Vətən
ona Oğul dedi...
Lerikli cəsur əsgər Ceyhun Səfərov
Zəngilan uğrunda döyüşdə şəhidlik məqamına
yüksəlib
Vətən
müharibəsində qəhrəmancasına şəhadətə
yüksələn əsgər Ceyhun Akif oğlu Səfərov
1995-ci ildə Lerik rayonunda anadan olub.
Ceyhun
Səfərov ailənin sonuncu oğul övladıdır. Vətən
müharibəsi başlamazdan əvvəl də Ceyhun atasına
"mən cəbhəyə gedəcəyəm" - deyib.
Atası Akif Səfərov bildirir ki, oğlu Ceyhun Səfərov
uşaq ikən yaşıdlarından vətənpərvərliyi
ilə seçilirdi. Şəhid Ceyhun Səfərov, bu
günlərdə "Vətən uğrunda" medalı ilə
təltif olunub. O, eyni zamanda, idmanla məşğul olduğuna
görə, bir sıra diplom və medallarla təltif edilib.
"Ümumiyyətlə,
Ceyhun çox istiqanlı və qohumpərvər oğul idi.
O, igidliyi və mərdliyi ilə seçilirdi. Baxmayaraq ki,
üç oğlumdan ən kiçiyidir, Ceyhun ona qoyulan
hörmətin qarşısında həmişə
özünü doğruldub. Müharibə ayın 27-də
başlasa da, bir həftə əvvəl ona bildiriş gəlmişdi.
Lakin o, bu haqda mənə heç nə deməmişdi. Evdəkilərə
nə vaxtsa müharibəyə
çağırılacağını əvvəlcədən
deyibmiş. Sentyabrın 29-u ona zəng gəldi. İşdən
sonra evə gəldikdə bildirdilər ki, Ceyhun
könüllü olaraq döyüşlərə
çağırılıb. Mən onunla söhbət etdikdə
öz qərarını əvvəldən verdiyini dedi. Həmin
günün axşamı, saat 11 radələrində yola
düşdüşlər. Səhər saat 9-da isə
maşınla döyüşlərə yollandılar. Evimizin
yanında məscid var. Məscidin yanında oğluma
sarılaraq sağollaşdım və mənə hər
şeyin yaxşı olacağını bildirdi. Oğlum
uşaqlıqdan idmana çox maraq göstərirdi. İdman
növləriylə bağlı müxtəlif diplom və
medalları var. Hazırda həmin medal və diplomları
rayonda, Ceyhunun anadan olduğu və boya-başa
çatdığı evdədir. Oğlum uşaqdan
böyüyə, hamıyla ünsiyyət qurmağı
bacarırdı. Ceyhun orta təhsilliydi. Mülki həyatında
xırda ticarətlə məşğul olub. Ailəyə
maddi baxımdan çox dayaq olub".
Ceyhun
Zəngilan istiqamətində gedən döyüşlərdə
şəhid olub. O, anadan olduğu Lerik rayonunda anası
Gülşən Səfərovanın yanında dəfn edilib.
Atası oğlunun şəhid olduğu Zəngilan rayonuna gedəcəyini
bildirir:
"O,
heç vaxt özünü fikirləşmirdi. Bizimlə əlaqə
saxladıqda da səhhətimizlə maraqlanırdı. Demək
olar ki, hər gün səhər saat 8 radələrində və
axşam saat 7 radələrində mənimlə telefon əlaqəsi
yaradırdı. Ona nəsə olacağı ağlımdan
belə keçmirdi. Mən onun hələ təlimlərdə
olduğunu düşünürdüm. Sonradan öyrəndim
ki, ilk günlərdən döyüşlərə
qatılıb. Sonuncu dəfə oktyabrın 20-də Zəngilan
istiqamətinə üz tutublar.
O istiqamətdəki döyüşlərdə
iştirak edib. Əsgər yoldaşlarının dediyinə
görə, günorta saatlarında Zəngilanda olublar. Təxminən
bir saata yaxın yol gediblər. Hərbi kalonda birinci
maşın Ceyhunun olduğu maşın olub. Nəticədə,
maşın tank əleyhinə minaya düşüb.
Maşında səkkiz nəfər olub. Bəziləri xəsarət
alsa da, oğlum şəhid olub. Çox çətin olsa da,
şəhid atası kimi qürurluyam. Oğlum beynindən və
gözündən qəlpə yarası almışdı.
Allahın köməkliyi ilə Zəngilanda oğlumun şəhidlik
məqamına yüksəldiyi əraziyə getmək istəyirəm.
Əsgər yoldaşları da bildirdi ki, oğlumun şəhid
olduğu yeri mənə göstərəcəklər. O
torpaqdan bir ovuc götürüb gətirəcəm. Cənab
Prezident bu günlərdə oğlumu "Vətən
uğrunda" medalı ilə təltif etdi. Bu xəbərə
çox sevindim. Həmin an daha da qürurlandım.
Şükürlər olsun ki, oğlumun qanı yerdə
qalmadı. Uzun illər işğalda qalan torpaqlarımız
igid oğullarımızın qanı bahasına olsa belə,
azad olundu. Şəhidlərimiz ölməyib, onlar həmişə
sağdır. Şəhid valideyni kimi istəyərdim ki,
yaşadığımız küçəyə Ceyhun Səfərovun
adı verilsin. Qonşularımızın təşəbbüsüylə
Ceyhunun şəkilləri böyüdülərək
asılıb. Eyni zamanda, onun şəkli olan abidə yerləşdirilib".
Bibisi
Rəxşəndə Səfərova bildirir ki, şəhidin ən
böyük arzusu torpaqlarımızın işğaldan azad
olunması olub. Nəticədə, Ceyhunun ən böyük
arzusu reallaşdı:
"Ceyhun
yola düşərkən bizimlə sağollaşdı. Ona Vətənə
xidmətdən qayıtdıqdan sonra toy edəcəyimizi
bildirdim. Onun üçün hər şeydən öncə
Vətən idi. Çox vətənpərvər oğul idi.
Torpaqlarımızın işğaldan azad olunmasını istəyirdi.
Sonunda Ceyhunun arzusu reallaşdı. Torpaqlarımız
işğaldan azad olundu. O, hərbi əməliyyatlar vaxtı
da narahat olmamağımız üçün bizimlə
davamlı telefon əlaqəsi yaradırdı. Olduğu yerin
yaxşı olduğunu deyirdi, amma tam olaraq harda olduğunu
demirdi. Danışığından hiss olunurdu ki, çox
sevinclidir. Telefon danışıqlarında həmişə
bizə təsəlli verib".
Ceyhun
Səfərov, ailənin son beşiyi olub. Ailənin
böyük oğlu Valeh Səfərov, qardaşının Cəbrayıl,
Füzuli və Zəngilan döyüşlərində
iştirak etdiyini deyir:
"Ceyhun
mənim kiçik qardaşımdır. Onu həmişə vətənsevər
görmüşəm. Qardaşım böyük-kiçik
yerini həmişə bilirdi. Cəbhəyə getməmişdən
öncə evimizdə ona zəng gəldi və gedəcəyiylə
bağlı xəbərdarlıq edildi. O, səhər yola
düşdüyünə görə, onunla təəssüf
ki, görüşə bilmədim. Mən işdə olarkən
artıq yola düşmüşdü. Axırıncı dəfə
sentyabrın 28-i axşam saatlarında evdə görüşmüşdüm.
O, əvvəlcə Cəbrayıl, Füzuli ərazisində
döyüşdüyünü bildirdi. Lakin məlumatları
tam olaraq bizə demirdi. Hərbi sirr olduğuna görə biz
də çox məlumat öyrənməyə
çalışmırdıq. Ölümündən sonra
öyrəndik ki, Ceyhun Zəngilan istiqamətinə kimi gedib
çıxıb və ordakı döyüşlərdə
iştirak edib. Komandirləri də Ceyhunun igid və
qorxmazlığından danışırdı".
Ortancıl
qardaşı Taleh Səfərov deyir ki, qonşuları
Ceyhunun xatirəsini əbədiləşdirmək
üçün yaşadıqların evin divarına şəhidin
şəkli olan abidə yerləşdiriblər:
"Qardaşımla
hər anım mənim üçün unudulmaz xatirədir.
Bir-birimizlə məsləhət alıb, fikir mübadilələri
aparırdıq. O, mənim təkcə qardaşım deyil,
eyni zamanda, sirlərimi bölüşdüyüm dostum idi.
Döyüş gedən vaxtlarda davamlı olaraq
qardaşımla telefon əlaqəsi yaradırdım.
Özü döyüşdə olsa da, hər zəng edəndə
bizi fikirləşirdi. Şəhid olduğu gün
danışa bilməmişdik. Amma əvvəlki günlərdə
davamlı olaraq danışmışıq. Sonuncu dəfə
qardaşıma zəng etdiyim zaman cavab vermədi. Sonra bizimlə
əlaqə yaradıb, Ceyhunun Vətən uğrunda şəhid
olduğunu dedilər. Qonşularımız sağ olsunlar, onun
xatirəsini əbədiləşdiriblər. Şəkli olan
abidə evimizin divarına yerləşdirilib. Eyni zamanda,
evimizin ətrafında Ceyhunun şəkillərindən ibarət
lövhələr yerləşdirilib. Bu da şəhid ailəsi
kimi bizi çox qürurlandırır və təsəlli
verir. Qapı qonşumuzun təşəbbüsüylə
abidə yerləşdirildi. Lakin o da bir müddət sonra
dünyasını dəyişdi. Ceyhunun xatirəsini əbədi
yaşadan hər kəsə ailəmiz adından təşəkkürümüzü
bildiririk. Onun arzuları çox idi. Ev tikmişdi, lakin təmiri
yarımçıq qalıb. O evi özüm təmir edəcəm.
Qardaşımın arzularına uyğun bir ev inşa edəcəm".
Səfərovlar
ailəsinin ən kiçiyi Saleh Səfərov isə
qardaşıyla bağlı xatirələrdən
danışarkən kövrəlir. O, qardaşının hər
zaman gülərüzlü olmasından ürəkdolusu
danışır: "Qardaşım davamlı olaraq məni
özüylə bərabər, gəzintiyə aparardı.
Onunla bağlı xatirələrim çoxdur. Qardaşım
üçün çox darıxıram. Ceyhun həmişə
gülərüz idi. Onunla fəxr edirəm. Çünki Vətən
uğrunda şəhid olub".
Ceyhun
Səfərov tək ailəsinin sevimlisi deyildi. O, qonşular
arasında sevilib. Ən yaxın qonşularından biri olan
İstəgül İbadova onu qonşu oğlu kimi deyil,
doğma oğlu kimi hesab etdiyini deyir. İstəgül
İbadova şəhidə aid abidənin həyat
yoldaşı Eldar İbadovun təşəbbüsüylə
düzəldiyini dedi. Təəssüf ki, həyat
yoldaşı bir müddət sonra dünyasını dəyişib:
"Ceyhunu
balalarımdan ayırmırdım. Ailəmiz onun xətrini
çox istəyirdi. Yoldaşım Ceyhun dəf olunan zaman
Lerikə getmişdi. Dəfn edib qayıtdıqdan sonra evimizdə
hönkürərək ağladı. Yoldaşım
qonşuları yığıb Ceyhunun xatirəsini əbədiləşdirmək
üçün təşəbbüs irəli sürdü.
Şəhidimizin şəkli olan abidə evlərinin
divarına yerləşdirilib. Qısa müddət
keçdikdən sonra yoldaşım dünyasını dəyişdi.
Mən Ceyhunu qonşu oğlu kimi deyil, oğlum kimi hesab
edirdim. Onun xətrini dünyalar qədər çox istəyirdik.
Hələ də Ceyhunun yoxluğuyla barışa
bilmirik".
YƏHYA
525-ci qəzet.- 2021.-
8 yanvar. S. 21.