Şahmat - böyük siyasətçilərin sevimli oyunu
Şahmatın insanlıq üçün
ən dəyərli töhfəsi onun idarəçiliyi (təhlil,
hesablama, proqnoz, uzaqgörənlik, qərar
vermə, səbr və s.) öyrətməsidir. Həqiqətən də şahmatda idarə etmək üçün hər şey vardır.
Bu baxımdan sasani hökmdarı II Xosrovun aşağıdakı sözləri
böyük əhəmiyyətə
malikdir: "Bir hökmdar şahmatı anlamırsa, bir krallığı necə
idarə edə bilər?" Təsadüfi
deyil ki, şahmat haqqında yazılmış ən qədim kitablardan biri müəllifi Şəmsəddin Məhəmməd
ibn Mahmud Amuli olan "Nefais-əl Fünun Fi Arayis
əl-uyun"da şahmatın
tərifi belə verilmişdir: "Şahmat
oyunların şahı,
şahların oyunudur".
Tarixin məşhur diplomatlarından
N.Makiavelli, Rişelye,
Taleyran; dünya fatehlərindən Makedoniyalı
İsgəndər, Əmir
Teymur; dövlət xadimlərindən Harun Ər-Rəşid, Şah
İsmayıl Xətai,
Yavuz Sultan Səlim,
Napoleon Bonapart, Mahatma Qandi,
Mustafa Kamal Atatürk,
İsmət İnönü,
Vladimir Lenin, Adolf Hitler, Con Simon, Fidel Kastro,
ABŞ prezidentlərindən Corc Vaşinqton, Abraham Linkoln, Barak Obama və başqaları sevə-sevə
şahmat oynamışlar.
Prussiya kralı
Böyük Fridrix şahmata dərin məhəbbət bəsləmiş,
o, hətta filosof Volterlə məktubla şahmat oynamışdı.
Tarixdən məlumdur ki, Rusiya imperatriçası Böyük Yekaterina da şahmata həvəs göstərib.
Şəmsəddin Məhəmməd ibn
Mahmud Amulinin adıçəkilən
kitabında beşinci
və ən məşhur Abbasi xəlifəsi Harun Ər-Rəşidin şahmat
oynamasına dair maraqlı bir hekayədən bəhs edilib: "Məşhur Abbasi xəlifəsi Harun ər-Rəşid arvadı Zübeydə ilə iddialı şahmat matçları edərmiş. Oyunun şərti belə olurdu: məğlub olan qələbə qazananın hər istədiyini edəcək!
Bir dəfə oyunu qazanan xəlifə arvadından lüt soyunub rəqqasələrlə
oynamasını istəyir.
Zübeydə sözündə dursa da, bu
hərəkətinə görə
xəlifəyə çox
əsəbiləşir. Günlərin bir günü
Zü-beydə oyunu qazandıqda ərindən
saray mətbəxindəki
çox çirkin Meracil adlı cariyə ilə bir gecə keçirməsini
istəyir. Harun bunu
etməməsi üçün
arvadına çox yalvarıb yaxarsa da, Zübeydə istədiyindən imtina etmir.
Bu hadisənin üstündən
xeyli vaxt keçir. Harun Ər-Rəşid ölür və yerinə vəliəhd oğlu Məhəmməd
Əl-Əmin keçərək
xəlifə olur.
Lakin Harunun çirkin cariyədən olan Əl-Məmun adlı övladı ögey qardaşına qarşı
baş qaldırıb
qiyam edərək onu və anası
Zübeydəni məğlub
edir, iqtidarı ələ keçirir.
Bu hadisədən sonra Zübeydə ona belə deyir: "Atandan bir oyun
qazandım. Nəticədə nüfuzumu itirdim.
Sən şahmatın məhsulusan.
Şahmatı sev və ona xidmət
et!"
Bundan başqa,
tarixi mənbələrə
keçmiş digər
maraqlı məlumatlardan
biri Harun Ər-Rəşidin Fransa kralı Karlameynə şahmat dəsti hədiyyə etməsi faktıdır.
Tarixdə başqa maraqlı hadisə Osmanlı padşahı Yavuz Sultan Səlimin Səfəvi dövlətinin ilk banisi Şah İsmayıl Xətai ilə şahmat oynaması olub.
Türk
professoru İsmayıl
Hikmət "Tarixi-gülşəni-Maarif"
və "Trabzon tarixi"
adlı mənbələrə
əsaslanaraq göstərir
ki, Şah İsmayıl ilə Sultan
Səlim arasında hələ uşaq vaxtlarında qızğın
şahmat yarışları
keçirilərmiş. Müəllif bu barədə maraqlı bir əhvalat barədə də məlumat verir. Belə ki, sonralar Osmanlı sultanı olmuş Səlim Trabzon valisi vəzifəsində
işləyən zaman
bir dəfə Təbrizə gəlir, Şah İsmayılın
şahmata böyük
maraq göstərməsini
bilib onu oyuna dəvət edir. Şah İsmayıl bu
təklifi qəbul edir və çox
keçmədən şahmat
taxtası gətirilir.
Oyun başlanır və Şah İsmayıl bir neçə fənd işlədərək
qalib gəlir. Digər bir oyunda isə Səlim Şah İsmayılı mat edir və ucadan qışqırır: "Şah
mat oldu!" Bu sözü
eşidən kimi Şah İsmayıl Sultan
Səlimə deyir:
"Heç şah da mat olarmı?" Hamı Şah İsmayılın
bu hərəkətinə
təəccüb edir
və bu məsələnin sətiraltı
mahiyyətini anlaya bilmir. Halbuki o, "şah mat oldu" ifadəsinin hərfi olaraq "şah öldü" mənasını
verməsindən istifadə
edib anlatmağa çalışır ki,
şah ölmür,
o, yalnız ümidsiz
vəziyyətə salına
bilər, yolları bağlanar. Oyunda şah öldürülmür
və heç vaxt digər daşlar kimi vurulub şahmat taxtasından kənara qoyulmur.
Əmir
Teymur bu misilsiz oyuna o qədər bağlı olmuş və rəğbət göstərmişdi
ki, özünün
"Teymur şahmatı" olaraq
tarixə keçmiş
yeni şahmat oyununu icad etmişdi.
10x11 ölçülü, daha çox xanaya və fərqli fiqurlara malik olan bu
oyun bu gün
də sevilərək
oynanılmaqdadır.
Napoleon isə şahmatı
o qədər çox
sevmişdi ki, ölərkən ürəyinin
çıxarılıb bir
şahmat qutusunun içərisinə yerləşdirilməsini
vəsiyyət etmişdi.
Tarixdəki digər maraqlı
fakt: 1816-cı ildə
Napoleon Müqəddəs Yelena adasında ömürlük
sürgündə olarkən
ən yaxın dostlarının birindən
fil sümüyü və nefridən düzəldimiş şahmat
hədiyyəsi alır.
Ölənədək öz-özünə həmin şahmatla oynayan Napoleonun vəfatından sonra həmin şahmat böyük məbləğlərlə
dəfələrlə satılmışdır.
Sonralar sözügedən şahmatın
sonuncu sahibi fiqurlardan birinin alt tərəfini buraraq açmağın mümkün
olduğunu təsadüfən
aşkar etmişdi.
Məlum
olmuşdu ki, fiqurun içində adadan qaçmağın
son dərəcə dəqiq
planı gizlədilibmiş.
Lakin
Napoleon sağlığında bunu heç vaxt bilməmişdi.
Leninə gəlincə, Sibirdə sürgündə olarkən
evindən şahmat göndərilməsini xahiş
etməsi, 1922-1923-cü illərdə
Moskva şahmat cəmiyyətinin sədri
seçilməsi onun şahmata necə ürəkdən bağlı
olmasını göstərir. Deyilənə görə, hətta Lenin yazışma yolu ilə şahmat oynamağa o qədər çox sevmişdir ki, o, tez-tez yuxusunda sayıqlayaraq yazışma yolu ilə şahmat oynayarmış.
Nə qədər
qəribə görünsə
də, digər bir maraqlı iddiaya görə, 1909-cu ildə Hitlerlə Lenin üz-üzə şahmat
oynamışdır. Belə ki,
həmin tarixdə Vyanada siyasi müzakirələrin aparıldığı
tanınmış bir
yəhudi ailəsinin evində Hitlerin rəsm müəllimi Emma
Lovenstramm tərəfindən
çəkilməsi iddia
edilən şəkildə
onlar şahmat oynayarkən təsvir edilir. İddia edilir ki, həmin
illərdə Hitler Vyanada
rəssamlıq etmiş,
Lenin isə 1905-ci il inqilabının yatırılmasından sonra
sürgündə olmuşdur.
1909-cu ildə Hitler 20, Lenin isə 39 yaşında idi. Lakin bir sıra mütəxəssisin fikrincə,
bu rəsm fantaziya məhsulu olmaqdan başqa bir şey deyil.
Onlara görə, Lenin həmin dövrdə Fransada olmuşdur və həmin illərdə onun Vyanada olmasını
təsdiq edən heç bir sübut yoxdur.
Beləliklə, yuxarıda deyilənlərdən
o nəticəyə gələ
bilərik ki, şahmat oyunu tarix boyu bir
sıra görkəmli
dövlət xadimlərinin
sevimli oyunu olub.
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin
Hüquq fənləri kafedrasının
müəllimi
525-ci qəzet.- 2021.- 15 yanvar. S. 23.