Xəzan
bilməyən fəsildir şair ömrü...
Ələkbər Ziyatayın sənətkarlığı
və şəxsiyyəti barədə düşüncələrim
Uşaqlıq illərimdən diqqətimi çəkən,
əsərlərini sevə-sevə oxuduğum, şeirlərinə
yazılmış mahnılarını dönə-dönə,
sevərək dinlədiyim, "Min bir gecə"li
nağıllar dünyasında mənalı və şux qəzəllərinin
sehrinə daldığım bir sənətkar barədədir
bu yazım.
Əslində, haqqında söz açacağım
şair Ələkbər Ziyatay barəsində əvvəllər
bir neçə yazım, ona həsr olunmuş televiziya və
radio verilişləri işıq üzü
görmüşdü. Bu yazımı qələmə almağıma məni
ilhamlandıran, bu günlərdə televiziya verilişlərinin
birində Ə.Ziyatay barədə
çıxışımı izləyən və sonradan mənə
ürək sözlərini bildirən, istedadlı qələm
sahibi, şair, jurnalist həmkarım, Azərbaycan
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in
baş redaktoru, əməkdar jurnalist Rəşad Məcid oldu.
Söz verdiyim kimi, Ələkbər Ziyatay haqqında
düşüncələrimi yenidən hörmətli
oxucularımla bölüşməyi qərara aldım...
Ələkbər Ziyatay oxucusunu daim heyrətləndirən,
düşündürən və onu sözün sehrinə,
poeziya aləminə sövq edən, ülviyyətə səsləyən
qüdrətli söz sərrafıdır. Filologiya elmləri doktoru,
professor Əkbər Ağayev onun haqqında təsadüfən
yazmırdı ki: "Ələkbər Ziyatay sözü zərgər
kimi işləyirdi, dəqiq və çox poetik".
Ələkbər
Ziyatay özünün söz xəzinəsində
"Mehri-ülfətdir şüarım, mən azərbaycanlıyam"
- deyib, azərbaycanlı kimliyini fəxrlə, qürurla
dünyaya car çəkən, odlar diyarı cənnətməkan
Azərbaycanın əsrarəngiz gözəlliklərini, zəngin
təbiətini özünəməxsus tərzdə,
böyük ustalıqla vəsf edən, "Bəhruz xəyallı
bir rəssam" kimi sevgilisinin telinə sığal çəkərək,
həyat eşqinə hörmət və müqəddəs
sevgini əxz edən, "Bir sözümdən inciyərək
gedirsən" - deyib aşiqinin ayrılığına
dözə bilməyərək xiffət çəkən,
"Olmalıydıın, olmadın" deyib ilk məhəbbətin
uğursuzluq acısını yaşamağa məhkum olan gənclərə
təssəli verən, "Bakı gecələri"nin əzəmətini,
füsunkarlığını, möhtəşəmliyini,
romantikliyini melodik misralarla bizə bəxş edən,
"Doğma dilim, sən ki varsan dünyada" - deyib
doğma ana dilimizə sonsuz sevgini yorulmadan oxucusuna
aşılayan və hikmətli sözləri ilə onları
heyrət dənizinə qərq edən, lirik, həzin
şeirləri, şux qəzəlləri ilə könül
rübabımızın zərif tellərini titrədən,
"Bir ürək çırpınsa şeirlərimdə,
deyərdim, dünyanın xoşbəxtiyəm mən" -
söyləyən görkəmli qələm sahibi, zəhmətkeş
şairdir.
Bu gözəl qəlbli, həlim və mülayim təbiətli,
hədsiz təvazökar, sadə, özünə dəyər
verən, hər zaman abırını, şəxsi ləyaqətini
gözləyən, kövrək, həssas qəlbli və daim
sevgi ilə əhatə olunan sənətkar idi bizim Ələkbər
Ziyatay.
Azərbaycan
ədəbiyyatına Məhsəti Gəncəvi, Nizami Gəncəvi
kimi dahilər bəxş edən qədim Gəncədə
1913-cü il dekabrın 21-də göz
açıb o. Uşaqlıq və gənclik illəri bu qədim
şəhərdə, Kəpəzdə və Göygöldə
keçib.
Hər zaman ictimai-siyasi, ədəbi-mədəni proselərdə. özünəməxsus
yer tutan Gəncə şəhəri hələ Ələkbər
kiçik ikən onun mənəvi dünyasına, tərbiyəsinə,
formalaşmasına öz təsirini göstərmişdi. Xüsusilə də məktəbli illərində əlaçı,
nümunəvi şagird kimi həm yaşıdlarından fərqlənən
Ələkbər ədəbiyyata xüsusi maraq göstərir,
inşa yazıları, kiçik həcmli şeirləri ilə
həm müəllimlərini, həm də şagird
dostlarını heyrətləndirirdi. Yeddiillik
şəhər məktəbini əla qiymətlərlə
başa vuran Ələkbər Gəncə şəhər
İnşaat texnikumuna qəbul olur. Lakin burada təhsil
aldığı müddətdə də bədii ədəbiyyata,
yaradıcılığa maraq bir an belə
onu tərk etmir. Daim yaxından dostluq etdiyi,
sonralar xalq artisti, "Dəli Kür" filmində baş
roldan tanıdığımız Cahandar ağa
obrazını yaratmış Ələddin Abbasovla daim ədəbiyyat,
poeziya barəsində fikir mübadiləsi aparardı.
Texnikumu əla qiymətlərlə bitirən Ələkbər
elə həmin il Azərbaycan Pedaqoji
İnstitutunun ədəbiyyat fakültəsinə qəbul
olunur, bir növ ədəbi mühitə düşür.
İnstitutu bitirən il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya
şöbəsinin müdiri vəzifəsinə təyin
edilir. Bununla da Ələkbərin həyatında bədii
yaradıcılığa yol açılır...
Keçən əsrin 30-cu illərində ədəbiyyata
gələn Ələkbər Ziyatay çox şair və
yazıçının həsəd apardığı bir
mühitdə fəaliyyət göstərməyə
başladı.
Bu, şair üçün həm xoşbəxt,
həm də məsuliyyətli bir mühit idi. Artıq ədəbiyyatda
öz çəkisi ilə tanınan nəhəng qələm
sahibləri Cəfər Cabbarlı, Hüseyn Cavid, Əhməd
Cavad, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Səməd
Vurğun, Məmməd Rahim, Rəsul Rza, Mirmehdi Seyidzadə,
Mircəlal Paşayev kimi sənətkarların çevrəsində
olub dəyərli əsərlər yaratmaq böyük cəsarət
və məsuliyyət tələb edirdi. Məhz
Ələkbər Ziyatay özündə belə bir cəsarəti
toplayıb bu cameədə özünə cığır
açmağı bacardı. Heç
şübhəsiz, bu böyük sənətkarların
Ələkbər Ziyatay yaradıcılığına
çox güclü təsiri oldu.
Ələkbər Ziyatayın yaradıcılıq istiqamətinə
nəzər salanda görünür ki, o, əsasən lirik
şair kimi ədəbiyyatda özünə yer tutub. Lakin nəğməkar,
uşaq şairi, qəzəlxan və tərcüməçi
kimi də özünü təsdiq edə bilib.
Ədəbiyyata lirik şair kimi gələn Ələkbər
Ziyatayın qəlb oxşayan, həzin, lirik şerləri
şairi oxucusuna sevdirib.
Göllər
kraliçası Göygöldən ilhamlanaraq sözləri nəzmə
çəkən şair sonralar, ömrünün sonuna kimi
bu ilhamı Xəzər dənizinə köklədi və
kükrədi...
Gözəl bədii dilə malik olan şairin lirik
şerləri sanki şırıltısı ilə qulaqlara səs
salan, göz yaşı kimi təmiz, sakit axan çaya bənzəyir. Heç bir
zaman ilhamı tükənməyən şairin lirik şerlərinin
önündə şübhəsiz ki, məhəbbət
lirikası durur, oxucuda sevgi hisslərini, məhəbbət
duyğularını dərin çalarları ilə
aşılayır. Böyük
ustalıqla sözləri mirvari kimi ürəyə
köçürür, qəlb tellərini titrədir.
"Mən
rəssam olsam", "Elə baxma","Ah, nə gözəlsən",
"Necə sevməyim", "Mənimləsən",
"Sevməzdi qəlbim" və s. lirik şeirləri
sözün əsl mənasında ədibin lətif dəhanından
çıxan sözlər kimi simlərə köklənən
şair xəyalının təcəssümüdür desəm,
yəqin ki, yanılmaram:
Mən Bəhruz
xəyallı bir rəssam olsam,
Göyərçin əlini çəkərdim sənin.
Alnının
üstünə bulud tək enən,
O siyah
telini çəkərdim sənin.
O cür
rəssam olsam, ey Ziyatay, mən,
Gözümün
önündən bir an getməyən,
Heyif ki, vəslinə
əlim yetməyən,
Ürkək
xəyalını çəkərdim sənin...
Keçən əsrin 30-cu illəri qanlı repressiya illəri
ilə müşayiət olunmuş, Azərbaycanın
say-seçmə ziyalıları, ədibləri,
aydınları repressiyaya məruz qalmış, əksəriyyəti
isə fiziki məhv edilmişdir. Repressiya Ələkbər
Ziyataydan fiziki olaraq yan keçsə də, mənən yan
keçməmişdi. Qələm
dostlarının, sənət məsləkdaşlarının
həbsi, repressiya olunması ona da öz mənfi təsirini
göstərmişdir. Xüsusilə, Hüseyn Cavid,
Əhməd Cavad, və Mikayıl Müşfiqin həbsindən
Ələkbər Ziyatay depressiyaya düşmüş, xeyli
müddət yaradıcılıqdan
uzaqlaşmışdı. O, Hüseyn Cavidə
poeziyamızın Günəşi kimi baxırdı. Əhməd Cavad orta məktəbdə onun dil və
ədəbiyyat müəllimi olmuşdu. Mikayıl
Müşfiqlə isə yaxın dostluq əlaqələri
var idi. Əlbəttə ki, belə
münasibətlər və hadisələr fonunda Ələkbər
Ziyatayın depressiyaya düşməsi təbii,
anlaşılan idi.
Müəyyən aradan sonra yenidən
yaradıcılığa baş vuran Ziyatay lirik şeirləri
ilə yanaşı, o dövr üçün səciyyəvi
olan vətənpərvərlik, sədaqət və vəfa
mövzularındakı əsərləri ilə də diqqət
çəkdi.
O, II Dünya müharibəsinin başlanması ilə qələmini
süngüyə çevirən şairlər arasında
müharibə mövzusundakı şeirləri ilə də
yaradıcılığına yeni rəng qatdı. Bu mövzudakı şeirləri hər zaman gənclərin
hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə
öz müsbət təsirini göstərdi.
Şairin
müharibə mövzusunda yazdığı "Qana-qan deyə",
"Nifrət", "Qalxan et dərdə qəzəb
bayrağını" adlı şeirləri bu gün də
müasir səslənir, əsgərlərimizi, doğma vətənimizin
sərhədlərini qoruyan, onun keşiyində duran
döyüşçülərimizi, hər kəsi səfərbər
edir, vətən torpaqlarını qorumağa
çağırır:
Bu mehriban
Vətən, bu doğma dağlar,
Pərilər
yığnağı qaynar bulaqlar,
Ceyranlı
meşələr, bülbüllü bağlar
Baxan
göy üzünü saran sislərə
O insan
donunda qurd faşistlərə
"Çəkil bu torpaqdan. ey duman" deyə,
Səsləyir elləri qana-qan deyə.
İntiqam
eşqilə bu ana torpaq,
Tutmuş övladının qanı ilə bayraq.
İntiqam
səsləri ərşə qalxaraq,
Çevrilir
çaxnaşar sıx buludlara,
Dönər
şimşəklər, yanar odlara
Qalmasın
yağıdan bir nişan belə
Səsləyir elləri, qana-qan deyə.
On ildən artıq bir müddətdə Azərbaycan
Yazıçılar Birliyinin Gəncə filialında məsul
katib işləməsi Ələkbər Ziyatayın həyatında
çox müsbət rol oynadı. O, burada həm bölgədə fəaliyyət
göstərən şair və yazıçıların
yaradıcılığına köməklik edir, digər tərəfdən
bölgəyə ezam olunan görkəmli ədiblərlə
ünsiyyətdə olurdu.
Bu arada şairin qızı Pərvin Ziyataydan
eşitdiyim bir hadisəni oxucularımla bölüşmək
istəyirəm. Gənc Ələkbər Gəncə
Pedaqoji İnstitutunda baş müəllim işləyərkən,
dərs dediyi tələbəsi Böyükxanıma aşiq
olur, ona vurulur. Böyükxanım Xalq
şairi Nigar Rəfibəylinin qohumlarından evlənmə
idi. Lakin bu qızı ailəsi aralarındakı yaş fərqinin çox
olması səbəbindən Ələkbərə vermirdilər.
O isə xiffət edirdi. Xoş bir təsadüf
Ələkbərin məsələsinə işıq
saçdı. Gəncəyə ezamiyyətə
gələn Səməd Vurğun və Mir Cəlal Paşayev
Ələkbər Ziyatayın qonağı olurlar. Söhbət əsnasında Ələkbəri
fikirli, qəmgin görən qonaqlar bu halın səbəbini
öyrənirlər. Ertəsi gün
S.Vurğun və M.C.Paşayev Böyükxanımgilə
elçiliyə gedirlər. Azərbaycanda tanınan və
hörmət edilən bu böyük ədibləri görən
ev sahibi onların sözünün
qarşısında yalnız "Hə" cavabı verə
bilərdi.
Beləliklə
də, bu gözəl, möhkəm evlilik baş tutur...
Sonralar Mir Cəlal Paşayev özünün "Dirilən adam" kitabına daxil etdiyi "Elçi
kimi" hekayəsində bu elçilik hadisəsini qələmə
alır.
Məncə,
Ələkbər Ziyatayın Böyükxanıma olan dərin
məhəbbət hissindən, duyğularından şairin
sevgi və həsrət dolu şeirləri, qəzəlləri
yaranır və həyata vəsiqə alır:
Qussələnəndə
könlüm
Fərəh kimi gəlirsən.
Qaralanda
gözlərim,
Çıraq kimi gəlirsən.
Həyatımın,
ömrümün,
Xatirə dəftərindən.
Silinməyən,
itməyən,
Bircə sənsən, bircə sən.
Sakit, mülayim təbiətli, üzündə daim
xoş bir təbəssüm olan Ə.Ziyatay gələcəyimiz
olan uşaqları çox sevər, onlarla ünsiyyətdə
olmaqdan yorulmazdı. Böyük, ciddi əsərlərə
imza atan şair uşaq psixologiyasına, onların mənəvi
dünyasına nüfuz edərək, çox oxunaqlı,
maraqlı, uşaqların anlaya biləcəyi dildə
uşaq şerləri yazmağa müvəffəq olub. Bu, heç də hər bir şairə qismət
olmayan xoşbəxtlikdir. Şairin "Kəpənək",
"Nərminənin oyuncaqları", "Salam yeni dərs
ili", "Sənin tutacağın yol",
"Qışın sovqatı" və digər şeirləri
bu qəbildən olan incilərdir.
Mövzu rəngarəngliyi, poetik forma müxtəlifliyi,
misraların axıcılığı, ahəngdarlığı,
qafiyə intihabı, şeirin yığcamlığı,
maraqlı kompozisiya Ə.Ziyatay
yaradıcılığını səciyyələndirən
keyfiyyətlərdir. Əruz və heca vəzninin
imkanlarından geniş istifadə edən şair, S.Rüstəm,
Ə.Vahid, M.Seyidzadə kimi, qəzəl janrında qiymətli
sənət nümunələri ərsəyə gətirib.
O da sırf Azərbaycan dilli qəzəlin inkişafına
böyük töhfələr verib:
Dilbər!
Gülü-xəndanmı gözəl,
sənmi
gözəlsən!
Xoş ətrli
reyhanmı gözəl,
sənmi
gözəlsən!
Ulduzlu səma
seyrinə gəlsin bu camalın,
Görsün
məhi-tabanmı gözəl,
sənmi
gözəlsən!
Qoy
çox da qürurlanmasın
öz
hüsnünə çöllər,
Baxsın
bala ceyranmı gözəl,
sənmi
gözəlsən!
Sərvistana
bənzər bu boğa,
bağçaya bir gəl,
Gör sərvi-xuramanmı
gözəl,
sənmi
gözəlsən!
Qalmış
Ziyatay şübhə ilə şəkk arasında,
Bilmir
gülü-xəndanmı gözəl,
sənmi
gözəlsən!
Xeyli mütaliəyə və dərin ensiklopedik biliyə
malik, klassik, dünya və müasir rus ədəbiyyatını
bilən Ə.Ziyatay həmçinin, başqa dilli
poeziyanın gözəl mahir, tərcümanı kimi də
tanınır.
O, Homerin "Odisseya"sını, Əlişir Nəvainin
"Yeddi səyyarə", "Fərhad və Şirin"
əsərlərini, Lope da Veqanın "Nə yardan doyur, nə
əldən qoyur", Bertold Brextin "Üç quruşluq
opera" komediyalarına, Xulican, Ednardas Mejalaytis, A.S.Puşkin,
N.Nekrasov, T.Sevçenkonun və başqalarının əsərlərinə
Azərbaycan dilində həyat verib, peşəkar, qabil tərcümə
ustası kimi şöhrət tapıb. Hələ
orta məktəb illərində sevə-sevə oxuduğumuz
"Min bir gecə" kitabındakı qəzəlləri də
bizə məhz Ə.Ziyatay öz mükəmməl tərcüməsi
ilə sevdirib.
Rus şairi A.Qriboyedovun "Ağıldan bəla"
komediyasının Azərbaycan variantı da məhz,
Ə.Ziyatay qələminə məxsusdur. Bu komediyaya
Süleyman Rüstəm, Mirzə İbrahimov, Nigar Rəfibəyli
kimi görkəmli ədiblər müraciət etsələr
də, öz tərcümələrini yarıdan
dayandırmışlar. S.Rüstəm özü də
etiraf edib ki, "Ağıldan bəla" komediyasının
tərcüməsi üzərində iş təkcə onun
üçün deyil, digər tərcüməçilər
üçün də olduqca çətin olub. Nəhayət,
on illik gərgin zəhmətdən sonra Ə.Ziyatay xasiyyətindəki
səbr və təmkinliyi ilə, özünün poetik
istedad və tərcüməçi həssaslığı
ilə orijinal, ideya məzmununu, pafosunu, məna
çalarlarını, satirik kəskinliyi, poetik gözəlliyini
saxlamaqla "Ağıldan bəla"nın
dilimizə mükəmməl tərcüməsini ərsəyə
gətirməyə nail olub.
Ə.Ziyatayın bu və digər tərcümələri
o qədər yüksək səviyyədəir, oxucularda belə
bir xoş təəssurat yaranır ki, şair bu əsəri
sanki doğma ana dilimizdə yazıb. Şairin qələminin
qüdrəti də məhz bundadır.
Klassik ədəbiyyatımızı və əruzu dərindən
bilən Ə.Ziyatay Məhəmməd Füzuli
yaradıcılığının pərəstişkarı,
vurğunu idi.
Hətta deyərdim ki, əgər o, şair yox ədəbiyyatşunas
olsaydı, çox gözəl Füzulişunas alim
olardı. Bəlkə də Füzulinin
yaradıcılığına məhəbbəti onun gözəl
qəzəllər yazmasına səbəb olub.
Azərbaycan ədəbiyyatında ilk məhəbbət
və onun uğursuz taleyi haqqında çox şeir
yazılıb.
Süleyman Rüstəm, Tofiq Bayram
yaradıcılığında bu səpkidə gözəl
şeir nümunələri vardır. Bu
mövzuda Ə.Ziyatayın "Olmalıydın, olmadın"
qəzəli xüsusi yer tutur. Keçən
əsrin 70-ci illərində bu qəzələ müraciət
edən Zeynəb Xanlarovanın bəstəsində və
ifasında səslənən mahnı bütün
dünyanı dolaşdı, şairə şöhrət gətirdi.
Çox sayda insanın, xüsusən də gənclərin
tez bir zamanda qəlbinə yol tapdı. O gənclər
ki, ilk məhəbbətin uğursuzluğunun
acısını yaşamışdılar, bu qəzəl
onlara sanki bir təşkinlilik verirdi, yaralarına məlhəm
olurdu:
Başqasıyla
indi xoşbəxtsən ya bədbəxt,
bilmirəm,
Sən mənimlə
daha xoşkam olmalıydın,
olmadın.
Ziyatay vəsf
etdiyi gündən müqəddəs
eşqini,
Sən
onunçün əsl ilham olmalıydın,
olmadın.
Bir millətin
kimliyini onun doğma dilində görən, ana dilinin gözəlliyi
və zənginliyi ilə, poetik və melodikliyi ilə daim fəxr
edən, özünün də zəngin söz ehtiyatına
malik olduğu Ə.Ziyatay Azərbaycan ədəbi dilinin qorunmasının,
inkişafının keşiyində müsəlləh əsgər
kimi dayanan sənətkar kimi doğma ana dilini böyük
çoşqu və sevgi ilə vəsf edirdi:
Bu
doğma dil ürəyi gen xalqımın,
Kainata baxışıdır, sözüdür.
Bir can
deşən, min can deyən xalqımın,
Ruhundakı incəliyin özüdür.
Ə.Ziyatayın qəlblərə yol tapan, könül
sızlayan, qəlb çırpındıran hədsiz lirik
şeirləri həyata sanki bir nəğmə kimi vəsiqə
alırdı.
Onun bu həzin lirikasına dövrümüzün
tanınmış bəstəkarları Səid Rüstəmov,
Qəmbər Hüseynli, Oktay Kazımi, Süleyman Ələsgərov,
Ramiz Mustafayev, Hökümə Nəcəfova, Ələkbər
Tağıyev, Tamilla Məmmədzadə, Tariyel Məmmədov,
Zeynəb Xanlarova və başqaları müraciət edərək
yaddaqalan, populyarlıq qazanan, sevilən mahnıları ərsəyə
gətiriblər. Ə.Ziyatay və Ə.Tağıyev
tandemi ilə çox gözəl, uzunömürlü
mahnılar yaranıb. 1960-61-ci illərdə onların
yaratdığı "Sənsən, sən",
"Bakı gecələri", "Azərbaycanım mənim"
mahnıları 60 ildən artıqdır ki, dillər əzbəridir.
"Bakı gecələri"
mahnısının yaranmasına xüsusi diqqət çəkmək
istəyirəm. Sovetlər dönəmində
60-cı illərdə Ümumittifaq radiosu ilə rus dilində
"Podmoskovnaya Veçera" mahnısı səslənirdi.
Ölkə rəhbərliyi bu qəbildən
olan mahnıların müttəfiq respublikalarda da
yazılmasını tövsiyə etmişdi. Ə.Tağıyev bu ideyanı bəyənir, "Bakı
gecələri" adlı musiqi-melodiya yazmaq qərarına gəlir.
Mahnının mətninin yazılmasını
isə uzun illər dostluq etdiyi Ələkbər Ziyataya həvalə
edir. Beləliklə, mahnı yaranır.
Mahnı o qədər möhtəşəm
alınır ki, dillər əzbəri olur. Mahnıda Bakının gözəlliyi, möhtəşəmliyi,
füsunkarlığı o qədər ustalıqla, melodik təsvir
olunur ki, mahnı səsləndikdə Bakının gözəlliyinə
qərq olunursan, o romantik hissləri yaşayırsan. Uzun
illər Bülbül, Zeynəb Xanlarova, Şövkət
Ələkbərova, Gülağa Məmmədov, Flora Kərimova
və başqaları Ə.Ziyatayın qələmində
yaranan mahnıları ifa edərək, bizə gözəl
musiqi əsərlərini bəxş edirlər.
Ə.Ziyatay mənim ən çox sevdiyim şairlərdən
olduğu üçün AzTV-də, İTV-də, Xəzər
TV-də, Milli Radioda haqqında verilişlər
hazırlamış, neçə-neçə məqalə dərc
etdirmişəm. Ona ən böyük töhfəni isə
bu günlərdə işıq üzü görmüş,
müəllifi olduğum "Ə.Ziyatay. Lirik
duyğular" kitabıdır. Bu kitaba ədibin
yaradıcılığının məhsulu olan, müxtəlif
bəstəkarlar tərəfindən bəstələnən
iyirmi beş mahnı, muğamla ifa olunan qəzəllər,
eləcə də bir çox şeir və qəzəl daxil
edilmişdir. Görkəmli sənət
adamlarının Ələkbər Ziyatay haqqında fikirləri,
nadir fotoşəkillər, şairin Milli Radionun
fonetikasında saxlanılan mahnılarının
siyahısı da kitabda yer almışdır. Bununla
yanaşı, dillər əzbəri olan
mahnılarının, eləcə də uşaq
mahnılarının not və mətn şəklində
işıq üzü görməsi, zənnimcə, xanəndələr,
müğənilər, bəstəkarlar, musiqişünaslar,
radio və televiziya kütləvi informasiya vasitələri
işçiləri, müəllimlər, tələbələr,
həmçinin, geniş oxucu kütləsi üçün
böyük maraq kəsb edir.
Ələkbər Ziyatay daim xatırlanan, oxunan, sevilən,
tələb olunan şair kimi Azərbaycan ədəbiyyatı
tarixində əbədi yaşayacaqdır. Mahnıları
qəlbdən-qəlbə, eldən-elə dolaşaraq, bu ustad
sənətkarı əbədiyaşar edəcəkdir.
O sənətkar ölməzdir ki, sənəti daim
yaşasın. Ələkbər Ziyatay da məhz
bu xoşbəxt sənətkarlardandır.
Qafar
ƏSGƏRZADƏ
Əməkdar
jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2021.-
15 yanvar. S. 18-19.