Zəfər
Yolumuzun zamana örnək yürüşləri
İnsanın
həyatında olduğu kimi, xalqın da həyatında
dözümün sonu olur. Azərbaycan xalqı yağı
düşmənin torpaqlarımızı işğal
faktına otuz il dözdü.
Dünyanın
bir sıra "demokratik" və rəsmi təşkilatlarının
Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından
çıxarılması ilə bağlı qərarları
mənasız kağız parçası olaraq qaldı.
Münaqişənin yalnız siyasi yolla həllini ortaya qoyub
problemi qəsdən uzatdılar. "Problemin müharibə
yolu yoxdur!" "bəyanatları" ilə Ermənistanın
daha çox vaxt qazanmasını, işğal etdiyi Qarabağ
torpaqlarında hərbi cəhətdən güclənməsini,
şəhərlərimizi, kəndlərimizi viran
qoymasını təmin etdilər. Lakin reallıq göstərdi
ki, bu problemin siyasi həlli əslində, mümkün deyil.
Ümummilli liderimiz Heydər Əliyevin bir zaman
razılaşdığı atəşkəs rejimi bizim
üçün öz bəhrəsini verdi. 2003-cü ildən
Prezident seçilən İlham Əliyev idarəçiliyinin
on yeddi ilində xalqla, qaçqın və
köçkünlərlə hər görüşəndə
güclü bir inamla torpaqlarımızı düşməndən
mütləq azad edəcəyi
vədi verirdi. Və onun belə anlarda bir cümləsi,
yəqin ki, hamının yaxşı yadındadır: "Biz
işğal altında olan torpaqlarımızı mütləq
düşməndən azad edəcəyik. Əgər bu
problem siyasi yolla həll olunmasa, biz özümüzün
haqlı tələbimizi başqa yolla həll edəcəyik".
O zaman hər kəs anlayırdı ki, bu cümlədəki
"başqa yol" müharibə yolu demək idi. Lakin etiraf
edək ki, birinci Qarabağ döyüşlərindəki
müharibə məğlubiyyəti bizim çox şeyə
və həm də müharibə yoluna inamımızı
sarsıtmışdı.
Prezident
İlham Əliyev Tanrının bizə bəxş etdiyi elə
bir rəhbər, elə bir Ali Baş Komandan oldu ki, nəyi nə
zaman etməyi yaxşı bilirdi. Və onun 44 günlük Vətən
müharibəsi günlərində ordumuzun hər qələbəsini
elan etdiyi anlarda dediyi "Mən özüm bilirdim, nəyi nə
zaman etmək lazımdır" cümləsi də zəfərimizin
tarixinə qızıl hərflərlə yazıldı. Zaman
gəldi və Ali Baş Komandan tamamilə qudurmuş
düşmənə qarşı hücum əmrini verdi. Bu an
Prezidentin, Ali Baş Komandanın, ordumuzun "birinci əsgərinin"
( Mir Şahin) torpaqlarımızı müharibə yolu ilə
azad etməyin çatan zamanı idi. Vətən müharibəsi
başladı. Ordumuz qəvi düşməni "iti
qovan" kimi qovmağa başladı. Bu, təkcə
işğalçıya deyil, həm də onun havadarlarına
qarşı və həm də dünyada görünməmiş
- ən yeni texnalogiyalar vasitəsilə aparılan müharibə
idi. Vətən müharibəsinin lap ilk günündən
qazanılan zəfər yürüşü
dostlarımızı heyran qoydu, düşmənlərimizi
sarsıtdı. Cəmi iki gün keçmiş
dünyanın aparıcı media qurumları mütləq
Böyük Qələbə ilə nəticələnəcəyi
artıq göz önündə olan bu müharibənin "birinci əsgərini"
müsahibələrə cəlb etdilər. Ali Baş Komandan
Vətən müharibəsinin 3-cü günündə ilk
müsahibəsini, 43-cü günündə isə müharibəyə
dair son müsahibəsini verib.
Əlbəttə,
bu müsahibələr ölkəmizin bütün media
sistemində elə anındaca öz təhlillərini,
interpretasiyalarını tapdı. Və bu müsahibələrin
hər biri Azərbaycanın haqq səsini dünyaya
çatdırmaqla yanaşı, xalqımızı, Liderimizi,
ordumuzu daha sıx, bəlkə tarixin heç zaman
şahid olmadığı
şəkildə birləşdirdi. Prezidentin, Ali Baş
Komandanın otuza yaxın bu müsahibələrinin bir kitab
formatında mütləq nəşr olunacağına
hamımızda güclü bir inam vardı. Səbirsizliklə
gözlədiyimiz bu kitabı ilk olaraq "Qanun nəşriyyatı"
meydana qoydu. Həm də nəşriyyat təkcə
müsahibələri deyil, habelə Prezidentin "zəfər
çıxışları"nı, "zəfər
görüşləri"ni və "zəfər tvitləri"ni
də bu kitaba daxil etmişdir. Beləliklə, "Zəfər Yolu" adlanan 22 çap vərəqi
həcmində bu kitab Prezidentimizin, Ali Baş
Komandanımızın 44 günlük Vətən müharibəsi
dövründəki titanik fəaliyyətini bir daha yada
salır, bugünkü, sabahkı nəsillərin bu müqəddəs,
ədalətli Vətən müharibəsinin
anatomiyasını dəqiq araşdırmaq, tədqiq etmək
üçün əlçatan bir mənbə rolu
oynayır. Digər tərəfdən, əgər Qurani-Kərim
müqəddəs kitabdırsa, onda "kitab" sözü
özü də müqəddəs anlayışdır və
bütöv bir xalqın müqəddəs Qarabağ arzusunu gerçəkləşdirən
bir xalq rəhbərini dünyaya bəyan etdiyi haqq səsi də
müqəddəs kitab formatına düşməlidir.
"Zəfər
Yolu"nun redaktoru yoxdur. Və bu da çox qanunauyğun bir
faktdır. Çünki İlham Əliyevin nəinki
yazılı nitqinin, hətta şifahi nitqinin də heç
bir redaktəyə ehtiyac yoxdur. Etiraf edək ki, Prezidentin
doğma ana dili bir yana, dünyanın bir neçə
aparıcı dillərindəki danışığında
da elə bir dəqiqlik, elə bir səlislik, elə bir
aydın üslub var ki, bütün bunlara heyran qalmamaq olmur.
Ali
Baş Komandanın 44 günlük Vətən müharibəsindəki
informasiya fəaliyyəti kitabda dörd bölməyə
ayrılır və bu bölgülərin hamısı "zəfər"
leksemi ilə başlayır: "Zəfər
çıxışları", "Zəfər müsahibələri",
"zəfər görüşləri", "zəfər
tvitləri": 44 günə yaraşan bir leksik vahid!
Tanrı bizim ordumuza, xalqımıza bu 44 günün hər
anında zəfər müjdəsi yetirdi. Amma Allah nə
deyir? "Səndən hərəkət, məndən bərəkət!"
Tanrı öncə bizdən hərəkət istəyir.
Bizim Prezidentimiz Tanrının bu
çağırışına beynəlxalq tiribunalardakı
haqq səsilə, ordumuzun qüdrətini təmin etməklə,
xalqın birliyini yaratmaqla, zamana, günə uyğun informasiya
siyasəti formalaşdırmaqla, çoxlarının gözləmədiyi
kadr islahatları ilə və daha bir çox tədbirləri
ilə "hərəkət" göstərirdi. Prezidentin
"hərəkəti" (bəlkə hərəkatı),
Tanrının "bərəkəti" Vətən müharibəsinin lap ilk günlərində
özünü göstərdi. Xalqımızın heç
vaxt yaddaşından silinməyəcək millətə ilk
müraciət "Zəfər Yolu"nun da ilk səhifələrindədir. Prezident sentyabrın 27-də xalqa
müraciət edir: Ermənistanın
ölkəmizə qarşı hərbi təxribatları barədə təhlili informasiya
verir və artıq başlamış Vətən müharibəsində
bizim haqlı olduğumuzu elan edir. Ermənistanın məkrli
niyyəti, azğınlığı hətta işğal
altında olmayan Tovuz rayonunda törətdiyi təxribatın
mahiyyətini açan Ali Baş Komandanın inam dolu son
cümləsi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq
işidir. Biz zəfər çalacağıq! Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!" Prezident Vətən
müharibəsinin başlandığı ilk anda qətiyyətlə
elan edir: "Biz zəfər çalacağıq!" Bu
sözlər yurdumuzun bütün guşələrində,
birgə yaşadığımız bütün xalqların
dilində qələbəyə inam səsi kimi
çağladı. Bundan cəmi bircə həftə sonra
Prezidentin xalqa yeni müraciətinin ilk sətirləri: "Əziz həmvətənlər!
Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl
rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə
münasibətilə bütün Azərbaycan xalqını
ürəkdən təbrik edirəm!" Və bundan sonra belə
müraciətlərin müntəzəmliyi
xalqımızın qürur faktına çevrilir. Və bu
müraciətlərin birində
Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir
Putinin videokonfransda görüşü olur. Bu
görüşün nəticəsində müharibənin
bitdiyi, Ermənistanın kapitulyasiyaya uğradığı
bildirilir. Videkonfransdan sonra Prezident İlham Əliyev xalqa
müraciətlə Vətən
müharibəsinin zəfərlə bitdiyini elan edir və bu zəfərin
milli tariximizdə tutacağı yeri qürurla bildirir...
Prezident
İlham Əliyevin 44 günlük Vətən müharibəsi
dövründəki Ali Baş Komandan kimi rolu, qəhrəmanlığı
bizim gözümüzün qarşısında baş verirdi.
Amma qarşıda bir mühüm vəzifə də var idi: Azərbaycanın
haqq səsini dünyaya çatdırmaq. Maraqlı
orasıdır ki, elə dünya özü də İlham
Əliyevi əyilməz bir rəhbər, bir komandan kimi qəbul
etdi və çox müxtəlif ölkələrin media
kanalları onu müsahibələrə cəlb etdi. Prezident
onların heç də hamısının xoş niyyətli
olmadığını çox yaxşı bilirdi. Amma
heç kəsə "yox" demədi. Arxayın olduğu
güclü səbəblər vardı: Birincisi, haqqı
heç kim sındıra bilməz; ikincisi, xalqın qətiyyəti
dünyaya məlumdur; üçüncüsü, ordumuzun qələbə
əzmini heç bir xarici ideologiya sındıra bilməz;
dördüncüsü, Prezidentin savad diplomatiyası qarşısında jurnalistin qərəzli
yanaşmaları tab gətirə bilməz və s.
Xüsusi
qeyd edək ki, Prezidentin xarici media nümayəndələrinə
müsahibələri təkcə müsahibə alan jurnalistin
ölkəsində deyil, digər ölkələrdə də
ictimai rəyə təsir edirdi. Yaxud Prezidentin, məsələn,
Rusiya informasiya vasitələrinə müsahibələri bu
ölkənin TV kanallarının ermənipərəst,
qeyri-obyektiv tok-şou iştirakçılarını qərəzsiz
olmağa vadar edirdi. RTR TV-də Azərbaycana qərəzli
münasibətilə seçilən
"60 minut" proqramına cəmi bir neçə dəqiqəlik
müsahibəsi ilə İlham Əliyev bu qərəzli
aparıcıları, ermənipərəst zatulinləri,
familiyasından "yan" ixtisar etmiş Yusinləri
(Yusinyan) seyt-nota saldı və onlar qərəzli münasibətlərini
bir az səngitdilər. Rusiyanın RTR dövlət
televiziyasının dünyaca məhşur
aparıcısı Dmitri Kselyov başdan-ayağa ideoloji
kanonlara xidmət edən "Vesti nedeli" analitik xəbərlər
proqramı üçün müharibənin 3-cü
günü müsahibə alır. Onlayn müsahibəyə həm
də Paşinyan qoşulur. Bu anda Prezident İlham Əliyevlə
savadsız, bəsirətsiz, simasız Paşinyanı
müqayisə etməyin özü də savadsızlıq
faktı olardı. Amma bircə onu deyək ki, D.Kiselyov
özü də İlham Əliyevin arqumentlərinə,
informativ bacarığına cəmi bir neçə dəqiqəlik
diplomatik manevrlərinə heyranlıqla diqqət edirdi.
Prezidentin
"Əl-Cəzirə", "TRT Haber",
"CNN-Türk", "Euronews", "CNN
İnternational", "Haber Qlobal", "Franc 24",
Yaponiyanın "Nikkei", ABŞ-ın "Foks News",
İtaliyanın RAİ-1, Almaniyanın ARD, "BBC news"
kimi transmilli TV kanallarına müsahibələrindəki
möhtəşəm diplomatik gedişləri Rusiyanın
"Perviy kanal"ına, RBK-aya TV-lərə,
"RİA-novosti", TASS, "İnterfaks" kimi informasiya
agentliklərinə bir növ obyektivlik dərsləri verdi.
Rusiyanın ORT (Pervıy kanal) televiziyasının A.Şeynin,
V.Solovyov kimi ermənilərə tam açıq şəkildə
qahmar çıxan proqram aparıcıları
jurnalistikanın beynəlxalq aləmdə təsdiq olunmuş
yaradıcılıq prinsiplərinin üstündən xətt
çəkdilər və tam qərəzli ideoloji istiqamətə
keçdilər. Lakin onlar da
sonda bizim zəfər yolumuzun zamana örnək
yürüşlərini qəbul etmək məcburiyyətində
qaldılar.
Azərbaycan
Prezidenti bir sıra müsahibələrində xarici jurnalistlərin
qərəzli suallarını xəfif ironiyalarla
qarşıladı və peşə etikasına az-çox bələd
olan həmin jurnalistlər elə efirdəcə özlərini
yığışdırdılar. Bununla da Azərbaycan
Prezidenti öz müsahibələri ilə həm də beynəlxalq
jurnalistikaya yeni bir dərs keçdi. Biz Prezidentin 44
günlük Vətən müharibəsi dövründəki
informasiya fəaliyyətini əks etdirən "Zəfər
Yolu" kitabını həm də bugünkü jurnalistikamız
üçün mükəmməl bir dərslik hesab edirik.
Nizami CƏFƏROV,
akademik
Cahangir
MƏMMƏDLİ, professor
525-ci qəzet.- 2021.-
8 yanvar. S. 19.