Ömrə bərabər gün...

(Əvvəli ötən saylarımızda)

 

Üzü Təbrizə

Firudin mənim cəriməni ödəyəcəyimi başa düşüb sakitləşdi və sualıma sakit-sakit cavab verdi:

- Sən demədin ki, taksini heç harda saxlama, yoxsa səninlə getmirəm?

- Hə, dedim, nə olsun ki? Onun bu cərimə ilə nə əlaqəsi?

- Necə nə əlaqəsi! - deyə mənə qarışıq dillərdə və ən əsası, əl işarəsi və jestlərlə izah etməyi bacardı: - Bizdə yolboyu müəyyən məsafələrdə yerləşən polis məntəqələri var. Onlar da yollardakı qayda-qanunlara nəzarət edirlər, o cümlədən, avtomobillərin sürətini tənzimləyirlər. Getdiyin yolda olan birinci polis məntəqəsində avtomobilin qeydiyyat dəftərində həmin məntəqədən çıxılan vaxt qeyd olunur. Yollarda da maksimum sürət məhduduyyətləri qoyulub. Növbəti polis məntəqəsinə çatanda bundan əvvəlki məntəqədəki yol polisinin dəftərdə etdiyi qeydə - ordan cıxdığın saata baxırlar və hesablayırlar ki, o məntəqə ilə bu məntəqə arasında olan məsafəni (əvvəldən məsafənin nə qədər olduğu məlumdu) sən nə qədər vaxta gəlmisən. Burada qoyulan sürət məhduddur, vaxt və getdiyin məsafəni hesablayıb, sənin qaydanı pozub-pozmamanı asanlıqla aydınlaşdırırlar. Həm də sürəti nə qədər artırdığını da bilirlər və onun əsasında da cərimənin məbləğini təyin edirlər. Mən də o dərələrdə avtomobili saxlayıb vaxtın keçməsini gözləyirdim ki, bu cərimədən qaçım. Axırıncısında sən razı olmadın. Mən isə avtomobili yavaş sürə bilmirəm. Ona görə də vaxtından tez çatdıq və cərimələndim.

Firudinin bu dedikləri məni elə bil böyük bir bəladan qurtardı. İndiyə qədər baş verənlərin səbəbi indi mənə aydın oldu. Ürəyimdə fikirləşdim ki, Allah, bu adam, on dollara görə bu yol boyu gör mənə nə qədər əzab verib! Amma buna baxmayaraq, o, indi bir anda mənə ən əziz bir adama çevrildi. Hətta az qaldım ki, onu qucaqlayıb bağrıma basım və ona nələr, nələr deyim. Lakin bunu etmədim: "Firudin, burdan Təbrizədək nə qədər cərimən olsa, mən ödəyəcəm, narahat olma. Həm də sənə danışdığımız kimi, səksən yox, yüz dollar verəcəyəm", - dedim. Firudin sevindi, həvəslə əlimdəki çantamı alıb avtomobilə atdı və onu işə salıb yolumuza davam etdik.

Mən bir qədər rahatlaşmışdım. Onunla müxtəlif mövzularda söhbətlər edir, istədiyim sualları verirdim. Ondan tez-tez "nə vaxt Azərbaycana çatacağıq", - deyə soruşurdum. O da "Bura hələ Kürdüstandır", - deyirdi. Yolumuz hündür dağların ətəklərindən, əsasən də dərələrdən keçib gedirdi.  Firudinə: "Dərələr yaman çoxdur burada", - dedim. O da cavabında dedi ki, düzdür. "Darallılar" da bu dərələrdə yaşadıqlarından belə adlanıblar. Bu, nə qədər düzdür, deyə bilmərəm, amma maraqlı fikirdir və həm də məşhur şərqşünas, müxtəlif ərəb ölkələrində səfir işləmiş və əslən bakılı olan Oleq Qerasimovun "Yaxın Şərqin kəsişmələrində" (bu kitabı mən vaxtilə tərcümə etmişdim) kitabında oxuduğum bir hadisəni - II Daranın Babilistanı tutmasından sonra ora gəlməsi ilə bağlı bir hadisəni yadıma saldı.

Belə rəvayət edirlər ki, II Dara Babilistana gəlir və məşhur Babil şəhər qapıları altından keçəndə gözü qapının üstündə lövhədə yazılmış mixi yazılarına sataşır. O, bu yazıları birinci dəfə gördüyündən onun nə olduğunu soruşur. Ona başa salırlar ki, əvvəla bu yazılar burada icad olunmuş mixi yazılardan ibarətdir və o lövhə şəhər qapısının üstündə Babilistan hökmdarı Nəmrudun məzarı üzərində yerləşir. "Orada nə yazılıb?" - deyə II Dara soruşur. Ona lövhənin üzərindəki yazını oxuyurlar: "Əgər məndən sonrakı hökmdar ölkəni idarə etmək üçün ləl-cəvahirata möhtacdırsa, qəbrimi açsın və ona lazım olan zinət əşyalarını götürsün".

II Dara bunu eşidəndə: "Açın qəbri! - deyir. Əvvəla, mənim o ləl-cəvahirata ehtiyacım var. İkincisi, darvazanın üstündəki tağlarda yerləşdirilən məzarın altından keçməyə adət etməmişəm. Qəbri açırlar və orada başqa bir mixi yazılı lövhədən başqa bir şey tapmırlar. Lövhədə isə yazılmışdı: "Əgər sən hökmdar ölkəni idarə etmək ücün bir qəbrə möhtacsansa, onda sən yerini başqasına təhvil ver!"

Ümumiyyətlə, Babilistan tarixi cox zəngin və bəşəriyyətin inkişafında mühüm yer tutmuş, əfsanələrlə dolu, olduqca maraqlı bir yerdir. Mixi yazıları, Hamurabi qanunları (12 qanun), dünyanın yeddi möcüzəsindən biri olan "Asılı bağlar", İştar qapıları və xristianların müqəddəs kitabı sayılan "Bibliya"nın burda yaranmasının özü tarixin incilərindəndir. Mən bunun, yəni Babil dediyimiz bir möcüzənin  üstündən belə sadəcə keçib gedə bilmirəm və sizin üçün maraqlı olacağını düşünüb bir neçə fikir və bilgilərimi sizinlə bölüşdürmək istəyirəm.

Məni ilk dəfə Babilə İraqda olan nümayəndəliyimizin rəhbəri Mixail Qrinenko apardı. O, yüksək intellektə malik, işini dərindən bilən mütəxəssis, ən əsası da İraqa, onun adamlarına, mədəniyyətinə, tarixinə dərindən bələd olan, onu ürəkdən sevən bir adam idi. Elə buna görə də, mən onunla sonralar dostlaşdım. O, mənə çox şey öyrədirdi: həm işlə, həm də başqa mühüm məsələlərlə bağlı. Hətta çox şeyləri anlamadığım İraqın siyasi həyatında baş verənlər haqda da mənə məsləhətlər verirdi. O, sonra İraqdan gedəndə idarənin rəhbərliyini mənə tapşırıb getdi. Onun mənə böyük etimadı, inamı vardı. Mən ondan sonra işlərimdə çətinlik çəkirdim və ona müraciət edirdim. O isə həmişə olduğu kimi mənə məsləhətlər verir, kömək edirdi. Təbii ki, ona minnətdarlığım sonsuzdur. Elə ilk dəfə məni Babilə də o gətirdi. O zaman Babil amfiteatrında bir musiqi festivalı var idi.

O, yolboyu mənə Babildən, onun tarixindən danışdı və məndə Babil haqqında daha çox şeylər öyrənməyimə maraq yaratdı. "Babil" sozünün kökü ərəb dilində "Allah qapısı" mənası verən "Bəb Əl-İlahə"dən götürülüb. Sonra "Bəb Əl-İlahə" tarixən transformasiyaya uğrayıb "Babil" olub. Bu, mənim öz mülahizəmdir. Mənim qənaətimə görə, burada  mixi yazıları yaranandan sonra insanlar artıq hökmdarın Allah olduğuna inanmırdılar (ona qədər babillilər öz hökmdarlarını Allah hesab edirdilər) və səmaların arxasından onları idarə edən tək bir Allahın olmasına inanmağa başlamışdılar. Bəzi versiyalara görə, Babil hökmdarı Numrud (bəzən Nəmrud da deyirlər) artıq insanların onun Allah olmasına inanmadıqlarını, ona şübhə etdiklərini görüb, məşhur Babil qalasının sonuncu - yeddinci mərtəbəsinə qalxıb, oradan yayı çəkib göyə bir ox atır və qayıdıb babillilərə elan edir ki, onların inandıqları Allahı öldürdü. Onların Allahı isə yalnız və yalnız  hökmdarın özüdür. Tarixi rəvayətlərə görə, həmin gün hökmdar Numrudun burun deşiyindən başına bir həşərat girir və ona olmazın ağrılar və əzablar verməyə başlayır. Hökmdar isə buna dözmür və ayağındakı taxta ayaqqabısını çıxarıb həşaratı sakitləşdirmək üçün günlərlə başına döyməyə başlayır. Bu rəvayətə görə, elə onu öz qulluqçusu başına güclü zərbə vuraraq öldürür. Babillilər isə artıq onların iradəsindən kənar bir qüvvənin olduğuna, səmaların arxasından onları kiminsə idarə etdiyinə, ilahi bir qüvvənin olmasına yavaş-yavaş inanır və öz ilkin anlamalarını dəri parçaları üzərində mixi yazıları ilə qeyd edirdilər. Beləliklə, təbiətdə baş verənləri, gecəni, gündüzü, Günəşi, Ayı, yaşamı, ölümü inanmağa başladıqları dini ruhda ümumiləşdirib yazırdılar. Sonra bu dəri parçalarını üst-üstə toplayıb bir kitaba bənzər formaya salırdılar. Zaman keçdikcə, bu artıq babillilərin həyatının ayrılmaz bir hissəsinə çevrilmişdi və onlar hara getsələr, dəri parçalardan ibarət bu kitabı və ya kitab kimi yığılmış ilkin dini anımları özləri ilə aparırdılar. Getdkləri yerlərdə isə oradakı insanların görmədikləri və bilmədikləri bir şey olduğundan, onlardan bunun anlamını soruşanda onlarda dəqiq məlumat olmadığından və onun necə adlandığını bilmədiklərindən, sadəcə "Babiliyyə", yəni ərəbcədən tərcümədə "Babilə mənsub olan yer" adlandırırdılar. Zaman keçdikcə, Babiliyyə təkmilləşib Bibliyaya çevrilir. Sonralar, bu, xristian dünyasınada qəbul olunan "Bibliya" kimi müqəddəs kitaba çevrilir. Bildiyimiz kimi, "Bibliya" sözü özlüyündə həm də kitab deməkdir. Təsadüfi deyil ki, Mesopotamiya bəşəriyyətin sivilizasiya beşiyi sayılır. Təəssüf ki, indi Babildə o sivilizasiyadan qalan bir xatirə yoxdur. Həmin Babildə hər şey dağılıb, tar-mar olub, qarət edilib. Məşhur Babil qapıları - İştar indi London muzeyinin bəzəyidir. Buradan aparılan eksponatlar dünyanın müxtəlif muzeylərində özünəməxsus yer tutur. Bir dəfə Babildə ekskursiya aparan babilli qız mənə Almaniyada bir muzeyə getdiyindən, muzeyin Babilə aid güşəsinə tamaşa etmək istədiyindən və bura ziyarət etmək üçün almanların ondan on mark (alman pul vahidi olub) istədiklərindən ürək ağrısı ilə danışdı. Onda ağladım və onlara dedim ki, mənim babalarımın sərvətini qarət edib aparmısınız, indi də məndən ona baxmaq üçün pul istəyirsiniz!? Muzey əməkdaşı mənə heç nə demədi və məni içəri buraxmaq istədilər. Amma mən qayıdıb getdim, daha ora baxmaq istəmədim.

Firudin isə yoluna davam edərək, Təbrizə çatırdı. Sonra bir yerdə avtomobilə benzin doldurduq. Orada benzinin 12 litrinin qiymətinin bir dollar olduğunu bildim. Düzdür, onda İraqda benzin daha ucuz idi. İki növ benzin var idi: super və adi. Super benzinin qiyməti - bir dollara altmış litr, adi benzin isə yüz litr idi. Bəzən yanacaqdoldurma məntəqəsində, təsadüfən üstündə pul olmasa belə, avomobilinə istədiyin qədər yanacaq vura, pulunu isə sonra ödəyə bilərdin. "Sonra" nə vaxtdır, heç onu da soruşmurdular. Hər halda burada - İranda da başqa ölkələrə nisbətdə benzin çox ucuz idi. Bəlkə də elə buna görə də min kilometrlik məsafəni belə ucuz aparırdılar.

 

(Ardı var)

 

Zahid Şahsuvarov

525-ci qəzet.- 2021.- 15 yanvar. S. 15.