44
günlük Vətən müharibəsi: hamı bir nəfər
kimi
Bütün
cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətimizdə
də şəxsiyyətin sosiallaşmasını səciyyələndirən
cəhətlərdən biri də xalqın, toplumun çətin
məqamlarda düşmənə qarşı tez bir vaxtda birləşə
bilməsi, yadelli işğalçılara qarşı
mübarizə ruhunda səfərbər olmağı
bacarmasıdır.
Vətənpərvərlik
xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən
ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət
xalqımızın həyatında həmişə
başlıca meyar və xarakter kimi formalaşıb. Ötən
ilin son aylarına təsadüf edən, Azərbaycanın
böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən
müharibəsi günlərində həm ön, həm də
arxa cəbhədə baş verən proseslər bu deyilənləri
bir daha təsdiqlədi. Xalqımızın tarixin bu
sınağından alnıaçıq və
üzüağ, zəfərlə çıxmasını
şərtləndirən başlıca amillərdən biri də
məhz vətənə sonsuz sevgi hissinin
sarsılmazlığı idi. Vətənə, torpağa bu
bağlılığın təcəssümü idi ki,
İkinci Qarabağ müharibəsində rəşadətli
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında öz əzmi və
şücaəti ilə işğal olunmuş
torpaqlarımızı düşməndən təmizləyərək
Azərbaycanın ərazi bütövlüyünü təmin
etməyi bacardı.
Vətən
müharibəsi günlərində xalqımız
üçün səciyyəvi olan ən mühüm cəhətlərdən
biri də milli birlik və həmrəyliyin
sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki,
İkinci Qarabağ savaşında minlərlə gənc erməni
işğalçılarına qarşı mübarizə
aparmaq üçün könüllü müraciət edərək
cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə
olanlar həmrəylik göstərərək öz əməlləri
ilə ön cəbhədə vuruşanlara əllərindən
gələn köməyi əsirgəmədilər, hər
cür maddi və mənəvi dəstək verməyə
hazır olduqlarını göstərdilər, ölkədə
fəaliyyət göstərən müxtəlif siyasi
partiyalar siyasi baxışlarını bir kənara qoyaraq milli
birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu
göstərdi ki, siyasi, dini, sosial mövqeyindən
asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan
xalqının birliyi hər bir vətəndaş
üçün bütün arzu və istəklərdən
öndə dayanır. Bu günlər Azərbaycan xalqı
öz əzmi ilə bütün dünyaya, sözün həqiqi
mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini
nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin
qazanılmasında birliyimizin rolu misilsizdir.
Müasir
dünyamızda sosial şəbəkələr fərdlərin
yeni sosiallaşma mühiti kimi ən spesifik məkan
sayılır. Təsadüfi deyildi ki, İkinci Qarabağ
müharibəsi dövründə müharibə həm də
sosial şəbəkələr vasitəsilə informasiya cəbhəsində
gedirdi. Bu günlərdə Azərbaycan gəncliyi haqq səsimizi
dünyaya çatdırmaq üçün yorulmadan,
ardıcıl surətdə bir çox kampaniyalar aparır,
müxtəlif həştəqlərdən istifadə edərək
erməni terrorunu, vandalizmini dünya ictimaiyyətinə
çatdırmağa çalışırdı. Onlar xarici
mediada Azərbaycan haqqında tarixi faktların
saxtalaşdırılması, düşmən tərəfindən
mülki əhaliyə qarşı cinayət əməllərinin
törədilməsi, şəhər və kəndlərin
adının dəyişdirilməsinə dair
informasiyaların geniş yayılması, eləcə də
dezinformasiyaların qarşısının alınması
istiqamətində mütəşəkkil şəkildə
mübarizə apararaq əsl həqiqətlərin ortaya
qoyulmasında böyük fəallıq göstərirdilər.
Azərbaycan
xalqı humanist, sülhsevər xalqdır. Biz hər zaman
torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı
olmuşuq. Lakin xain düşmənin təxribatları və
iftiraları buna imkan vermədi. Müzəffər Azərbaycan
Ordusu çıxdığı bu şərəfli yolda, bu
müqəddəs savaşda böyük zəfərlə
bizləri sevindirdi.
Neçə
illərdən bəri Azərbaycan Prezidenti, Ali Baş Komandan
çıxış və müsahibələrində
açıq-aydın mesajlar verirdi ki, sülh
danışıqları heç bir nəticə verməsə,
biz öz torpaqlarımızı nəyin bahasına olur-olsun
işğaldan azad edəcəyik. Təəssüf ki, həmsədr
ölkələr öz fəaliyyətləri dövründə
"hüquq" və "ədalət" ifadələrini
sadəcə sözdə dilə gətirməklə kifayətləndilər.
Ötən 28 il ərzində dəfələrlə
müşahidə olundu ki, beynəlxalq hüququn və ədalətin
bərqərar olunması həmsədr ölkələr
üçün elə də önəmli deyil. Azərbaycan
Prezidenti İlham Əliyevin "Əl-Cəzirə"
televiziya kanalına müsahibəsində bildirdiyi kimi,
"...bəzi hallarda BMT Təhlükəsizik
Şurasının qətnamələri bir neçə
gün, bəlkə də bir neçə saat ərzində
icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun
illərdir ki, kağız üzərində qalıb. Beləliklə,
təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin
nəyə görə bu qədər uzun çəkməsinin
səbəblərindən biridir". Nəhayət,
düşmən təxribatlarının
qarşısını almaq məqsədi ilə başlanan hərbi
əməliyyatlar və 44 günlük Vətən müharibəsinin
nəticəsində Azərbaycan Ordusunun gücü və əzmi
imkan verdi ki, torpaqlarımız işğaldan azad olunsun və
status-kvo kökündən dəyişsin. Biz bu möhtəşəm
qələbəyə igid şəhidlərimizin, qəhrəman
qazilərimizin canı və qanı bahasına nail olduq. Bu
gün vətən uğrunda vuruşan, canından keçən,
şücaət göstərən oğullarımız
dövlətimiz və Ali Baş Komandanımız tərəfindən
lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri
adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər
təyin edilir, xatirələri əbədiləşdirilir. Bu
günlərdə dövlət başçısının
sərəncamı ilə "Yaşat" Fondu
yaradılıb. Fond Azərbaycan Respublikasının ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar
yaralananların və şəhid ailələrinin təminatına
dəstək verilməsi missiyasını hıəyata
keçirəcək. Bununla yanaşı, hər bir vətəndaşımız,
hər bir soydaşımız hərbçilərimizə,
şəhid ailələrinə, qazilərimizə
bacardıqları qədər arxa-dayaq olmağa
çalışırlar. Şanlı tarix yazan bu qəhrəmanlarımız
böyüyən yeni nəslin vətənpərvərlik
ruhunda sosiallaşma prosesində böyük rol oynayacaqlar.
İşğaldan
azad olunmuş ərazilərimizdə günəş yenidən
doğacaq, əzəli və əbədi yurd yerlərimiz
yenidən canlanacaq, Azərbaycan bayrağının
sancıldığı hər qarış yer cənnətə
dönəcək.
Bu
gün qarşılaşdığımız mənzərə
həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını
qurduğumuz an gerçəkləşib, otuz illik həsrət
artıq sona çatıb, Azərbaycan xalqı öz
doğma torpaqlarına qovuşub. Bu möhtəşəm
günləri bizlərə yaşadan hər kəsə, ilk
növbədə Ali Baş Komandanın rəhbərliyi
altında möcüzələri reallığa çevirən
şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan!
Ülviyyə
MEHRALIYEVA
525-ci qəzet.- 2021.-
14 yanvar. S. 11.