Nisgilli
gözlərdə bərq vuran işıq
ELÇİN
HÜSEYNBƏYLİNİN MƏŞHUR HEKAYƏSİ HAQQINDA
QEYDLƏR
Elçin Hüseynbəyli keçən əsrin
90-cı illərində ədəbiyyata gələn və
öz əsərlərində torpaqlarımızın
azadlığı uğrunda mübarizə aparan insanların
real surətini yaradan, onların vətənpərvərliyini,
zəngin daxili aləmini, yüksək mənəvi keyfiyyətlərini
təbii boyalarla təsvir edən sənətkarlarımızdan
biridir.
Onun yaradıcılığında vətəndaş
yanğısı o qədər güclüdür ki, o, öz
dövrünün, zamanının hadisə və proseslərinə
vaxtında münasibət göstərə bilib. Yazıçı
qələmə aldığı hər hansı bir obrazı
real, inandırıcı situasiyalara salır, hər situasiya
obrazın bir cəhətini açır və əsərin
sonunda biz bu obrazı bütün mahiyyəti,
varlığın bütün çalarları ilə
görürük. Onun böyük məhəbbətlə
qələmə aldığı qəhrəmanlar bizim həyatda
yaxından tanıdığımız insanlardır. Bu baxımdan yazıçının "Gözünə
gün düşür" hekayəsi Qarabağ mövzusunda
yazılmış ən gözəl əsərlərdən
biri kimi xüsusilə diqqət çəkir.
Hekayənin əsas personajı ağır xəstə
olan 53 yaşlı onkoloq-həkimdir. O, hər gecə nisgilli yuxular
görür. Həkimin həyatda yalnız bir arzusu var:
işğal altında olan kəndlərinə gedib, orada bir
"sülh ağacı" əksin və atasının məzarı
yanında öz əllərilə qəbrini qazıb əbədiyyətə
qovuşsun. Bu məqsədlə o, evdə bir məktub
yazaraq stolun üstünə qoyur, kimsə görməsin deyə
sübh tezdən evdən çıxıb yola
düşür.
Ağır və əziyyətli yolçuluq onun
ağrılarını daha da artırır. Buna dözə bilməyən
həkim özü ilə götürdüyü iynələrdən
birini buduna vurub yoluna davam edir: "O, iki kəndi
ötmüşdü. Ancaq kəndlər yox idi.
Onların kölgələri
qalmışdı. Evlərin çardaqları,
divarları sökülüb aparılmış, talan
edilmişdi..." O, çayı tutub irəliləməkdə
davam edir. Çünki bu çay onu
yaşadıqları evin yanına aparıb
çıxaracaqdı. Yazıçı öz qəhrəmanını
tanış cığırlardan, döngələrdən
keçirir. O, gah "Maralyan bağı"nı,
"Dükker"i, "Çayağzı"nı,
"Quzuqulağı dərəsi"ni
keçib "Küdrü" deyilən yerin üstünə
qalxır, gah da "Yaloba"ya çıxıb kol-kos
basmış cığırla evlərinə inamla
addımlamağa başlayır. "Mahmudlu"
bağı meşəyə çevrilmiş, "Kələsərlik"
yox olmuşdu. O, evlərinə gəlib çatır. Onun "ürəyi uçunurdu. Doğma həyətlər ona keçmiş tarixi
xatırladırdı. Həyətlərinə
girdi. Çovustanları yanıb külə
dönmüşdü. Evlərinin bir
divarı bütov qalmışdı. Sanki
onu muzey üçün saxlamışdılar. Həyəti hasarlayan piltələr
sökülüb aparılmışdı. Yurd yağmalanmışdı. Qəlbindəki
həyəcanı, gözlərindəki
yazıqlığı, əllərindəki, dizlərindəki
qəzəbi soyutmaq üçün ağladı..."
Hekayədə təsvir olunan hadisələr, poetik fikrin
istiqaməti bu obrazın bəşəri xarakter olmasına
yol açır. Bir tərəfdən müharibənin
vurduğu ağır yaralar, digər tərəfdən qəlbi
Vətən eşqilə döyünən bir insanın yurd həsrəti,
torpağa bağlılığı əsərdə
bütün təfərrüatı ilə təcəssüm
edir.
Həkim bir obraz kimi özünün kamilliyi, xarakterinin
bütövlüyü ilə fərqlənir. O, işğal altında
olan ata-baba yurduna gedəndə dərin daxili psixoloji
sarsıntılar keçirir, ancaq öz məqsədindən
geri dönmür. Çünki o, tutduğu
yolun doğruluğuna inanır. Həyatın
doğurduğu bütün çətinliklərə mərdliklə
sinə gərən həkim özü ilə gətirdiyi
"sülh ağacı"nı həyətdə
əkməyi qərara alır. "Nəhayət, darvazanın
yanından dəmir parçası tapdı. Bu,
mərmi qırığıydı. Həmin
dəmirlə bağçanın ortasında köhnə evlərinin
yerində çala qazmağa başladı. Çalayla
bir xeyli əlləşdi... Çalanı
qazıb qurtardı. Balaca bir çala xeyli
vaxt apardı, sanki yekə bir evin özülünü
qazmışdı. Tövlənin böyründəki
təpəlikdən çürümüş peyin gətirib
çalaya tökdü, ağacı ehmalca çantasından
çıxardı, salafanını açıb köklü
- köməcli və torpaqqarışıq çalaya qoydu.
Bircə qalırdı çaydan su gətirmək..." Bu zaman iki əlisilahlı erməni əsgəri onu əsir
alıb aparır. Ədib öz qəhrəmanını
çətin sınaqlar qarşısında qoyur.
"Əslində, burada anlaşılmaz bir şey yoxdur, əvvəlcədən
də bunu təxmin eləmişdi... Zastavada onu
cavan bir erməni zabiti qarşılayır. Həkim gəlişinin
məqsədli olduğunu bildirir və tezliklə öləcəyini
söyləyir: "Mənim vaxtım azdır,
ölümümə bircə gün qalıb, - dedi və
şalvarının balağını yuxarı
qaldırıb, şişmiş dizini göstərdi..." O,
bura təkcə "sülh ağacı" əkməyə
yox, həm də "ölməyə gəldiyini"
söyləyir. Erməni zabiti onun dediyinə deyəsən,
inanır. Müəllif hər iki obrazın
dialoqunu mahir psixoloq kimi o qədər canlı və
inandırıcı vermişdir ki, oxucuda buna zərrə qədər
olsa da, şübhə yeri qalmır. Çünki
burada həyat həqiqətlərinin reallığı,
psixoloji gərginlik, obrazın daxili aləminin ən
qaranlıq guşələri bütün detallarına qədər
canlandırılıb.
Elçin
Hüseynbəylinin Qarabağ mövzusunda yeni kitabı
Yazıçı hər şeydən öncə,
müharibəni insanları ölümə sürükləyən
bəşəri bir fəlakət kimi dəyərləndirir. Çünki
onun törətdiyi dağıntılar, dəhşətli
faciələr gerçəkliyin məntiqi təzahürü
kimi dərin fərdi sarsıntılara gətirib
çıxarır. Bəşəri fəlakətlərin
əks-sədası kimi özünü göstərən fərdi
əzab bəzən fəlakətdən də qüvvətli
olur, onu qabaqlayır və öz varlığını fərdi
sarsıntının daşıyıcısı olan şəxsin
ölümü ilə başa vurur.
Hekayənin əsas qəhrəmanı sadəcə
yazıçı təxəyyülünün məhsulu
deyil, o, həyatdan götürülmüş və bizim
yaxından tanıdığımız, qəlbi Vətən
həsrətilə döyünən yüz minlərlə
insanların ümumiləşdirilmiş bədii
obrazıdır. Çünki bu obrazın taleyi bir
insanın taleyindən deyil, bütöv bir nəslin, cəmiyyətin,
xalqın taleyindən keçir.
Müəllif qəhrəmanın xarakterini açmaqla
onun hərəkət və düşüncə tərzinin
doğurduğu əks-sədanı bütün təfərrüatı
ilə göstərməyə çalışır. Obrazın
düşdüyü dözülməz şərait, vəziyyətin
ağırlığı, xəstəliyin törətdiyi
acı fəsadlar onu çətin sınaqlar
qarşısında qoyur. Ancaq o, bu
sınaqlara mərdliklə dözərək, onları dəf
etməyi bacarır. Yazıçı əsərdə
xəstənin düşdüyü acınacaqlı vəziyyəti,
keçirdiyi daxili sarsıntıları, onun əhval-ruhiyyəsini
o qədər real bir şəkildə təsvir edib ki, oxucu bu
obrazın qarşısında öz heyranlığını
gizlədə bilmir. Biz bu əhval-ruhiyyədə
insan qəlbini yandıran, onu sözsüz açıb
göstərən kədər dolu bir hüzn
görürük.
E.Hüseynbəyli əsərdə sözləri
seçib yerli-yerində işlətdiyi üçün
oxucunu yormur, onu obrazın arzu və düşüncələrilə
baş-başa buraxır və ən çətin anlarda belə
obrazla birlikdə hərəkət edir. O, qəhrəmanın
uşaqlıq illərindən söhbət açmaqla əsəri
yeni çalarlarla zənginləşdirir:
"...Sürüşüb çalaya düşdü... Qəbir istiydi. Həkim ağrıları hiss
eləmirdi. Onun bədəni sanki
ölmüşdü, amma yaddaşı diriydi. O,
yaddaşını qaytarmadan ölmək istəmirdi.
Uşaqlığını, cavanlığını
xatırlayırdı... Gözlərinin
önünə güllü-çiçəkli dağlar, məktəb
illəri, quzu otardığı yerlər, çayda balıq
tutmağı yadına gəlirdi. Hər şey gözəl
idi... İndi bu gözəlliyin və itkinin yerimi acı bir
boşluq doldururdu... Səhər
açılırdı. Həkimin ürəyi
və yaddaşı hələ diriydi. Ölərkən
hiss elədi ki, gözlərinə gün düşür..."
Oxucu qəhrəmanın
ölümünü dərin təəssüf hissilə
qarşılayır, onun vaxtsız ölümünə
ürəkdən acıyır, göz yaşlarına hakim ola bilmir... Yazıçı da
bütün varlığıyla sevdiyi bu obrazın
ölümünə inanmaq istəmir, sükut içində
ağlayaraq "gözlərini ovuşdurur," onun
ölümünə yas tutur. Obrazın
düşdüyü bu çətin vəziyyəti, onun
ağrı və əzablarını, daxili
sarsıntılarını söz və ifadələrin
psixoloji təsirilə önə çəkərək onun mənəvi
dünyasını ülviləşdirir.
Hekayənin ümumi ahənginə, ruhuna uyğun olaraq
kövrək təhkiyə üsulu seçməsi
yazıçının ən böyük uğuru sayıla
bilər. Çünki bu üsul hekayədə dərin
psixoloji effekt yaradır. Əsərdə
sözlərin yaratdığı ahəng emosionallıqdan
uzaq olub, məntiqi ardıcıllığa söykənərək
fikrin dərinliyinə, daşıdığı məna
yükünə, onun bütövlüyünə və
tamlığına zəmin hazırlayır. Bu hekayə eyni zamanda ağır kədər və
fərdi sarsıntılarla yanaşı geniş oxucu kütləsinin
ürək çarpıntılarını özündə
birləşdirən bəşəri bir haraydan xəbər
verir.
Bu əsərdə zaman və məkan
anlayışları da müxtəlif qütblərdə kəsişərək
gerçəkliyin bədii inikası kimi təzahür edir. Burada cərəyan
edən hadisələr obrazın düşdüyü şəraitdən
asılı olaraq, daim dinamik inkişafda və hərəkətdə
təsvir olunmuşdur. Zaman həmişə
öz axarındadır, məkan isə zamanın tələblərinə
uyğun olaraq, həyatda baş verən hadisələrin
coğrafi anlamda təsvir olunduğu yerdir. Bütün bunların hamısı
yazıçı təxəyyülünün zənginliyi və
dəqiqliyi, obrazın həyatiliyi, onun psixologiyasının
dinamikliyilə bağlı olmasındadır.
Yazıçının uğur qazanmasının əsas
səbəblərindən biri də onun seçdiyi mövzuya
yaxından bələd olması, onu dərindən bilməsi,
şahidi olduğu hadisələrin mahiyyətinə nüfuz
etməyi bacarmasındadadır. Məncə, usta bir nasir olan
Elçin Hüseynbəylinin yazıçı sənətkarlığının
sirrini də məhz burada axtarmaq lazımdı
Vəliyulla NOVRUZ
525-ci qəzet.- 2021.-
15 yanvar. S. 16.