"Şuşanın əsl sahibləri qayıdıb!"

 

Mədəniyyətimizin paytaxtına 39 il sonrakı tarixi səfərin təəssüratı

 

Zamanın çarxı baş verən hadisələrin miqyasından, çəkisindən asılı olmayaraq öz mizanında dövr edir. Heç bir qüvvə bu qanunauyğunluğa güc gələ bilməz. Bu çarx ədalət dayanacağının astanasında fələyin qəddini sındırmağa da qadirdir. Qarabağın işğaldan azad olunması da xalqımız üçün bütün tilsimlənmiş zəncirləri qırdı. Bir millət olaraq ali kimliyimiz dünyaya sübut olundu.

Cənab Prezident İlham Əliyevin Şuşaya sonuncu səfəri xalq olaraq bizim üçün, ümumiyyətlə, Azərbaycan tarixi baxımından çox əlamətdar qürurlu hadisə idi. Vaxtilə itirilmiş torpaqlar xalqımızın milli heysiyyətinə bir ləkə idi. Prezidentimizin qətiyyəti Ordumuzun gücü sayəsində bu ləkə yuyuldu, varlığımız təmizə çıxdı. Ali Baş Komandanımızın Şuşaya səfəri orada müxtəlif ərazilərdəki çıxışları nəinki düşmənə, eləcə bütün dünyaya görk oldu. Şuşada keçmişlə bu günü üz-üzə qoyaraq qarşılaşdıran, müqayisəli təhlillər aparan cənab Prezident hər çıxışında tarixi məqamlara həssaslıqla toxunurdu. Bu səfər istər erməni barbarlığına tərəfdar çıxan dövlətlər, istərsə xislətinə uyğun daima naqislik nümayiş etdirən erməni hökuməti üçün siyasi dərs idi. Cənab Prezidentin dediyi kimi, onlar etmişdilərsə, artıqlaması ilə cavablarını aldılar.

Şuşa səfərinin ən həssas məqamlarından biri Üzeyir bəyin, Bülbülün, Natəvanın güllələnmiş büstlərinin Şuşaya qaytarılması idi. Bu, müharibədən sonra cənab Prezidentin Şuşaya bəxş etdiyi ən böyük töhfəsi ən qiymətli hədiyyəsi idi. Məsələ odur ki, bu büstlərə həkk olan güllə izləri bərpa olunduqdan sonra da ünvanına aparıla bilərdi. Amma heykəllərin məhz bu vəziyyətdə Şuşada yerləşdirilməsi çox əhəmiyyətli idi. Çünki gələcək nəsillər bu vəhşiliyi unutmamalı, erməni vandallığından xəbərdar olmalıdırlar. Yəqin ki, yaxın zamanlarda dünyanın dörd bir yanından Şuşaya axın olacaq. Məhz onların erməni vəhşiliyinə şahid olması üçün bu addım olduqca vacib idi. Büstlərin üzərindəki örtük çəkiləndə sanki xalqımızın üzərində olan "torpaq itkisi" töhməti bir daha götürüldü, mədəniyyətimizə atılan çirkab təmizlədi.

Həmin heykəllər İncəsənət Muzeyinin həyətində qərib idi. Çünki Bakı məğrur paytaxtımız da olsa, onların ruhu üçün ən doğma məkan Şuşadır. Bəlkə psixoloji məsələdir bu, amma heykəllərdən dərd-sər yağırdı, elə bil dahilərin baxışları fəryad qoparırdı. Ancaq Şuşada heykəllərin görünüşü fərqli təəssürat bağışlayırdı. Cənab Prezidentin özünün qeyd etdiyi kimi, bir gün bu heykəllərin ünvanına qayıdacağına daim inamımız olub: "Sonra müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərinə qoyacağıq..."

Bülbülün, Natəvanın yararsız hala düşmüş evlərinin görüntüləri qədər insanı kədərləndirirsə, bir o qədər ölkə başçısının həmin binalara nəzər yetirməsi gələcəkdə bərpa olunaraq möhtəşəm hala salınacağını xəbər verməsi xalqımızı fərəhləndirir. 1982-ci il yanvarın 14-də Ümummilli lider Heydər Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt Heydər Əliyev, İlham Əliyev və daha bir qrup tanınmış şəxs Natəvan bulağının qarşısında şəkil çəkdirmişdi. 39 il sonra tarix təkrarlandı və Azərbaycanın Prezidenti müstəqil və ərazi bütövlüyü bərpa olunmuş dövlətin rəhbəri kimi həmin  məkana səfər etdi. İlham Əliyev 82-ci ildəki fotonu həmin bulağın yanında üzə çıxardı. Həmin an çəkilən şəkil isə, təkcə bu günün, bu ilin yox, Azərbaycan tarixinin ən möhtəşəm və qürurverici fotolarından biridir.

Biz tezliklə Şuşaya Vaqif Poeziya Günləri, "Xarı bülbül" Festivalı sorağında səfər edəcəyik. Cənab Prezidentin qeyd etdiyi kimi: "Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Otuz il onlar çalışdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər. Bu, onlar üçün yad şəhərdir, öz şəhərləri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"

 

Nadir RZALI

525-ci qəzet.- 2021.- 19 yanvar. S. 6.