Vətən
haqqında sənədli film
"Azadlığın ad
günü" Real tv-nin sənədli film serialı
formatında
Dilimizin
işlək lüğət tərkibində mənim
üçün ən duyğulu, ən kövrək və ən
ağrılı sözlərdən biri də "qərib"
anlayışıdır. Bəlkə də, hər kəsdə
kövrək və duyğulu hisslər yaradan bu söz
insanın həyatında gerçək fakta çevrilməsilə
ağlar bir ağrıya, sızıltıya dönür.
Dünyanın
ən murdar bir "dövlətinin" - Ermənistanın
doğma yurdundan, yuvasından didərgin saldığı minlərlə
soydaşımız Azərbaycanın başqa guşələrində
nə qədər rahat yaşamış olsalar da, həmin o
ağrılı qərib sözünün
ağrılarını ürəklərindən
çıxara bilmirdilər. Ürəkləri göynədən
"qərib" sözünü ancaq "zəfər"
sözü bizdən uzaqlaşdıra bilərdi. "Qərib"
sözünü "zəfər" sözü ilə əvəz
etmək üçün bütöv bir xalqın yumruq kimi
birləşərək Vətən müharibəsi kimi
müqəddəs bir döyüşə girməsi lazım
imiş. Prezidentimizin - Ali Baş Komandanın bunun
üçün bir əmri gərəkmiş. Belə bir
müqəddəs əmri çoxdan hazırlamaqda olan Ali
Baş Komandana düşmən özünün xəyanətkar
təxribatları ilə şərait yaratdı. 44
günlük Vətən müharibəsi dilimizin işlək
lüğət tərkibindən heç vaxt silinməyəcək
"zəfər" sözünü gündəmə gətirdi.
Bu söz Vətənimizin müxtəlif guşələrində
qəriblik həyatı yaşayan qarabağlıların 30
illik epiteti kimi daşlaşmış
"qaçqın", "köçkün" sözlərinin
əvvəlinə "zəfər"in yazdığı
"keçmiş" epiteti əvəz etdi. Bu müqəddəs
qələbə elə-belə başa gəlmədi: yüzlərlə
şəhidimizin, qazilərimizin, cəsur döyüşçülərimizin
hesabına başa gəldi bu qələbə. Birləşmiş
Azərbaycan xalqının "birinci əsgəri" - Ali
Baş Komandan İlham Əliyev
öndə olmaqla sıravi vətəndaşımızadək
hər kəs bu qələbəyə öz payını
verdi. Bu sırada Azərbaycan jurnalistlərini, onların
çalışdıqları media sistemini də qeyd etməliyik.
Cəbhə xəttində döyüşçülərimizlə
birgə olub, bizə canlı reportajlar hazırlamış
jurnalistlərimizin cəsarətli fəaliyyətini xalqımız yüksək qiymətləndirməkdədir.
Telekanallarımız, qəzet və xəbər
portallarımızın 44 günlük Vətən müharibəsindəki
vətəndaşlıq-jurnalistlik fəaliyyətini tədqiqatçılarımız,
tarixçilərimiz hələ çox araşdıracaqlar.
Vətən
müharibəsi zəfərlə bitdi. İndi mediamız bu
müharibənin qürurunu və qələbə yolunda
şəhid olanların ağrılarını
yaşamaqdadır. Etiraf edək ki, müharibənin bitməsindən
sonra bəzi telekanallarda müharibə mövzusu ilə
bağlı səngimələr də müşahidə
olunur. Mənim xüsusi izlədiyim
"REAL TV" bu sahədə heç bir səngiməyə
yol verməməkdədir. Bu kanalın rəhbəri Mir
Şahin düşmənə qarşı müharibənin mübarizə
dönəmini də yaxşı bilir: çünki onun bu sahədə,
bəlkə hər kəsdən çox təcrübəsi
var. O, Birinci Qarabağ müharibəsində böyük bir təcrübə
toplamış döyüşçü-jurnalistdir. Mir
Şahin vandal düşmənin Azərbaycandan torpaq
iddiaları başlanan çağdan bu günə qədər
Ermənistanın bizim üçün necə təhlükəli bir düşmən olduğunu
özünün telepublisistikasında ustadcasına daim ifadə
etmişdir. Onun bütün məramı, iddia kimi
görünən istəkləri Azərbaycan dövlətçiliyinə
məhəbbət, yağı düşmənə
qarşı mübarizə ilə bağlıdır. Ermənistanın
Azərbaycana qarşı 1988-ci ildən açıq şəkildə
başlayan müharibəsinə qarşı elə o vaxtdan cəbhə
xəttində olan Mir Şahin silahını heç vaxt yerə
qoymamışdır. Bu gün də özünün
yaratdığı "REAL
TV" kimi real bir silahla Mir
Şahin yenə də ön cəbhədə - əsgərlərimizlə
bir yerdədir. İndi Mir Şahinin qələbəmizin
qürurunu və qələbəmizin əldə
olunmasındakı milli cəsarəti ifadə edən yeni
teleformatları meydandadır. Bu teleformatlar sırasında onun
yaratdığı sənədli telefilmlər ayrıca yer
tutur.
Bu
telefilmlər "Azadlığın ad günü" kimi
qürurverici bir adla başladı. Doğrusu, mən bu adla ilk
filmə baxdım, qeydlərimi də mətbuatda göstərdim,
amma elə zənn etdim ki, torpaqlarımızın
azadlığı mövzusunda bu film elə bununla da bitdi.
Sonra maraqlı bir faktla rastlaşdıq: Mir Şahin
"Azadlığın ad günü"nü tamamilə
yeni bir formata saldı: serial formatına. İşğaldan
azad olunmuş rayonlarımızın azadlıq sevincini
yaşadan "Azadlığın ad günü" bircə
həftə sonra "Azadlığın ad günü:
Şuşa" - ikinci filmlə yenidən efirə
çıxdı. Və biz indi serialın
"Azadlığın ad günü: Zəngəzur"
adlı üçüncü hissəsini - seriyasını
izləyirik.
Həyatın
bütün sahələrində olduğu kimi, ədəbi
yaradıcılıqda da hər şey ideyadan başlayır.
Mir Şahin öz yaradıcılığında neçə-neçə
orijinal ideya gerçəkləşdirmişdir. Həm də
bu ustad jurnalist yaradıcılığının lap ilk
çağlarından hər şey Vətən
üçün, hər şey Azərbaycan üçün
ideyasını özünə kredo seçmişdir.
Şanlı Vətən müharibəsindən hələ
çox-çox əvvəl Mir Şahin qələbəmizin
parametrlərini hiss etmiş bir publisist oldu. Reallıqda
torpaqlarımızın müharibə yolu ilə, həm də
bu qədər sürətlə azad ediləcəyinə,
bununla bağlı Prezidentin xalqa səmimi vədlərinə
şübhə ilə yanaşan skeptiklər də mövcud
idi. Xalqın Vətən sevgisinə, torpaqlarımızı
işğaldan azad etmək əvəzinə heç olmasa, mənəvi
dəstək əvəzinə daxildən və xaricdən
müxtəlif mediaxətlərlə qələbəyə
inamsızlıq yaratmağa çalışırdılar.
Bir jurnalistdən əvvəl bir mübariz vətəndaş
olan Mir Şahinin o cür qüvvələrlə dönməz
savaşı və bəzən bu savaşdan aldığı
bəyənməməzliklər hamımızın
yaxşı yadındadır. Amma Mir Şahin heç bir antiazərbaycan
"qüvvəsindən", heç bir təhqirdən
çəkinmədi. Çünki dövlətçiliyimizin
müdafiəsində haqq yolunda olduğunu bilirdi. Və ona da
inanırdı ki, gün gələcək, Prezidentimiz gücləndirdiyi
ordumuzla Vətən müharibəsinə başlayacaq və onun qələbələri
bütün siyasi partiyaları, bütün narazı siyasi
qüvvələri birləşdirəcək. Mir Şahinin bu
30 ildə qürurla yanında dayandığı Prezidentin ətrafında
indi bütöv xalq birliyi, siyasi birlik dayanmışdır.
Mir
Şahin Vətən müharibəsi dövründə hər an əsgərlərimizin
yanında oldu, onlardan aldığı müsahibələri
videotariximizə bağışladı. Və qələbədən
sonra arxayınlaşmamağı da tövsiyə edən
proqramlar hazırladı. Yeni formatda meydana qoyduğu
"Azadlığın ad günü" işğaldan azad olunmuş
torpaqlarımızın yollarında vətəndaş
qüruru ilə ordumuzun, Ali Baş Komandanın, birləşmiş
xalqın qələbəsindən doğan bu qüruru
tamaşaçıları ilə bölüşdü. Sonra
bu ideyadan daha bir ideya doğdu: Vətənimizin işğaldan
azad olunan torpaqlarının hər
şəhərinə, hər kəndinə ayrıca sənədli
telefilm həsr etmək. Bu filmlərin də hamısı
"Azadlığın ad günü" adını
daşıyır, amma hər dəfə bu adın sonunda 30 il
qəriblikdə qalmış bir şəhərin, bir kəndin
adı əlavə olunur. Bu filmlərdə bizim
torpaqlarımızın tarixi
var, saxta erməni tarixçilərinə həqiqətlə
yoğrulmuş cavablar var, ordumuzun rəşadət
yürüşünün qızıl nəticələri var,
erməni xislətinin dünyaya car çəkilən
vandallıq faktları var. Bunları biz azad olunmuş
rayonlarımıza həsr olunmuş birinci filmdə,
Şuşaya həsr olunmuş ikinci filmdə, haqqın, ədalətin
meydana çıxdığı Zəngəzur mahalından
... Azərbaycana qaytarılmış Şurnux kəndinə həsr
olunmuş üçüncü filmdə də yaxşı
görürük.
Gələcəkdə
mütləq sayı artacaq bu telefilmlərin bir neçə sənədli
obrazı var: Vətən müharibəsi, zəfər
yürüşü, Ali Baş Komandan, müzəffər
ordumuz və onun əsgərləri. Və bir də ...azad
torpaqlarımız! Filmlərin bütün məqamları -
hansı nöqtədə olur-olsun - əsgər obrazlarına
bağlıdır. Dünən də, bu gün də Mir
Şahinin mikrofonu qarşısında məğrur əsgərlərimizi
görürük. Bu əsgərlərə, zabitlərə
diqqətlə qulaq asın, onların hər birinin nitqində
Vətən sevgisi, qələbə qüruru ilk yerdə
dayanır. Qəribədir, bugünkü əsgərlərimizin
nitqi də, reallığa münasibəti də yenidir,
mükəmməldir. Bizi bu mükəmməlliyin qələbəyə
çatdırması qənaətinə gəlirsən.
Filmlərdə
Vətən müharibəsi birbaşa müqəddəslik
anlayışı daşıyır: görünən
dağlarda, meşələrdə, geniş mənzərədə
bu anlam hiss olunur. Zəfər yürüşü Mir
Şahinin videokamerasının üz tutduğu hər nöqtədə,
torpağın hər bucağında gözə
görünür. Kameradakı dağların, qayaların,
düzənliklərin, adi daş parçalarının hər
biri haqqında beləcə filmlərin yaranacağına əmin
oluruq.
Bütün
bu qürur hissinin mərkəzində yumruğunu düşmənə
tuşlayan Ali Baş Komandanın məğrur cüssəsi
dayanır: region mövzusunda da, Şuşada da, Zəngəzurda
da...
Filmlərin
ən əzəmətli obrazı azad olmuş
torpaqlarımızdır. Torpaqlarımızın ərazisi Zəngəzura
qədər gedib çıxırsa, deməli, qarşıda
sarsılmaz ideyalar dayanır.
Zəngəzurun
vaxtilə Azərbaycana məxsus olmuş Şurnux kəndinə
aparan yolun publisistik təsviri elə qələbəmizin
yoludur. Müəllif bu kəndin tarixini, azərbaycanlıların
çox sevdiyi bir məskən olduğunu onun elə bu andaca gəlib
bura sahib çıxan sakinlərinin dili ilə təqdim edir və
bu sakinlərin sevgi ilə xatırladıqları
keçmiş bizdə də elə onlar kimi nostalji hisslər
yaradır. Amma təsəlli ondadır ki, bizim sakinlər
artıq "mənəviyyat ərazimiz" kimi qəbul
etdiyimiz Şurnux kəndindədir.
Film
uzun illər qürbətdə qalmış və bu gün
bizimkiləşmiş bu kəndin tarixini xatırlamaqla
bütövlükdə Zəngəzur mahalının əsl
həqiqəti əks etdirən keçmişini ortaya qoyur.
Müəllif bu kəndə gedən yolun hələlik havadan
(helikopterlə) dağlardan keçdiyini deyir və qürurla
bildirir ki, sabah Şurnuxun su (dəniz) yolu da olacaqdır. Yəni
Azərbaycanın Xəzərdən dünyaya uzanan yolları
lap yaxın gələcəkdə Şurnuxun da hünərlə
dünyaya çıxacağı bir su yolu olacaq.
Ümumiyyətlə,
"Azadlığın ad günü..." bütün
seriyaları ilə qəlbimizə ümid və qürur dolu
bir ovqat bəxş edir. Bu ovqat azadlığa
çıxmış torpaqlarımızın ətrindən,
bərpa olunmuş tarixi sərhədlərimizdə daha
böyük cəsarətlə dayanmış ordumuzun əzmindən
və bir də filmin təlqin etdiyi qürurdan doğur.
Filmin
yaradıcı heyəti: yenə də əvvəlki
kiçik qrup. Redaktoru Səbinə xanım Ağayeva,
operatorlar Ramin Yaqubov, Arif Zeynalov, montaj edən Bəkir Osmanov və
bir də bütövlükdə "REAL TV"...
Mən
bu yazını bitirəndən sonra "REAL TV"nin təkrar
efirə çıxardığı "Azadlığın
ad günü: Zəngəzur" filminə bir də
tamaşa edirəm. Mir Şahini bir daha qarlı dağların
arasında görürəm və ürəyimdən bir
narahatlıq keçir: Əsgərlərimizi Tanrı qorusun,
onlar qara, çovğuna, soyuğa öyrəşiblər. Bəs
Mir Şahin? Bu qarlı dağlarda ona soyuq olmaz ki?
Zəng
edirəm Mir Şahinə:
-
Canım Mir Şahin, sənə soyuq olmur ki, o dağlarda, xəstəlik də
keçirmisən, özünü qoru! - deyirəm.
Mir
Şahin çox qürurla:
-
Narahat olmayın, ustad, - deyir - mən o yerlərdə həmişə
əsgərlərimizin indiki geyimlərində oluram.
Maşallah olsun, əsgərlərimizin geyimi elə isti, elə
rahatdır ki, heç bir qar, çovğun onun içindəki
adama təsir edə bilməz!
Əslində,
bu cavab Mir Şahinin ordumuz haqqında əlavə bir
informasiyasıdır -ordumuzun təminatından
arxayınçılıq informasiyası.
Cahangir
MƏMMƏDLİ
525-ci qəzet.- 2021.-
14 yanvar. S. 8.