Qəlblərdə
yurd salıb əbədiyyət qazanmaq...
Unudulmaz müəllimim,
tanınmış ictimai xadim və alim Ziyad Zəhməzovun
xatirəsinə ehtiramla
Müəllimlərimi
heç zaman unutmamışam və unudan deyiləm. Əllərini
indi də çiynimdə hiss etdiyim müəllimlərimi son
nəfəsiməcən mənəvi himayədarım kimi yad
edəcəyəm. Ziyad müəllim də onların
sırasındadır.
Ziyad
Təhməzov 1925-ci il may ayının 15-də Zəngilan
rayonunun Sarıl kəndində anadan olub. Oxumaq, təhsil almaq
istəyi ilə fərqlənib. 1939-cu ildə 7-ci sinfi
bitirdikdən sonra Qaryagindəki (indiki Füzuli) pedaqoji məktəbə
gəlib. Pedaqoji məktəbi bitirdikdən sonra 1942-ci ilin
fevralında Zəngilan rayonunun Hacallı kənd məktəbində
müəllim kimi fəaliyyətə başlayıb.
1944-cü ildə Ağalı kənd orta məktəbinə
dərs hissə müdiri, az sonra direktor təyin edilib. 1945-ci
ildə indiki pedaqoji universitetin tarix fakültəsinə
(qiyabi) daxil olub. Həmin il partiya sıralarına qəbul
edilib. Pirçivan (indiki Zəngilan şəhər 1 saylı)
orta məktəbinin müəllimi, 1946-cı ildə isə həm
də "Stalinçi" qəzetinin məsul katibi olub. Hətta
bir müddət redaktorun da səlahiyyətlərini icra edib.
Az sonra yenidən Ağalı kənd orta məktəbində,
1948-ci ildə isə Məmmədbəyli kənd orta məktəbində
direktor işləyib.
1949-cu
ildə Pirçivan orta məktəbində müəllim
işləməklə yanaşı, Azərbaycan KP Zəngilan
Rayon Komitəsinin partiya kabinetinin müdiri təyin edilir.
Maraqlı bir məqam: Mərkəzi Komitədə bu təyinat
olanda büro iclasını Mir Cəfər Bağırov
aparıb. O tarix bizə yaxşı məlumdur, yəni Mir Cəfər
Bağırovun şəxsi müşahidələrinin təhlükəlilik
amilini nəzərə alsaq, görərik ki, həmin təyinat
necə məsuliyyət doğurmuşdu. Bu təyinat Ziyad Təhməzova
partiya orqanlarında yaranacaq etimadların
başlanğıcı oldu. O, fəal bir gənc, savadlı,
xarakteri partiyanın tələbləriylə uzlaşan bir
kadr kimi tanınırdı. Bir ildən sonra onu Zəngilan
Rayon Partiya Komitəsinin təbliğat-təşviqat
şöbəsinin müdiri təyin etdilər. 1953-cü ildə
Azərbaycan KP MK-nın nəzdindəki ikiillik Partiya Məktəbini
fərqlənmə diplomu ilə bitirdikdən sonra rayon partiya
komitəsinin katibi, 1955-ci ildə isə ikinci katibi
seçildi. Böyük etimad idi. Həm də bu etimad
qısa müddətdə qazanılmışdı.
Azərbaycan
KP MK-nın birinci katibi İmam Mustafayevin təşəbbüsü
və təqdimatıyla 1958-ci ildə Moskvaya, Ali Partiya Məktəbinə
göndərilib. Moskvada təhsil alanda otaq yoldaşı
Nikolay Molotov onu "canlı ensiklopediya" adlandırıb.
Moskvada, müxtəlif millətlərin nümayəndələrinin
təhsil aldığı Ali Partiya Məktəbində dinləyicini
ancaq onun yüksək erudisiyası belə tanıda bilərdi.
Erudisiyası öz yerində, Ziyad Təhməzov həm də
böyük vətənpərvər insan kimi seçilib.
Deyilənə görə, bir vaxtlar rus əsilli dinləyici
Karpov dilini dinc saxlamayıb. Ölkəmiz barədə söz
düşəndə deyib ki, "Azərbaycan ölkəyə
neft və pambıqdan savayı nə verib?" O zaman Ziyad Təhməzov
qərəzli sualı cavabsız qoymayıb. Doğma Azərbaycanın,
qədirbilən və çox sivil düşüncəli azərbaycanlıların
şanlı adına, zəngin tarixinə kölgə salmaq
üçün deyilən o sözlərə biganə qala
bilməzdi. Ona görə də çox təmkinlə deyib
ki, "bəs sizin hansı tarixi şəxsiyyətləriniz
olub?" Qərəzkar Karpov Çernışevskinin, bir də
Leninin adını çəkib. Onda Ziyad Murad oğlu
qürurla deyib ki, Çernışevskinin müəllimi azərbaycanlı
olub. Çernışevskini Çernışevski eləyən
Mirzə Kazım bəy olub. Kim qüdrətlidir: öyrədən,
yoxsa öyrənən? Üstəlik,
Çernışevskinin fikirlərinə də istinad edilib:
"Kaş Sankt-Peterburq İmperator Universiteti
professorlarının hamısı mənim əziz müəllimim
kimi dərin bilikli, hərtərəfli, mütərəqqi
insan olan Mirzə Kazım bəy kimi olaydı".
Ziyadın
tutarlı cavabı, xüsusilə Çernışevskinin
müəllimi haqqında dedikləri rəğbət, ehtiram,
sevgi dolu real tarixi faktlar Karpovun düşüncələrini
tarıma çəkib. Həqiqi fakt qarşısında
papağını çıxartmalı olan Karpov o dəqiqə
Ziyaddan üzr istəyib. Ziyad isə qürurlu bir görkəm
alaraq üzünü uca Allahımıza tutaraq belə deyib:
"Verdiyin qabiliyyətə min şükür,
xalqımın fərəh doğuran tarixi keçmişinə,
zəngin mədəniyyətinə, şərəfli
adına zərrə qədər də olsa xidmət edə bildim..."
Moskvada
ali siyasi təhsilini uğurla başa vuran Ziyad Təhməzov
1960-cı ildə Zəngilan Rayon Xalq Deputatları Soveti
İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli
çəkildi. Sönməz sevgi hissləri ilə
qurub-yaratmağa başladı, real imkanları əməli
işə çevirməyi bacardı. O illərdə Zəngilan
bütün istiqamətlərdə dinamik əsaslarla
inkişaf etdirildi. Ziyad müəllimin Zəngilana sevgisi əsl
sevgi idi...
Mənfur
erməniliyin tarixi onların Qafqazda məskunlaşmağa
başladığı tarixlə yalnız saxta bir tonla səsləşir.
Erməni həmişə murdar erməniliyindən əl
çəkməyib. 70-ci illərdə də min bir hiylə
yolu ilə qımıldaşırdılar. Sözü ermənidən
salmağımın səbəbi var. Dövrün ideoloji tələblərinə
həmişə məsuliyyətlə yanaşan Ziyad Təhməzov
60-cı illərdə Zəngilan rayon 1 saylı orta məktəbin
direktoru idi. O illərdə qardaşlaşmış şəhərlər
yaradılırdı, dostluq əlaqələri saxlayan məktəblər
də vardı. Zəngilan şəhər 1 saylı orta məktəbi,
təbii ki, yuxarı orqanların planlı məsləhəti
ilə Ermənistanın Qafan şəhərinin 2 saylı
orta məktəbi ilə dostluq əlaqələri
saxlayırdı. Bir görüş 1972-ci ilin aprel
ayının 28-də Zəngilanda keçirilmişdi. Bu tarix
təsadüfən seçilməmişdi. Söz yox ki, həmin
tədbirləri Sovet tarixinin bir ironiyası kimi mənalandıra
bilərik. Cavab görüşü noyabrın 29-da Qafanda təşkil
edilmişdi. Görüşdə İrəvan Pedaqoji
İnstitutunun müəllimlərindən biri çox yersiz
bir halda deyib ki, əsrlərlə Zaqafqaziya xalqlarının
xilaskarı ermənilər olub. Ziyad Təhməzov malik
olduğu yüksək zirvəli milli mədəniyyətimizə
uyğun olaraq bu təkəbbürlü və saxta əsaslı
mühakiməyə emosiya ilə münasibət bildirmir.
Özünəməxsus rəvan səs tembri ilə əsl
tarixi gerçəkliyi məntiqi surətdə
açıqlayıb: "Azərbaycan heç zaman
başqasının qılıncına
sığınmayıb. Heç gürcülər də belə
olmayıblar. Romalıların hücumunun qarşısını
albanlar kəsib, onları buraya buraxmayıb. Sunik knyazı isə
qızını Babəkə ərə verib ki, onun
knyazlığını qorusun. Belə olan halda bugünkü
(70-ci illər nəzərdə tutulur - B.M.) həyatına
görə ermənilər azərbaycanlılara minnətdar
olmalı deyilmi?"
Bu sərrast
cavabdan sonra daşnak xislətli institut müəllimi
sözünün davamını gətirməyə çox
utanıb və düz-əməlli arqument tapa bilmədiyinə
görə səsini çıxatmayıb.
Dərin
təfəkkürü onun həyat axarını elmi tədqiqatlara
da yönəltmişdi. Nəzəri bilikləri həyati
faktlarla üzvi şəkildə əlaqələndirən
istedadlı pedaqoqumuz 1972-ci ildə elmi işini müdafiə
edərək "tarix elmləri namizədi" alimlik dərəcəsi
almışdı.
1974-cü
ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət
Pedaqoji İnstitutunun baş müəllimi (indiki
Naxçıvan Dövlət Universitetinin), sonra isə tarix
kafedrasının müdiri, institutun elmi şurasının
üzvü seçilib. 13 illik institut fəaliyyətində tələbələri
onun ustad müəllim kimi oxuduğu mühazirələrinin
elmi və nəzəri səviyyəsinə görə
seçildiyindən maraqlı olduğunu ehtiramla
xatırlayırlar. Dərin və iti zəkasi, yüksək
elmi səviyyəsi, xoş xasiyyəti, təmkinli
davranışı, pedaqoji ustalığı və
ziyalılıq mədəniyyəti dosent Ziyad Təhməzova
institutda olduğu kimi, bütün Naxçıvan ictimaiyyəti
və ziyalıları arasında da böyük hörmət
və rəğbət qazandırmışdır.
Neçə-neçə
qiymətli kitabın müəllifidir. Həvəskar şair
kimi çox sevilirdi. "Ən böyük əsərim
balalarımdır" - deyən Ziyad Təhməzovun bədii,
publisistik fikirləri yüksək qiymətləndirilirdi. Onu
oxumaqdan doymursan. Hər misrası könül oxşayır.
"Zəngilan", "Turac", "Ana" kimi şeirləri
ən uğurlu poetik kəlamlar kimi bu gün də zəngilanlılar
tərəfindən tez-tez misal gətirilir.
İstər
partiya-sovet orqanlarında rəhbər vəzifələrdə
çalışdığı, istərsə də orta və
ali məktəblərdə müəllim kimi işlədiyi
müddətdə həmişə şagirdlərinə, tələbələrinə,
o cümlədən, bütün insanlara düzgün məsləhət
verir, onları yaxşı işə istiqamətləndirir,
xeyirxah olmağı, xalq üçün, cəmiyyət
üçün yararlı şəxsiyyət olmağı
tövsiyə edirdi. Bu gün yüzlərcə ixtisaslı və
peşəkar yetirməsi yüksək vətəndaşlıq
müvqeyi və məsuliyyəti ilə sevimli və unudulmaz
müəllimlərinin işıqlı arzularını və
əməllərini onun adına layiq şəkildə yerinə
yetirirlər.
Altı
övlad atasıydı Ziyad müəllim. 1985-ci ilə kimi də,
1985-ci ildən sonra da minlərlə gəncin mənəvi
atası kimi xatırlanır...
İrili-xırdalı
uğurlarıma görə çoxlarından təbriklər
eşitmişəm, hər biri mənə könül
xoşluğu verib. Yeniyetmə cağlarımda uğurlarıma
görə Ziyad müəllimin ruhunun səsini də
eşitmişəm: "Ananın südü halalın
olsun!" Polkovnik-leytenant rütbəsində hərbi xidmətdən
tərxis ediləndə Ziyad müəllimin mənə
çox doğma olan səsində bir qədər təəccüb
hissləri də duydum: "Nə tez, a Bayram? Hələ nə
yaşın var ki?!" Bu təəccübün müəllim
sevgisindən boy göstərdiyinə zərrəcə
şübhəm olmadı. Çünki şagirdləri Ziyad
müəllimin yaddaşında elə şagird yaşında
da qalırdı...
O, qəfil
dünyasını dəyişdi, amma unudulmadı.
Çünki qəlblərdə yurd salmaq əbədiyyət
qazanmaq deməkdir. Ziyad müəllimi şagirdlərinin
şagirdləri də ehtiramla yad edirlər. Yüzlərlə,
minlərlə tələbəsi Zəngilanın
işğaldan azad edilməsi münasibətilə Ziyad müəllimin
ruhuna gözaydınlığı verir. Zəngilana
böyük sevgisinə görə, Zəngilanda heç vaxt
unudulmaz və yaddan çıxmaz ictimai-siyasi fəaliyyətinə
görə, Zəngilanda maarif cəfakeşi olduğuna
görə, zəngilanlı gənclərin vətənsevərlik
ruhunda tərbiyəsinin təcrübi metodologiyasının
qeyri-rəsmi müəllifi olduğuna görə, Ziyad müəllim
heç vaxt unudulmayacaq.
Bayram MƏMMƏDOV
525-ci qəzet.- 2021.-
14 yanvar. S. 13.