Əsgər
qonaqlığı
esse
Söz
vaxtına çəkər, deyiblər. Təxminən iyirmi
altı il əvvəl, ilin bu vaxtı, fəsillərdən
yenə də qış. Şəhərdən fərqli
olaraq, yalan olmasın, bəlkə də, düz dizə qədər
yerə oturan qar.
Yeridikcə
xırçıldayan qar qatı, topa-topa yağan qar dənələri,
ətrafın göz qamaşdıran ağappaq
örtüyü, bir sözlə, əsl qış
abu-havası. Əslində, hər fəslin, hər havanın
öz gözəlliyi olduğunu yaxşı bilsək də,
bunun əsl mənasını, yəqin ki, bu gün daha
yaxşı başa düşürük. Məsələn,
aylardır təmiz havaya həsrət
qaldığımızda, hətta qışın
çovğununda belə küçəni uzun-uzadı yeriməyə
razıyıq. O havanı doya-doya sinəmizə çəkməyin
həsrətindəyik. Təəssüf ki, insan ona lütf
edilən nemətlərin dəyərini yalnız onları
itirəndə və ya həsrət qalanda başa
düşür.
O
gün qarın ağ örtüyünün üstündə
yeriyən iki nəfərin isə hava qıtlığı
barədə heç bir dərdi-tasası yox idi. Bəlkə
o an onlara desəydilər ki, uzun illər sonra hava, hətta
"təmiz hava" qızıla bərabər olacaq, yəqin
ki, sadəcə gülərdilər.
Beləcə,
məmnun halda hər yeridikcə özlərindən sonra ayaq
izləri yox, sanki çalalar açırdılar. O iki nəfərdən
biri, balaca qızcığaz isə hər çalaya,
üzünə düşən hər pambıq kimi qar
topalarına təəccüb və sevinclə baxırdı.
Necə də baxmasın, axı şəhərdə bu mənzərəni
görə bilməzdi. Uzaq başı məktəb həyəti,
parkların ayaq dəyməyən hissələrində və
ya skamyalarının üstündə bir neçə
santimetrlik qar qatı olardı ki, o da bir-iki günə
azacıq hava isinən kimi əriyər, ya da uşaqlar o
"gizli" yerləri tapıb, qarın son yerə
düşən dənəsinə qədər oynayıb, ayaq
altında suya döndərərdilər.
Bu
iki nəfər el dilində desək, "əsgər
gördüsü"nə gedirdilər. O yaşda qız
üçün "əsgər
gördüsü"nün adi bir qonaqlıqdan heç bir fərqi
yox idi. Onun dərin mənasını yalnız əsgər
ailəsi bilə bilərdi. O ailə ki, övladı
sağ-salamat gələnə qədər saatlı
bombanın üstündə oturub gözləyirdi.
Çünki bilirdi ki, erməni heç vaxt dinc oturmur və
xainliyindən əl çəkmir. Odur ki, vaxt-vaxt sərhəd
ərazilərdə əsgəri xidmət edən gənclərdən
yaralanıb qazi kimi qayıdanı da olurdu, şəhidlik məqamına
ucalıb, nəşi gətiriləni də. Bunu bilən hər
əsgər ailəsi də balaları yalnız öz
ayaqları üstdə evinin qapısından girəndən
sonra, onu yenidən görə bilmək xoşbəxtliyinin
sevincini yaşayırdı.
Bir
az yeridikdən sonra köhnə dam örtüyü olan balaca,
kürsülü evə çatdılar. "Kasıb
koması" olduğu hər halından bəlli idi. Darvaza
qapısı da açıq idi. Ya əsgər qapısı
olduğu üçün, ya da sadəcə şəhərdən
fərqli olaraq rayonda çox evlərin darvaza
qapılarının axşamacan açıq
qaldığı üçün belə idi. Bu, ya
hamının bir-birinə etibarından, ya da qəfil gələ
biləcək qonağa qarşı qonaqpərvərliklərindən
irəli gəlirdi.
Bir
saat olardı ki, evin şüşəbənd hissəsində
oturmuşdular. Şüşəbəndin baş tərəfində
düzbucaqlı döş stolu və stulları var idi. Bir də
kənarda balaca soba - "odun peçi". Sobanın
yanında isə pişik xumarlanaraq
mışıl-mışıl yatır, arada balaca pəncəsilə
gözünü sanki ovxalayır, sonra yenə mürgüləyirdi.
Lap başda isə balaca tumbanın üstündə köhnə,
ağ-qara göstərən "qutu" kimi televizor var idi.
Televizorda Azərbaycan televiziya kanalında Nailə İslamzadə
özünəməxsus sakit və təmkinli səsilə
ölkədə və dünyada baş verən xəbərləri
deyirdi. Ətrafda divan-kreslo gözə dəymirdi. Bəlkə
yoxları idi?.. Bəlkə də bura sadəcə
şüşəbənd olduğu üçün içəri
otaqda idi. Həm hava çox soyuq olduğu, həm də
qızğın iş getdiyi üçün hamı bura
toplaşmışdı. Sabaha hazırlıq işləri
aparılırdı. Çünki əsgər
qonaqlığı əslində, sabah olacaqdı.
Şüşəbənddəki qadınların hərəsi
bir işlə məşğul idi. Biri dovğa bulayır,
biri sabahkı aş üçün düyü
arıtlayır, biri şirin omalar, kətələr
bişirir, biri çolpaları doğrayır, biri apar-gətir
işlərinə baxır, bir sözlə, hərə
özünə aid işlə məşğul olurdu. Təkcə
stolun baş tərəfində oturan çalsaç, yumrusifət
Məmmədiyyə dayı demək olar ki, heç nə
etmirdi. Yox-yox, əslində edirdi. O tompuş barmaqları ilə
stolun kənarına nağara cubuqları kimi döyəcləyərək
şuluq uşaqlar təki mızıldanırdı:
-
Dovğa doqqaza, yayma yaylağa. Dovğa doqqaza, yayma yaylağa.
Məmmədiyyə
dayı çox baməzə adam idi. Bu yerlərin ayaq üstdə
gəzən lətifə kitabı idi. Maraqlısı odur ki,
o, lətifə danışanda ətrafdakılar gülməkdən
uğunub gedir, onun isə üz cizgiləri qətiyyən dəyişmirdi.
Sanki ciddi söhbət edirdi. Özü də xasiyyətcə
çox həlim insan idi. Balacadan böyüyə
hamının sevimlisi idi. O gün isə həm də əsgər
atası idi. Sevincdən göy gözləri ulduzlar kimi
parlayırdı. Necə sevinməsin? Sonbeşiyi Tovuz rayonunun
düşmənlə sərhəd ərazisində əsgəri
xidmət etmiş və sağ-salamat evinə qayıtmışdı.
O
gün ya hamının başı qarışıq
olduğundan, ya da Məmmədiyyə dayının
zarafatlarını bildikləri üçün heç kəs
ona məhəl qoymurdu. Təkcə qonaq gələn
qızcığaz təəccübünü saxlaya bilməyib
nəhayət ki, soruşdu: - Məmmədiyyə dayı o nə
deməkdi ki?
Aha,
deyəsən, Məmmədiyyə dayıya həmsöhbət
tapılmışdı. O, gülümsəyən gözlərilə
qızcığaza baxıb, amma cox ciddi şəkildə izah
etməyə başladı.
- Ay
oğul (o yerlərdə oğul bala mənasında deyilirdi.
Əslən Məmmədiyyə dayı Şəkidən olsa
da, uşaqlıqdan ailəsilə birlikdə Qaxa köç
etmişdilər. Odur ki, hər iki rayonun ləhcəsinə bələd
idi. Özü də demək olar ki, bütün
ömrünü tibb sahəsində xidmət etmişdi. Daha dəqiq
desək, feldşer idi), deyirəm ki, dovğa adamın mədəsində
doqqaza qədər qalar, yayma (südlü sıyıq)
yaylağa qədər. Yəni dovğa doyumluq döyül,
yayma isə bir az tutumludu.
Qızcığaz
təəccüblə ona baxıb:
- Ay
dayı, məndə yayma da doqqaza qədər qalır, -
demişdi ki, Məmmədiyyə dayı yenə çox ciddi
şəkildə başını bulayaraq qayıtdı ki:
- Can
oğul, onda sənin dədənin, ananın işi
fırıxdır.
O an
başları qarışıq olsa da, hamı
gülüşdü. Demək ki, qulaqları bu iki nəfərdə
idi. Çünki bilirdilər ki, Məmmədiyyə dayı
olan yerdə xoş əhval var. Utandığından
yanaqları qızarsa da, elə qızcığazı da
gülmək tutdu.
İşlər
yekunlaşmaq üzrə idi. Birdən bu baməzə adam
üzünü bayaqdan ortalıqda, iş başında o
baş-bu başa gedən yoldaşına tutub:
- Ay
Firəngiz, o qırmızı çaxırı dimədimmi
sobanın qırağına qoy, isinsin.
Çaxır
adını eşidən qadın əsəblə:
- A
kişi, nə çaxırdı axşam-axşam?! Qoy
süfrəni düzəldim. Hamı yorulub, bir loxma
çörək yeyək.
Məmmədiyyə
dayı israrla:
- Ay
qız, qoy diyirəm, qoy! Sən bilməzsən!
Yoldaşı
əllərini yelləyərək, şüşəbənddən
çıxdı və hirslə əlində balaca
çaxır şüşəsi ilə qayıtdı.
Dodağının altında deyinə-deyinə onu gətirib
sobanın aşağı tərəfinə qoydu. Elə bu
anda bayaqdan xəbərləri oxuyan aparıcı, verilişin
sonunda şəhərdə yayılan "Sidney qripi" ilə
bağlı vətəndaşlara bacardıqları qədər
bu soyuq havalarda evlərindən çıxmamağı və
alimlərin təcrübələrinə istinadən
azacıq isidilmiş qırmızı şərabdan istifadə
etməyi məsləhət gördü.
Bir
söz ancaq bu qədər yerinə düşə bilərdi.
Bunu eşidən Məmmədiyyə dayının yoldaşı
təəccüblə sağollaşan aparıcıya, bir də
razılıqla gülümsəyən yoldaşına baxaraq,
- "A kişi, ta bu günnən sonra sənə bir söz də
diyən döyüləm" - dedi. O gün hamı bu
olanlara bir xeyli ürəkdən gülmüşdü. O
gün bu şirin zarafatlar, əslində, o ailənin ən
böyük sevincinin sadəcə azacıq duzu-istiotu idi.
Bax
beləcə, illər bir göz qırpımında gəldi
keçdi. Bu gün artıq illərdən 2021-ci ilin ilk
günləridir. Keçən 2020-ci il yazılışı
çox rahat, özü isə olduqca ağır, çətin
bir il idi. 2020-ci il qədər acılı ilimiz olmuşdumu?
Əlbəttə, olmuşdu! Torpaqlarımızın
parça-parça hər tikəsinin anadan
övladının, ağacdan budağının
qoparıldığı kimi qoparıldığı, dinc
insanlarımız qanına qəltan edildiyi, ard-arda Şəhidlər
Xiyabanları salındığı hər il ağrı,
acı dolu olmuşdu.
Keçmişə
dönüb baxsaq, görərik ki, bu xalqın əslində,
heç uzun illər üzü gülməyibmiş. Amma
2020-ci ildə güldü! Həm ağladı, həm
güldü. 2020-ci il, daha doğrusu,
ilin son bir neçə ayı tərəzidə
bütün illərdən ağır gəldi. Çünki
zəfər çaldıq! İllərcə həsrət
qaldığımız torpaqlarımıza qovuşduq. O
torpaqlarda doğulmasaq da, yurduna, torpağına, daşına,
suyuna, havasına həsrət qalan insanlarımızla illərcə
acılarını bölüşdüyümüz kimi, bu il
də sevinclərini bölüşdük. Bir Vətənin,
bir ananın övladları olaraq, hətta aylardır ilan kimi
boynumuza sarmaşan epidemiya xəstəliyinə rəğmən
hamımız bir yumruqda birləşdik! Həmrəy olduq! Bəlkə
də heç bu qədər həmrəy
olmamışdıq. Şəhidlərimizin qanı
bahasına, qazilərimizin canı bahasına,
ata-analarımızın göz yaşları bahasına qalib
olduq! Bir gözümüzlə ağladıq, bir
gözümüzlə güldük. Demək ki,
üzünü danladığımız il o qədər də
pis il deyilmiş. Çünki bizə ən son anda
nağıl bildiyimizin gerçək sevincini yaşatdı.
İndi
isə 2021-ci il gəldi-gələli hər iki evdən birində
əsgər sevinci yaşanır. İndi artıq əsgər
ata-anasıyla bərabər, balacadan böyüyə, hər
kəs çox yaxşı bilir ki, "əsgər
gördüsü" bütün qonaqlıqlardan ən qiymətlisidir,
ən şanlısıdır! O sevinci yaşaya bilməyən
şəhid ailələri qarşısında isə ödəyə
bilməyəcəyimiz bir can borcumuz var... Onların hər
biri yaz gələndə lalələr olub, şəhid
olduqları torpaqların çəmənlərindən
boylanacaq, xarıbülbülə yoldaş olub göz
oxşayacaq. Sonra ömrü bitəndə yenə torpağa
qarışacaq, sonra yenə bitəcək, amma heç vaxt
unudulmayacaqlar!
Bu qədər
ağrının, sevincin arasında bir də epidemiya təlaşı
var. Onu da unuda bilmərik. Çünki ölümü
urvatsız edən, qohum-qardaşı bir-birindən
ürküdən bu bəla, bizə ötən ildə az
çəkdirmədi. Bir zaman qədrini bilmədiyimiz hava,
sağlamlıq, vaxt kimi dəyərli nemətlərin qiymətini
bilməmiz üçün bizə az dərs vermədi. Təəssüf
ki, bu təzə ilə də öz çirkin ayaqları ilə
adladı. Amma onun da öhdəsindən gələcəyimizə
inanırıq! Mənfur düşmənin öhdəsindən
gəldiyimiz kimi! Bəlkə onun çarəsi "Məmmədiyyə
dayının qırmızı şərabı" qədər
sadə deyil, amma onunla da baş edəcəyimiz günlərin
də uzaqda olmadığına bütün qəlbimizlə
ümid edirik. Çünki yaşadıqlarımız bizə
yaradanın bir imtahanı olub, birliklə, səbirlə, sevgilə
olmazların mümkün ola biləcəyini göstərdi.
Fidan MALİK
525-ci qəzet.- 2021.-
8 yanvar. S. 20.