Üç rəng

 

Əslində, bu yazını çoxdan yazmalıydım. Qarabağ səfərindən dönər-dönməz. Hətta məndən sonra o ərazilərə gedənlər yazıb paylaşdılar belə. Amma mən... susdum bir xeyli. Özümə qapandım. Bölüşmək istəmədim.

Hisslərim diri ikən bir az özümdə götür-qoy etməliydim nəyin nə olduğunu. Çünki yuxu kimi bir səfər yaşamışdım Qarabağın 3 inzibati rayonunda. Beynimdəki duman çəkiləndən sonra xatirələr üç rəngə bölünüb  ayrı-ayrı rəflərə oturdu: Kəlbəcər - göy, Cəbrayıl - qırmızı, Ağdam - yaşıl. Yox, rayonları rənglərlə əlaqələndirməyim əbəs deyil. Səbirli olun. Onun da açması olacaq. Beləliklə,

 

Ağdam: yaşıl!

 

Yol. Soyuq qış günündə solğun Günəşin bələdçilik etdiyi upuzun bir yol. Nabələdsən bu yola. Amma pəncərədən üzünü sığallayan küləkli hava doğma gəlir. Buz kimi hava ciyərlərinə dolduqca hiss edirsən ki, hə, öz qabındasan. İnanmırsan gözlərinə. Öz-özünə deyirsən: Qızım, doğurdanmı illərlə adını həsrətlə çəkdiyin, işğal günlərinə yana-yana ssenarilər yazdığın bu yerlərə gəlib çıxmısan? 27 il e, Karl. 27 il erməni xəbər saytlarında tək-tük rastına çıxan fotoşəkilləri ilə təsəlli tapdığın, uzaq, amma doğma tanışının panoraması açılır. Maşından başını çıxarıb var qüvvənlə qışqırmaq istəyirsən: "Salam, Qarabağ! Biz gəldik, mən gəldim..." Amma sözlər boğazında tikə-parça olub qırıqlanır qarşındakı mənzərələri gördükcə. Allı-güllü Qarabağ gözəli getmiş, yerini saralmış, tarimar olmuş bir qoca almış... Qəribə bir şok yaşayırsan. İçin qaynayıb qəhərlənir bir maşın adamın içində. Boğazın düyün-düyün olur. Təhdəlşüurundasa Qulu Ağsəsin "Ağdam" şeiri fırlanır:

 

"Sən öl"ü, "sağ ol"u bəlli,

yaranandan üzü bəri

yasında Yasin oxunan,

toyunda tüfəng atılan -

şəhərim!

Dünyanı bazara çıxaran,

dünya bazarında satılan -

şəhərim!

 

Beynində siqnal verən misraları yarıda buraxıb yerindən sıçrayırsan. Sürücüyə sarı boylanırsan:

- Çatırıq? Bura haradır?

- Ağdamdır, qızım...

Və sən gözlərini yumursan. Uşaqlıqdan tərifini eşitdiyin axar-baxarlı, güllük-gülüstanlıq, Qarabağ atlarıyla, qonaqpərvərliyi ilə, dadlı-duzlu mətbəxi ilə şan qazanmış  Ağdam: imarət evlər, uca hasarlar, gözəl binalar... bu illər ərzində Ağdamla bağlı efirdən izlədiklərin bircə-bircə məlum şeirin fonunda xəyalına qonaq gəlir:

 

... Yuxarı başına keçən kafirə

yuxarıdan aşağı baxan,

Allahdan da çəkinməyən,

bircə əsarətdən qorxan!

Ağ alınlı qızılı atların vətəni,

seyid cəddinə içilən andların vətəni!

Sən dar gündə Şuşaya arxa,

Xocalıya ümid oldun.

Son nəfəsəcən döyüşdün,

son nəfərəcən şəhid oldun...

 

Gözlərinin ekranında yarım-yapalaq kadrlar yanıb-sönür: 1993-ün iyulundan ağ damları tüsdüləyib qaralmış Ağdam... Yurdundan çıxarılan ağdamlıların maşın qatarı... Geniş-geniş evlərindən sonra Bakıdakı yataqxanalara, uşaq baxçalarına sığışmayan ağdamlılar... Sonra 5000-dən çox sakinini şəhid verə-verə ruhlar şəhərinə çevrilən Ağdam xatirinə gəlir. Sonra ağdamlı dostlar düşür yada. Onların Ağdamla bağlı ağappaq işıqlı xatirələri: Ağdam Mədəniyyət evi, Ağdam Çay baxçası, Ağdam univermağı, futbol oyunları ilə dillərə dastan İmarət stadionu... Gözlərini açırsan. Maşının şüşəsində düzənlikdəki uçuq-sökük "evlər", kol-kosa dönmüş ağaclar əvəzlənir. Nə özəl demisən, şair:

 

Ağam şəhərim!

Adam şəhərim!

Ağdam şəhərim!

 

Yadıma gəlir... Bir dəfə bir ağdamlıdan soruşmuşdum ki, niyə Ağdam qoyublar bu ərazinin adını? Demişdi ki, "Ağdam" sözünün etimologiyası ilə bağlı versiyalar çoxdur. XVIII əsrdə Pənahəli xan özünə burda ağ daşdan ev tikdirəndən sonra digər evləri də bu tipdə tikirlər və ondan sonra "Ağdam" kəlməsi "işıqlı, ağ bina" anlamını verir. Bir də qədimdən türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa edirmiş. "Ağdam" sözü də qədim türk dilində "kiçik qala" mənasını verir...

Yandırılmış, sökülmüş, tökülmüş, baxımsız "kiçik, ağ qalalar"a baxdıqca düşünürəm ki, axı niyə də niyə, sahib çıxmaq istəmədikləri ərazini 27 il əsarətdə saxlayırdılar? Bu qədər qan-qada, söz-söhbət nəyə lazım idi? Telefona girib Ağdama yola düşməzdən öncə Vikipediyadan yüklədiyim məlumatı oxuyuram: "İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi..." Məhv edildi, Karl... Yəni izsiz-tozsuz Yer üzündən silindi. Bir hikkənin, kinin-küdurətin badına getdi illərlə kərpic-kərpic yığılan tarix... Hə, necə bitirdi Qulu müəllimin "Ağdam" şeiri?..

 

Şükür külünə,

şükür qayıdış gününə!

Sevincdən ağlımız çaşıb,

yüz min dəliynən gəlirik.

Bir "Uzundərə" havası çal,

çıx Bərdə yoluna -

Uzundərəynən gəlirik!..

 

Bax bu yerdə İmarət meydanında "Qarabağ" nəğməsinin sədaları altında Aqil Abbasın möhtəşəm rəqsi yadıma düşür. Mən o rəqsdən necə təsirlənmişdim, İlahi. O rəqsi izlədikcə dərk etmişdim ki, bəli, artıq Qarabağ sözsüz-şərtsiz Azərbaycanındır! O rəqsdən sonra 44 gün ərzində içimə yığılmış sevinc donumun buzu ərimişdi. Öz-özümə düşünmüşdüm: Ey ulu İmarət... Sən nə oyunların, nə qalibiyyətlərin, nə atışmaların, qırğınların şahidi oldun. Əsir düşdün, dağıldın, söküldün, amma qismətə bax ki, azad günlərin bax bu rəqslə başladı. Sonra 90-ların əfsanəvi şəhid qəhrəmanı, "Qarabağ" futbol komandasının baş məşqçisi Allahverdi Bağırovun ruhuna rəhmət diləmişdim. Bu meydanda onun futbolçularla məşqlərdə, qızğın oyunlarda keçən nə gözəl günləri olub. Heyif, Ağdamın bu günlərini görmək sağ ikən nəsibi olmadı. Amma yəqin əksi Ağdam Şəhidlər Xiyabanındakı qəbrindən indi qürurla boylanır. Gözünüz aydın, Allahverdi komandir. Arzunuz yerinə yetdi. Ağdam əsarətdən qurtuldu. Elə sizin məzarınız da... Nur içində uyuyun...

Hə, beləcə maşınımız mənzil başına çatır: Ağdam Cümə Məscidi. Bu boyda ərazidə uçurulmamış yeganə tikili. Maşından düşüb məscidlə üzbəüz dayanıram. Məscidin minarələri qoşa əllər kimi səmaya dikilib. Elə bil şükür edir bu günlərinə. Görünüşündən baxımızlıq yağsa da, üstündəki ərəb əlifbasıyla yazılmış qədim yazıları durur. Amma məscidə getməyə tələsmirəm. Bizi qarşılayan hərbçilərə bir xeyli sualım var axı. Salam-kalamdan sonra üzümü ən yaxınımda durana tuturam:

- Bəs nə əcəb məscidə toxunmayıblar?

- Minarələrdən ətrafı seyr etmək üçün istifadə edirmişlər.

- Hə, belə de... Bəs Çay baxçası hanı? Onun yarıuçuq "skelet"i qalmışdı. Sosial şəbəkələrdə paylaşmışdılar fotosunu.

Hərbçi acı-acı gülümsəyir. Məni məsciddən 10-15 addımlıq məsafədə bir çalanın yanına gətirir. Çalanın böyründə balaca bir dəmir parçası var. Quruluşundan bilinir ki, nə vaxtsa burma pilləkən olub:

- Xanım, buradır Çay baxçasının yeri. Bircə o dəmir qırığı qalıb. Sizin dediyiniz foto 2013-də çəkilib. Camaat da elə bilir Çay evindən nəsə qalıb. O fotodakını da məhv ediblər qansızlar...

Sonra bir az qabaqda növbəti çalanı göstərir mənə:

- Bax bura da univermağın yeridir. Heç izi də qalmayıb. Mədəniyyət evinin də bircə arkası durur...

Bir xeyli çalalara baxıb hərbçidən ayrılıram. Dinməz-söyləməz məscidə gəlirəm. Ayaqqablarımı soyunub yaylığımı bağlayıram: "İlahi, bu günümüzə min şükür!" Məscidin döşəmələri bumbuz və yalın, otaqları bomboşdur. Amma içində doğma bir aura var. Və o aurada adam özünü başqa planetə düşmüş kimi hiss edir. O planetdə nə müharibə, nə kin, nə ədavət var... Məsciddən çıxanda kövrək, amma rahat və xoşbəxtəm. Asta-asta arxa qapıdan girib dar pillələrlə məscidin gümbəzlərinə doğru qalxıram. Burdan Ağdamın bütün mənzərəsi ovuc içi kimi görünür. Əllərimlə gümbəzləri sığallaya-sığallaya Qarabağ adına dualar edirəm. Və düşünürəm ki, Ağdam indi İslam rəngindədir: yamyaşıl. Çünki bu boyda ərazidə bircə salamat nöqtəsi qalıb. O da Allahın evi. Və hər gələn Allah bəndəsi əllərini bu evdən göy qübbəsinə doğru uzadır. O əllərdənsə Qarabağla bağlı yaşıl-yaşıl ümidlər dırmaşır Allaha tərəf...

Maşına minəndə yadıma düşür ki, yorğun və yuxusuzam. Amma bu necə xoş yorğunluqdur, İlahi. Özümü quş kimi yüngül hiss edirəm. Elə bil çiynimdən böyük bir yük götürülüb. Ağdamın indi boş qalmış keçmiş üzümlüklərinin böyrüylə irəliləyirik: "Hələlik, Ağdam, hələlik Qarabağ! Görüşəcəyik yenə. Mütləq görüşəcəyik. Bəlkə gələn səfərimdə fərqli qarşılayacaqsan məni: duz-çörəklə, abad ev-eşiklə, modern görünüşlə. Yenə təəccüb qalacam. Tanımayacam səni. İndisə qoy gedim, görməyənlərə, darıxanlara səndən salam yetirim... Sağlıqla qal, şair demiş, ağam şəhərim, adam şəhərim, Ağdam şəhərim!"

Əminəm ki, bu, mənim Qarabağa axarıncı səfərimdir. Və bir şey də gün kimi aydın ki, növbəti səfərlərdə bu qədər həyəcan, qorxu-hürkü olmayacaq. İnşallah, rahat və sərbəst səfərlər edəcəyəm. Amma əminəm ki, növbəti görüşlərdə savaş meydanından çıxmış Qarabağı toxunulmaz, bakirə halıyla görməyin ləzzətini bir də yaşaya bilməyəcəm. Onun üçün deyirəm ki, bu hisslər vəsfə sığmaz, yaşanar. Özü də bütün təhlükələrin fövqündə yaşanar və nə gözəl ki, bu hissi yaşayan ilk və az sayda insanlardan biri də mən oldum!

 

Günel MEHRİ

525-ci qəzet.- 2021.- 14 yanvar. S. 10.