"Bir sevdiyinin o biri
sevdiyini əlindən almasına izn vermə"
GƏNC
AKTRİSA VƏ YAZAR GÜLAY HÜSEYNOVA:
"CƏMİYYƏTİMİZƏ
"FEMİNİZM"' SÖZÜNDƏN QORXMAYAN
KOMPLEKSSİZ KİŞİLƏR VƏ HÜQUQLARINI BİLƏN,
SAVADLI QADINLAR LAZIMDIR Kİ, ALİCƏNAB NƏSİL
YETİŞSİN"
Planetin
əhalisinin ən azından yarısını qadınlar təşkil
etdiyindən onun potensialının yarısı da elə
qadın deməkdir. Buna görə də, gender bərabərsizliyini
sosial inkişafda durğunluq yaradan əsas faktor hesab etmək olar.
Bu gün Azərbaycan
qanunları ilə qadınlar və kişilər bərabərhüquqlu
olsalar da, bir çox ailələr qadınlara qarşı həddən artıq mühafizəkar mövqe tutur, özünü inkişaf
etdirmək, potensialını
reallaşdırmaq kimi
vacib məsələlərdə
gənc qızların
qarşısında süni
əngəllər yaradırlar. Bir sıra
sənət və peşə sahələri
var ki, qadınların,
qızların həmin
sahələrdə çalışması
bu və ya digər səbəblərdən
ailələri tərəfindən
uyğun hesab olunmur, onların ixtisas seçiminə müəyyən məhdudiyyətlər
qoyulur. İllərdir, qız uşağı
üçün ən
yaxşı sənət
müəllimlikdir düşüncəsində
olan valideynlər, bəlkə də, neçə-neçə aktrisanın,
mühəndisin, iqtisadçının,
hüquqşünasın, idmançının
yolunu kəsir, onların hansı sahəyə daha uyğun olmalarına, daxili potensiallarına məhəl qoymurlar.
Azərbaycanda bu kimi sosial
problemlərin aradan qaldırılması, insanların
bərabər şəkildə,
azad formada istədikləri peşə
və ixtisaslara yiyələnə bilmələri
istiqamətində bir
çox sosial tədbirlər həyata keçirilir. Buna baxmayaraq,
ailələr tərəfindən
qız uşaqlarına
qarşı yaradılan
süni maneələri
aşmaq əslində,
bu uşaqların, gənclərin həyata güclü mübarizə
əzmi ilə başlamalarına səbəb
olur.
Müsahibimiz, gənc yazıçı,
aktrisa Gülay Hüseynova öz həyatında, çalışmaq
istədiyi sənət
uğrunda bu mübarizə yolundan keçmiş insanlardandır. Gülay xanımın
aktrisa olmaq yolunda verdiyi mücadilə əslində,
bir çox qızlarımız üçün
həm örnək, həm də motivasiya qaynağıdır.
Onun türk dilində yazdığı
romantik komediya janrındakı "P.S.Zaten
boyun da küçüktü..." kitabı
qısa vaxtda Azərbaycanda satış
rekordu qazandı və elə ilk kitabı ilə "Qızıl qələm"
mükafatına layiq görüldü. O, həm
Azərbaycanda, həm
də Türkiyədə
bir sıra rollarda oynayıb, bundan əlavə, ssenarist kimi də fəaliyyət göstərib. Bax, öz potensialını
üzə çıxarmaq,
üzləşdiyin əngəllərə
rəğmən, onu bütün enerjinlə ortaya qoymağı bacarmaq əzmi budur.
Öz həyat
hekayəsini özü
yazmaq cəsarətini
göstərən gənc
yazıçı, aktrisa,
ssenarist Gülay Hüseynova ilə müsahibəni təqdim edirik.
***
- Gülay xanım, sizin fəaliyyətinizi çoxdan izləyirəm.
Təxminən deyə bilərəm
ki, universitetdən radioya, radiodan müəllimliyə, oradan
aparıcılığa, daha
sonra isə aktrisalığa, yazarlığa,
ssenaristliyə qədər
uzun bir karyera yolu keçmisiniz.
Bunlar sizin üçün təbii proses idi, yoxsa
bir axtarış dövrü?
- Bu suala bir az ətraflı cavab vermək istərdim. Çünki karyeramın çoxşaxəli
olmasında həm fərdi, həm də genetik, hətta bəlkə də, psixoloji faktorlar da var.
Universiteti bitirdiyim il özəl dil kurslarında müəllimlik və tərcüməçiliklə məşğul olsam da, bunun keçici
bir müddət olduğunu bilirdim. Elə həmin vaxtlarda "Ləkə" serialı
ilə ilk ekran işi təklifini aldım. Səhərlər dərslərimi keçib
gündüzlər çəkilişə
gedirdim.
Radio fəaliyyətim universitetdaxili radiomuzda başlasa da, professional aparıcılıq karyeram,
aktrisa olaraq efirdə səsimi bəyənməməklə başladı. Qərar verdim
ki, səsimlə işləmək üçün
ən yaxşı vasitə və ən maraqlı hobbi radiodur. Çox keçmədi ki, ölkənin ən reytinqli səhər efirindən aparıcılıq
təklifi gəldi, gündəlik efirə başladım. Hər səhər
3 saat canlı veriliş aparırdım,
ordan da çəkilişlərə gedirdim.
Yazarlığa gəlincə, ixtisasca rus filologiyası üzrə təhsil aldığım üçün
yazar olmağım da təsadüfi olmadı. Yazmağa başlayandan sonra
şeir, hekayə, povest, roman, ssenari, reklam mətnləri və digər bu yönlü yaradıcı işlərin
ardı gəlir artıq.
Genetik faktor isə babamla əlaqəlidir. Babam Məmməd Kazım
da şair, yazıçı və publisist olmaqla yanaşı, zamanında Azərbaycan Dövlət Televiziyasında "Hünər"
hərbi vətənpərvərlik
redaksiyasını quraraq
uzun illər eyniadlı verilişin aparıcısı olub.
Hətta
Masallıda yaşadığı
dövrlər ərzində
rayonun radiosunda ədəbi verilişlər
hazırlayaraq radio aparıcılığı
fəaliyyəti ilə
də məşğul
olub. O, həm də zamanında "Qala" qəzetinin naşiri idi.
Babam həm insani, həm də yaradıcı yönləriylə mənim
üçün hər
zaman mükəmməl
insan portreti olduğu üçün
bəlkə də, şüuraltı olaraq, ona bənzəməyə,
onun kimi bacarıqlı və daim yenilənən olmağa çalışmışam.
Əsas sirli və sehrli
olan isə budur ki, mən
həmişə nəyəsə
qərar verəndə
önümdə o qərarıma
dair böyük fürsətlər yaranıb.
- Bilirəm ki, aktrisa olmağı çox istəmisiniz, ailədə isə bu, yaxşı qarşılanmayıb. Hədəflərin, məqsədlərin üçün
öz doğmalarına
qarşı getmək
o hədəflərə çata
bilmək hissini daha da gücləndirir,
yoxsa bu maneələr adamı yorur, getdiyi yolu daha da
çətinləşdirir?
- Həmin vaxtlar mənim 17-18 yaşım olduğu üçün
əzmimi daha çox artırırdı.
Çünki o yaşın enerjisi
ilə insan öz gücünü, potensialını təsdiqləməyə
daha çox ehtiyacı hiss edir. Zamanla isə ailəmə haqq verməyə başladım. Çünki aktyorluq qarantiyası olmayan bir məsləkdir.
3 il dayanmadan
ekranda olursansa, 5 il işsiz qala
bilirsən. Hər valideyn də
təbii olaraq, övladının gələcəyi
üçün qayğılanır.
- Bəzi şeyləri yazanda, yaxud istədiyiniz rolları oynamaq istəyəndə cəmiyyətin basqısı,
qınaq, ayıb anlayışları, süni
maneələr ilə
qarşı-qarşıya qaldığınızı
hiss edirsiniz, yoxsa yazanda da, oynayanda
da sərhədlərinizi
özünüz müəyyənləşdirirsiniz?
- Yazanda, həqiqətən
yazmaq istədiklərimi,
oynayanda da oynamaq istədiklərimi seçməyə çalışıram
deyə, məcburiyyət
hiss etməmişəm heç
vaxt. Sadəcə, bəzi mövzulara
qarşı böyük
həssasiyətim var,
məsələn, uşaqlar.
Yəqin
ki, bir milyonluq
təklif də gəlsə, uşaq qatili rolunu oynamaram.
- Siz Azərbaycan
cəmiyyətindən çıxan,
özünü reallaşdıran,
hədəflərinə çatan
ən rəngli, cəsarətli qadınlardan
birisiniz. Bu gün
yüzlərlə gənc
qızımız var ki, onlar da
öz yollarını
tapmaqda ya çətinlik çəkirlər,
ya da ailə
tərəfindən onlara
qarşı süni maneələr yaradılır.
Onları tipikləşdirib balaca bir Gülay
kimi düşünsək,
o balaca qızcığaza
indiki Gülay nə deyərdi, nə demək istəyərdi?
- Bir əlinlə ailəndən, o biri əlinlə də sevdiyin işdən bərk-bərk yapış
və bu sevgi balansını daima qoru. Bir sevdiyinin
o biri sevdiyini əlindən almasına əsla izn vermə.
Tam xoşbəxtlik üçün ikisini də sevgiylə qucaqlamaq lazımdır.
- Sizinlə söhbətimizin
əsasında gender bərabərliyi
məsələsinin önəmi
dayanır. Gənc qızlarımızın sizi, sizin kimi
mübariz qadınları
görərək böyüməsi
həqiqətən vacibdir.
Çünki onların hər
birinin hədəfləri,
arzuları olmalı, qorxub öz içlərinə qaçıb
orda gizlənmədən,
özlərini reallaşdıra
bilməlidirlər. Eynən sizin
kimi. Sonda, elə bu məsələ ilə bağlı fikrinizi almaq istəyirəm.
Cəmiyyətdə bərabərliyi təmin etmək üçün ən təməl addımlar haradan başlamalıdır
və sizcə, onlar hansı addımlar olmalıdır?
- Əvvəla, haqqımda
dediyiniz xoş sözlərə gərə
təşəkkür edirəm,
şərəf duydum. O ki qaldı sualınıza, nəzərə alsaq ki, övlad tərbiyəsində ən
mühüm rol anadadır, ilkin vəzifə yenə anaların üzərinə
düşür, daha sonra isə məktəblərin. Cəmiyyətimizə "feminizm"' sözündən
qorxmayan, özgüvənli,
komplekssiz kişilər
və hüquqlarını
bilən, qoruyan, savadlı qadınlar, analar lazımdır ki, alicənab bir nəsil yetişsin. Xanımlar və bəylər,
əvvəlcə özünüzə,
sonra da bir-birinizə yaxşı-yaxşı
baxın.
Gülay HÜSEYNOVA
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.-
8 yanvar. S. 18.