Acı
taleli qız
(Əvvəli
ötən şənbə sayımızda)
Hüseynin hər addımını
izləyirdi, onsuz bir dəqiqə də olsun yaşaya bilmirdi.
Hər şeydə bütün gücü ilə ərinin
xoşuna gəlməyə çalışırdı, elə
bil ki, öz şəxsi arzusunu həyata keçirmək bu
qadına müyəssər olmamışdı. Bəlkə də,
bu, onun uşağının olmaması, bu məsələdə
özünün günahkar olması ilə əlaqədar
idi. Ərinin sifətindəki kiçik bir təbəssüm
parıltısını görməyi umurdu, ondan hətta əhval-ruhiyyəsinə
müsbət təsir göstərəcək hansısa bir
yarımsöz gözləyirdi. Əri bunu sezdikdə və
onun arzuladığını etdikdə, arvadı xoşbəxt
adama çevrilirdi. O, ərinə ağır xəstəyə
qulluq edən adam kimi baxırdı. Hüseyn müəllim
otağı tərk edəndə, arvadının tənhalığa
dözmədiyindən agah olduğundan ona yazığı gəlirdi.
Əri ilə hər görüşdən sonra elə bil ki,
bu qadın utancaqlıq keçirirdi, canlanırdı, qərara
gəlirdi ki, nahaq yerə həyəcan keçirirmiş. Bu
sevinc anında pianonun arxasına keçir, sevdiyi Azərbaycan
mahnılarından popurri ifa edirdi.
Lakin
birdən onun sevinci yoxa çıxırdı, özündən
asılı olmayaraq göz yaşları yanağında
damlalanırdı. Əri hətta ona laqeydlik göstərəndə
də, bütünlüklə onu qınamamağa
çalışırdı, qorxurdu ki, onların nikahı
pozula bilər, əri kiməsə vurula bilər, onsuz da
şübhələnmişdi ki, Hüseyn işdəki katibə
qıza müəyyən maraq göstərir. Ən sevindiyi
anlar isə ərinin onu tərifləməsi olurdu, bunu öz
ünvanına deyilən bütün təriflərdən ən
yüksəyi hesab edirdi. Onu tənqid edənlər çox
olduğu kimi, onun elmi və bədii
yaradıcılığına valeh olanlar da, bədxahlarından
heç də az deyildi. Əri musiqi ifasına da tərifli
söz deyirdi, bu isə qadına xeyli təskinlik bəxş
edirdi.
Mart
ayının ikinci yarısında Hüseyn müəllimlə
Südabə xanım universitetin bir professorunun
qızının toy məclisinə getməli idilər.
Südabə xanım gözəllik salonuna gedib
saçını qaydaya saldırmışdı. Hər ikisi
toyda başqalarından fərqlənməmək
üçün yaxşı geyinmişdilər. Hüseyn
müəllim təzəcə tikdirdiyi tünd mavi rəngli
kostyumda idi və italyan qalstukunun xüsusi gözəllik
verdiyi ağ köynək geyinmişdi. Axşam saat 7-də
küçəyə düşdülər ki, maşına
oturub, toyun keçirildiyi şadlıq evinə getsinlər.
Əri qabaqda gedirdi, arxada gedən Südabə xanım birdən
binanın divarına söykənmiş bir cavan qızın
ağladığını gördü və ona tərəf
getdi. Qızın nəyə görə
ağladığını soruşdu, lakin cavab ala bilmədi.
Bu vaxt əri yaxınlaşıb maşının gözlədiyini
dedi. Südabə xanım ərinə dedi ki, mən gedə
bilməyəcəyəm, bu qıza, yəqin ki, nəsə
bir kömək etmək lazımdır. Hüseyn narazı
şəkildə ondan ayrılıb, maşına əyləşdi
və çıxıb getdi. Südabə xanım
qızın başını sinəsinə sıxıb, yenə
soruşdu:
-
Qızım niyə ağlayırsan? Mən sənə nə
kömək edə bilərəm?
Qız
yavaş eşidilən səslə dedi:
-
Hamiləyəm. Küçədən keçərkən
qarnımda bərk ağrı hiss etdim, qorxdum ki,
uşağı itirə bilərəm.
Südabə
xanım gördü ki, hamı onlara baxır, ona görə
də qızın qoluna girib, mənzilinə apardı. Mətbəxdə
ona çay süzdü və hamilə olduğuna görə
süfrəyə ət xörəyi qoydu. Qız ac
olduğundan utancaqlığını kənara atıb,
xörəyi iştahayla yeməyə başladı. O, bir qədər
özünə gələndə, Südabə xanım yenə
sorğu-suala başladı.
- Niyə
belə qorxmuşdun? Yəqin, ərinin hirslənəcəyini
nəzərə almışdın.
Qız
yavaşca dedi:
-
Ərim yoxdur.
Südabə
xanım çaş-baş qalmışdı. Onda, bəlkə
bu bədbəxt qızı zorlayıblar, ondan da hamilə
qalıb. Ona görə də məsələdən tam agah
olmaq üçün soruşdu:
- Bəs
uşağın kimdəndir? Ərindən
boşanmısanmı?
Qız
bu mərhəmətli qadının suallarını
cavabsız qoymağın nəzakətsizlik olduğunu
başa düşüb dedi:
-
Xanım, bu, uzun məsələdir, mən surroqat ana
olmağa hazırlaşıram.
Südabə
xanım təəccübünü gizlədə bilməyib,
əlavə bir sual verdi:
- Nə
surroqat ana? Buna səni məcbur edən nədir? Səninlə
xeyli söhbət edirik, adını da bilmirəm. Mənim
öz adım Südabə xanımdır.
-
Adım Ruhiyyədir. Hamiləliyim də bir çox hadisələrlə
bağlıdır, mən onları sizə danışmasam,
heç nə aydın olmayacaqdır. Surroqat ana
olmağımın səbəbi isə ailəmizin ehtiyac
içərisində yaşamasıdır. Digər
mühüm səbəbi isə mənim Yusif müəllim
adlı bir alicənab kişi ilə tanış
olmağım və onun mənə ata məsləhəti verməsi
oldu. O adamı mən özümün xilaskarım hesab edirəm.
İcazə versəniz, onunla tanışlığımı
və bədbəxtliklərimi ona nağıl etməyimi sizə
heç nəyi əlavə etmədən danışaram.
Südabə
xanım razılaşmalı oldu.
Yusif müəllimlə
Ruhiyyənin görüşü
Ruhiyyə
bir dəfə səhər tezdən şəhərin mərkəzindəki
bağdan keçərkən, uzun boylu, nazik şalvarda və
yarımqol köynəkdə olan yaşlı bir kişi həmin
keçidə qədəm qoymuşdu, qızın tələsdiyini
görüb, ona yol vermək qaydasında əl ilə istiqaməti
göstərdi. Qız özünü itirən kimi oldu, geri
dönüb dedi ki, siz yaşlısınız, yol sizinkidir.
Kişi heç nə demədi, yenə əlinin jesti il ona
yol verdiyini təsdiq etdi. Ruhiyyə məəttəl
qalmışdı, ilk dəfə idi ki, ona belə hörmətlə
yanaşılırdı, özü də yaşlı bir
kişi tərəfindən. Ona görə də ani olaraq bu
kişi ilə yaxından tanış olmaq qərarını
verdi:
- Mən
sizinlə yaxından tanış olmaq istəyirəm, əgər
mümkünsə.
-
Buna ehtiyac varmı?
-
Sizi deyə bilmərəm, mənim ehtiyacım vardır.
-
Əgər belədirsə, onda telefonumu yazın, zəng edin,
görüşərik. Ancaq mən bağda və
küçədə sizinlə görüşə bilmərəm.
Keçmiş və indiki tələbələrim sizinlə
məni bir yerdə görsələr, mənim haqqımda
artıq möhkəmlənmiş fikirlərini dəyişə
bilərlər. Yalnız öz evimdə görüş
baş tuta bilər.
Sonra
o, telefon nömrəsini dedi, Ruhiyyə vaxt itirmədən
öz telefonuna nömrəni yazdı və sonra kişinin
telefonuna zəng gəldi. Cavab vermək istəyəndə,
Ruhiyyə dedi ki, mən zəng etmişdim ki, sizdə də mənim
nömrəm qalsın. Əslində isə yoxlamaq istəmişdi
ki, bəlkə yeni tanış olduğu adam onu səhv bir
nömrə vermişdir.
Kişi
ədəb-ərkanla dedi:
- Məni
adım Yusif müəllimdir. Dövlət Universitetində
professoram. nəzəri fizika kafedrasının müdiri
işləyirəm. Bir neçə gün şəhərdə
olmayacağam, səfərim var, İngiltərədən gələn
dostumla və onun ailəsi ilə birlikdə təbiət
qoynuna çıxacağıq.
Ruhiyyə onun özünü təqdim
etməsinə çox sevindi, əlavə etdi:
-
Yaxşı ki, evinizdə görüşəcəyik.
Əla intim oyunlarla, sizi məmnun edəcək romantika ilə
də məşğul olarıq.
Yusif
müəllimə bu cavan və gözəl qızın
şeytan baxışları da heç xoş gəlmədi,
özünü onun bu həyasız sözlərini eşitməmiş
kimi göstərdi, ancaq sözlər tam aydın və
pıçıltıya bənzəməyən qaydada, bir qərər
də əda ilə deyilmişdi. Qız özünə
güvənən qaydada dedi:
- Mənim
adım isə Ruhiyyədir. Mənim yaşımdan ikiqat əvvəl
bu adda mahnı çox dəbdə imiş, yəqin
xatırlayırsınız.
Qız həyasızlığını
davam etdirirdi, bu, onların arasındakı yaş fərqinə
işarə idi. Anlatmaq istəyirdi ki, sevinməlisən ki, belə
cavan qızla kef çəkəcəksən. Yusif müəllim
onunla tanışlığına peşman olsa da, bunu qıza
sezdirmədi. Onlar ayrıldılar, Ruhiyyə belə qənaətə
gəldi ki, yəqin o, səhər gəzintisinə
çıxmışdır.
Beş
gündən sonra Ruhiyyə həmin nömrəyə zəng
vurdu və Yusif müəllimin səsini eşitdikdə sevincək
dedi:
-
Ruhiyyədir, sizin yeni tanışınız, bağda yol
verdiyiniz qız.
Yusif
müəllim:
- Səsindən
tanıdım. Yəqin, görüş üçün zəng
etmisən. Şənbə günü axşam saat 7-də mən
binanın həyətində sizi gözləyəcəyəm.
Ünvanımı sizə mesaj kimi göndərəcəyəm,
mərkəzdədir, tapmaq çətin olmayacaqdır.
Ruhiyyə
deyilən vaxtda binanın qarşısındakı meydanda
dayanmış Yusif müəllimə yaxınlaşdı və
ərklə əlini uzatdığından o, bu əli
sıxmaq məcburiyyətində qaldı.
Liftlə
Yusif müəllimin mənzilinə qalxdılar və ev sahibi
qızı mətbəxə dəvət etdi. Özü
çay süzüb, qonağına təklif etdi və
soyuducudan tort çıxartdı və süfrəyə
boşqab, çəngəl-bıçaq qoydu. Ruhiyyə
tortu yeyə-yeyə çay içirdi. Qonaqlıq hər
şeyin yaxşı olacağından xəbər verirdi.
Artıq o, doymuşdu və təcrübəli peşə
sahibi kimi mətbəxi tərk edib, yataq otağına tələsdi
ki, özünü qarşıdakı intim yaxınlıq əməliyyatına
hazırlasın. O, paltarını soyunmuşdu, tam lüt idi,
çılpaq bədənini yeni müştərisinə
göstərmək istəyirdi ki, necə gözəl bir
qızla tanışlığından daha da şad olsun.
Birdən
qonşu otaqdan Yusif müəllimin yaxşı eşidilən
səsi gəldi, deyəsən, o, artıq qonaq otağında
idi.
-
Yataq otağımı təftiş etməyə ehtiyac yoxdur.
Onsuz da dul kişinin mənzili səliqəsiz olur. Gəl bura,
bir az söhbət edək.
Ruhiyyə
hələ də ümidini itirməmişdi,
yaxınlığın baş tutacağına əmin idi.
Görünür, qızla söhbət etmək də
yaşlı kişi üçün şəhvəti
coşdurmağın hansısa bir vasitəsidir. O,
paltarını geyinib, qonşu otağa keçdi. Ev sahibi
ayağa qalxıb, nəzakət qaydasında ona oturmaq
üçün stul göstərdi. Bu vaxt o, Ruhiyyəyə
dedi:
- Hər
şey mənə aydındır, məşğuliyyətin də
mənə bəllidir. Elə güman etmə ki, mən sənin
peşənə təəccüblə yanaşıram. Yox,
belə deyildir, fahişəliyin özünün də uzun
tarixi vardır. İnsanlar qrup halında cinsi əlaqələrdən
uzaqlaşdıqdan, monoqamiya bərqərar olduqdan sonra
fahişəlik meydana gəlmişdir, bəlkə də, əkinçi
peşəsindən də qədimdir. F.Engelsin "Ailənin,
xüsusi mülkiyyətin və dövlətin mənşəyi"
əsərində yazdığına görə, Ermənistandakı
anait məbədlərində rahibələr ilk dəfə bədənlərini
açıqca satmağa başlamışdılar ki, məbədin
xərcləri bu yolla ödənilsin. İlahə Anaitə pərəstiş
üçün müqəddəs fahişəlik ümumən
xarakterik xüsusiyyət hesab olunurdu. Qədim Romada fahişəlik
qanuni xarakter daşımaqla, əxlaqsız qadınlar lisenziya
əsasında fəaliyyət göstərirdilər. XVII əsr
Venetsiyası Avropanın erotik mərkəzi hesab olunurdu.
Saçlarını qızılı rəngə
boyamış kurtizankalar dünyanın hər tərəfindən
buraya gəlmiş kişi cinsindən olanlara əyləndirici
bədən xidməti göstərirdilər. XVIII əsrdə
İtaliyada dəbə düşmüş və
İspaniyada daha geniş yayılmış ərli zadəgan
qadınları müşayiət edən çiçibeylər,
əslində, həmin qadınlara məşuqluq etməklə
məşğul olurdular. Cəmiyyət də bunu adi hal kimi qəbul
edirdi. İndi də Avropanın və Asiyanın bir çox
ölkələrində fahişəlik qanuni əsasda olan fəaliyyət
növü hesab olunur. Bədbəxtlikdən ölkəmizdə
də əxlaq pozğunluğu nümunələri az deyildir,
bizim fahişə qızların Dubayda, başqa ərəb
şəhərlərində belə qanunsuz işlə məşğul
olduqlarına görə həbs edilmələri faktları
vardır.
Sonra
ona sual verdi:
- Nə
vaxtdan bu yola düşmüsən?
Ruhiyə
özünü itirmişdi, bu kişi elə
danışır ki, elə bil ki, onu çoxdan
tanıyır, həyat dolanbaclarıma da,
davranışıma da tam bələddir. Ona görə də
hər şeyi ona ört-basdır etmədən, tam dəqiqliyi
ilə danışmağı qərara aldı. Lakin onun
istintaqının məqsədi qıza heç də
aydın deyildi. Bu sözlərlə söhbətinə
başladı:
-
Üçüncü ildir ki, əxlaqsızlıqla məşğul
oluram. Ehtiyac məni bu yola saldı. Digər köməkçi
səbəblər də mövcud idi. Mən uzaq dağ kəndində
doğulmuşam. Kəndin yaxınlığındakı
meşədəki palıd ağacları mənə
nağıllardakı nəhənglər kimi
görünürdü. Digər xatirəm isə bəzi səslərlə
əlaqədar idi, səhər işıqlaşmamış
cırcıramaların, qurbağaların və yerli
xoruzların səsi bizi yuxudan oyadırdı, elə bil ki,
onlar vokal müsabiqəsində bir-biriylə
yarışırdılar. Atam ailəsi ilə birlikdə bir
müddət Rusiyanın cənubunda yaşamışdı,
sonra doğma kəndinə qayıdıb, orada mühasib
işləmişdi. Doqquz yaşım olanda o, vərəmdən
öldü. Heç kəs bizə kömək etmək istəmirdi.
Əmilərim bizə, tanımadıqları adam kimi
baxırdılar. Dayım isə kəmağıl idi,
aldığı pensiyanı araq almağa xərcləyirdi.
Anam iki qız uşağını da götürüb
Bakıya gəlmişdi. Ətraf qəsəbələrin
birində qoca bir arvadın evində kirayənişin
yaşayırdıq. Anam küçə alveri edirdi, günəbaxan
tumu, qovurulmuş fındıq, bazardan aldığı qozu və
limonu satmaqla məşğul olur, bizi yarıac
dolandırırdı. 14 yaşımda ona kömək etmək
üçün mən də alver etməyə
başladım. İkimizin qazancı
yaşayışımızı az da olsa
yaxşılaşdırdı. Mən anama və bacıma
çox yaxın idim, axı kasıb adamlar bir-birinə
sıx bağlı olurlar.
(Ardı
var)
Telman Orucov
525-ci qəzet.- 2021.- 16 yanvar. S. 14.