Qələbə
yolumuzun Şuşası
Adəti
üzrə avtomobili özü idarə edir. Ora qələbə
yoluyla getdiyini deyir, Prezident, Ali Baş Komandan cənab İlham
Əliyev. Bir anlıq o yolun xəyaldan gerçəkliyə
çevrilməsini doğurmuş Zəfərimizin elan edildiyi
günün emosiyalarını, böyük coşğusunu
xatırlayıram. Ancaq 8 noyabr tarixinin bir başqa önəmi,
anlamı, rəmzi var. Gözlərimi ovuşdururam, yox,
gördüyüm yuxu deyil. Prezident buludları ayaqlayan o
müqəddəs zirvəyə gedir - Şuşaya.
Ötən
il noyabrın 8-də hamımız gözləntidəydik. Və
həmin günədək bir çox gözləntilərimiz
reallığa çevrilmişdi, xəyallar gerçəkləşmişdi.
Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, neçə-neçə
kənd və qəsəbələrimiz - dövlət başçımız
onların işğaldan qurtulduğunun müjdəsini
vermişdi.
Ölkə
başçısının yenə xalqa müraciət
ünvanlayacağı bildirilirdi. Gözlər televiziya
ekranlarına zillənib, qulaqlar radiolara köklənib. Budur,
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
xanım Əliyeva Fəxri Xiyabandadırlar. Ali Baş Komandan
hərbi formadadır. Xalqa hərbi formada müraciət edəcək
- bunu yalnız mən yox, hər kəs düşünür.
Həyəcan artır...
İlham
Əliyev xalqımızın Ümummilli lideri Heydər
Əliyevin məzarını ziyarət edir. O an Ulu öndərin
Prezidentlik dönəmini yada salıram. Yada salıram ki, onun
üçün Qarabağ həm mənəvi məsələydi,
həm də şübhəsiz, siyasi əhəmiyyət
daşıyırdı. Siyasət meydanını məğlubiyyətsiz
addımlayan dahi, nəhəng şəxsiyyət Qarabağ zəfərilə
yoluna möhürünü vurmalıydı.
Görünür, elə buna görədir ki, cənab
İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyini,
bundan böyük qürur və fəxarət hissi
keçirdiyini bildirir. 8 noyabr zəfəri həm də
atanın zəfəri, onun siyasət meydanındakı məğlubiyyətsizliyinin,
növbəti qələbəsinin təsdiqi idi.
Dövlət
başçımızın "əziz Şuşa, sən
azadsan. Əziz Şuşa, biz qayıtmışıq.
Əziz Şuşa, biz səni dirçəldəcəyik"
fikirlərinin fonunda Prezident Heydər Əliyevin iştirak
etdiyi hər beynəlxalq toplantıda Vətənimizin haqq
işi olan Qarabağdan söz açdığını,
torpaqlarımızın işğala məruz
qaldığını usanmadan diqqətə
çatdırdığını da düşünürəm.
O, 1993-2003-cü illərdə Qarabağımız, haqq-ədalət
naminə kimlərlə görüşmədi, hansı
bağlı qapıları açmadı ki? Sayı-hesabı
yoxdur...
Bəli,
Ulu öndər Azərbaycan dövlətinin müstəqilliyinin
möhkəmlənməsində böyük təməl
yaratdığı kimi, Qarabağ davamızdakı qələbə
üçün də etibarlı zəmin hazırladı. O zəmin
ki, onu cənab İlham Əliyev daha da möhkəmləndirdi.
İndi qətiyyətlə demək mümkündür ki,
Qarabağdakı ağır zəfər yolçuluğuna
ötən ilin sentyabrında da yox, məhz İlham
Əliyevin Prezidentliyə başladığı gün
çıxdıq. O günün xeyir-duasını da
vermişdi Ulu öndər: "Mən İlham Əliyevə
özüm qədər inanıram".
Azərbaycan
ildən-ilə qüvvətləndi, özünün beynəlxalq
vəziyyətini yaxşılaşdırmaqla yanaşı,
iqtisadi potensialını və hərbi qüdrətini
artırdı. İlham Əliyev ötən 17 il ərzində
xalqda Qarabağ əzmini diri tutdu. O da Heydər Əliyev kimi,
bütün beynəlxalq toplantı və görüşlərdə
Qarabağ həqiqətlərini daim dilə gətirdi,
Qarabağ amilini xarici siyasətimizlə
uyğunlaşdırmaqda məharət göstərdi, ortaya
prinsipiallığa söykənmiş inanılmaz iradə, qətiyyət
və dirəniş qoydu.
Bəli,
İlham Əliyev Şuşaya Uca Tanrının ona xarakterindəki
prinsipiallığın, dirənişin, Vətən sevgisinin
mükafatı kimi bəxş etdiyi qələbə yolu ilə
getdi. Bu, o yoldur ki, onun hər döngəsində, hər
eniş və yoxuşunda illər ərzində gücləndirdiyi
Ordunun əzmkarlığının, mübarizliyinin və mətanətinin
dərin izləri var. O yol əsgərimizin axan qanına,
şəhidlik şəhadətinə qovuşmuş Vətən
oğullarımızın arzularına, xəyallarına
şahiddir. O yolda Şuşa uğrunda düşmənlə
əlbəyaxa döyüşə girən igid Azərbaycan
övladlarının dünya hərb tarixinə verdiyi misilsiz
şücaət töhfəsi var. Elə buna görə də
o yolun hər qarışı müqəddəsdir.
Şuşanın
xalqımız üçün hər zaman böyük mənəvi
anlamı olub. İşğal illərində bu anlam həm
romantik, həm də siyasi mənada daha da dərinləşdi.
İnsan belədir, əldə edə bilmədiyinə
doğru can atmaq istəyi var. Bu yerdə cənab İlham
Əliyevin "Şuşasız bizim işimiz
yarımçıq qalar" söyləməsini də
xatırlayıram. Dövlət başçımız bu
fikri ilə məhz qeyd etdiyim istəyə ideoloji məzmun
qazandırmışdı, romantik ruhumuzu reallıq hissilə
körükləmişdi.
Gözlərimiz
önündə Cıdır düzü, İsa
bulağı, Şuşanın tarixi məhəllələri
canlanmışdı. Onun belə söyləməsindən
sonra 8 noyabr zəfəri artıq arzu və istək, həsrət
və niskil deyil, tələbat və gözləntiyə
çevrilmişdi. Dərin inama əsaslanmış gözləntiyə.
Ancaq gözlənti özü də həyəcan verir. Cənab
Əliyevin az öncə haqqında bəhs etdiyim qələbə
müjdəli Şuşa çıxışından öncəki
həyəcan payımız da bundan irəli gəlirdi.
Prezident,
Ali Baş Komandan İlham Əliyevin, Mehriban xanımın
Şuşada olması da həyəcan verir. Xalq öz liderini,
ailə üzvlərini özünün mənəvi
dünyasında, müqəddəs məkanında görməyin
qürurunu yaşayır. Xalqın rəhbərinin
Şuşadan verdiyi hər mesaj istər siyasi və hərbi
qüdrətimizin vurğulanması, istərsə də
ruhumuzun qidası baxımından son dərəcə vacibdir.
Cocuqmərcanlı
Qarabağa qayıdışımızın rəmzi idisə,
Şuşa Qarabağa sahiblənməyimizin simvoludur. Dövlət
başçımızın orada söylədikləri
Qarabağ adına görüləcək işlərin, həyata
keçiriləcək tədbirlərin mühüm anonsudur. O
işlərin ki, bizi bu bölgəyə tarixin heç bir
dönəmində olmadığı kimi bağlayacaq.
Qarabağın hər daşı, hər qayası dil
açıb "Azərbaycan" deyəcək.
Şuşalı Qarabağ Azərbaycana yeni dəyər
qazandıracaq, təzə nəfəs gətirəcək.
Dövlət
başçımız Şuşanın quruculuğuna onun dəyərlərini
özünə qaytarmaqla başladı. Dahi Üzeyir Hacıbəyovun,
musiqi dünyamızın ezaskar səsli obrazı
Bülbülün, Xan qızı Natəvanın heykəlləri
artıq yerindədir. Obrazlı desəm, onlar sinələrinə
sancılmış düşmən güllələrini
çıxarıb atıb, yaralarını sağaldıblar.
Artıq heç bir qüvvə o heykəlləri güllələyə
bilməyəcək, buna cəsarət etməyəcək.
Axı "əgər kimsə Ermənistanda revanş
haqqında düşünürsə, o, bizim dəmir
yumruğumuzu bir də görəcək", - deyir cənab
İlham Əliyev.
Şuşanın
mədəni irsinin bərpası, ona Azərbaycan
xalqının ruhunun qaytarılması üzrə geniş
miqyaslı işlər Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata
keçiriləcək. Bəli, Şuşanı onu gen
yaddaşımızda mənəvi zənginlik dünyamız
olaraq yenidən ucaldacaq və əbədiləşdirəcək
tədbirləri Ulu öndərin adını daşıyan
qurum reallaşdıracaq. Görünür, bunda da bir
qanunauyğunluq var. Mehriban xanımın səriştəsi,
yüksək zövqü və təşkilatçılıq
qabiliyyəti onu deməyə əsas verir ki, Heydər Əliyev
Fondu Şuşanın timsalında özünün Azərbaycana
sevgi hissinə köklənmiş nəhəng fəaliyyətinin
şah əsərini yaradacaq. Elə bir əsər ki, həm
28 illik işğal dövrünün acılarını
dindirəcək, həm 44 günlük müharibənin Zəfərini,
həm zəngin tariximizi, həm də müasirliyimizi
vurğulayaraq bu qədim diyarımızı gələcək
nəsillərə miras xəzinə kimi saxlayacaqdır. O
zaman Prezident İlham Əliyevin müqəddəs
Cıdır düzündə söylədiyi kimi,
dostlarımız sevinəcək, düşmənlərin
gözü kor olacaq.
Əflatun AMAŞOV
Azərbaycan
Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2021.-
19 yanvar. S. 7.