Nizaminin "Yeddi gözəl"i Mir Cəlalın
tərcüməsində
Dövrün ədəbi
tələblərinə və ictimai sifarişə
görə dünya ədəbiyyatı xəzinəsini
zənginləşdirmiş ölməz əsərlərini
dəri dilində qələmə almış dahi
Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvinin yaradıcılığı
tərcüməçilərin diqqətini çox qədim
zamanlardan cəlb edib. Hələ XIII yüzillikdə Turan
şairi Qütb Xarəzmi Azərbaycan şairinin
"Xəmsə"sində xronoloji baxımdan ikinci yerdə
duran "Xosrov və Şirin" poemasını türk
dilinə tərcümə etmişdi.
XVIII yüzillikdən bu yana isə
Nizami yaradıcılığı rus və Avropa
şərqşünaslarının diqqətini
çəkib, şairin ayrı-ayrı əsərləri
həm poetik, həm də nəsrlə tərcümə
və çap olunub.
Azərbaycanda Nizami
tərcümələrinin zəngin bir tarixi vardır və
müxtəlif dövrlərdə istedadlı şairlər
və alimlər bu dahi həmvətənləri qarşısında
öz övladlıq borclarını yerinə
yetirmişlər. Əksərən şeirlə edilmiş bu
tərcümələr arasında nəsrlə edilmiş bir
tərcümə diqqəti xüsusilə cəlb edir. Bu,
1941-ci ildə Azərnəşrdə işıq üzü
görmüş "Yeddi gözəl" poemasının
nəsrlə tərcüməsidir. Tərcüməni o zaman
30-31 yaşlarında olan gənc və istedadlı
yazıçı, eyni zamanda, ədəbiyyatşünas-alim
Mir Cəlal Paşayev yerinə yetirmişdi.
Kitaba "Ön söz"
yazmış başqa bir gənc istedadlı şair Mikayıl
Rzaquluzadə həmin tərcüməni xüsusi halda
belə qiymətləndirmişdi: "Yeddi gözəl"i
nəsrə təbdil və tərcümə edən Mir
Cəlal yoldaşın gördüyü iş bu
sahədə ilk böyük təcrübədir. Əlbət
ki, o, öz qarşısında təcrübə etmək
məqsədini qoymamış, əsəri olduqca diqqət
və ciddi-cəhd ilə nəsrə çevirmişdir. Ancaq
belə bir iş bizim nəsrimiz qarşısında həm
teoretik, həm də praktiki cəhətdən bütün
böyüklüyü və ciddiyyəti ilə ilk
dəfə durduğundan, biz bunu çox mühüm bir
təcrübə saymalıyıq".
Zənnimizcə, Mir Cəlalın
tərcüməsi bu gün də öz
əhəmiyyətini və gərəkliyini qoruyub
saxlamış və məhz buna görə böyük
ədib və alimin 100 illik yubileyi münasibətilə
"Adiloğlu" nəşriyyatında 2008-ci ildə
təkrar nəşr edilib. Nəşrin redaktoru AMEA-nın
müxbir üzvü Təhsin Mütəllibov, "Nəsrin
poetik imkanları" adlı sanballı ön sözün
müəllfi isə akademik Nərgiz Paşayevadır.
Aşağıda həmin kitabdan
götürdüyümüz bir parçanı - "Bişr
və Məlixa" hekayəsini oxucuların diqqətinə
təqdim edirik.
Ümidvarıq ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə "Nizami ili" elan edilmiş 2021-ci ildə dahi
şairimizin başqa poemaları da böyük yazıçımız
və ustadımız Mir Cəlal müəllimin örnəyi
üzrə nəsrlə tərcümə edilib
gənclərimizə çatdırılacaq, Nizami irsinin daha
dərindən öyrənilib sevilməsində yaxşı
bir vasitə olacaq.
Teymur KƏRİMLİ
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktoru
Rəşad MƏCİD
Azərbaycan Yazıçılar
Birliyinin katibi
525-ci qəzet.- 2021.- 16 yanvar. S. 8.