Əbədiyyətdəki
əziz ünvanlarımız
Şəhidlər ölməz, Vətən
bölünməz!
Həyat
nə qədər şirin olsa da, ölüm heç bir insan
övladının qaça bilməyəcəyi tale
yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də deyirlər
buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər
kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə
yazıq ki, bu müharibəmiz də qurbanlarsız
ötüşmədi. Azərbaycanın üç minə
yaxın qəhrəmanı torpaqlarımızın
azadlığı uğrunda şəhidlik zirvəsinə
ucaldı, minlərlə igid qazi adını qazandı.
"525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi
şəkildə hissə-hissə həmin igidlərimizi
oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S.
Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
Şahanə
MÜŞFİQ
shahane.mushfiq@gmail.com
Nurlan
Tofiq oğlu Nuruzadə 9 avqust 2001-ci ildə Sumqayıtda
doğulub. Sumqayıt şəhər 17 saylı orta məktəbdə
təhsil alıb. 2019-cu ilin oktyabrında həqiqi xidmətə
çağırılıb və Ağcabədidə
"N" saylı hərbi hissədə xidmətə
başlayıb. Xidmətini Beyləqanda davam etdirən Nurlan
topçu idi. Vətən müharibəsinin ilk günündən
döyüşlərə cəlb olunan topçumuz,
Füzuli istiqamətində gedən ağır
döyüşlərdə 2020-ci il oktyabrın 1-də şəhadətə
ucalıb. Hərbi xidmətə yola düşməsinin 1 ili
tamam olan ərəfədə şəhadət şərbəti
içən Nurlan Sumqayıtın Şəhidlər
Xiyabanında torpağa tapşırılıb.
***
Əkbər
Azər oğlu Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabadın
Alar kəndində doğulub. İlk təhsilini H.Əliyev
adına 1 saylı orta məktəbdə alan Əkbər, orta
təhsilini Bakı Sosial İqtisad Kollecində davam etdirib. O,
təhsilini yarımçıq qoyub 15 oktyabr 2019-cu ildə
könüllü həqiqi hərbi xidmətə yollanıb.
Vətən müharibəsinin ilk günlərindən isə
ön cəbhədə qəhrəmancasına vuruşub,
Murov yüksəkliyinin alınmasında xüsusi igidliklər
göstərib.
Əkbər
şiddətli döyüşlərdə yaralansa da, qısa
müddət sonra yenidən ön cəbhəyə,
yoldaşlarının yanına qayıdıb, Goranboy-Tərtər
istiqamətində gedən döyüşlərdə
iştirak edib, qəhrəmanlıqla şəhidlik məqamına
yüksəlib.
Evin
tək oğul övladı olan Əkbər vətənpərvərliyi,
cəsarəti, nümunəviliyi ilə yoldaşları
arasında böyük rəğbət qazanıb, neçə
yaralı əsgər yoldaşını döyüş
meydanından xilas edib. Onun yeganə arzusu canı-qanı
bahasına olsa belə, vətəni mənfur düşmənlərdən
azad etmək idi.
Qeyd
edək ki, qızğın döyüşlərdə şəhidlik
zirvəsinə ucalan Əkbərdən ailəsi uzun müddətdir
heç bir məlumat ala bilmirdi. Şəhidimiz dekabrın
17-də Alar kəndində torpağa tapşırılıb.
***
Məmmədov
Kənan Niftalı oğlu 22 oktyabr 1993-cü ildə Ucarın
Alpout kəndində doğulub. 2000-2011-ci illərdə Alpout kənd
2 saylı məktəbdə təhsil alaraq hərbi xidmətə
yollanıb. Hərbi xidməti bitirdikdən sonra Bakı
Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dili ədəbiyyatı
ixtisasına qəbul olub. Amma onun xəyalları həmişə
hərbçi olmaq olub. O, kiçik yaşlarından rus dilini
ana dili kimi bilmiş, sonradan ingilis, erməni, türk dillərini
mükəmməl öyrənmişdi. 2017-ci ildə
universiteti əla qiymətlərlə bitirmiş Kənan
öz arzularını gerçəkləşdirməyə
başlayır. Həmin il Müdafiə Nazirliyinin Təlim Tədris
Mərkəzinə daxil olub. Həmin mərkəzi birinciliklə
bitirib leytenant rütbəsini almışdı. Bundan sonra
ön postlarda düşmənlə üz-üzə
tağım komandiri vəzifəsində xidmət etmişdi.
Onun arzusu Qarabağı azad etmək idi. Bu arzusunu gerçəkləşdirmək
üçün Xüsusi Təyinatlı Qüvvələrin
kursuna yazılır. 5 aylıq kursu yenə fərqlənmə
ilə bitirdikdən sonra Müdafiə Nazirliyinin əmri ilə
N saylı hərbi hissədə XTQ-nin komandiri vəzifəsinə
təyin olunur. O, xidməti boyunca bir çox kurslarda və təlimlərdə
iştirak etmişdi. Döyüş taktikasını mükəmməl
və dərindən bilən zabitlərdən biri idi.
27
sentyabr 2020-ci il II Qarabağ müharibəsinə Kənan
çox hazır və həvəslə gedir. Kəşfiyyatçı
Kənan Murovdağa ilk ayaq basanlardan biridir. O, döyüş
yoldaşlarıyla birgə ən öndə gedərək
Murovdağı düşməndən qəhrəmancasına
azad etmişdi. Başqa bir çox əməliyyatlarda,
tapşırıqlarda ürəklə iştirak etmiş Kənan
oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb.
***
Rəhimli
Baxış İlqar oğlu 19 fevral 1996-cı ildə Bərdənin
Balaqacar kəndində Natella və İlqarın ilk
övladları kimi doğulub. 2002-ci ildə H.Xəliloğlu
adına Qullar kənd tam orta məktəbində 2-ci sinifi
bitirib, 2004-cü ildən Bərdə rayon Akademik Zərifə
Əliyeva adına məktəb-liseydə oxuyub və
2013-cü ildə həmin məktəbdən məzun olub.
2014-cü ildə Türkiyənin Kastamonu Universitetinə qəbul
olub, 2019-cu ildə İqtisadi və İdari bilimler fakültəsindən
məzun olub. Universiteti bitirdikdən sonra 2019-cu il oktyabrda Hərbi
xidmətə yollanıb və II Qarabağ müharibəsində
cəbhəyə gedib. Baxış çox bacarıqlı
topçu idi, bir neçə düşmən
texnikasını məhv etmişdi. Baxışın
dayısı Ədalət Ədilov da I Qarabağ müharibəsi
şəhididir. Baxış cəbhəyə getdiyi ilk
gün anasına deyir ki, mən qorxmuram, biz
torpaqlarımızı alacağıq. Sonrakı
danışıqlarında isə anasına
dayısının qanının yerdə
qalmadığını, düşməni məhv etdiklərini,
qayıtmağına az qaldığını deyib. Lakin təəssüf
ki, noyabrın 9-da Şuşa uğrunda gedən
döyüşlərdə müharibənin bitməsinə
saatlar qalmış qəhrəmancasına şəhid olub.
Özündən balaca qardaşı Əvəz isə
hazırda hərbi xidmətdədir.
***
Abışov
Telman Nadir oğlu 3 oktyabr 1995-ci ildə Sumqayıtda
doğulub. İki bacının tək qardaşı idi.
2002-2013-cü illərdə Sumqayıt 19 nömrəli tam orta
məktəbdə təhsil alıb. 2013-cü ildə hərbi
xidmətə yollanıb və xidmətini Daşkəsəndə
N saylı hərbi hissədə çəkib. Telmanın
komandiri Milli Qəhrəman, general-mayor Polad Həşimov olub.
O, hərbi qulluğunu atıcı olaraq başa vurub. 2015-ci il
aprel ayında evə qayıdıb. Əsgərlikdən gəldikdən
sonra bərbərlik sənətinə yiyələnıb. O,
öz işinin peşəkarı idi və bir neçə
sertifkartlar da almışdi. Telmanın vətənə olan
sevgisi o qədər böyük idi ki, P.Həşimovun
ölümündən sonra ailəsindən xəbərsiz
orduya könüllü yazılır. Oktyabrın 3-ü 25
yaşı tamam olan Telman ölkəmiz müharibə şəraitində
olduğu üçün ad gününü qeyd etmir.
Oktyabrın 5-i atasına zəng edib sənədini hərbi
hissəyə gətirməsini xahiş edir. Atası
oğlunun qeydiyyatdan keçib evə
qayıdacağını düşünür. Lakin az sonra
Telman zəng edib bildirir ki, onu gözləməsinlər, o, cəbhəyə
gedir. Atası deyir ki, oğlum kimsəylə vidalaşmadan
getdi, həmin an onunla fəxr elədim.
Cəbhədə
olanda ailəsiylə danışarkən hər şeyin
yaxşı olduğunu, qələbəyə az
qaldığını deyir. Ailəsi onunla son dəfə
noyabrın 1-də əlaqə saxlaya bilir. Telman
Daşaltıda olduğunu deyir. Noyabrın 8-də elə orda
gedən döyüşlərdə şəhidlik zirvəsinə
ucalır. Noyabrın 12-də atası oğlunun şəhadət
xəbərini alır. Noyabrın 13-də T.Abışov
Sumqayıt S?əhidlər Xiyabanında dəfn edilir.
***
Məmmədli
Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllıda
doğulub. 2005-2016-cı illərdə Bakı şəhər,
Səbail rayon 163 saylı orta məktəbdə təhsil
alıb. 2016-cı ildə Azərbaycan Texniki Universitetinin
Metallurgiya fakültəsinin, Materialşünaslıq
ixtisasına qəbul olub, 2020-ci ildə ali təhsilini başa
vurub, hərbi xidmətə yollanıb.
Cəmil
hələ kiçik yaşlarından anasına bildirirdi ki, sən
mənimlə həmişə fəxr edəcəksən. Məktəbdə
olan tədbirlərdə daim fəal olmuş, mükafatlar əldə
etmişdi. 26 fevral Xocalı soyqırımı qurbanları
xatirəsinə həsr olunan Səbail rayon orta ümumtəhsil
məktəbləri arasında keçirilmiş "Mahir
nişançı" adlı Güllə
atıcılığı turnirində III yerə layiq
görülmüşdü. O, hərbi xidmətdə də
atıcı idi. Əsgərlikdə olanda anasıyla
danışarkən böyük fəxr və qürur hissilə
bildirmişdi ki, ona Milli Qəhrəman Mübariz İbrahimovun
silahından verilib. Müharibənin ilk günündən son
danışığına kimi daim yüksək əhval-ruhiyyədə
olub və ailəsinə mütləq qələbə
qazanacaqlarını deyib. Daha yeni əsgər olmasına
baxmayaraq, döyüşlərdə böyük şücaətlik
göstərib. Füzuli, Xocavənd döyüşlərində
iştirak edib. Son olaraq oktyabrın 14-dən 15-nə keçən
gecə ağır döyüşlərdə şəhadətə
ucalıb.
Cəmilin
bacısı Aybəniz ondan 3 yaş böyük olsa da, həmişə
Cəmilin onu qoruduğunu, arxa-dayaq olduğunu, indi də bunu
hiss etdiyini deyir.
Şəhidimizin
anası isə oğluyla fəxr etdiyini deyir: "Cəmildən
həmişə razı qalmışıq, fəxr
etmişik. İndi də Cəmil elə bir zirvədədir
ki, daha çox fəxr edirik. Onu indi bütün Azərbaycan
tanıyır. Bizim tanımadığımız insanlar bizə
qonaq gəlirlər, Cəmildən danışırlar. Bu,
böyük qürurdur".
C.Məmmədli
şəhadətindən sonra "Füzulinin azad
olunmasına görə" və "Xocavəndin azad
olunmasına görə" medalları ilə təltif
edilib.
***
Kərimov
Kamil Ələddin oğlu 2 iyul 1995-ci ildə Qazaxın
Ürkməzli kəndində anadan olub. İlkin təhsili S.Nəsirov
adına orta məktəbdə alıb. 2013-cü ildə Azərbaycan
Dövlət Dəniz Akademiyasının Gəmiqayırma və
Gəmi təmiri ixtisasına qəbul olub. Uşaqlıqdan
idmanı çox sevib və məşğul olub.
Atasının vaxtsız ölümündən sonra o, təhsilini
yarım saxlayıb hərbi xidmətə yollanıb. Hərbi
xidmətini başa vurduqdan sonra könüllü olaraq ordu
sıralarında MAXE kimi xidmət edib.
2020-ci
ilin iyulunda Tovuz döyüşlərində sosial şəbəkədə
"Vətəni sevən hər kəsə şəhidlik
zirvəsi qismət olsun, içində mən də
olmaqla", - deyə yazmışdı.
Sentyabrın
8-də Şəmkir korpusunda manqa başçısı vəzifəsində
xidmətə başlayıb. Vətən müharibəsində
əzmlə iştirak etmiş və döyüşlərin
ilk günlərində itkin düşmüşdü. Son dəfə
ailəsiylə sentyabrın 27-də
danışmışdı. Üç bacının tək
qardaşı olan Kamil Murovdağ istiqamətində gedən
döyüşlərdə ürəyindən vurularaq şəhadətə
yüksəlib. Bu xəbər ailəsinə dekabrın 9-da gəlib,
dekabrın 10-da isə şəhidimiz dəfn olunub.
***
Həsənov
Qüdrət Səfər oğlu 20 oktyabr 1995-ci ildə
Sabirabadın Qardaşkənd kəndində anadan olub.
R.Əhmədov adına tam orta məktəbi bitirib. 2011-ci ildə
Bakı İdarəetmə və Texnologiya kollecinə qəbul
olub. 2014-cü ildə kolleci bitirib və həmin ildə də
həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdən
sonra 27.06.2019-cu ildə ailə həyatı qurub. II Qarabağ
müharibəsinə könüllü yollanan Qüdrətin ən
böyük arzusu Vətən uğrunda şəhadətə
qovuşmaq olub. Müharibənin 2-ci günündə
döyüşlərə yollanan Qüdrətin ilk
döyüş nöqtəsi Füzuli olub. Sonra Cəbrayılın
azad olunmasında iştirak edən Qüdrət hər dəfə
yeni rayonları azad etdikcə ailəsinə "narahat
olmayın hər şey yaxşıdır. Ordumuz dayanmadan irəli
gedir" - deyirdi. Zəngilan uğrunda döyüşlərə
girməzdən qabaq həyat yoldaşına "şəhid
olsam, anam sənə əmanət" - demişdi və
artıq Qubadlıdan ailəsinə xoş xəbərlər
çatdırırdı. Oktyabrın 29-u Qubadlıdan son
mesajını yazır və həmin mesajdan sonra
döyüşdə çiynindən və ürəyindən
2 güllə yarası alaraq qəhrəmancasına şəhid
olur. Şəhadətindən sonra "Cəbrayılın
azad olunmasına görə" medalı ilə təltif
olunub.
***
Nuruyev
Cavid Əşrəf oğlu 1998-ci il martın 3-də Şərurun
Oğuz kəndində anadan olub. 2005-ci ildə Oğuz kənd
orta məktəbində təhsilə başlayıb. 2010-cu
ildə Naxçıvanda Heydər Əliyev adına Ali Hərbi
Kollecə daxil olub. Oxuduğu illərdə məsuliyyətinə
və biliyinə görə təşəkkürnamələr
alıb. 2019-cu ildə Azərbaycan Ai Hərbi
Akademiyasını birinciliklə başa vurub leytenant rütbəsiylə
Mingəçevirdə xidmətə başlayıb. 2020-ci il
martın 4-də uğurlu xidmətinə görə Fəxri
Fərmanla mükafatlandırılıb.
2020-ci
il sentyabrın 27-də başlanan Vətən müharibəsində
şücaət göstərərək Murov dağı,
Suqovuşan, Ağdərədə yüksək zirvələrin
alınmasında iştirak edib. Oktyabrın 15-də Ağdərə
istiqamətində gedən döyüşlərdə qəhrəmancasına
şəhidliyə yüksəlib.
***
Babayev
Əmirxan Mirilham oğlu 28 noyabr 1998-ci ildə anadan olub.
Əslən Yardımlının Perimbel kəndindəndir.
Bakının Suraxanı qəsəbəsində
yaşayırdı. Suraxanı qəsəbəsində yerləşən
89 saylı tam orta məktəbdə təhsil alıb. O, hələ
kiçik yaşlarında ikən, 10 il bundan əvvəl
atasını itirmişdi. Həqiqi hərbi xidməti bitirdikdən
sonra mühafizəçi işləyirdi.
2020-ci
il sentyabr ayında Vətən müharibəsinə səfərbərliklə
qatılıb. 18 oktyabr tarixində isə Füzuli rayonu
uğrunda gedən döyüşlərdə
aldığı qəlpə yaraları nəticəsində
şəhidlik zirvəsinə ucalıb.
***
Xudiyev
Tural Rəfayıl oğlu 27 noyabr 1998-ci ildə Bakıda
doğulub. 2005-2016-cı illərdə Xətai rayonu 138
saylı məktəbdə təhsil alıb. Məktəbi
bitirdiyi il Azərbaycan Texniki Universitetinin "Nəqliyyat və
logistika" fakültəsinə qəbul olub. 2018-ci ildə təhsilini
yarımçıq qoyaraq həqiqi hərbi xidmətə getməyi
qərara alır, "Vətənə borcumu ödəməyə
gedirəm" - deyir. Hərbi xidmətə Ağcabədidə
başlayan Tural sonra Xüsusi Təyinatlı Qüvvələrə
seçilərək xidmətini Cəlilabadda davam etdirir. Tərxis
olunmağına 4 gün qalmış 2-ci Qarabağ müharibəsi
başlayır və o, müharibənin ilk günündən
son gününə qədər torpaqlarımızın
azadlığı uğrunda şücaətlə vuruşur.
Füzuli, Cəbrayıl, Ağdərə, Kəlbəcər,
Suqovuşan, Hadrut və Şuşanın azad olunması əməliyyatlarında
iştirak edən Tural tək döyüşməklə kifayətlənmir,
yaralı yoldaşlarının yarasını sarıyaraq
onları çiynində maşınlara qədər
daşıyır, öz həyatı bahasına onları
xilas edir. Noyabrın 8-i Şuşa azad olunduqdan sonra gözlənilmədən
atılan minamyot qəlpəsindən yaralanan Tural az sonra şəhadətə
yüksəlir. Ölümündən sonra "Cəsur
döyüşçü" medalı ilə təltif
olunub.
***
Heybətov
Ağa Əmi Elçin oğlu 6 iyun 1993-cü ildə
Bakının Buzovna qəsəbəsində anadan olub. O,
2000-ci ildə Buzovnada yerləşən Ə.Əliyev
adına 125 nömrəli tam orta məktəbin I sinfinə qəbul
olub və oxuduğu müddətdə məktəbin ən fəal
şagirdləri sırasında yer alıb. Az yaşlarında
Buzovnanın Dini İcmasının nəzdində yerləşən
İmam Hüseyn məscidinin mədrəsəsində
"Qurani-Kərim"in tədris kursunu bitirib və şəhadətnamə
ilə təltif olunub. O, 2002-ci ildə 4 nömrəli Uşaq
İncəsənət Məktəbinə qəbul olub, 2007-ci
ildə qarmon kursunu bitirərək diplom alıb. Heybətov
idmanın müxtəlif növləri ilə də məşğul
olub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət
İqtisad Universitetinin "Turizm və otelçilik "
(Türk Dünyası Araştırmaları Vakfı) ixtisasında ali təhsil
alıb. Universiteti bitirdikdən sonra 2015-2016-cı illərdə
hərbi xidmətdə olub. Hərbi xidmətdə müddətində
Aprel döyüşlərində könüllü iştirak
edib. Bu barədə Ağa Əminin ailəsi 4 il sonra - şəhid
olduqda xəbər tutur. Hərbi xidmətdən
qayıtdıqdan sonra Ağa Əmi müsabiqədən
keçərək "Veysəloğlu" MMC-də işləməyə
başlayıb. O, həmçinin, Müdafiə Sənayesi
Nazirliyi "Şərq" İstehsalat Birliyi "İqlim
Elmi-İstehsalat Müəssisəsi" MMC-də də fəaliyyət
göstərib.
Ağa
Əmi 2020-ci ildə Vətən müharibəsinin
başlanması xəbərini eşidən kimi evdən gizlin
orduya yazılıb, könüllü cəbhəyə
yollanıb. O, oktyabrın 16-da Goranboy istiqamətində gedən
döyüşlərdə şəhidlik zirvəsinə
ucalıb və oktyabrın 25-də Buzovna kəndində yerləşən
Şəhidlər Xiyabanında dəfn olunub.
***
Baş
leytenant Hüseynov Raqib Adil oğlu 3 iyul 1993-cü ildə
Şahbuzun Mərəlik kəndində doğulub. 2000-ci ildə
Mərəlik kənd ibtidai məktəbində ilkin təhsilə
başayıb. 2005-ci ildə ailəsinin Naxçıvan şəhərinə
köçməsi ilə əlaqədar təhsilini Naxçıvan şəhər
Heydər Əliyev adına tam orta məktəbində davam
etdirib.
Zabit
olmaq arzusu onu 2009-cu ildə Naxçıvandakı H.Əliyev
adına hərbi liseyə gətirib çıxarıb.
2011-ci ildə həmin liseyi bitirərək H.Əliyev
adına Azərbaycan Ali Hərbi Akademiyasına daxil olub.
2015-ci ildə həmin akademiyanı bitirərək leytenant
rütbəsi alıb və Gəncədəki N saylı hərbi
hissədə tağım komandiri kimi xidmətə
başayıb. 2018-ci ildə xidmətini davam etdirmək
üçün Tərtərdəki N saylı hərbi hissəyə
göndərilib. Qısa müddətdə uğurlu xidmətinə
görə Silahı Qüvvələrin Təlim və Tədris
Mərkəzində fəaliyyət göstərən
bölük komandiri kursuna göndərilib və həmin kursu
müvəffəqiyyətlə bitirdikdən sonra bölük
komandiri təyin edilib. 2019-cu ildə Təlim və Tədris Mərkəzində
taborun qərargah rəisi tabor komandirinin 1-ci müavini vəzifəsi
kursunu keçərək 2020-ci ilin fevralında Naftalanda qərargah
rəisi kimi xidmətə başlayıb. Xidməti illərində
Silahlı Qüvvələrin 100 illik yubileyi medalı və
bir sıra fəxri fərmanlarla təltif olunub. 2020-ci il sentyabrın
29-da Vətən müharibəsində Tərtərin
Talış kəndi istiqamətində gedən
döyüşlərdə düşmənin müdafiə xəttinin
yarılmasında böyük xidmətlər göstərib və
oradakı döyüşlərdə şəhidlik məqamına
yüksəlib. Şəhadətindən sonra
"Suqovuşanın azad olunmasına görə" və
"Laçının azad olunmasına görə"
medalları ilə təltif olunub.
***
Fərid
Ərəstun oğlu Əsgərov 21 may 1996-cı ildə
Neftçalanın Qaçaqkənd kəndində hərbçi
ailəsində doğulub. 2013-cü ildə Lənkəran
şəhər 6 saylı tam orta məktəb-liseyini bitirib və
Lənkəran Dövlət Universitetinin İngilis dili
ixtisasına daxil olub. 2017-ci ildə ali təhsilini
tamamladıqdan sonra cəbhənin ön xəttində
nümunəvi həqiqi hərbi xidmət keçib. Atası
Əsgərov Ərəstun zabit kimi orduda 20 ildən çox
xidmət edib.
Vətən
müharibəsi zamanı Fərid və atası
könüllü cəbhəyə yollanıblar. Fərid
aktiv döyüşlərdə xüsusi şücaətlər
göstərib. Cəbrayıl-Qubadlı istiqamətində gedən
döyüşlər zamanı şəhidlik zirvəsinə
ucalıb. Onunla birgə döyüşən müəllimi də
şəhadətə yüksəlib. Fərid noyabrın 4-də
Qaçaqkənd kəndində dəfn edilib.
***
Bərxudarov
Toğrul Məmməd oğlu 30 iyun 1987-ci ildə Gəncədə
anadan olub. 1993-cü ildən 2001-ci ilə qədər Yevlax
şəhəri 9 ¹-li orta məktəbdə təhsil
alıb. 2001-2004-cü illərə qədər təhsilini
C.Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.
2004-cü
ildə H.Əliyev adına Ali Hərbi Məktəbə (AAHM)
daxil olub və 2008-ci ildə həmin məktəbi
motoatıcı ixtisası üzrə bitirib. 2008-2009-cu illərdə
Təlim Tədris Mərkəzində təhsil alıb.
2009-2013-cü illərdə N saylı hərbi hissədə
motoatıcı tağım komandiri, 2013-2017-ci illərdə
AAHM-də motoatıcı tağım komandiri, 2017-ci ilin
yanvar-may aylarında orda motoatıcı bölük
komandiri-müəllim, 2017-ci ilin may ayından 2019-cu ilin avqust
ayına qədər N sayı hərbi hissədə
motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə
müavini (Q4), 2019-cu il avqustdan N saylı hərbi hissədə
motoatıcı taborun qərargah rəisi-tabor komandirinin
müavini vəzifəsində xidmətini davam etdirib. Ailəli
olan şəhidimizin Güllü adında 9 yaşlı
qızı, Əli adında 8 yaşlı oğlu Vətənə
əmanətdir. Əli böyüyəndə hərbçi
olub atasının yolunu davam etdirəcəyini deyir.
Son dəfə
şəhadətə ucaldığı gün anasıyla
telefonda danışıb, ona hər şeyin yaxşı
olduğunu deyib, həmin an ən ağır döyüşə
girdiklərini ailəsindən gizlədib.
Sentyabrın
30-u Tərtər-Ağdərə istiqamətindəki
döyüşlərdə şəhidlik zirvəsinə
ucalan mayor Bərxudarov ölümündən sonra "Azərbaycan
bayrağı" ordeni ilə təltif edilib. Məzarı
Yevlax şəhər Fəxri Xiyabandadır.
Qeyd:
Bu qəhrəmanlarımızın hər biri, şəhadətə
qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Sərəncamına əsasən, "Vətən
uğrunda" medalı ilə təltif olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.-
14 yanvar. S. 14-15.