Poeziyaya
yeni həyat verən Səs
Ağalar Bayramın ad gününə
20 ilə
yaxındır ki, parlaq istedada malik bədii qiraət
ustası, Əməkdar artist Ağalar Bayramı
dövrümüzün ən çox sevilən, maraqlı
şəxsiyyətlərindən biri kimi tanıyıram.
Bu
tanışlıq bir yubiley gecəsinə - 8 yanvar 1997-ci ilə
təsadüf edir. Həmin gün Xalq şairi Qabilin 70 illik
yubileyi keçirilirdi. Yubileydə Ulu öndərimiz Heydər
Əliyev də iştirak edirdi. Şamaxıdan 5 nəfər
nümayəndə heyəti ilə biz də dəvətli
idik. Yubileydə bir-birindən maraqlı məruzə və
çıxışlar vaxtın necə gəlib
keçdiyini hiss etdirmədi. Birdən şairin şeirlərindən
nümunələr söyləməsi üçün
söz bədii qiraət ustası Ağalar Bayrama verildi. Mən
ilk dəfə idi ki, onu görür və barəsində
heç nə bilmirdim. O, ecazkar səsi, ürək
yanğısı ilə Qabilin "20 Yanvar"a həsr
edilmiş "Mərsiyə" şeirini söylədi:
Gecəni
atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi
gülləbaran eylədilər!
Tutulub
vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib
Abşeronu qanlı qərənfil bu səhər.
Bakı
fəryad eləyir, gözdən axır sel bu səhər,
Gəmilər
nalə çəkir, ərşə çıxır zil bu
səhər.
Şair
Qabilin mərsiyyə janrında xalqın kədər, hüzn
və faciəsini daha geniş çalarlarla mənalaşdırmış,
hüznlü bir əlamətlə "20 Yanvar" hadisəsini
böyük vətəndaşlıq mövqeyini ortaya
qoymuşdu. Lakin Ağalar Bayram elə bir formada, elə bir
yanğı ilə çıxış etdi ki, onun ifası
yubiley iştirakçılarında çox təsirli, mənalı
və yaddaqalan ovqat yaratdı.
Öz
tembrinə görə tayı-bərabəri olmayan bir səsin
sahibidir Ağalar Bayram. İlk dəfə salonda eşitdiyim bu
səs həm titrəyişinə, zənguləvari ahənginə,
həzinliyinə görə məni mözcüzələr
aləminə çəkib aparırdı. Tanrıya bir sənətkara
bəxş etdiyi bu möcüzəvi səsin gücünə,
təsirinə görə şükranlıqla dualar etdim.
Mən
hardasa onunla görüşmək istəyirdim. Lakin ölkəmiz
problemlər içində idi. Bir müddət keçdikdən
sonra Şamaxıda toy mərasimində aparıcı qismində
iştirak edən Ağalar Bayramla təsadüfi
görüşümüz baş tutdu.
"Şirvanşahlar" şadlıq sarayında onunla foyedə
xeyli söhbət etdik. Şair Qabilin 70 illik yubileyi və onun
təəssüratları barədə fikir mübadiləsi
yürütdük. Ona qəlbən bağlandığımı,
Qabillə olan yaxınlığımı da bildirdim. Mənə
əlaqə nömrəsini verib: "Görüşərik"
- dedi.
Daha
sonralar biz Ağalar Bayramla vaxtaşırı
görüşürdük, onun səmimiyyətinə, diqqətinə
və maraqlı söhbətlərinə heyran
qalırdım.Vəziyyət elə gətirdi ki, Ağalar müəllim
müntəzəm olaraq Şamaxıda keçirilən Sabir
Poeziya Günlərində fəal iştirak edir, münsiflər
heyətinin üzvü kimi qiymətləndirmədə rol
oynayırdı. Bu vəsiləylə də onunla
görüşə bilirdik.
Bir dəfə
o, Naxçıvandan mənə zəng etdi. Bildirdi ki, bir nəfər
Qabilin "Qarışdırma" şeirini məndən istəyir.
Mən dərhal əzbərdən şeiri ona söylədim.
Çox razılıq etdi.
Mən
sonralar Ağalar Bayramı müntəzəm olaraq izləyir,
onun barəsindəki çıxış və məqalələrə
münasibət bildirirdim. Ağalar müəllim barəsində
ən dolğun və yüksək qiymət verən mərhum
akademik Vasif Məmmədəliyevin
çıxışından:
-
Tarixən, anadilli şeirimizin həm şifahi, həm də
yazılı qollarının hikmətli, sevgisaçan
nümunələri nəğmələşib, musiqinin
müşayiəti ilə oxunub. Belə poetik parçalar
melodik, ritmik əsərlərin söz skeleti olsa da,
üstünlük musiqinin tərəfindədir. Şeirin
özünün əsl forma və məzmun gözəlliyi isə
onun bədii qiraətçilər, bəzən də
yaxşı natiqliyi olan şairin özü tərəfindən
uyğun avazla söylənilməsi ilə aşkarlanır.
Bizim
günlərdə bədii qiraətlə məşğul
olan aktyorlar istər klassik, istərsə də müasir
poeziyamızın ən gözəl nümunələrini məharətlə
şeir həvəskarlarına yüksək zövq bəxş
edirlər. Onların sırasında Ağalar Bayram bir sıra
özəl və gözəl keyfiyyətləri ilə
seçilir. Ağalar geniş səs imkanlarından hər bir
şeirin forma və məzmununa uyğun olaraq istifadə edir.
O, bu mənada nadir səsləndirmə rejissoru kimi öz
ifalarına münasib quruluş verir. Nadir səsə malik olan
Ağalar Bayram çoxlarından ona görə fərqlənir
ki, xalqımızın çox yüksək sənət
zövqü, dərin poetik duyumu onu yüksək intellekti və
savadı ilə daim axtarış aparmağa, öz üzərində
işləməyə, daha məzmunlu sənət nümunələri
yaratmağa sövq edir.
Yüksək
vətəndaş mövqeli bədii qiraət ustası kimi
tanınan Ağalar müəllim xalqı üçün
daxilən narahat bir insan kimi həmişə
axtarışdadır. O, öz sənəti ilə insanlara
yalnız vətən haqqında onun əsrarəngiz gözəllikləri
barəsində şeir oxumur, həm də keçmişimizə
qayıdır, onları öyrədir, yada salır. Ağalar
müəllimin səsinin ahəngində qəribə bir təsir
var.
Həmişə
dərin məna yükü, xüsusi emosionallıq olan
şeirlərə maraq göstərir. Bu baxımdan onun Bəxtiyar
Vahabzadədən, Qabildən, Xəlil Rzadan, Məmməd
Arazdan, Şahmar Ələkbərzadədən, Zəlimxan
Yaqubdan, Ramiz Rövşəndən, Musa Yaqubdan və digərlərindən
dediyi şeirlər xüsusi emosionallıqla dinləyicilərə
çatdırılır.
Teleşirkətlərdə
geniş yayımlanan el şənliklərində, dövlət
bayramlarında meydanları titrədən, çeşidli məclis
və mərasimlərdə salonları qanadlandıran bu sənət
illərdən bəridir ki, soydaşlarımızın
böyük sevgisini və layiqli qiymətini qazanıb. Ənənəyə
dərin hörmətlə yanaşan Ağalar Bayram öz
novator üslubu ilə bədii qiraəti yeni bir səviyyəyə
qaldırıb.
Ağaların
ifasını dinləyəndə qəribə bir rahatlıq,
gözəl ovqat və xoşhallıq keçirirəm.
Çünki bu səsdə könül məlhəmi var.
Onun
yaradıcılığı ilə şəxsiyyəti həmahəngdir.
Mehribanlığı və duzlu zarafatları ilə fərqlənir.
Yaxından tanıyanlar onu, təbiətən xeyirxah və nəcib
bir insan olması ilə bərabər, doğma xalqına, millətinə
və dövlətçiliyinə bağlı böyük
bir ziyalılıq keyfiyyəti ilə səciyyələndirə
bilərlər.
Fikrimcə,
bu gün sözün həqiqi mənasında xalqın
çox sevdiyi sənətkar olan Ağalar Bayram Xalq artisti
adına layiqdir.
Yaradıcılığına
və şəxsiyyətinə dərin rəğbət bəslədiyim
Ağalar Bayram haqqında düşünərkən istər-istəməz
Xalq şairi Qabilin bu misralarını xatırlayıram:
Qibləgahım
- həqiqət,
Səcdəgahım
- səadət.
Daş-tərəzim
- ədalət,
Qətiyyətim
- cəsarət.
Riyadan
- xəyanətdən
Uzağam
yeddi iqlim.
Əyilləm
haqq önündə,
Bilsəm
ki, nahaqqam mən.
Əziz
dostum Ağalar müəllim! Ad günün mübarək
olsun! Məclis və mərasimlərdə, geniş
salonlarımızda o gur səsin yenə də
çağlasın!
Ədalət
MƏMMƏDOV
Azərbaycanın
qabaqcıl təhsil işçisi, filoloq
525-ci qəzet.- 2021.- 16 yanvar. S. 16.