Görmədiyim
şairin şeirlərində gördüklərim
VƏ YA BU DÜNYADAN BİR
AĞRIDAĞ KEÇDİ...
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin
əvvəllərində nəşr olunan "Gənclik"
jurnalını ədəbiyyatla, sözlə maraqlanan hər
kəs, yəqin ki, yaxşı xatırlayır.
İlk dəfə Telman Ağrıdağ imzasını
məhz həmin jurnalda, uşaq vaxtından şeir yazmağa
başladığım dövrlərdə
görmüşdüm. Şeir kitablarını oxuyar, həmçinin,
atamın kitabxanasındakı "Azərbaycan",
"Ulduz", "Gənclik" jurnallarının səhifələrini
vərəqləyib şeirləri gözdən keçirərdim.
Telman Ağrıdağ imzası da o dövrlərdən
yadımda qalmışdı. Naxçıvanlı
olub-olmadığını bilmirdim. Amma "Gənclik"
jurnalının 1989-cu il sentyabr nömrəsinin
arxa cildindəki "Naxçıvan" və "SOS"
şeirləri onunla həmyerli olduğumuz düşüncəsi
oyatmışdı. Bu gün də
"Naxçıvan" şeirini əzbər bilirəm:
Üç
tərəfi dağlar - yağılar...
Bir tərəfdən
bağlanmış
qardaş
qapısı.
Oksigen
balonları göndərin bizə!
Bir
zamanlar bəy babalar,
Kişi
babalar
Bu
torpağı paz kimi
Soxublar düşmən köksünə.
İndi
Araz adlı almazla kəsilmiş
Nizə ucudur bu yurd.
Bir
zamanlar
Savaşda
pələng babamın,
Barışda
mələk babamın
Gözləri
qorxudulmuş,
Dişləri
sındırılmış
Canavar nəvələriyik biz.
Ələ
öyrəşməyən yalquzaq kimi
Dörd
dolanırıq
Naxçıvan adlı qəfəsdə.
Gözlərimiz
yolda,
Qulaqlarımız səsdə.
Telman Ağrıdağın
yaradıcılığını kompleks şəkildə
gözdən keçirəndə görürsən ki, onun
şeirlərinin əksəriyyəti elə bu cür yurd
ağrısı, vətən dərdi ilə yoğrulmuş
poetik nümunələrdən ibarətdir. Hər
insanın xarakter cizgiləri onun simasında da öz əksini
tapır. Ucaboy, qaraşın və gur
saçlı Telman Ağrıdağın gözlərinin dərinliyindəki
baxış belə vətənə sevdalanmış birinin
sevgilisindən ayrılığından doğan kədər
nəğməsi kimi oxunur.
Sağlığında
heç bir kitabı nəşr olunmayan şairin
ölümündən 15 il sonra - 2005-ci
ildə "Bir gün məndən sonra..." adlı irihəcmli
kitabı çıxıb. Həmin kitabda Telman
Ağrıdağın şeirləri, "Füzuli
haqqında düşüncələr" silsiləsi,
qısa-qısa fikirləri, hekayə və miniatürləri
ilə yanaşı, "Düyünlər" adlı 3 pərdəli
pyesi cəmlənib. Şairin sadiq dostu, akademik İsa Həbibbəyli
kitaba yazdığı "Poetik portret" adlı ön
sözdə onu belə səciyyələndirir:
"Naxçıvan şəhərinin Babək küçəsində
tələbə yataqxanasında yaranan səmimi münasibətlərimiz
onun şeir dolu ürəyini mənə açmasına səbəb
oldu. İlk dəfə yataqxana dünyasında
hansı şeirini oxuduğunu dəqiq xatırlamıram.
Ancaq orası yadımdadır ki, onun öz
"ifasında" eşitdiyim ilk şeir sərt notlar üzərində
köklənmişdi, Telmanın xarakteri ilə həmahəng
səslənirdi. Təhsil aldığı qrupda da tələbə
yoldaşları arasında "Cahandar ağa" kimi
tanınan Telman Qəhrəmanovun bizlərə oxuduğu
şeirlərdə mərdlik, kişilik, bütövlük
motivləri ön mövqedə idi. Telman Qəhrəmanov
həyatda necə tanıyırdıqsa, şeirlərində
də elə idi. Tam mənası ilə
onun mənəvi aləmi, şəxsi keyfiyyətləri ilə
ara-sıra eşitdiyimiz şeirləri arasında bərabərlik
işarəsi qoymaq mümkün idi".
Nədənsə şairləri öz taleləri
haqqında öncögörmələri həmişə məni
heyrətləndirib. Telman Ağrıdağın
kitabındakı ilk şeiri də beləcə heyrətimi
artırır. Şeirin son misraları:
Hamı
çaşıb qalacaq -
Doğmalar da, poçtalyon da.
Bilirəm,
ömrüm haçansa qırılacaq
Tezmi,
gecmi,
Ancaq
vaxtsız...
Elə vaxtsız da qırıldı o ömür. Arxasınca isə yenə
öz misraları danışdı:
Bayatı
ulduzlar, nağıl ulduzlar,
Yolumu
gözləyən bənövşə qızlar,
Əlvida...
Ana haqqında çoxlu şeirlər yazılıb. Cəfər
Cabbarlı, Səməd Vurğun, Bəxtiyar Vahabzadə və
bir çox söz adamları. Hərə
öz təbincə, öz təbirincə Ana obrazını
poetik dillə canlandırıb. Telman
Ağrıdağın şeirlərindəki Ananın tam fərqli
bir ifadəylə tərənnüm olunduğunu
gördüm. Dilimdə əzbər oldu bu misralar:
Gözünlə
torpaqdan odlar götürdün,
Mənim
xatirimə, ana, ay ana!
Qara
gün də gördün, ağ gün də
gördün,
Sən
candan keçdinsə, mən gəldim cana.
Məşum 20 Yanvar gününə yazılmış
"Rekviyem" şeirinin bir bəndində həmin gün
doğulan körpələrin ilkin laylasının Azadlıq
olması da şair baxışıdır. Özü də sərrast
baxışı:
Qarayev adına doğum evinin
Bütün divarları güllə yarası.
Həmin
gün doğulan körpələrinin
Azadlıq olacaq ilkin laylası.
Bu kitabdakı şeirlərin hər birindən vətən
aşiqi bir şairin ağrılarının inltisi duyulur. Bu
ağrılar içində bir ümid də həmişə
dipdiri qalıb. "Didərgin nəğmələri"
başlığıyla verdiyi bayatıların birində
heç birinci Qarabağ savaşını görməyə
ömrü yetməyən Telman Ağrıdağ İkinci
Qarabağ - Vətən müharibəsinin müjdəsini də
hiss edirmiş:
Yurd mənim,
binə mənim,
Gərməyə sinə mənim.
Bu torpaq mənimdirsə,
Olacaq yenə mənim.
Bəlkə də şairin demək istədiyi mətləblər
başqadır. Amma son aylarda yaşadığımız
qürur dolu sevinclərimizin fonunda bu bayatı necə də
yerinə düşür. Mən isə bu
bayatının ümid işığında tarixin bir
çox qaranlıq tərəflərinin
aydınlaşdığını görürəm. Hətta
o işığın düşdüyü tərəflərdə
sular üzərində bir dumanlı misra da oxuyuram Telman
Ağrıdağın şeirləri arasından: "Şərəfimizə
vurulmuş damğa - Araz!" Bütün bunlara rəğmən,
şairin qəlbindəki Vətən görün necədir:
Yüz
yerə, min yerə haçalansan da,
Sən mənim
qəlbimdə bütövsən, Vətən!
"Bir gün məndən sonra" kitabında ən
çox şeir həsr olunan mövzu Arazdır. Sözün
düzü xalq bayatılarından və Məmməd Arazdan
sonra bir şairdə bu qədər Arazı Telman
Ağrıdağda gördüm. Bəlkə
də təxəllüsünü "bir tərəfdən
bağlanmış qardaş qapısı" dediyi Türkiyəyə
boylananda gördüyü Ağrıdağdan götürən
şairin içində elə həmin dağın kölgəsindən
keçib gedən lal-dinməz Arazın harayı vulkan təpərindədir,
zəlzələ gücündədir. "Araz",
"Körpü", "Ram və Şam",
"Ümid", "Dərd", "Araz göl",
"Vətən", "Cənub küləyi",
"Arzu", "Aradan bir çay keçir" və bu qəbildən
olan neçə-neçə şeir məhz bu ruhda qələmə
alınıb, bu həsrətlə dilə gəlib, bu eşqdən
yaralıdır, bu ayrılqdan sızıldayır:
Səhər
günəş bir çıxır,
Axşam günəş bir batır.
Körpə
ağlasa kimsə
Bilməz hansı taydadır.
Gecə
oddan, ocaqdan
Burdan ora nur düşür.
Ordan bura
hay keçir,
Aradan bir çay keçir.
Telman Ağrıdağın şeirlərinin
böyük bir qismi isə şairlərin taleyinən bəhs
edir.
Mikayıl Müşfiq, Hüseyn Cavid, Məmməd Araz,
Puşkin, Lorka, Viktor Xora, ən çox isə Füzuli... "Füzuli haqqında düşüncələr"
adlı essesində bugünün dünənə
baxışı var, bugünün dünəndən öyrəndikləri
var, bugünün dünənə səslənişi var, ən
əsası isə bugünün şairinin dünənin
şairinə etirafları var.
Kitabda "Fikrin etüdləri" bölməsində
Telman Ağrıdağın şeirdən sıyrılıb kənara
sıçrayan düşüncələri əksini
tapıb.
Maraqlı fikirlərin bir neçəsinin altını xətləmişəm:
"Əgər sən istedadlısansa, nəyin olmasa da,
düşmənlərin olacaq", "Rəsul Rzanın
portretindən poeziya asılmışdı",
"Dünyada tərifə olan maraq baxımından
yazıçılarla yalnız qadınlar rəqabət apara
bilər", "Xoşuma gəlməyən bir nəfər
sevdiyim şairi təriflədi, o adam haqqında fikrim həlimləşdi",
"Oğlum, əgər mən düşündüklərimi
sən də düşünəcəksənsə, demək
mən sonsuzam" və sair.
Kitabda yer
alan ona yaxın qısa hekayə və
"Düyünlər" adlı üçpərdəli
pyes də öz mövzu dərinliyi və vermək istədiyi
mesaj baxımından olduqca maraqlıdır. Sanki
Telman Ağrıdağ 40 illik ömrünə demək istədiklərinin
hamısını sığışdırmağa,
sıxışdırmağa çalışıb. Daha doğrusu, tələsib. Görünür,
ilk şeirində dediyi "ömrüm haçansa vaxtsız
qırılacaq" gerçəyini duyduğu
üçün bu qədər tələsirmiş.
Beş günlük qış tətilində Telman
Ağrıdağın "Bir gün məndən sonra"
kitabını təzədən oxudum. Yenidən
onunla söhbət etdim. Təəssüf
dolu hisslər yaşadım. Niyə biz
sözümüzü və sözümüzü yaşadan
özümüzü unuduruq? Niyə
"Məmməd Araz olmasaydı, mən də babat şair
olardım" deyən belə bir şairi oxumuruq, oxumaq
qalsın bir tərəfə, tanımırıq?
"Bir gün məndən sonra" nə qədər məna
daşıyırmış, ilahi! Bəlkə də "bir
gün məndən sonra məni oxuyacaqlar, haqqımda biri
üç-beş cümlə yazacaq" ümidiymiş!
Bu təəssürat
altında düşünürəm: nə qədər ki,
sağam və əlimdə qələm var, bir misrasında
belə poeziya olan söz adamlarından yazmağa davam edəcəyəm.
Bir misralıq poeziyanın xətrinə... Onsuz
da hamımız bir misramız yaşasın ümidiylə
yazmırıqmı?!
Yazımı
bitirmiş, nöqtəsini qoymuşdum, dərin bir nəfəs
alıb kitabda yer alan şəkillərə
baxırdım. 40 yaşlı şairin şəkillərinə
40 yaşlı şair kimi. 40 yaşımda 40
yaşlı şairin şeirlərinə sual verdim:
Yaşadacaqsınızmı Telman Ağrıdağı?
Şeirlərin yerinə şairin özü
pıçıldadı küçə
işıqlarının işıqlandırdığı qərib
bir gecənin qarlı gözlərindən asılan qırx
illik yol yorğunluğu ilə:
Və təkcə
ildırımların işıqlandırdığı
Qərib
bir gecənin,
Yağışlı
gözlərindən asılmışdı
Qırx
illik ömrüm...
Naxçıvan,
5-7 yanvar 2021
Elxan YURDOĞLU
525-ci qəzet.- 2021.-
15 yanvar. S. 17.