi altında məqbərənin açılışı oldu. Sonra da yayda Vaqif Poeziya Günləri keçirildi. Onda mən də iştirak edirdim. Böyük bir şeir bayramı idi. Azərbaycanın görkəmli şairləri həmin tədbirdə iştirak edirdilər. Yadımdadır ki, ondan əvvəl Xankəndinə getmişdik, orda da başqa bir heykəlin açılışı idi. Heydər Əliyev orda göstəriş verdi ki, adlar Azərbaycan dilində də yazılsın. Həmin il Şuşaya əsl şeir, poeziya havası gəlmişdi, Vaqifin, Üzeyirin ruhu canlanmışdı sanki. İndi də cənab Prezident özü Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edir və bu, son dərəcə düzgün və vaxtında atılmış addımdır. Eyni zamanda, Şuşanın haqqını, Qarabağın müqəddəs mənəvi havasını özünə qaytarmaqdır. Eləcə də bu, Qarabağın bizim ictimai həyatımızdakı ümumi statusunu müəyyənləşdirən məsələdir".

İşğaldan azad olunan torpaqlarımızla bərabər, illərdir erməni separatizminin mənimsəməyə çalışdığı çoxəsrlik tariximiz, mədəniyyətimiz də özümüzə qayıdır. Prezident İlham Əliyevin Şuşa və ümumən Qarabağa dair yeni göstərişləri, tapşırıqları bu qayıdışın başlanğıcı, təməlidir. Vaqif Poeziya Günlərinin bərpası təkcə ənənəyə dönüş deyil, həm də Qarabağdan, Şuşadan öncə Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışan mənfur düşmənə tutarlı, əsaslı cavabdır.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 8 yanvar. S. 9.