Prezidentin mediada islahatlarla
bağlı fərmanı kifayət qədər əhatəlidir
Sosial şəbəkədə
yazılanlar
Asif Nərimanlı,
jurnalist:
- Prezident
İlham Əliyev Moskva bəyanatına hansı dəyişikliyi
edib?
- Ortaq bəyanat
5 maddədən ibarət olub;
- Maddələrdən
biri hərbi əsirlər və itkin düşmüş
şəxslərə aid idi;
-
İlham Əliyev görüş zamanı mətni dəyişdirib
və həmin maddəni çıxarıb;
Bunu "Hraparak" qəzeti diplomatik mənbələrə
istinadən yazır.
Rəsmi Bakı müharibənin başa
çatmasından (10 noyabr) sonra Qarabağda əsir
götürülən silahlı hərbçiləri əsir
saymır və onlar Azərbaycan qanunvericliyi ilə məsuliyyətə
cəlb olunacaqlar. Bu, erməni silahlıların hələ
də qaldığı ərazilərin də Azərbaycan
qanunvericliyi ilə idarə olunması məsələsində
Bakının prinsipial mövqeyidir.
Natiq Məmmədli,
jurnalist:
- İslahat dalğası axır ki, bizim tərəflərə
də çatdı. Çoxdan gözləyirdik.
Prezident ölkə mediasında islahatların dərinləşdirilməsi
haqqında fərman verib. KİVDF-nin yerində
Medianın İnkişafı Agentliyi yaradılıb.
Həm fərman, həm də agentliyin nizamnaməsi kifayət
qədər əhatəlidir. Medianın elə bir
sahəsi yoxdur ki, diqqətdən kənarda qalsın. Media əhatəli sahədir və bu istiqamətdə
islahatların da geniş spektri əhatə etməsi təbiidir.
O məsələnin
başqa tərəfidir buraxdığı qəzet yaman
gündədir, amma baş redaktoru "informasiyalı cəmiyyət"
haqqında nağıllar danışır. O ayrı söhbətdir
ki, əslində, özü islahatın predmeti olan adamlar indi
tövsiyə verirlər. Bir başqası da tərəzini
hardan tapıb bilmirəm, kimsə ağzını açan
kimi başlayır ölçməyə "sənin bunu deməyə
haqqın çatır, ya yox".
Yoldaşlar, gəlin bilirsiniz neyləyək? "Mız" qoymayaq! Təkəbbürümüzü keçmiş
zamanda saxlayaq. Axı biz bir-birimizi
yaxşı tanıyırıq. Palan
içi tökməkdənsə, gələcəyə baxmaq
yaxşı olmazmı?
Ortada media islahatları paketi var. Bu sənədlərin
hazırlanması üçün ciddi əmək sərf
olunduğu ortadadır. Çalışmalıyıq ki, milli mətbuatın
yeni şəkillənməsində düz sözün,
plüralizmin və ədalətin çəkisi daha
ağır olsun. Jurnalist əməyinin qədir-qiyməti
bilinsin. Paqonu yolunmuş "media
kapitanları" yox, media fəhlələri dəyər
qazansın.
Aqşin
Kərimov, jurnalist:
- Hərbi
forma təmizliyi sevir, üst-baş təmiz olanda forma
yaraşır. Xüsusi təyinatlıların
formasını isə düşünürəm ki, ancaq o qoşun
növündə xidmət edənlər geyinməlidir,
çünki bu, onların haqqıdır, o mundiri qazanmaq,
bereti qoymaq üçün min bir əziyyət çəkiblər,
qələbə payında isə əsas çəki
onların üzərindədir.
Müharibə zamanı çoxu xidmət keçdi, hər
xidmət növü də vətənpərvərlikdir,
igidlikdir.
Xüsusi
təyinatlılarda olmaya-olmaya onların hərbi geyim
formasını əyninə keçirib, başına beret
qoyub, üzü tüklü, başı səliqəsiz şəkildə
gəzmək isə yumşaq desək, etik deyil...
Məzahir
Avşar, rəssam:
-
Düşünürən:; ermənilər
qonşuları ilə normal münasibətdə olsaydı, nə
olardı? Yazıçı Mirzə İbrahimovun 1989-cu ildə
dediyi sözləri xatırladım: "Ermənilər
daşı alıb öz başlarına vurdular!"
Elmar
Qasımov, Bakı Ali Neft Məktəbinin rektoru:
-
Dünyada yeganə dövlətdir ki, Böyük
Britaniyanın təqvimində müstəqillik, azadlıq
günü yoxdur.
Çünki heç vaxt kiminsə müstəmləkəsi
və ya asılılığında olmayıb. Hətta
zamanında bütün xristian dünyası Roma papasından
asılı olanda belə, ingilislər papadan imtina ediblər.
Yalnız idarə ediblər. ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya kimi dövlətlər
yaradıblar.
Dünyanın ən güclü universitetlərinə
sahib olublar. Dilləri dünya dilinə, pulları dünya
puluna, birjaları dünya birjasına çevrilib.
Dünyada yeganə dövlətlərdəndir ki,
Böyük Britaniyanın Konstitusiyası yoxdur. Dəyişməz ənənələr
və yazılmamış qaydalar var. Heç kim
dəyişdirə bilməz bu qaydaları.
Sadəcə olaraq, Avropanın şimalında bir adada məskunlaşaraq
heç bir qonşuyla quru sərhədinə malik
olmayıblar.
İşğal olunmayıb bu məğrur və
döyüşkən ada.
İngilislərin ən böyük xoşbəxtliyi həm
də güclü qonşularının olmamasıdır. Güclü
qonşularının olmaması onları Azadlıq
günündən məhrum edib.
Nə
böyük xoşbəxtlik...
Alqış
Musayev, jurnalist:
- Ola bilər
ki, mənimlə razılaşmayasınız. Ancaq
birmənalı o fikirdə, o qənatdəyəm ki, onlayn
media ictimai əyləncədir. Onlayn media
hadisəni ictimai fikrə, mili şüur faktına
çevirmək iqtidarında deyil. Sadəcə
olaraq, onlayn media ictimai fikir üçün xammal istehsal etməklə
kifayətlənir. Nəzər alaq ki,
ictimai fikir konkretləşmiş və bir qədər sistemləşdirilmiş
düşüncə tərzidir. Onlayn
media, sosial media düşüncə tərzi
formalaşdıra bilmir. Düşüncə
tərzini yazılı mətbuat yarada bilər və
yaradır. Ona görə də mən
yazılı mətbuatın qorunub saxlanılmasının
qatı tərəfdarlarından biriyəm və yazılı
mətbuatın gələcəyi ilə bağlı o qədər
də bədbin deyiləm. İnanıram ki, yaxın
bir-iki il ərzində yazılı mətbuata
diqqət artacaq, qəzetlərə dönüş baş verəcək...
Şahin
Cəfərli, siyasi şərhçi:
-
Navalnı bazar günü Moskvaya qayıdır.
Müxalifətçi öz qərarı ilə Putini
çətin vəziyyətdə qoyub. Kreml indi seçim
qarşısındadır:
-
Navalnını ölkəyə buraxmaq, ya buraxmamaq?
-
Navalnını ölkəyə buraxıb həbs etmək, ya
etməmək?
Bu variantların heç biri Putin üçün
uduş vəd etmir.
Elxan
Şükürlü, jurnalist:
-
ABŞ-ın dövlət katibi Mayk Pompeo qonşumuz İranla
müharibəyə səbəb olacaq sensasion bəyanatla
çıxış edib. O deyib ki, İran öz paytaxtı
Tehran şəhərində terrorçu "Əl-Qaidə"nin
əməliyyat qərargahını qurub və əvvəllər
Əfqanıstandan, Pakistandan idarə olunan bir çox
funksiyalar indi bu mərkəz vasitəsiylə yerinə
yetirilir.
İran tərəfinin bu suçlamalara cavabı hələlik
bəlli olmasa da, ABŞ Konqesinin Nümayəndələr
Palatasında Trampın impiçment məsələsinin bu
gün səsverməyə çıxarılacağı bir
vaxtda, Pomeonun bəyanatı bütün dünyanın diqqətini
yenidən cənub qonşumuza kökləyib. Çünki gələcək
prezident seçkilərində iştirak arzusu Trampı hər
an böyük bir savaş
çıxarmağa sövq edə bilər.
Günel
Mövlud, yazar:
- Bu
günlərdə bir yazarın statusunu oxudum. Əyalətdən
gələn yazıçıların mövzularını ələ
salırdı. "Motal, təzək və
bu kimi tərəkəmə mövzuları" ilə yazar
olanları aşağılayırdı.
Səkkiz ildir müasir Qərb, Avropa ədəbiyyat
çevrəsinin arasındayam. Altı ildir hər il
dünyanın mədəniyyət mərkəzlərində
300 nəfərdən çox heyətlə toplaşan
dünya yazıçılarının konfranslarına
qoşuluram. Son dörd ildə Norveç,
İsveç ədəbiyyatı, burdakı mövzular, dəbdə
olan filmlərdən xəbərdaram. Hər il biri beynəlxalq, qalanı lokal olan az qala 10 ədəbiyyat
festivalına qatılır, bu festivallarda onlarla ədəbiyyat
barədə nitq dinləyirəm.
Amma bircə dəfə də görmədim ki, bir
avropalı yazar öz xalqının etnoözəlliklərindən
yazan həmkarını ələ salsın. Bir xalqın
hansısa lokal mədəniyyətini, məişət tərzinin
mövzu kimi işlənməsinə yuxarıdan
aşağı baxsın. Həmkarı əyalətdən
gəlib deyə, özündə ona yuxarıdan
aşağı baxmağa haqq görsün.
Tamamilə əksinə. Məsələn, indi
yaşadığım Norveçdə həm ədəbiyyat,
həm film sahəsində buranın aborigen xalqlarından olan samilərin
məişəti trend mövzulardan biridir.
Maralçılıq, maral ətindən hazırlanan məmulatların
detallı təsviri, pendirçilik, toxuma sənəti və
s. detallı şəkildə müəlliflər tərəfindən
işlənir. Hansısa ədəbi tənqidçinin,
intellektualın da ağlına gəlmir ki, o müəllifi ələ
salsın.
Başlayaq ondan ki, tərəkəmə həyat tərzi
bizim xalqımızın müəyyən bir hissəsinin qədim
mədəniyyəti, həyat tərzidir. Müharibə,
qaçqınlıq ölkədəki tərəkəmə
kültürünü kifayət qədər zəiflətdi
və bununla bizim etnik özəlliklərimiz olan pendirçilik,
xalçaçılıq, atçılıq, həsirçilik,
qurama sənəti, baramaçılıq (Qarabağın
oturaq bölgələrində) kimi bir çox sahəni
olduqca məhdudlaşdırdı, bu sənət sahələrini
xalqın kütləvi mədəniyyəti, məişəti
olmaqdan çıxarıb, ancaq industrial səviyyədə
saxladı, bəziləri isə tamamilə itib getdi.
Biz tərəkəmə həyatını bütün
mümkün detalları ilə yazarlarımıza minnətdar
olmaq əvəzinə, onlara yuxarıda aşağı
baxırıqsa, bunun adı əziklikdən başqa bir
şey deyil. Belə guya çox intellektual olmaq da olar, dünyaya
intellektual mətn çıxarmaq iddiasında olmaq da olar, amma
dünya üçün sənin ən maraqlı tərəfin
elə etnik özəlliklərindir, qədim məişətin,
kültüründür. İkincisi, heç kim intellektual mətn yazmaq iddiasında olanlara
bir şey demir. Yaz da, tərəkəmə həyatını
yazanla sənin işin nədir axı...
Ümumiyyətlə, "dəyərsizləşdirmə"
adlı psixoloji şiddət növü təkcə ailərimizdə
yaşanmır. Ərdan arvada, valideyndən
uşağa, müdirdən işçiyə sirayət edən
bu bəlanı istənilən fəaliyyətə tərəf
çevirə bilirik. "O kimdir ki...", "O nə
yazıb ki...", "O nə gündədir..." -
rahatlıqla bunu hamıya deyə bilirik.
Mir Səməd,
jurnalist:
- İlin
əvvəlindən xəfif bir optimizm vardı ki, yəqin
2021-ci ildə peyvəndləmə nəticəsində
pandemiya zəifləyər, yollar açılar, təyyarələr
uçar...
İki həftə
keçdi, Ümumdünya Səhiyyə Təşkilatının
nümayəndəsi deyir ki, nahaq yerə ümidlənirsiniz,
elə şey yoxdur, bu il daha da ağır
olacaq, yeni ştamm gəlir, daha nə zibil gəlir - bir
sürü qorxunc proqnozlar.
Hərdən
adam elə düşünür ki, bunlar
bu virusun qarşısının alınmasını heç
istəmirlər də. İşləri xod gedir, diqqət
bunlarda, ayrılan vəsait bunlarda...
525-ci qəzet.- 2021.- 15 yanvar. S. 8.