"Qarabağımızın işğaldan azad edildiyini görsəm..."
Elmira xanım elmdə
və ictimai həyatdakı bütün
uğurlarını Bakı
şəhərində qazansa
da, canı, qanı, varlığı
ilə Qarabağa bağlı olaraq qalırdı. Deyirdi ki, Qarabağ
torpaqları dünyanın
möhtəşəm gözəlliklərinə
malikdir, qarabağlı
olmağın fəxarətini
bizə uca Yaradan bəxş edib.
... Ötən il
redaksiyamıza gəlmişdi.
Danışdı ki, müstəqil
Azərbaycanın 1919-cu ildə
əksinqilab ilə mübarizə təşkilatının
rəis müavini, parlament üzvü olmuş, Şuşada doğulmuş Mir Fəttah
Musəvi onun dayısıdır. Dayısının
adını Bakıda
65 il mərkəzi
küçələridən biri daşıyırdı.
1992-ci ildə o vaxtki hakimiyyət, Azərbaycanın istiqlaliyyətinin
keşiyində duran və 28 yaşında şəhid olan Müsəvinin adını
küçənin üzərindən
götürmüşdü. Və küçənin adını
bərpa etməyə
çalışır. Yeri gəlmişkən,
mən onu tanıdığım otuz
ildən çox müddətdə özünə
aid olan hansısa məsələyə görə
kiməsə müraciət
etdiyini eşitməmişdim.
Amma ədalətin bərpası,
haqqın qorunması üçün öz ziyalı mövqeyini daim və qətiyyətlə
ortaya qoyurdu.
Redaksiyamızda olanda demişdi:
"Mənim anam şuşalı, atam cəbrayıllı olub. Mən də Qarabağda anadan olub, uşaqlıq
illərimi orada keçirmişəm. İndi həmin
torpaqlarımız düşmən
tapdağındadır. Prezidentimiz İlham Əliyevin qətiyyəti sübut edir ki, Azərbaycan
dövləti həmin
torpaqları mütləq
azad edəcək.
Mən həmin günü görəcəyimə ümid
edirəm. Şuşamı və Cəbrayılı,
bütün Qarabağımızın
azad edildiyini görsəm, xoşbəxt
insan kimi dünyamı dəyişərəm".
Tanrı
Elmira xanıma anadan olduğu Füzulinin, ana-atasının vətəni
olan Şuşanın
və Cəbrayılın,
bütün Qarabağın
erməni əsarətindən
azad edilməsini görmək imkanı da verdi,
yağı düşmən
üzərindəki şanlı
Qələbəmizin sevincini
yaşamaq imkanı da. Elmira xanım
10 noyabr Zəfər Gününü gördü,
verdiyi vədə əməl etdi və 4 gün sonra xoşbəxtcəsinə
dünyasını dəyişdi.
Allah rəhmət eləsin!
Söhbət iqtisad elmləri doktoru, professor, "Mənəvi
tərəqqi" Qadın
İctimai Birliyinin sədri, tanınmış
ziyalı və ictimai xadim kimi
nüfuz qazanan Elmira Novruz qızı Hüseynovadan gedir. Elmira xanım mənim hələ milli azadlıq hərəkatı
dövründən tanıdığım
Politexnik Universitetin dosenti Arif Abasovun
xanımı idi.
Mərhum Arif müəllimlə
dəfələrlə səfərlərdə
olmuş, onun Xocalı yanğılı
hisslərini həm qəzet səhifələrində,
həm də 90-cı
illərin əvvəllərində
çalışdığım Dövlət radiosunun efirində çox işıqlandırmışdım. Elmira xanımı da həmin günlərdən
tanıyırdım. Azərbaycan Dövlət
Memarlıq və İnşaat Universitetinin pedaqoqu, professor olmaqla yanaşı, evdə möhtəşəm bir sadəliyi, səmimiyyəti,
qonaq qarşılamaq məharəti də var idi.
Yadımdadır, 90-cı illərin sonlarında mənim məqaləm rəhmətlik Arif müəllimin çox xoşuna gəldiyinə görə bizim redaksiyanın üzvlərinə
restoranda qonaqlıq vermək istədiyini söyləmişdi. O zaman baş redaktorun müavini Mahir Nəbili razılaşmadı,
dedi ki, müəllimi xərcə
salmaq olmaz. Arif müəllim söylədi
ki, onda həyat yoldaşım evimizdə çay süfrəsi açar.
Razılaşdıq və onlara
qonaq getdik. Evlərində elə bir süfrə açıldı ki... Mənimlə birlikdə oraya
gedən əməkdaşlarımızın
hamısı o məclisi
illərlə xatırladılar.
Həmin məclisdə Arif
müəllimin ziyalı
dostlarının əyləşməsi
mərhumun böyüklüyündən
- bizə verdiyi qiymətin miqyasından xəbər verirdi.
Süfrənin Qarabağın ən elit məclisləri səviyyəsində olması
Elmira xanımın Azərbaycan
xanımı kimi nümayiş etdirdiyi səviyyənin göstəricisi
idi. Mən Qarabağ mətbəxinin
zənginliyinə, qarabağlıların
yüksək süfrə
mədəniyyətinə yaxşı
bələdəm. Amma Elmira xanımın
açdığı həmin
süfrə tamamilə
ayrı aləm idi.
1988-ci ildə Elmira xanım
"Mənəvi tərəqqi"
Qadın İctimai Birliyini yaratdı. Birlik fəaliyyətində
Elmira Hüseynova özünəməxsus
uğurlara imza atmışdı. Əsas
məqsədi cəmiyyətin
mənəvi tərəqqisinə kömək
etməkdən ibarət
idi. Bu birlik
insan amili səmərəliliyinin yüksəldilməsini
elmi tərəqqi və dini dəyərlərin
vəhdətində, yüksək
əxlaqi keyfiyyətlərin
gündəlik həyat
normasına çevrilməsində,
Şərq və Qərb mədəniyyətlərinin
ən mütərəqqi
cizgilərinə sahib olmaqda,
təmənnasızlıqda və imanda görürdü. Birliyin "İslam
mənəviyyatı və
ailə", "Analar
günəşdən, aydan
qəlbidir", "Vətəni
sevmək imandandır"
və başqa mövzularda keçirdiyi seminarlar, elmi-praktiki konfranslar məhz mənəvi tərəqqiyə,
əxlaqın saflaşdırılmasına
və imanın kamilləşdirilməsinə xidmət
edirdi. Həmin tədbirlərin bir çoxu barədə qəzetlərdə
xəbər vermişdik.
Bəli,
o, həqiqətən iman
adamı idi.
Yadımdadır, 1995-ci ildə Pekində keçirilən IV Ümumdünya
Qadınlar konfransına
hazırlıq dövründə
Elmira xanım sözün
həqiqi mənasında
milli təəssübkeşlik
nümayiş etdirərək,
nümunəvi bir fəallıq ortaya qoymuşdu.
... 2020-ci
il tarixi
qələbəmizlə yaddaşlara
yazıldı. İtkilərimiz
də çox oldu... Noyabr ayında eşitdim
ki, Qarabağın ziyalılarından olan
Elmira xanım da dünyasını dəyişib.
O, həm Novruz bayramlarında, həm də təqvim ilinin dəyişdiyi dekabrın son günlərində
mənə zəng edər, "Oğlum, sən həmişə bizim zəhmətimizi çəkirsən. Mən sənin
ailəni, uşaqlarını
təbrik edirəm!"
- deyərdi. Açığı, qədirbilən insanlardan həmin təbrikləri gözləyirdim.
Bu il isə
Elmira xanım zəng
etməyəcək. Çünki cənnətdən bu tərəfə zəng eləmək olmur.
Allah rəhmət eləsin!
İttifaq MİRZƏBƏYLİ, Əməkdar
journalist
525-ci qəzet.- 2021.- 8 yanvar. S. 17.