Nizami
Gəncəvi ilində Vaqif poeziyası günləri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
işğaldan azad edildikdən sonra qalib Ali Baş Komandan kimi
Şuşa şəhərinə ilk səfər etməsi
ictimai-siyasi əhəmiyyətinə görə çoxəsrlik
Azərbaycan tarixinin təkraredilməz mühüm hadisəsidir.
Bu hadisə Azərbaycanın Vətən
müharibəsində qazandığı Zəfərin tarixi
yekunu və eyni zamanda, Qarabağ torpaqlarına Böyük
Qayıdışın möhtəşəm
başlanğıcıdır. Otuz il ərzində əlçatmaz
olan Qarabağın tacı Cıdır düzü
Şuşa səfəri zamanı Prezident İlham Əliyevin
nəhəng xitabət kürsüsü funksiyasını
yerinə yetirmişdir. Vətən müharibəsini
Şuşa Qalasının fəth olunması ilə Zəfərə
çatdıran Qalib Ali Baş Komandan Qarabağın yeni həyatına
Cıdır düzü bəyanatını şərh etməklə
başlamışdır.
Azərbaycanın
tarixində və taleyində mühüm rolu və yeri olan
Şuşanı otuz illik ayrılıqdan sonra Azərbaycana
qaytarmış Prezident İlham Əliyev işğaldan azad
edildikdən sonra bu şəhərin ilk azərbaycanlı
sakini olmaq haqqını həyata keçirmişdir. Dövlət
başçımızın indiki çətin şəraitdə
bir günü bütövlüklə Şuşa şəhərində
qalması ilə Qarabağda yenidən məskunlaşmanın
əsası qoyulmuşdur. Prezident İlham Əliyev
Şuşaya səfər etməklə Böyük
Qayıdışa real olaraq Cıdır düzündən
start vermişdir.
Şuşa
şəhərinin dövlət səviyyəsində müstəqil
Azərbaycan Respublikasının mədəniyyət
paytaxtı kimi elan olunması
vaxtilə Qafqazın konservatoriyası
adlandırılmış Qarabağın incəsənət
sahəsindəki tarixi ənənələrinin bərpa
olunmasına və inkişaf etdirilməsinə geniş meydan
açılmasına təminat verir. Prezident İlham
Əliyevin Şuşa şəhərinə ilk səfəri
zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyovun, böyük şairəmiz Xurşudbanu Natəvanın
və görkəmli ifaçı sənətkarımız
Bülbülün vaxtilə erməni vandalları tərəfindən
"güllələnmiş" heykəllərini əvvəlki
tarixi məkanlarına qaytarması faktı geniş mənada
Qarabağda tarixi-mədəni irsin, elmi-ədəbi ənənələrin
yenidən öz yerini alacağına inamın real göstəricisidir.
Ermənistan
tərəfinin Azərbaycanın mədəniyyət və
incəsənət xadimlərinin heykəllərini
"güllələməsi" mədəniyyətə və
mənəviyyata açılan nadanlıq atəşidir, mənsub
olmaqları miskin ölkənin tarixinə ləkədir.
Azərbaycanın
"güllələnmiş" abidələri, ölkəmizin
ərazisindəki alban məbədlərini məhv olmaqdan
xilas etməsi, onlara yeni həyat verməsi haqqın və ədalətin,
milli mədəniyyətlərin təntənəsidir,
xalqımızın şərəf işidir.
Prezident
İlham Əliyevin rəsmi səfəri çərçivəsində
güllələnmiş heykəllərin doğma məskənlərinə
qaytarılması Şuşa şəhərində mədəniyyət
paytaxtı kimi həyata keçirilmiş ilk böyük mədəniyyət
hadisəsidir. Heç şübhəsiz, bu rəmzi hadisə
Qarabağın işğaldan xilas edilmiş bütün tarix
və mədəniyyət abidələrinin, məscidlərimizin,
muzeylərin yeni həyat qazanacağına və neçə-neçə
yeni incəsənət hadisələrinin baş verəcəyinə
böyük inamı ifadə edir.
Vaqif
türbəsi,Şuşada | sherqmirvarisi
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin vaxtilə
görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən
Şuşa şəhərində ucaldılmış Molla Pənah
Vaqifin məqbərəsi qarşısındakı tarixi nitqi
ilk növbədə bütün sahələrdə olduğu
kimi, mədəniyyət və ədəbiyyat sahəsindəki
siyasi varisliyin də konkret əməli təzahürüdür.
Otuz doqquz il əvvəl, 14 yanvar 1982-ci ildə Ulu öndər
Heydər Əliyev tərəfindən ucaldılaraq rəsmi
açılış mərasimi keçirilmiş Molla Pənah
Vaqif məqbərənin həyata vəsiqə
aldığı anların iştirakçısı olmuş
İlham Əliyevin bu gün dövlət rəhbəri kimi həmin
abidənin xilaskarı və yenidən qurucusu kimi
çıxış etməsi tale işi olmaqdan başqa, həm
də biri-birini tamamlayan və inkişaf etdirən şərəfli
bir tarixi missiyanın həyata keçirilməsi deməkdir.
Şuşa şəhərinin unudulmaz səhifələrindən
biri olan bu tarixi hadisə, yəni dövlət rəhbərimizin
dağıdılmış məqbərənin
qarşısında çıxış etməsinin
nümayiş etdirilməsi həm də ermənilərin mədəniyyət
anlayışından uzaq olmalarının əyani təqdimatıdır.
Böyük memarlıq əsəri olan möhtəşəm
mavzoleyin ürəkağrıdan dağıntılara məruz
qalmış görüntüsü ətrafında Prezident
İlham Əliyevin həyəcanlı nitqi və səsləndirdiyi
fikirlər milli ədəbiyyat və mədəniyyətimizin
tarixi taleyinə və mahiyyətinə, bu günü və
sabahına müstəqil dövlətçilik zirvəsindən
baxışın və qayğının əməli ifadəsidir.
Prezident İlham Əliyevin vaxtilə Qarabağ xanımın
vəziri olmuş Molla Pənah Vaqifə sinfilik
ideologiyasının hakim olduğu sovet hakimiyyətinin
yaratdığı qadağalar şəraitində məqbərə
ucaldılması hadisəsinin mahiyyəti haqqındakı dərin
məzmuna malik mülahizələri tarixə obyektiv
münasibətin tamamilə yeni siyasi şərhindən ibarətdir:
"Xanın vəziri olan insanın (M.P.Vaqifin - İ.H.) şərəfinə
o vaxt, sovet dövründə məqbərə ucaltmaq qeyri-adi,
...fövqəladə bir hadisə idi. Məhz Heydər
Əliyevin təkidi və cəsarəti sayəsində o vaxt
Azərbaycan buna nail ola bildi. ...Bu məqbərənin
yaradılması və açılışı bir tərəfdən
Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan
xalqının öz dahi şəxsiyyətlərinə olan
hörmətinin əlaməti idi. Digər tərəfdən,
bu məqbərənin Şuşada açılması bir
daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir".
Prezident
İlham Əliyevin böyük Azərbaycan şairi Molla Pənah
Vaqifin məqbərəsinin yenidən qurulmasına və Vaqif
Poeziya Günlərinin, "Xarı bülbül" musiqi
festivalının bərpa edilməsinə dair fikirləri mədəniyyət
paytaxtı kimi Şuşa şəhərinin yeni inkişaf mərhələsinin
hadisələri, azərbaycançılıq
ideologiyasının, müstəqil dövlətimizin ədəbiyyat
və mədəniyyət siyasətinin faktları kimi təqdim
olunur. Azərbaycan xalqı əmindir ki, Prezident İlham
Əliyevin qayğısı sayəsində ən yaxın
zamanda Molla Pənah Vaqifin Şuşa şəhərindəki
məqbərəsi və məzarı böyük mədəniyyət
abidəsi kimi özünün möhtəşəm görkəminə
qaytarılacaqdır. Yenidən ucaldılan Molla Pənah Vaqif
mavzoleyi mədəniyyət paytaxtı kimi Şuşa şəhərinin
və Qarabağın rəmzinə çevriləcəkdir.
2021-ci ildə keçirilməsi nəzərdə tutulan Vaqif
Poeziya Günləri təkcə Şuşa şəhərində
deyil, bütövlükdə
"küllü-Qarabağ"da, torpaqlarını
işğaldan azad etmiş və ərazi
bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda
yeni həyatın təntənəsinə çevriləcəkdir.
Vaqif Poeziya Günləri Prezident İlham Əliyevin elan etdiyi
"Nizami Gəncəvi ili"nin ən möhtəşəm
ədəbiyyat və mədəniyyət hadisəsi
olacaqdır.
"Nizami
Gəncəvi ili" - Azərbaycanda bəşəri mədəniyyətin
təntənəsi, Vaqif Poeziya Günləri isə milli ədəbiyyatın
hesabatıdır.
"Nizami
Gəncəvi ili" - böyük Azərbaycan şairi Nizami
Gəncəvini dünyada tanıtmağa, Vaqif Poeziya Günləri
isə Molla Pənah Vaqifi Azərbaycana - mənəvi məkanı
Qarabağa qaytarmağa xidmət edir.
"Nizami
Gəncəvi ili" qlobal miqyasda, Vaqif Poeziya Günləri isə
ölkə masştabında Böyük Qayıdış
hadisələridir.
"Nizami
Gəncəvi ili" - müstəqil Azərbaycan dövlətinin
ədəbiyyat və mədəniyyət siyasətinin
strategiyası, Vaqif Poeziya Günləri isə
taktikasıdır.
"Nizami
Gəncəvi ili" və Vaqif Poeziya Günləri birlikdə
Prezident İlham Əliyevin müstəqil dövlətçilik
və azərbaycançılıq siyasətinin
strategiyası və taktikasıdır.
"Nizami
Gəncəvi ili"ndə Vaqif Poeziya Günləri müstəqil
Azərbaycanın yeni tarixi epoxasının, böyük
sabahlarının müdriklik və nikbinlik rəmzidir.
17
yanvar 2021-ci il
İsa
HƏBİBBƏYLİ
525-ci qəzet.- 2021.-
19 yanvar. S. 8.