"Azərbaycan
şərqşünaslığı"nın yeni sayı
çıxıb
AMEA-nın
akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun elmi-kütləvi nəşri olan "Azərbaycan
şərqşünaslığı" jurnalının
növbəti sayı işıq üzü görüb.
Bu
barədə İnstitutun ictimaiyyətlə əlaqələr
üzrə məsul əməkdaşı, filologiya üzrə
fəlsəfə doktoru Vüqar Məmmədov məlumat
yayıb.
Jurnalın
bu sayında əsas mövzu Azərbaycan Ordusunun Vətən
müharibəsində qələbəsidir. Oxuculara müharibədə
qələbə ilə bağlı Azərbaycan Prezidenti
İlham Əliyevin xalqa müraciəti, AMEA Rəyasət Heyətinin
bəyanatı, Şərqşünaslıq İnstitutunda
keçirilən tədbir haqqında məlumat və digər
yazılar təqdim edilir. Eləcə də istər Tovuz hadisələri,
istər də Vətən müharibəsi dövründə
Şərqşünaslıq İnstitutunun əməkdaşlarının
dünyanın müxtəlif ölkələrinin ərəb
və farsdilli televiziya və radio kanallarında, mətbu
orqanlarında, saytlarında Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırmaları barədə
məlumat verilir.
Jurnalın
səhifələrində həmçinin, Abay Kunanbayevin 175
illiyi ilə bağlı nəşr, tədbirlər
haqqında məlumat və bu görkəmli qazax ədibinin
yaradıcılığına dair elmi məqalələrlə
tanış olmaq olar.
Jurnaldakı
elmi məqalələr sırasında görkəmli şərqşünas
alim Aida İmanquliyevanın fəlsəfəsində qadın
hüquqları və gender multikulturallığı,
S.C.Pişəvərinin İran Xalq Partiyasına
üzvlüyü, "Munisnamə"də adları çəkilən
bəzi sufilər, Həsən Məcidzadə Savalanın əsərlərində
xalq adət və ənənələrinin əksi, İslam
dünyasında fəlsəfi məktəblər və digər
məsələlər barədə yazılar da yer alır.
Həmçinin,
Şərqşünaslıq İnstitutunun son tədqiqatları,
beynəlxalq əlaqələri, institutda əldə edilən
uğurlar, çap olunan kitablar, keçirilən tədbirlər
barədə də jurnaldan məlumat almaq olar.
525-ci qəzet.- 2021.-
14 yanvar. S. 9.