Medianın
İnkişafı Agentliyi media sektorunda nələri dəyişəcək?
"Medianın inkişafı
agentliyinin yaradılması ilə bağlı fərman Azərbaycan
prezidentinin mətbuata göstərdiyi diqqət və qayğının
növbəti təzahürüdür"
Azərbaycanın
kütləvi informasiya vasitələrinin rəhbərləri
yeni yaradılan Medianın İnkişafı Agentliyi ilə
bağlı fikirlərini bildiriblər.
Qeyd
edək ki, Medianın İnkişafı Agentliyi
yaradılması barədə yanvarın 12-də Prezident
İlham Əliyev fərman imzalayıb. Dovlət
başçısının sərəncamına əsasən,
Əhməd İsmayılov qurumun İcraçı direktoru təyin
olunub.
Əhməd
İsmayılov dünən jurnalistlərə müraciətində
müzakirələrə açıq olduğunu
vurğulayıb. "Agentlik olaraq, media subyektləri, jurnalistlər
və media sahəsində çalışan ekspertlər tərəfindən
verilən təkliflərə həmişə
açığıq. Müzakirələrə
açığıq. Onların təkliflərini müzakirə
etməyə həmişə hazırıq. Onlar bu istiqamətdə
bütün səylərini əsirgəməsinlər".
O, REAL TV-yə müsahibəsində həmçinin bildirib
ki, jurnalist və media subyekti blokunu bir-birindən
ayırmağa hazırda ehtiyac var: "Biz müəyyən
etməliyik, normativ hüquqi baza baxımından "media
subyekti" anlayışı və media subyektlərinin
bölgüsünü tam əhatə etməliyik.
"Jurnalist
və jurnalistin statusu" anlayışına huquqi bazada
aydınlıq gətirilməlidir. Bu anlayışlara
aydınlıq gətirildikdən sonra bizə tam imkan verəcək
ki, media subyektləri və jurnalistlərlərlə
bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini
həyata keçirək".
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
bildirib ki, media sahəsində islahatlar kifayət qədər əhatəli
prosesdir. Elə məsələlər var ki, bu, daha çox
istək və iradə ilə bağlıdır: "Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
"Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında" Fərmanı,
həmin Fərmana əsasən Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinin
yaradılması onu deməyə əsas verir ki, mövcud
istiqamətdə işlərin görülməsi
üçün ali iradə var.
Azərbaycan
dövləti Prezident İlham Əliyevin şəxsində hər
zaman mediaya həssas yanaşıb. Bu, özünü istər
konkret tədbirlərdə, istərsə də qanunvericilik
bazasının təkmilləşməsində göstərib
və bu, davamlı prosedir. Sevindirici haldır ki, davamlılıq
eyni zamanda, yeni çağırışlara adekvat münasibətin
ortaya qoyulmasını hədəf seçir.
Yeni
çağırışlar yeni tələblər müəyyənləşdirir.
Onların yerinə yetirilməsi şərtdir. Əminəm
ki, Medianın İnkişafı Agentliyi bu baxımdan üzərinə
düşən missiyanı layiqli şəkildə yerinə
yetirəcək, problemlərə konseptual yanaşma ortaya
qoyacaq.
Media
sahəsində görülməli işlər çoxdur.
İnternet medianın hüquqi münasibətlər sistemində
özünə yer almasından tutmuş kütləvi
informasiya vasitələrinin reklam bazarında
iştirakçılığınadək bir çox məqamları
vurğulamaq mümkündür. Ayrıca vurğulanmalı məqam
jurnalist məsuliyyətinin artırılmasıdır.
Düşünürəm ki, bunun fövqündə qanunun
dayanmasının vaxtı gəlib çatıb.
Ümumən
iki məqamı fərqləndirərdim. Birincisi, media sahəsində
səliqə-sahmanın yaradılması. İkincisi,
medianın iqtisadi imkanlarının daha da
artırılması. Əslində, qeyd etdiklərimin ikisi də
müəyyən mənada bir-birilə əlaqəlidir. Lakin
səliqə-sahman dedikdə burada ilk növbədə
fundamental hüquqi islahatlar vurğulanmalıdır.
Digər
tərəfdən, jurnalistika sözün həqiqi mənasında
elit peşəyə çevrilməlidir. Yalnız ona görə
yox ki, biz bunu istəyirik. Biz bütün peşə sahiblərinin
daha yaxşı həyat şəraitinin olmasını
arzulayırıq. Ancaq jurnalistikanı fərqli edən
bilavasitə informasiya ilə bağlılıqdır. O
informasiya ilə ki, onun milli təhlükəsizlik sistemində
çəkisi hər ötən gün daha çox
artmaqdadır. Deməli, informasiya amilinə yanaşma və tələb
dəyişməlidir. Müvafiq olaraq işin effektivliyi
baxımında bu sahədə çalışanların
sosial təminatına baxış da həmçinin.
Qarşıda
gediləsi böyük bir yol var. Təbii, əsas məsələ
niyyətdir, istəkdir, əvvəldə də dediyim kimi iradədir.
Əgər niyyət nəyisə müsbətə doğru dəyişməkdirsə,
məsuliyyətli mühit formalaşdırmaqdırsa,
bütün vasitələr keçərlidir. Əminəm
ki, Medianın İnkişafı Agentliyi ali niyyətin
gerçəkləşməsi yolunda mühüm işlək
vasitəyə çevriləcək".
"Cənab
Prezidentin Medianın İnkişafı Agentliyinin
yaradılması ilə bağlı fərmanı onun mətbuata
qarşı olan diqqətinin və medianın inkişafı
üçün göstərdiyi qayğının növbəti
təzahürüdür".
Bu
sözləri açıqlamasında "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid deyib. O bildirib ki, Azərbaycan
Prezidentinin mətbuatla bağlı bütün
addımları həmişə cəmiyyət tərəfindən
yüksək rəğbətlə qarşılanıb:
"Bu fərmanda Azərbaycan mətbuatının
inkişafı, müstəqillik illərində senzuranın,
söz və mətbuat azadlığına mane olan digər məqamların
aradan qaldırılması göstərilir. Eyni zamanda, son
vaxtlarda informasiya texnologiyalarının sürətli
inkişafı, yeni medianın yaranması və bu medianın
qarşısında yeni tələblərin meydana
çıxmasının şahidiyik. Bütün bunlar həm
media ilə bağlı qanunun yenilənməsini, həm də
media strukturlarında çevikliyin yaradılmasını tələb
edir. Bu mənada Medianın İnkişafı Agentliyi daha
geniş sahəni əhatə edəcək".
R.Məcid
qeyd edib ki, əvvəllər Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu yalnız
yazılı çap mətbuatının problemləri ilə
məşğul idi. Ancaq sonradan bu qurumun fəaliyyətində
dəyişiklib olub: "KİVDF-də rəhbərlik dəyişiləndən
sonra artıq keçirilən müsabiqələrdə təkcə
yazılı və onlayn medianın jurnalistləri yox,
televiziyalarda çalışan həmkarlarımız, eləcə
də digər müstəqil
jurnalistlər də iştirak etdilər. Bu, əhatənin
genişlənəcəyinin göstəricisi idi. Bu fərmanla
isə həm onlayn media, informasiya agentlikləri, həm də
audiovizual media yeni agentliyin təsir dairəsinə daxil edilib.
Bununla da geniş şəkildə həm jurnalistlərin
xaricdə təhsili, təcrübə qazanması, beynəlxalq
media ilə əlaqə, eyni zamanda, media sahəsində olan
problemlər, hansısa hüquq pozuntularına yol vermiş
media ilə bağlı müvafiq hüquq-mühafizə
orqanlarına müraciət də daxildir.
Düşünürəm ki, bu, geniş spektri əhatə
edəcək.
Fərmanda
o da vurğulanır ki, yaxın iki ay ərzində "Media
haqqında" qanun hazırlansın. Düşünürəm
ki, bu qanunun hazırlanmasında ictimaiyyət, media nümayəndələri,
mütəxəssislər mütləq iştirak etməlidir.
Çünki bu məsələ artıq demək olar ki,
ictimaiyyətin geniş təbəqələrinin diqqətindədir.
Yeni mediaya, jurnalistikaya aid edilən sahələrdə bu məsələlərlə
bağlı fikirlər var və onları cəmləşdirib,
qanunda əks etdirmək lazımdır".
R.Məcid
Əhməd İsmayılovun Agentliyə İcraçı
direktor təyin olunmasını yüksək qiymətləndiririb:
"Əhməd İsmayılov artıq bir müddətdir
ki, KİVDF-nin rəhbəri kimi mətbuatın təcrübəsini
öyrənib, yeni medianın tələblərini də bilir.
İnanıram ki, bu işin də öhdəsindən layiqincə
gələcək".
R.Məcid
bütün bu prosesləri Azərbaycan Prezidentinin mətbuata
olan diqqət və qayğısının təzahürü
hesab etdiyini bildirib: "Dövlət başçısı hər
zaman çıxışlarında vurğulayıb ki,
müstəqil mətbuatın olmasında maraqlıdır. Bu
fərmana görə cənab Prezidentə öz təşəkkürübü
bildirirəm".
"Şərq"
qəzetinin baş redaktoru Akif Aşırlı da öz
açıqlamasında Medianın İnkişafı
Agentliyinin yaradılmasını müsbət addım kimi qiymətləndirib:
"Təbii ki, biz mediada müəyyən çətinliklərin,
boşluqların, qütbləşmələrin olduğunu
bilirdik. Çap mediası dövlətin dəstəyi ilə
iş fəaliyyətində media prinsiplərini qoruyub
saxlamağa çalışırdı. Ancaq çap mətbuatında
müəyyən problemlər var. Nəticələr o qədər
də ürəkaçan deyil. Eyni zamanda, online medianın
maliyyələşdirilməsi və online medianın mətbuat
strukturu kimi statusunun hüquqi baxımdan Azərbaycan
qanunvericiliyində əksinin tapmasında da müəyyən
problemlər var idi. Bütün bunların aradan
qaldırılması və ümumiyyətlə, media
sferasının bütövlükdə inkişafı
üçün belə bir Agentliyin yaradılması müsbət
haldı. Əlbəttə, inanırıq ki, Agentliyin fəaliyyəti
gələcəkdə öz müsbət effektini verəcək".
Milli
Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu deyib ki, Medianın
İnkişafı Agentliyi yeni innovativ əsalarda və yeni
keyfiyyətdə informasiya mühitinin formalaşması
işində xüsusi missiya yerinə yetirəcək. O
bildirib ki, Azərbaycan Respublikasın Medianın
İnkişafı Agentliyinin yaradılması milli
mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin
başlanğıcı kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, bu qərar müasir media və
informasiya münasibətlərinin yeni əsaslarda tənzimlənməsini
təmin edəcək: "Eyni zamanda, milli informasiya
resurslarımızın inkişafı və onların fəaliyyətinin
təkmilləşdirilməsinə ciddi töhfələr verəcək.
Məsələ ondadır ki, milli informasiya məkanımızda
keyfiyyət dəyişiklərinin yaradılması zərurəti
hər bir media mənsubu tərəfindən dərk edilən,
hətta deyərdim ki, arzu edilən bir həqiqət idi. Bunu zəruri
edən təkcə klassik medianın ənənəvi problemləri
deyildi. Eyni zamanda, hazırda müxtəlif internet
resurslarında ən müxtəlif adlarda formalaşan
informasiya subyektləri, onların davranış və fəaliyyəti
və bunun informasiya təhlükəsizliyi kontekstində tənzimlənməsi
məsələsi də günümüzün tələblərindən
biri idi".
H.Babaoğlu
vurğulayıb ki, milli informasiya məkanımızın
gündəminin başqaları tərəfindən təyin
edilməsi cəhdləri isə milli maraqlarımızla
daban-dabana ziddiyət təşkil edirdi: "Çox təəssüf
ki, əksər hallara nə media ilə bağlı
yaradılmış ixtisaslaşmış müxtəlif
ictimai qurumlarımız, nə də digər
strukturlarımız buna qarşı effektiv müqavimət
nümayiş etdirə bilirdilər. Nəticədə milli
informasiya məkanımız manipuliyasiyaya məruz qalır,
beləliklə də milli təhlükəsiziliyimizin əsas
komponentlərindən olan informasiya təhlükəsizliyimiz
pozulurdu".
Yazıçı-publisist
Yunus Oğuz deyib: "Media sahəsində islahatların həyata
keçirilməsi çoxdan gözlənilən bir addım
idi. Hesab edirəm ki, burada daha çox kreativ
yaradıcılıq meylləri var. Bu yaradıcılıq
meyllərini bir neçə yerə bölmüşəm.
Burada ən əsası odur ki, yeni yaradılan qurum Publik
Hüquqi Şəxsdir. Publik
Hüquqi Şəxsin digər təsərrüfat fəaliyyətləri
ilə məşğul olmaq imkanları var. Bir sözlə,
qanunla icazə verilmiş bütün fəaliyyətlərlə
məşğul ola bilərlər. Bu, nə üçün
lazımdır? Bu, ona görə lazımdır ki, qəzetlər,
saytlar, internet media, bu sahə ilə məşğul olan
hüquqi şəxslər həm də biznes fəaliyyəti
ilə məşğul olurlar. Saytların və qəzetlərin
müstəqilliyi artdıqca onların həm gəlirləri
çoxalacaq, həm də azad və sərbəst formada
fikirlərini ifadə edə biləcəklər. Agentlik, qəzet
və saytları, agentlikləri ora cəlb etməklə təsərrüfat,
biznes fəaliyyəti yaradır. Digər tərəfdən
onlar da Agentlikdən asılı olmayaraq müstəqil fəaliyyətlə
məşğul olurlar. Bu da əsasdır".
525-ci qəzet.- 2021.- 14 yanvar. S. 6.