O taylı-bu taylı Azərbaycanımızın qüdrətli söz ustadı Şəhriyarın misralarıdır:

 

Can qurban etmənin vaxtı çatıbsa,

Səndən hansı namərd əsirgəyər can?

Qoyuram başımı ayaqlarına,

Ey ana torpağım, ey Azərbaycan! 

 

Və o gün gəldi... Az qala otuz ildən bəri erməni qəsbkarlarının işğalı altında olan Azərbaycanımızın cənnətməkan bölgəsi Qarabağı azad etmək, ölkəmizin ərazisini bütövləşdirmək uğrunda can vermək zamanı yetişdi. Ali Baş Komandan cənab İlham Əliyevin yeni işğala tamah salan qəsbkarı yerində oturtmaq üçün əks-hücum əmri ilə qoşunlarımız irəli atıldı və müqəddəs Vətən müharibəmiz - II Qarabağ savaşı başlandı.

Hamı dəmir bir yumruğa çevrildi. Azərbaycanmızın qeyrətli övladları düşməndən qisas almaq, torpaqlarımızı işğaldan azad etmək eşqi ilə özlərinə yer tapmırdılar o günlər.

Siyəzənin qeyrətli oğulları da Vətən müharibəsi cəbhələrində idilər. Qələbəmizlə başa çatan o müqqədəs müharibəmizdə 19 nəfər siyəzənli gənc şəhidliyə qovuşdu.

Siyəzən RİH-in başçısı, qələm dostumuz Novruz Nəcəfoğlunun təşəbbüsü ilə 2018-ci ildən rayonda nəşr edilən, ən qədim tarixi abidələrimizdən biri olan "Beşbarmaq" rüblük toplusunun növbəti sayını elə Novruz müəllimin öz təşəbbüsü ilə bütövlükdə Siyəzənin şəhid oğlanlarına həsr etdik.

Topludan səhifələri doğma "525-ci qəzet"in oxuculara təqdim edirəm.

 

ÖZÜNÜ QURBAN VERDİ

 

Otuz iləcən erməni işğalı altında olar torpaqlarımızın azad olunması üçün bəzilərinin vaxt-bivaxt efirə çıxıb hətta nəzir verəcəklərini, qurban kəsəcəklərini eşidirdi Rəşid!

Türk analar oğullarını əsgərliyə yola salanda alınlarına xına yaxırlar. Lazım gəlsə Vətənə qurbanlıq qoç kimi... - Rəşid bunu da eşidib bilirdi.

Rəşid Pərviz oğlu Həmidov həm də burasını da yaxşı bildirdi ki, Vətənin ərazi bütövlüyünün bərpası, işğaldan azad olunması üçün savaş meydanında igid, qeyrətli oğullar da qurban getməlidir...

Nə vaxtsa əlinə keçən bir kitabda oxumuşdu: "İgidləri qurban verin, daşı yox. Analar oğullar doğacaq, onlar böyüyüb igid olacaqlar. Ancaq torpaq doğmur, böyümür". Və zaman-zaman qiymə-qiymə doğranan, parçalanan ərazilərimizin bir qisminə qəsbkar mənfur qonşularımız göz dikmişdi, yağlı bir tikə kimi...

Rəşid avqust ayının 19-da 1999-cu ildə Siyəzən şəhərində anadan olub. 2007-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. İki il həmin məktəbdə oxuduqdan sonra yaşayış yerinin dəyişdiyindən təhsilini Bakı sanatoriya tipli 10 saylı internat məktəbində davam etdirib. 9-cu sinifdən sonra o, Dəmir Yolu Texnikumunun tələbəsi olub. Texnikumu bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 7 oktyabr 2020-ci ildə torpaqlarımızın erməni işğalından azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Siyəzən şəhər ümumi qəbiristanlığında dəfn olunub.

Rəşid özünü ana torpağa qurban etdi...

 

O DA GÖYLƏRƏ UCALDI...

 

Elməddin Şahlar oğlu Məhərrəmov əsrlərin ulu yadigarı Çıraqqalanın ətəyindəki Məşrif kəndində dünyaya gəlmişdi. Onda yarpaqların xəzana döndüyü payızın ortaları, 1999-cu ilin noyabr ayının 13-ü idi.

Altı yaşına çatanda Elməddin kəndlərindəki Feyruz Cəlilov adına tam orta məktəbin birinci sinfinin şagirdi oldu.

Yəqin ki, Elməddin oxuduğu məktəbin adını daşıyan Feyruz Cəlilov haqqında evlərində ata-anasından eşitmişdi.

Sinifdə ilk dərs günü də müəllimə balacalara, birincilərə həmyerliləri Feyruz Cəlilov haqda danışmışdı.

Elməddin də eşidib bildi ki, Feyruz Cəlilov pilot olub. Qarabağ uğrunda döyüşlərdə dəfələrlə hünər, şücaət göstərib. Və növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Elməddin yuxarı siniflərdə öyrəndi ki, kapitan həmyerliləri ölümündən sonra ən yüksək döyüş təltiflərindən birinə - "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb.

Elməddin üçün igid həmyerlisi haqqında eşitdiklərindən ən maraqlısı bu oldu ki, demə, cəsur pilot bir dəfə doğma kəndlərinə necə olubsa, idarə etdiyi öz hərbi vertolyotu ilə gəlib. Və kənd oğlanlarını vertolyotuna mindirib, havaya qaldırıb, yeniyetmə oğlanlarla qartal kimi səmada cövlan edib. Sonra uşaqları yerə endirərək özü təzədən səmaya qalxıb.

Elməddin həmyerlilərinin vertolyotuna minən kəndlərindəki oğlanlara ürəyində həsəd aparırdı. Ancaq nə edəsən ki, Feyruz döyüşdə həlak olandan 7 il sonra o dünyaya gəlmişdi.

Yüzlərlə yaşıdları kimi Elməddinin də qısadır tərcümeyi-halı... Təhsil müddəti başa çatdıqdan sonra Vətən qarşısında borc - həqiqi hərbi xidmət.

Elməddin ordu sıralarına 2019-cu ilin iyul ayının 4-də yola düşmüşdü.

14 oktyabr 2020-ci ildə şəhid olan Elməddin Qərəh kəndində dəfn olundu, Qərəh qəbiristanlığını daha da müqəddəsləşdirdi.

Vertolyota minib səmaya qalxmayan Elməddin adını göylərə ucaltdı...

 

"AĞ BÜRÜNMƏK YERİNƏ..."

 

Vurğun 25 il bundan qabaq bir isti yay günündə, avqustun 5-də Siyəzən şəhərində dünyaya göz açmışdı. Bəlkə də elə ona görə də ürəyi, qəlbi də hərarətli, isti idi. Hətta atasının Rusiyada işləməsi ilə bağlı bir müddət orada yaşasa da, uzaq şimalın şaxtası, qarı onun doğulub boya-başa çatdığı yurd sevgisini soyuda bilməmişdi. Adı kimi Vətənin vurğunu idi...

Orta təhsilini doğma Siyəzən şəhərindəki ayrı-ayrı orta məktəblərdə almışdı.

Əsgəri xidmətini işğalçı Ermənistanla sərhəd bölgəsində - Tovuzda N saylı hərbi hissədə keçirmişdi. Sözümün bu yerində yadıma qələm dostum, şair, tanınmış pedaqoq Nəcməddin Mürvətovun şəhid həmyerlimizlə bağlı danışıqları düşür. Nəcməddin müəllim kövrələ-kövrələ nəql edir ki, Vurğunun atası Ağası da Birinci Qarabağ müharibəsində müxtəlif döyüş əməliyyatlarında iştirak edib. Vurğunun Tovuzda hərbi xidmətdə olduğu vaxt əslən həmin bölgədən olan bir keçmiş döyüşçü yoldaşı ilə rastlaşıb. Keçmiş döyüş dostu Vurğunun qulluq etdiyi hissəyə getmiş, komandanlıqdan icazə alıb dostunun oğlunu evlərinə qonaq aparmış, sonra da canıyananlıqla xidmət etdiyi yerini, sərhəd postundan dəyişdirmək istəyibmiş. Atasının dostunun bu təklifin-dən sonra Vurğun ertəsi gün atasına zəng vurub məzəmmət edibmiş: "Mənim bir əsgər yoldaşım o postda erməni snayperinin gülləsinə tuş gəlib... Mən o postdan ayrı düşə bilmərəm..."

General Polad Həşimovun məlum Tovuz döyüşləri zamanı həlak olmasından sonra isə Vurğun özündə-sözündə deyilmiş...

Vətən müharibəsi başlayanda Vurğun cəbhəyə könüllü yollandı.

Vurğun imanlı-əqidəli cavan idi, oruc tutur, namaz qılırdı. Müqəddəs Kərbəla ziyarətində olmuşdu. İmam Hüseyn (ə.) şəhidliyi onun əqidəsi idi.

İmam Hüseyn (ə.) şəhadətə qovuşan zaman buyurmuşdu: "Kişiyə şərəflə ölüb haqq yolunda yanmaq nə gözəl! Ağ bürünmək yerinə al boyanıb Allah yolunda üzüağ olmaq nə gözəl!" Vurğun şəhidlik zirvəsinin bayraqdarının bu mübarək kəlamını bilirdimi? Kim bilir... Amma... o, öz ömrü ilə bunu sübut etdi, Xocavənd uğrunda döyüşlərdə şəhid oldu.

 

VÜSALINA QOVUŞDU...

 

Babası Müzəffər Güləliyevi hələ ötən əsrin altmışıncı illərinin sonlarından tanıyırdım.

1966-cı ilin yanvar ayının ilk günündən rayon statusu yenidən bərpa edilmiş keçmiş Dəvəçidə (Şabran) yerli mətbu orqanı "Qurucu" adlı rayon qəzeti nəşrə başlamışdı.

O zaman Müzəffər kişi Siyəzən NQÇİ-də sürücü işləyirdi. Bir əli idarə etdiyi maşının rulunda olan Müzəffər kişinin bir əli də qələmdə idi. Şeirlər, məqalələr yazır, rayon mərkəzinə yolu düşəndə hökmən redaksiyaya da baş çəkir, yazdığı şeirləri, məqalələri qəzetə təqdim edirdi. Çox mehriban, istiqanlı, canıyanan insan idi. Respublikanın tanınmış, adlı-sanlı şairləri ilə də tanışlığı, ünsiyyəti var idi.

Müzəffər kişinin yazdığı şeirlərin əsas mövzusu da Vətən idi. Doğma Vətəni, yurd-yuvanı, torpağı tərənnüm edirdi. Məhz belə Vətən sevdalı ata oğluna da Azər adı qoymuşdu.

Və Azərin oğlu, Vüsal adlı nəvəsi də vaxt gəldi, doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə yollandı. Şəhid oldu.

Vüsal yaşının 19-nun tamamına çata bilmədi.

2001-ci ilin 19 noyabrında Siyəzən şəhərində dünyaya göz açan Vüsal 5 saylı orta məktəbi bitirdikdən sonra bu ilin yanvar ayının əvvəllərində həqiqi hərbi xidmətə çağırılmışdı. Müharibə başlayan gün cəbhədə döyüşən Vüsal Güləliyev Xocavənd uğrunda gedən ağır savaşda şəhid oldu.

On doqquz yaşlı Vüsal özü yaşda cavanlar kimi yəqin ki, bir qıza aşiq imiş, gözaltısı var imiş... Nə vaxtsa qəlbini açacağı o qızın bir gün vüsalına qovuşacağı günü də gözləyirmiş...

Ancaq... Öz sevdasına, sevdiyi bir qızın vüsalına çatmaq Vüsala qismət olmasa da, ülvi, müqəddəs, hər bir sevgidən uca vüsalına - doğma Azərbaycan uğrunda şəhidlik zirvəsinə qovuşdu...

P.S. Müharibə başlayanda Vüsalın qardaşı Bəhram da könüllü cəbhə yollanıb.

 

QEYRƏT QALASI

 

Nicat İlqar oğlu Xələfov 2001-ci ildə, avqust ayının 4-də Siyəzən şəhərində anadan olmuşdu. Heç bir yaşı olmamış ailələri paytaxta, Bakıya köçmüşdü. Tam orta məktəbi də yaşadıqları Sabunçudakı 71 saylı orta məktəbdə bitirmişdi.

Arabir doğma Siyəzənə gələrdilər. Vətənin bir parçası kimi, dünyaya göz açdığı torpaq Nicata çox əziz, şirin idi. Və atası ilə Siyəzəni gəzib dolaşanda, gördüklərinin hər birinə heyran-heyran baxan balaca Nicatın uzaqlarda, uca dağların zirvəsində qartal yuvası kimi görünən qalaya diqqət ilə baxdığını görən ata oğlunun başını sığallayıb:

- Qaladır, oğlum, - deyərdi, - Çıraqqala! Yurdumuzun hər qarışında ulu keçmişimizin yadigarı olan belə qalalar var...

Sonra da ata balaca oğluna izah edərdi ki, tarix boyu zəngin torpaqlarımıza göz dikən qəsbkarlardan Vətəni qorumaq üçün belə qalalar tikiblər...

Atasının bu sözlərindən sonra Nicat:

- Bəs... bəs indi niyə qalalar tikmirlər, - deyə uşaq marağı ilə yenə atasından soruşardı.

Bu dəfə atanın səsində bir ixftixar, qürur duyulardı:

- İndi Vətənin ən etibarlı qalaları onun oğullarıdır!

Oğlan dinməmişdi. Uşaq yaşına xas olmayan bir ciddiliklə dönüb atasının üzünə baxmışdı.

Oğlunun baxışlarından ata elə bil birdən-birə qürurlanmış, fərəhlənmişdi...

Belə "oğul qalaları" olan Vətənin torpağı işğal altında qala bilməzdi. Nicat hələ uşaq idi, Vətən bildiyi torpağın bir qisminin yağı düşmən tapdağının altında olduğunu bilmirdi. Ancaq arzusu "qala" olmaq idi. Vətəni qoruyan qala!

2019-cu ildə 11-ci sinfi bitirən Nicat "qala" - hərbçi olmaq qərarına gəlmişdi. Elə həmin il həqiqi hərbi xidmətə çağırılan Nicat xüsusi hərbi hazırlıqdan sonra çavuş rütbəsinə layiq görülmüşdü. İlk döyüş yolu Tovuz rayonunun Ağdam kəndində başlamışdı. 2020-ci ildə iyul vuruşmalarında hünər göstərən igid döyüşçünün - Nicatın düşməni yerində oturtduğumuz qələbədən sonra avqust ayında ad gününü N hərbi hissəsində komandanlıq tərəfindən Fəxri fərmanla qeyd etmişdilər.

Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi başlayanda, əlbəttə, Nicat da ön cəbhədəydi.

Nicat Şuşa uğrunda döyüşlərdə şəhid oldu - Şuşa da bir qaladır. Qalalara bir vaxt heyran-heyran baxan oğul özü də bir qala oldu: Vətən qalası!

Nicat ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

 

DUASI HAQQA QOVUŞDU

 

Yerin-göylərin Rəbbisi pey-ğəmbərimiz Məhəmməd Rəsulullaha (s.ə.s.) nazil etdiyi müqəddəs kitabımız Qurani-Kərimin mübarək ayələrinin birində buyurub: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz" (BƏQƏRƏ SURƏSİ, 154).

Qiyamət günü haqqı-mizan tərəzisinin qurulduğu məqamda Allah-təaladan yalnız şəhidlər iltimas edərlər ki, ya Ulu Yaradanımız, bizi bir də o fani dünyaya qaytar ki, təzədən şəhid olub şərafətlə hüzuruna qayıdaq...

Qarabağ uğrunda - haqq savaşımız o

lan Vətən müharibəmizdə döyüşlərdə ağır yaralanan Saatmirzə Əzimov hospitala düşdü. Həkimlər igid döyüşçünün həyatını xilas etmək üçün 40 gün, 40 gecə əllərindən gələni əsirgəmədilər.

İgid əsgərin komada qaldığı həmin o 40 gün, 40 gecədə anasının-atasının, qohum-qardaşlarının, tanıyanların-tanımayanların əlləri göydə, Ulu Tanrının dərgahında dua-sənada qalmışdı: Saatmirzə ayılsın... Ancaq...

Savaşa yola düşəndə bir arzusu vardı: torpaqlarımızın işğaldan azad edilməsi və o torpaq uğrunda həlak olanların qisası...

Bu müqəddəs savaş yolunda özünə Şəhidlik arzulamışdımı?..

Torpaqlarımızın işğaldan azadı, şəhidlərimizin qisası uğrunda Saatmirzə canından keçməyə, şəhid olmağa hazır idi.

Yoxsa 40 gün, 40 gecə komada qalan yaralı Vətən əsgərinin özünə gəlməsi üçün dua-səna edənlərin yox, məhz döyüşə girən Saatmirzənin Rəbbi iltimasını qəbul etmişdi, onu şərafətlə öz hüzuruna qəbul etmişdi.

Saatmirzə musiqiçi idi. Arzu-istəyi də bu idi ki, insanlar top-tüfəng səslərini yox, həmişə könüllər oxşayan musiqi eşitsinlər.

Ancaq burasını da bilirdi ki, otuz ilə yaxın bir müddətdə düşmən tapdağı altında qalan topaqlarımızı  işğaldan azad etmək üçün silaha sarılmaq, atəşlə qəsbkarı iti qovan kimi zəbt etdikləri o yerlərdən qovmaq olar.

Və o gün, müharibə başlayanda Saatmirzə Feyruz oğlu Əzimov da könüllü cəbhəyə yollandı. Oktyabrın 14-də 23 yaşının tamamını bu dəfə doğulub boya-başa çatdığı Siyəzən şəhərində deyil, savaş meydanında  əsgər yoldaşları ilə qeyd etdi. Oktyabrın 26-da ağır yaralandı. Və... 40 gün, 40 gecəlik komadan sonra şəhidlik...

 

ADI QANLA YAZIB YAŞADARLAR

 

Yeniyetmə oğlan əlindəki balaca cib bıçağı ilə ağacın göv-dəsinin qabığını ovub nəsə yazırdı. Uzaqdan gələn yaşlı kişini görüb dərhal bıçağı qatlayıb bir yerdə gizlətməyə çalışdı.

Yol ötən qocasa olanları görmüşdü:

- Ağacın gövdəsini niyə yaralayırsan, ay bala?

Yeniyetmə cavab verməyə utandı. Yanındakı yoldaşı isə dostunun sirrini uşaq marağı ilə yol ötən tanış əmiyə açıb:

- Adını yazır ki, yol ötənlər oxuyub onu tanısınlar... - deyə bic-bic dilləndi.

Yaşlı kişi qımışdı: - Ay bala, - dedi, - adı dar-divara, ağacların gövdələrinə yazmaqla yada salmaq olmaz...

Kim bilir, bəlkə də indiyəcən neçə-neçə ağsaqqal heç nə fikirləşmədən ağacların gövdələrini, dar-divarları, bəlkə də elə məktəb illərində şagird partalarında adlarını yazmaq istəyən növcavanlara belə məsləhətlər veriblər. - Adı beləcə yazmazlar...

Görən 25 yaşlı, adı kimi balaca bir kənddə, Balaca Həmyə kəndində dünyaya gəlmiş Ağəli Tağı oğlu Ağayev bunlardan xəbərdar idimi?!

Kənddə məktəbi qurtaran, sonra həqiqi hərbi xidmətə yollanıb xidmətini başa vuran, 30 iləcən torpaqlarımızın hələ də erməni işğalı altında olan bir vaxtda Vətənə hərbçilərin gərəkli olduğu bir vaxtda qeyrətli oğullarımız kimi Ağəli də peşəkar hərbçi kimi müddətli hərbi xidmətdə qaldı. Peşəkar hərbçi olmaq üçün müxtəlif ixtisas artırmaq kurslarında, təlimlərində oldu. Hərbçi olmaq arzusunda, istəyində olan hər cavanın ilk əvvəl ən böyük istəyi kəşfiyyatçı olmaqdır. Xüsusi Təyinatlı Dəstənin əsgəri kimi Ağəli də Vətən müharibəsi başlayanda cəbhənin ön cərgəsində vuruşaraq Füzuli uğrunda ağır döyüşlərdə şəhid oldu...

Ağəli Ağayev müqəddəs Vətən torpağına adını öz qanı ilə yazdı. Adını qanları ilə torpağa yazanları isə Vətən torpaqları da əbədi yaşadır!..

 

Aydın TAĞIYEV

525-ci qəzet.- 2021.- 16 yanvar. S. 12-13.