Ədəbi
və əbədi Seyran Səxavət qalasından xatirələr -
Haradan
və nədən başlayacağımı düşünəndə
xeyli çətinlik çəkdim.
Hələ
də inana bilmirəm ki, bu adamın 75 yaşı olur...
Seyran
Səxavətlə bağlı xatirələr (hərəsi
bir nağıldır) ayrı-ayrı illərə, ayrı-ayrı
günlərə çəkib apardı məni.
Altmışıncı illərdən bir-birimizə
bağlılığımız olub, ta bu günəcən.
Günaşırı
İçərişəhərdə, Məmmədəlinin
kababxanasında yeyib-içir, sonra Filarmoniyanın yanında,
Qala divarına bitişik Zülfünün çayxanasına
yığışardıq. Və günlərin birində,
payız aylarıydı, qonaqlığa gedirdik. Taksi olmadı
deyə tanış bir adamın "Butka" moskviçinə
doluşduq. Yol gedə-gedə Seyran "Sona bülbülləri"
oxumağa başladı. Özü də eynən Qədirin
oxuduğu tonda... Maşından düşəndə
sürücü qayıtdı ki, Zakir, məni bu Qədir
Rüstəmovla tanış elə... O zaman Qədirin
"Sona bülbülləri" çox dəbdəydi,
hansı yeməkxanaya, çayxanaya gedirdiksə, ancaq "Sona
bülbüllər"i eşidirdik, maqnitofona gur səs verərdilər, Qədirin
hesabına çayxanalar dolu olardı, növbə gözləyərdik,
yer olmazdı...
Seyranla
uzun illər "Ulduz" jurnalında bir yerdə işləmişik.
Çox gözəl kollektivimiz varıydı, Qağa da
baş redaktorumuzuydu. Yusif Səmədoğluna hamımız
"Qağa" deyə müraciət edərdik. Seyran
Ağdamdan yenicə qayıtmışdı, Qədir Rüstəmovdan
yazı yazmaq üçün bir neçə günlük Vətənə
- Qarabağa getmişdi. Və o zaman üçün sensasiya
sayılan bir yazı yazmışdı. O yazı
"Ulduz"da çap olunanda jurnal əl-əl gəzirdi,
redaksiyaya (şəxsən mənə) saysız-hesabsız zənglər
gəlirdi, "Ulduz"un o sayını istəyirdilər -
ailə kitabxanası üçün. Xülasə, Qağa təklif
elədi ki, yuyağın. Katibənin otağında süfrə
açdıq, başladıq bala-bala vurmağa. Hardansa Qədirdən
sonra söz gəldi düşdü "Zabul Segah"dan,
Ağabala Abdullayevdən.
Seyran
əlini qulağına aparıb mayedən "Zabul"
başladı, Ağabalanın boğazlarını vurmağa
başladı. Yadımdadır, səs hamılıqca bizi
tutmuşdu, milçək uçsa səsi gələrdi, diqqət
kəsilmişdik Seyranın oxumağına.
Və
birdən Əhəd Muxtar əlini cibinə aparıb bir 25-lik
çıxarıb Seyranın döş cibinə basdı,
rumkanı doldurub sağlıqsız-zadsız çəkdi
başına. Seyran bunu görüb nə təhər mahiranə
bir boğaz vurdusa (tüküm biz-biz oldu), Əhəd əlini
cibinə aparıb bir 25-lik də basdı Seyranın
döş cibinə. Qəflətən Seyran dayandı, bir
rumka vurub dedi ki, "Qağa" fasilə elan edib...
Çıxdıq
o biri otağa siqaret çəkməyə, onda gördük
ki, Əhəd Muxtar Seyranı dilə tutub ki, 25-liyin birini
qaytar. Yaxınlaşdıq ki, nə baş verir, Əhəd
qayıtdı ki, ikinci 25-liyi tam oxumadı, zakonla
qaytarmalıdır.
Onu
da deyim ki, Seyran o zamanlar şair kimi çox məşhurlaşmışdı,
"Ay ilk məhəbbətim" şeiri dillər əzbəriydi...
Qədirdən
yazdığı yazıdan sonra Seyran nəsrə, prozaya
keçdi.
Hayandan,
hayandan baxıramsa mən,
Elə
bil dağların üzü bəridi.
Əgər
xalıdırsa döşündə çəmən,
Çiçəklər
ən gözəl ilmələridi...
Seyran
gül-gül, çiçək-çiçək sözlərini
ədəbiyyatımıza da gətirdi... Və nə
yaxşı ki, Seyran yazdığı kimi də oldu: 30 il həsrətini
çəkdiyimiz dağlar üzü bəri gələ-gələ
Füzulini də, Cəbrayılı da, Zəngilanı da,
Qubadlını da, Laçını da, Kəlbəcəri də,
Ağdamı da üzü bəri addım-addım gələ-gələ
bizlərə, bizləri də onlara qovuşdurdu... Ən
başlıcası Şuşanı da sinəsində gətirdi,
bizlərə qovuşdurdu...
Əzizim
Seyran! Əsərlərindən söz açmadım, bunu gələcək
tədqiqatçıların ixtiyarına buraxaq. Ən mükəmməl
tənqidçi, ən dəyərli söz sahibi Zamandır!
Zaman hər şeyi yerbəyer edir...
Əzizim
Seyran! Azərbaycan ədəbiyyatının rəngkarlarından
birisən. Sənin əsərlərinin öz rəngi, öz
səsi, öz nəğməsi var - təkrarsız, bənzərsiz
və ancaq özünəməxsus...
İllərin
sınağından keçmiş dost sədaqətin, ərköyünlüyün,
ipək kimi ürəyin...
Yaşadığın
ömür gözlərimiz önündə olub - xoş
günlərin də, çətin günlərin də...
Yazımı
"Evdə qal" günləri sənə yazıb göndərdiyim
şeirlə bitirirəm, hər şey var bu şeirdə, hər
şey...
Gözlərində
qara yaş...
Əyin-başın
belə nimdaş...
Yol
gedirsən ağır-ağır
Yolun
haradı, qardaş?
Səni
dünyaya bağlayan
Kəmər
belindən qopur...
Əl
uzadıb, əl tutduğun
Əllər
əlindən qopur...
Addım-addım
dünyadan,
Səni
qoparır bu yol...
Tək
ruhun bilir ancaq
Hara
aparır bu yol...
Baxırsan
irəliyə,
Boylanırsan
geriyə,
Arxanca
atılan daşları
Yuyur,
yuyur görürsən
Uşaqlıqda
axıtdığın
dup-duru
göz yaşları...
Yovuşa
bilmədiyin
Dünya
qalır arxada...
Yol
aldığın bu yolda
Bilməzə
yovuşursan
Təkliyə,
tənhalığa...
Qaranlıqlardan
qopub
Qovuşursan
işığa,
İşığa
qovuşursan!..
Zakir FƏXRİ
525-ci qəzet.- 2021.- 16 yanvar. S. 15.