Təhsilin
inkişafı Azərbaycan elminin istinad nüfuzunu yüksəldib
Qloballaşan
dünyada ölkələrin sürətli
inkişafını təmin edən əsas faktorlardan biri kimi
elmi tədqiqatlara, elmi tədqiqat məhsullarının
kommersiyalaşdırılmasına xüsusi önəm
verilir. Buna görə də, keyfiyyətli elmi məhsulların
hazırlanması hazırda ali təhsil müəssisələri
qarşısında prioritet vəzifələrdən biri kimi
durur.
Bu zərurəti
nəzərə alan Təhsil Nazirliyi Azərbaycanda elmi fəaliyyətin
inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə
və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsinə
nail olmaq üçün 2015-ci il dekabrın 22-də
"Thomson Reuters" (indiki "Clarivate Analytics") şirkətinin
Elmi tədqiqatlar və intellektual mülkiyyət şöbəsi
ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Nəticədə
Azərbaycanın 40 ali təhsil müəssisəsi "Web
of Science®" elmi platformasına çıxış əldə
edib. 2018-ci il 5 dekabr tarixində isə Təhsil Nazirliyi ilə
"Clarivate Analytics" şirkəti arasında 2019-2021-ci
illəri əhatə edən əməkdaşlığa dair
müqavilə imzalanıb. Hazırda "Clarivate
Analytics"lə əməkdaşlıq bu razılaşma
üzrə davam etdirilir. Ümumiyyətlə, "Clarivate
Analytics" (Thomson Reuters) ilə 5 illik məhsuldar əməkdaşlıq
Azərbaycanda elmin inkişafına mühüm təkan verib,
beynəlxalq əməkdaşlığın
inkişafına, yerli tədqiqatçıların nəşrlərinin
sayının artmasına imkan yaradıb.
Qeyd
edək ki, "Web of Science" bazasının arxivi 100 ildən
artıq bir dövrü əhatə edir. "Web of
Science™" elmin müxtəlif istiqamətləri üzrə
yalnız informasiyanı toplamaqla deyil, həmçinin, elmi
informasiyanı emal etmək, onu vaciblilik və
mühümlülük baxımından prioritetləşdirməklə
də məşğuldur. Məhz bu cəhət platformanı
digər informativ elmi bazalardan fərqləndirən əsas
xüsusiyyət hesab edilir. Belə ki, "Web of Science"də
məqalələr üçün istinadlar, jurnallar
üçün impakt faktor (JİF), alimlər
üçün indeks Hirşa (hindex) hesablanır.
Bu məlumat
bazasına elmin müxtəlif istiqamətləri üzrə
21000+ jurnal (onlardan 12000-i impakt faktorludur), 200000 elmi konfrans
materialları, 90000 elmi monoqrafiyalar daxildir. Elmi jurnalların
seçimi müstəqil redaktorlar heyəti tərəfindən
sərt prosedur vasitəsilə həyata keçirilir. Maraqlar
münaqişəsinin qarşısını almaq və
obyektiv seçimi təmin etmək üçün bu heyət
heç bir digər kommersiya və ya publikasiya fəaliyyəti
ilə məşğul olmur. Bazanın məzmunu gündəlik
olaraq yenilənir. Hazırda burada 78 milyondan çox elmi
publikasiya, 1.7 milyard məqalə üzrə biblioqrafiyaya
istinad, 120 ildən çox publikasiya və istinad məlumatları
yer almışdır.
Təhsil
Nazirliyi və "Clarivate Analytics" arasında "Web of
Science" bazası üzrə əməkdaşlıq
çərçivəsində bu bazaya daxil olan nəşrlərin
sayına görə Cənubi Qafqaz ölkələrinin nəticələri
(2010-2019) ölkəmizin xeyrinədir. "Web of Science®"
bazasına daxil olan məqalələrin artım
dinamikasına görə Azərbaycan "Web of Science"
indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə
və nəşr aktivliyinin son 3 ildə artım
dinamikasına görə Cənubi Qafqaz ölkələri
arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb.
"Web
of Science" elmi bazasında 2019-cu il Azərbaycan üzrə
1745 elmi tədqiqat işi qeydə alınıb.
Qeyd
edək ki, analoji rəqəm Gürcüstan üçün
1313 təşkil edib. Başa vurduğumuz 2020-ci ildə də
bu dinamika qorunub saxlanılıb. Belə ki, 2020-ci il üzrə
ilkin olaraq bazaya yerləşdirilən nəşrlərə əsaslanaraq,
qeyd etmək olar ki, hələ də Azərbaycan Cənubi
Qafqaz ölkələri arasında liderdir. Azərbaycanda son
aylar ərzində 816, Gürcüstanda 673, Ermənistanda isə
643 elmi publikasiya nəşr edilib.
Digər
mühüm göstərici Normallaşmış İstinad
Nüfuzu Kateqoriyası (Category Normalized Citation İmpact)
üzrə də Azərbaycanın nəticələri diqqətəlayiqdir.
Bu kateqoriya "Web of Science™" bazasında yerləşən
müxtəlif sahələrin publikasiyalarını müqayisə
etməyə imkan verir. Bu kateqoriya ölkə və təşkilatların
elmi publikasiya aktivliyinin dəyərləndirilməsində tətbiq
edilir. Azərbaycan üzrə bu göstərici 0.85-dir. Bu
göstəriciyə görə Azərbaycan Türkiyə,
Rusiya, Ukrayna və Qazaxıstan kimi ölkələrdən
qabaqdadır.
Məlumdur
ki, müxtəlif elm sahələri üzrə olan
jurnalların impakt faktor göstəricisinə görə
kvartillərə bölünməsi onların daha səmərəli
müqayisəsinə imkan verir. Bir qayda olaraq 1-ci (Q1) və
2-ci (Q2) kvartillər üzrə olan jurnallar ən nüfuzlu
jurnallar hesab edilir. 2015-2019-cu illər ərzində Azərbaycan
alimlərinin Q1 və Q2 kateqoriyalı jurnallarında
publikasiyalarının artım dinamikası müşahidə
edilir. Dövr ərzində ən yüksək nəticə -
470 publikasiya 2019-cu ildə müşahidə edilib.
Azərbaycanın
"Web of Science™" bazasında olan bütün
publikasiyalarının ümumi sayı 16293-dür. Bunların
112-si sahəsi üzrə ən çox istinad edilən
(Highly Cited in Field), 3-ü isə sahəsi üzrə ən
populyar tədqiqatdır (Hot Papers in the Field).
2014-cü
ildə "Web of Science Core Collection"da Azərbaycan üzrə
1 jurnal qeydə alınıb. Hazırda "Web of Science"
bazasında 7 elmi jurnal və 1 konfrans materialları indeksləşdirilib.
Konfrans materialları, eləcə də bu jurnalların
4-ü müxtəlif ali təhsil müəssisələrinə
aiddir.
"Clarivate
Analytics" ilə əməkdaşlığa
başlanılmasının nəticəsi olaraq regionda ilk dəfə
Azərbaycanda bütün universitetlər üçün
"Web of Science™" platformasında təşkilat profili
yaradılıb. Təşkilat profili 20 milyondan çox istifadəçi
üçün elmi biznes kartı rolunu oynayır. Bu, yerli təhsil
qurumlara öz təşkilatları barədə geniş
bibliometrik məlumatları rahatlıqla əldə edərək,
analiz etməyə imkan yaradır.
"Web
of Science™" bazasında bütün profillər manual olaraq
yaradılır və müxtəlif dövrlərdə
jurnallarda fərqli formada affiliasiya olunan eyni qurumların elmi məqalələri
bir yerə toplanılır (məsələn, Bakı Dövlət
Universitetinin adı müxtəlif jurnallar tərəfindən,
fərqli dövrlərdə 30 müxtəlif formada qeydə
alınıb).
"Web
of Science™" bazasında Azərbaycan ali təhsil müəssisələri
tərəfindən çap olunan publikasiyaların artım
dinamikası da müsbətdir. Azərbaycan ali təhsil müəssisələri
tərəfindən "Web of Science™" bazasında qeydə
alınan publikasiyaların sayı 2019-cu ildə ən yüksək
həddə çataraq 953 olub. Bu göstərici 2015-ci ildə
305 idi. Beləliklə, son 5 ildə 3 dəfədən
çox artım müşahidə edilib.
Digər
tərəfdən, impakt faktorlu jurnallarda ali təhsil müəssisələri
tərəfindən çap olunan məqalələrin
sayı 2019-cu ildə rekord həddə çataraq 439 olub. Bu
rəqəm 2015-ci ildə 168 idi. Beləliklə, son 5 ildə
imfakt faktorlu jurnallarda olan ali məktəblərimiz tərəfindən
qeydə alınan publikasiyaların sayında 2,5 dəfədən
çox artım müşahidə edilib.
Qeyd
edək ki, 2019-cu ildə "Web of Science™" bazasında
ümumilikdə ali təhsil müəssisələrimiz tərəfindən
953 məqalə qeydə alınıb ki, bu məqalələrin
46 faizi impakt faktorlu jurnalların payına düşüb.
Digər
tərəfdən, Azərbaycanda ali təhsil müəssisələri
tərəfindən çap olunan publikasiyaların
dinamikasında da irəliləyiş var. 2019-cu ildə
respublika üzrə ümumi publikasiya çəkisinin təxminən
53 faizi ali təhsil müəssisələrinin payına
düşüb. Ölkə kontekstində ali təhsil müəssisələrinin
və Azərbaycan Milli Elmlər Akademiyasının son 6 ildə
publikasiya aktivliyinin müqayisəli təhlilinə əsasən
2014-cü ildə Akademiyanın ümumi nəşrlərinin
sayı ali təhsil müəssisələrinin ümumi nəşrlərinin
sayını 2 dəfədən çox üstələyirdisə,
2020-ci ildə rəqəmlər
universitetlərin xeyrinə dəyişib.
"Clarivate
Analytics" ilə əməkdaşlıq Azərbaycan
universitetlərinin "Web of Science" bazasında
publikasiyalarının sayında da özünü göstərib.
Bunu, 2020-ci ilədək "Web of Science™" bazasında
indeksləşmiş bütün publikasiyaların sayına əsasən
ən çox elmi iş çap etmiş 10 ali təhsil
müəssisəsinin siyahısından da görmək olar.
2015-2020-ci
illər publikasiya aktivliyinə görə yerli ali təhsil
müəssisələrinin sıralanması: 2019-cu ildə
Bakı Dövlət Universiteti (372 elmi iş), UNEC (215 elmi
iş), Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti (136 elmi iş), Xəzər Universiteti (48 elmi
iş), Tibb Universiteti (48 elmi iş) və Azərbaycan Dövlət
Pedaqoji Universiteti (42 elmi iş) ən çox elmi nəşr
generasiya edən ali təhsil müəssisələridir. Elmi
məhsuldarlığın artım dinamikasına görə
isə UNEC xüsusilə fərqlənməkdədir. Belə
ki, 2018-ci illə müqayisədə 2019-cu ildə UNEC-də
nəşr aktivliyi 5 dəfədən çox
artmışdır.
Son 5
il üzrə nəşrlərin ümumi sayına görə
(1406) BDU digər universitetləri xeyli qabaqlayır. Belə ki,
2-ci yerdə olan ADNSU-nun göstəricisi 409-dur.
Azərbaycan
universitetlərinin Q1 və Q2 jurnalları üzrə
publikasiya səviyyəsinə gəlincə, 2015-ci ildə Q1
və Q2 indeksli jurnallarda 71 məqalə çap edilsə də,
bu rəqəm 2019-cu ildə 178 olub. Bu isə 2.5 dəfədən
çox artım deməkdir.
Azərbaycan
ali təhsil müəssisələri tərəfindən
çap edilən elmi işlərin "Top 1 faiz" göstəricisi
üzrə artım dinamikasında da müsbət tendensiya
mövcuddur. Belə ki, universitetlərimiz tərəfindən
çap edilən və "Web of Science" bazasında
öz sahəsi üzrə ən çox istinad edilən 1
faiz məqalə arasına daxil olan məqalələrin
sayı 2015-ci illə müqayisədə artmışdır
(2015-ci il 0 məqalə, 2019-cu il 13 məqalə).
"Clarivate
Analytics" şirkəti Azərbaycanda fəaliyyətə
başlayandan, 5 il ərzində müxtəlif ali təhsil
müəssisələrinin akademik heyəti üçün
100-dən artıq xüsusi təlim və seminarlar təşkil
edilib. Ümumilikdə, bu təlimlərdə 2000 nəfərdən
çox tədqiqatçı, alim və inzibatı heyət
iştirak edib. Azərbaycanda 100-ə yaxın tədqiqatçı
"Clarivate Analytics" tərəfindən təşkil edilən
2 günlük beynəlxalq sertifikasiya proqramını
tamamlayaraq, bibliometrik təlimləri keçmək hüququ əldə
edib. Təlimlər Azərbaycanın müxtəlif bölgələrində
(Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran)
yerləşən ali təhsil müəssisələrini əhatə
edib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.-
19 yanvar. S. 9.