Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər ölməz, Vətən
bölünməz!
Həyat
nə qədər şirin olsa da, ölüm heç bir insan
övladının qaça bilməyəcəyi tale
yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin
ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki,
hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
Vətən müharibəsində ordumuzun qəhrəman
döyüşçülərimizdən olan Cavanşir
Xeyrulla oğlu Əhmədov 12.11.1999-cu ildə Bakının
Ələt qəsəbəsində dünyaya gəlib. Atası
Birinci Qarabağ veteranı olan Cavanşir uşaq
yaşlarından vətənpərvər gənc kimi
yetişib. 15 yaşı olanda hərbi məktəbə
qəbul olmaq istəsə də, müəyyən səbəblərdən
arzusu baş tutmur. O da atıcılıq kurslarına
gedir və mülki həyatda da hərbi tərzdə geyimlərə
üstünlük verir.
Xüsusi Təyinatlı Qrupun kursuna yazılmasında da
başlıca səbəb vətənə sevgisi,
döyüşə marağı olub. O, bu kursu sərrast
nişançı-snayper kimi uğurla başa vurub və Vətən
müharibəsi başlananda döyüşlərə
qatılıb, ilk gündən ən ağır
döyüşlərdə iştirak edib. Atası deyir ki, bu
yolu Cavanşir özü seçmişdi: "Onun ən
böyük arzusu Qarabağ uğrunda döyüşmək,
həmişə ön cəbhədə olmaq idi. Elə bu arzusunun ardınca da getdi, hərbçi
oldu. Müharibə vaxtı hər zəng
edəndə başqa bir yerin adın çəkərdi ki,
ordayam. Axırıncı dəfə
Hadrutda olanda danışdıq".
İgid
Cavanşir 2020-ci il oktyabrın 15-də
Hadrut döyüşlərində şəhadətə
yüksəlib.
***
Nihad Babayev Akif oğlu 30.08.1991-ci ildə Biləsuvarın
Günəşli kəndində doğulub. 2009-cu ildə
C.Naxçıvanski adına hərbi
liseyi, 2013-cü ildə H.Əliyev adına Ali Hərbi
Akademiyanı uğurla başa vurub. 2014-cü
ildə Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində leytenant rütbəsi alır və həmin
ildən Naxçıvanda xüsusi təyinatlı qrupda
çalışır. 2016-cı ildə
isə Türkiyədə hərbi ixtisaslaşdırma üzrə
təhsil alır və ölkədə 50 zabitin keçə
bildiyi təlimi müvəffəqiyyətlə keçir.
2018-ci ildə vətənə qayıdaraq,
Xüsusi Təyinatlı bölüyün komandiri kimi xidmət
edir, xüsusi xidmətlərinə görə kapitan rütbəsi
alır. Hərbi hissə komandirinin
maddi-texniki təminat üzrə müavini vəzifəsinə
qədər yüksəlir.
Vətən müharibəsinə ilk gündən
könüllü müraciət edən Nihadın ilk
müraciəti qəbul olunmur. O isə təkidlə Qarabağa
göndərilməyi xahiş edir. Nəhayət,
II mərhələdə onun da adı siyahıda olur.
Yola çıxanda bacısı Ülviyyə Musayeva ilə əlaqə
saxlayıb sevincini bölüşür:
"Döyüşlər başlayandan deyirdi ki, getmək istəyirəm,
aparmırlar. Deyirdim ki, çağıranda gedərsən,
niyə tələsirsən? Deyirdi ki,
yoldaşlarım döyüşür, şəhid olur, mən
burda dayana bilmirəm. Döyüşə
getdiyi gün zəng vuranda, səsində sevinc var idi. Deyirdi, torpaqlarımız uğrunda döyüşməyə
gedirəm". Beləcə, 2020-ci il
oktyabrın ortaları döyüşə yola
düşür. Xüsusi təyinatlı kimi
müharibədə iştirak edir. Oktyabrın
29-da Füzulinin Veysəlli kəndi istiqamətində,
Ulyandağ deyilən yüksəkliklərin
azadlığı uğrunda gedən döyüşlərdə
şəhid olur. İgid kapitana şəhadətindən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə "Vətən
Müharibəsi Qəhrəmanı" adı verilib.
***
Cəbrayılov Rahib Ramin oğlu 27.12.2001-ci ildə
Yevlaxın Quşçu kəndində doğulub. 2007-ci ildə
Quşçu kənd ümumi orta məktəbin 1-ci sinfinə
daxil olub. 2016-2018-ci illərdə Xaldan kənd
kompleks tam orta məktəbində 10-11-ci sinifləri oxuyub.
Rahib hərbçi olmağı arzulasa da, səhhətindəki
problem Hərbi Akademiyaya getməsinə mane olur. Həmin
problemə görə hərbi xidmətə də
aparılmayacaqdı. Ancaq Rahibin ard-arda müraciəti nəticəsində
könüllü 2020-ci il mayın 27-də
hərbi xidmətə yollanır. Xidmətini
Füzulinin Kürmahmudlu kəndində yerləşən hərbi
hissədə yerinə yetirib.
Vətən müharibəsi başlanan ilk gündən
döyüşlərdə mərdliklə, qorxmazlıqla
iştirak edən Rahib, Suqovuşan uğrunda gedən
döyüşlərdə şəhidlik məqamına
qovuşub.
***
Abbasov Samir Azər oğlu 10.06.1997-ci ildə
Neftçalanın Xolqaraqaşlı kəndində anadan olub. Aşpaz
işləyən Samir subay idi və valideynləri ilə
yaşayırdı. 2020-ci il
sentyabrın 21-də təlimə yollanıb, sentyabrın 27-dən
döyüşlərə qatılıb. O, bu müharibədə
topçu olub və həlledici döyüşlərdə
yüksək əzmkarlıq, cəsarət göstərib.
Son dəfə
qardaşıyla telefon əlaqəsi saxlayan cəsur
topçumuz deyib: "Kəndə qazi olaraq gələcəm
və işlərimi
tamamlayandan sonra qismət olsa, ailəmlə birlikdə
Şuşaya istirahətə gedəcəm".
Təəssüf
ki, Samirin bu arzusu baş tutmadı və o, elə noyabrın
8-i Şuşa istiqamətində gedən
döyüşlərdə yanına snaryadın düşməsi
nəticəsində şəhadətə yüksəlib.
***
Nağıyev Nicat Azad oğlu 05.02.1995-ci ildə
Yevlaxın Əcəmi kəndində evin 2-ci oğlu kimi
dünyaya göz açıb. O, anası, qardaşı və
qardaşının yoldaşı ilə Əcəmi kəndində
yaşayırdı. 2020-ci il 27 sentyabrda
müharibə başlayarkən könüllü quru
qoşunlarına qatılıb. Gedərkən
qardaşına "Mən şəhid olacam. Ancaq heç də pis olmayın,
başınızı dik tutun. Vətən sağ
olsun!" - demişdi. Tərtər, Kəlbəcər,
Goranboy, Füzuli istiqamətində gedən döyüşlərdə
şücaətiylə fərqlənib. 17
oktyabrda Ağdərə istiqamətindəki döyüşlərdə
qəhrəmancasına şəhid olub. Döyüş
yoldaşı onun haqqında danışanda deyir:
"Heç bir yaralını, şəhidi qoymazdı tank
altında qalsın. Məni də Nicat xilas
etmişdi. Heç vaxt özünü
düşünməzdi. Ancaq bir şey
fikirləşərdi "qabağa getmək". Bu fikirlə qabağa irəliləyərkən
şəhid olmuşdu". Nicatın son
danışığı anası ilə olub,
"özündən muğayat ol, şəhid olsam, pis
olmayın" - deyib.
***
Aslanov Babək Sakit oğlu 15 noyabr 1994-cü ildə
Tovuzun Yanıqlı kəndində anadan olub. Orta məktəbi
bitirdikdən sonra orduda gizir kimi xidmət etməyə
başlayıb. Bir neçə il
Naxçıvanda xidmət edib, sonra isə Füzuli
rayonundakı hərbi hissələrin birində xidmətini
davam etdirib. Vətən müharibəsi başlayan ilk gündən
rəşadətlə döyüşüb, düşmənin
başına od ələyən qəhrəmanlarımızdan
olub. Füzuli rayonunun bir neçə kəndinin
azad edilməsində iştirak edib. Oktyabrın
3-də qanlı döyüşlərin birində şəhadət
şərbətini içib.
***
Ulubəyov Nurəhməd Hacıbəy oğlu
02.06.1995-ci ildə Bakıda doğulub. İbtidai
sinifi Xətai rayonu 29 ¹li məktəbdə oxuyub və 5-ci
sinifdən Xətai rayonu 25 ¹li tam orta məktəbdə təhsilini
davam etdirib. 2012-ci ildə həmin məktəbi bitirib
Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının İqtisadiyyat fakültəsinə
daxil olur və 2016-cı ildə universiteti bitirdikdən sonra hərbi
xidmətə yollanır. Hərbi xidməti
başa vurub dönəndən sonra müxtəlif yerlərdə
işləyib. Sonuncu olaraq
"AzEuroTel" MMC-nin Mühasibat uçotu və maliyyə
şöbəsində mühasib vəzifəsində
çalışırdı. Nişanlı
idi. 2020-ci il sentyabrın 21-də Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən
həqiqi hərbi xidmətə ehtiyatdan
çağırılır. Sentyabın 27-dən
Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində
döyüşlərə qatılır. Oktyabrın
8-i döyüş meydanında qəhrəmancasına şəhidlik
zirvəsinə ucalır, oktyabrın 9-u II Fəxri Xiyabanda
torpağa tapşırılır.
***
Piriyev Raul Zabid oğlu 04.06.1997-ci ildə Şəmkirin
Kür qəsəbəsində anadan olub. 2003-cü ildə Kür qəsəbəsi
Z.Tağıyev adına 2 saylı tam orta məktəbinin
1-ci sinifinə qəbul olub. 2006-cı ildə Bakı şəhər
Sabunçu rayonu F.Bayramov adına 22
saylı tam orta məktəbin 3-cü sinifindən təhsilini
davam etdirib. 2015-ci ildə məktəbi bitirərək
AzTU-nun dəmir yol nəqliyyatı və təsərrüfatı
mühəndisliyi fakültəsinə qəbul olub. Oxuduğu müddətdə sinif nümayəndəsi
kimi fəaliyyət göstərib.
2016-cı ilin aprelin 25-də əmək fəaliyyətinə
başlayıb. 2 iyul 2019-cu ildə bakalavr ali peşə-ixtisas
dərəcəsi ilə təhsilini bitirib. Həmin
ilin oktyabrında həqiqi hərbi xidmətə
çağırılıb.
Öncə Ağcabədidə xidmət edib, dekabrdan isə
xüsusi təyinatlı kimi qeydiyyata düşüb. Cəlilabadın
Göytəpə hərbi hissəsində xüsusi təyinatlıda
fəaliyyətini davam etdirib.
2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində
ən öndə iştirak edənlərdən olub. Raul oktyabrın 5-də Cəbrayıl uğrunda gedən
döyüşlərdə şəhadətə yüksəlib,
oktyabrın 15-də Şəhidlər Xiyabanında dəfn
olunub.
***
Akifzadə Elmir Gündüz oğlu 01.09.1997-ci ildə
Masallının Banbaşı kəndində anadan olub. 2015-ci ildə orta təhsilini
C.Qasımov adına Banbaşı kənd
tam orta məktəbində bitirdikdən sonra hərbi xidmətə
yollanıb, 2016-cı ildə isə xidmətini başa vurub.
O, 2016-cı il Aprel döyüşlərində
də iştirak edib və fəxri fərmana layiq
görülüb. 2018-ci ildə Rusiyada Kazan
Dövlət Universitetinin maliyyə fakültəsinə qəbul
olub.
2 bacının tək qardaşı olan Elmir Vətən
müharibəsində Səfərbərlik xidmətinə
çox saylı müraciətdən sonra könüllü cəbhəyə
yollanıb, 8 oktyabr 2020-ci ildə Füzulidə gedən
döyüşlər zamanı partlayış nəticəsində
şəhadətə yüksəlib. Şəhidimizin son sözü
bunlar olub: "Nənəm Füzulidən olub, ona demişdim
ki, torpaqlarımızı alaq, gəlib səni aparıb hər
yerin gəzdirəcəm..."
***
Bədəlov Valeh Vahid oğlu 10.10.1990-cı ildə
Zaqatalanın Aşağı Tala kəndində doğulub. 1996-2007-ci illərdə
Tala 3 saylı məktəbdə təhsil alıb. 2012-ci ildə Qafqaz Universitetini bitirib, hərbi xidmətə
yollanıb. Həmin ildə zabit kurslarına yazılıb. Oranı bitirib Goranboyda zabit kimi xidmətə
başlayıb. 2015-ci ildə XTQ kursuna qəbul
olunub və həmin kursu da müvəffəqiyyətlə
başa vurub. 2016-cı ildə Aprel
döyüşlərində iştirak edib. XTQ-də xidməti müddətdə nümunəvi
xidmətinə görə medallarla, fəxri fərmanlarla
mükafatlandırılıb. 2018-ci ildə
keçirilmiş ordunun yüz illiyi paradının
iştirakçısı olub.
XTQ kəşfiyyat qrup komandiri, baş leytenant V.Bədəlov
2020-ci ilin 27 sentyabrından ön xətdə aktiv
döyüşlərdə qəhrəmanlıq göstərib. Murovdağın
alınması əməliyyatında böyük xidmətləri
olub. Cəbrayıl, Füzuli istiqamətində
döyüşüb. Oktyabrın 7-də
hücum zamanı qəhrəmancasına şəhid olub.
Şəhadətindən sonra dövlətimiz tərəfindən
"Vətən müharibəsi qəhrəmanı"
adı verilib. Ailəli olan şəhidimizdən
vətənə əmanət 2 qız övladı qalıb.
***
Nurlan Madər oğlu Hüseynov 03.07.1992-ci ildə
İmişlinin Göbəktala kəndində doğulub. 2010-cu ildə
hərbi xidmət keçib, 2011-ci ildə Xüsusi Təyinatlı
Qüvvələrin kursunu başa vuraraq snayperçi kimi xidmətə
başlayıb, gizir rütbəsinə yiyələnib.
Gizir Hüseynov 2016-cı ildə Aprel döyüşlərində
də xüsusi şücaətlər göstərib, 54 ermənini
şəxsən məhv etmişdi. Daha sonra o, 2018-ci ildə
Türkiyə, 2020-ci ildə isə 11 ölkə arasında
keçirilən snayper atıcılığı üzrə
yarışlarda birincilik qazanıb.
30 illik Qarabağ həsrətimizin sona çatması
üçün Nurlan da öz canını əsirgəmədi. 10 nəfər
kəşfiyyatçı yoldaşıyla çox sayda ermənini
məhv edərək oktyabrın 14-də Hadrut uğrunda gedən
döyüşlərdə qəhrəmancasına şəhidlik
zirvəsinə yüksəldi.
***
Quluzadə Orxan Elxan oğlu 29.06.1994-cü ildə Lənkəranda
anadan olub.
2000-ci ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü
lisey-məktəbini bitirdikdən sonra 2011-ci ildə həqiqi
hərbi xidmətə yollanıb. Hələ
uşaqkən Orxan idmana böyük həvəs göstərirdi.
O, qaydasız döyüş idman növündən dərs
almışdı. 2013-2017-ci illərdə Orxan
müxtəlif yerlərdə çalışıb. Lakin respublikada cərəyan edən hadisələr
Orxanın vətənpərvər hisslərini daha da dərinləşdirib,
vətəninə olan məhəbbəti onu hərbçi
peşəsinin vurğunu etmişdi. Buna görə o,
könüllü 2017-ci ilin oktyabrında Dövlət Sərhəd
Xidməti komandanına ərizə ilə müraciət
etmiş, 2018-ci il martın 29-da
Komandanın əmri ilə Yevlaxda "N" saylı hərbi
hissədə xidmətə göndərilmişdi. Xidmətdə fərqləndiyinə görə,
qısa zamanda ona kiçik gizir rütbəsi verilmişdi.
Çevik hərbi dəstənin kəşfiyyat
bölüyünün kəşfiyyatçı-snayperçi
vəzifəsində xidmət edirdi. 2020-ci il II Qarabağ müharibəsi başlanan
gündən Orxan snayper kimi döyüşlərə
qatılır. Noyabrın 8-də Zəngilanın
Şükrütaz yüksəkliyi uğrunda gedən
döyüşlərdə 18 erməni hərbi
qulluqçusunu məhv edərək, yaralı
yoldaşlarını döyüş meydanından son nəfəsə
qədər xilas etmiş, qəhrəmancasına şəhid
olmuşdu. Vətən müharibəsində
göstərdiyi şücaətə görə şəhadətindən
sonra kiçik gizir O.Quluzadə "Qarabağ" orden ilə
təltif olunub. Qəhrəman şəhidimizin
2 yaşında Ayla adlı qız övladı yadigar
qaldı.
***
Mehman Musa oğlu Yusifov 18.07.1979-cu ildə Tovuzun
Bayramlı kəndində Musa və Gülsüm
Yusifovların ailəsində doğulub. Ailənin
altıncı övladı olan Mehmanın özündən
başqa üç qardaşı və dörd bacısı
var idi. 1985-1996-cı illərdə E.Orucov adına
Bayramlı kənd tam orta məktəbində təhsil
alıb. 1998-cı ildə həqiqi hərbi xidmətə
çağırılan Mehman 2000-ci ildə xidmətini
başa vuraraq təxris olunub. Daha sonra
2002-ci ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarına qoşulub.
O,
19.04.2009-cu ildə Yusifova Günel ilə ailə həyatı
qurub. Məhəmməd, Fatimə və
Süleyman adlı 3 övladı var.
M.Yusifov 2002-ci ildə SQ-in TTM-nin nəzdindəki gizir
hazırlığı kursuna daxil olub. XTQ və
keçdiyi digər çoxsaylı kurslar sayəsində
lazımi biliklərə yiyələnib. 18
illik xidməti ərzində çoxsaylı əməliyyatlarda
iştirak edib. Eyni zamanda, 2016-cı ildə
Aprel döyüşlərində cəbhədə olub.
27.09.2020-ci ildə başlayan II Qarabağ
müharibəsinin ilk günündən cəbhədə olan
Yusifov 5 oktyabrda Cəbrayılda son döyüşünə
qatılır. Baş gizir M.Yusifov və
onunla birlikdə 7 silah yoldaşı 300-ə yaxın
düşmənlə son güllələri bitənə qədər
döyüşür və qəhrəmancasına şəhid
olurlar. Mehman oktyabrın 6-da Bayramlı kəndində
dəfn olunub.
Xidməti
müddətində "Azərbaycan Silahlı Qüvvələrinin
90 illiyi" yubiley medalı (2008), III dərəcəli
"Qüsursuz xidmətə görə" medalı (2012),
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi"
yubiley medalı (2013), II dərəcəli "Qüsursuz xidmətə
görə" medalı (2016), "Azərbaycan Ordusunun 100
illiyi" yubiley medalı (2018), şəhadətindən sonra
isə "Qarabağ" ordeni ilə təltif olunub.
***
Zaur Ələddin oğlu Nəbiyev 01.07.2001-ci ildə
Şəmkirin Ələsgərli kəndində anadan olub. Həmin kəndin N.Nəsirov
adına tam orta məktəbini bitirib. Atası Ələddin Əlixan oğlu Nəbiyevi 4
yaşı olarkən itirmişdi. Anası
Lamiyə Nəsib qızı Nəbiyeva məktəb
qarovulçusu vəzifəsindən işləyib, kənd təsərrüfatı
ilə məşğul olub. O, bütün çətinliklərə
baxmayaraq, Zauru və iki bacısını (Gültəkin və
Aytənin) böyüdüb boya-başa
çatdırmışdı. Böyüdükdən
sonra Zaur bacılarına həm ata, həm də qardaş
olmuşdu.
Zaur əsgərliyə
yola düşərkən belə bir söz söyləmişdi:
"İnşallah, şəhidlik zirvəsinə ucalaram"
və istəyinə nail oldu. O, Suqovuşanın
azadlığı uğrunda gedən döyüşlərdə
iştirak edib və orda 2020-ci il
oktyabrın 4-də şəhidlik zirvəsinə ucalıb.
***
Tural Zahid oğlu Cuvarov 01.05.1996-cı ildə Şəmkirin
Ələsgərli kəndində doğulub. 2003-2014-cü
illərdə Ələsgərli kənd orta məktəbində
təhsil alıb. Təhsilini başa
vurduqdan sonra 2014-2016-cı illərdə Azərbaycan
Silahlı Qüvvələrinin "N" saylı hərbi
hissəsində müddətli həqiqi hərbi xidmətdə
olub.
Tural
2020-ci il sentyabrın başlanan Vətən
müharibəsi zamanı Füzulinin və Qubadlının
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Oktyabrın 26-da Qubadlı
döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda torpağa
tapşırılıb.
Şəhadətindən
sonra T.Cuvarov Azərbaycan Prezidenti İlham Əliyevin
müvafiq Sərəncamlarına əsasən
"Döyüşdə fərqlənməyə görə"
və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Əslən Borçalı mahalından olan Qənbərov
Bilal Xanlar oğlu 29.09.1993-cü ildə Bakıda 3
bacının tək qardaşı olaraq doğulub. Ona 1941-1945-ci
illər Böyük Vətən müharibəsinin
veteranı olmuş qəhrəman babasının adı
qoyulub.
2000-2011-ci
illərdə Səbail rayonu E.Əliyev adına
162 nömrəli tam orta məktəbə təhsil alıb. Bilal ailəli olub ayrılıb və bu evlilikdən
Nazlı adında bir qızı var. Boş vaxtlarını
onunla keçirər, qızına qayğı göstərərdi.
Cəbhədə olanda hər dəfə
"Nazlıdan muğayat olun" - deyib
sağollaşardı.
2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə
çağırılıb, 2020-ci ilin yanvarın 5-də tərxis
olunmuşdu.
Həmin il sentyabrın 29-u öz doğum
günündə II Qarabağ müharibəsinə yola
düşüb. Hərbi Səfərbərliyə
könüllü qoşulduğunu evdə deməmişdi.
Müharibəyə deyib-gülərək gedən
Bilal qələbəyə çox inanırdı. Şuşaya bayraq sancmaq isə ən böyük
arzusu idi. O, Hadrut, Cəbrayıl və Füzuli şəhərləri
uğrunda düşmənə qarşı cəsarətlə
vuruşub. Saç rənginə görə döyüş
yoldaşları tərəfindən "Sarı"
adlandırılan Bilal noyabrın 3-ü Şuşa
döyüşlərində şəhadətə yüksəlib,
noyabrın 6-da Badamdar qəbiristanlığında torpağa
tapşırılıb.
***
Teymur Tehran oğlu Məcidzadə 10.10.1992-ci ildə
Füzulinin Gecəgözlü kəndində doğulub. 8 aylıqkən
ailəsi ilə birlikdə Füzulidən məcburi
köçkün düşüblər. Orta
məktəbi uğurla başa vuran Teymur 2010-cu ildə Azərbaycan
Dövlət İqtisad Universitetinin "Beynəlxalq
İqtisadi Münasibətlər" fakültəsinə
daxil olub.
II Qarabağ savaşı başlayanda, sentyabrın 27-si
Teymur da vətənin müdafiəsinə
qatılmışdı. Döyüşlərdə saysız qəhrəmanlıqlar,
yüksək şücaət göstərən Baş
Leytenant T.Məcidzadə döyüş yoldaşları,
komandirləri tərəfində çox sevilirdi.
Ömrünün 28-ci payızında - 2020-ci ilin 9
noyabrında Xocavənd-Şuşa uğrunda gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalıb. Məzarı
III Fəxri Xiyabandadır.
Şəhadətindən
sonra "Hərbi xidmətlərə görə",
"Şuşanın azad olunmasına görə",
"Füzulinin azad olunmasına görə" və "Cəbrayılın
azad olunmasına görə" medalları ilə təltif
olunub.
Qeyd: Bu qəhrəmanlarımızın
hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına
əsasən, "Vətən uğrunda" medalı ilə
təltif olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet. 2021.- 8
yanvar.S. 22-23.