Alqış Musayev: "Çap mediası olmadan ictimai rəydən söhbət gedə bilməz"

 

"Yeni Azərbaycan" qəzetinin sabiq baş redaktoru Alqış Musayevlə Azərbaycan mətbuatının hazırkı vəziyyəti, çap və onlayn media, eləcə də bir sıra mövzular ətrafında söhbət etdik.

- Alqış müəllim, Azərbaycan mətbuatının bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan yenilənir və bu yenilənmə prosesi bütün sahələrdə yenidən təşkilatlanmanı bir zərurətə çevrib. Məntiqi olaraq, mətbuatımız da ümumi prosesin iştirakçısı kimi yenidən dizayn edilməlidir. Yenidən təşkilatlanma bizə milli müqavimət potensialımızı yenidən saf-çürük etmək imkanı verir, mili təhlükəsizlik sistemimizdəki zəif və güclü bəndləri aşkar etməyə, yenidən sınaqdan keçirməyə şərait yaradır. Müşahidələr göstərir ki, müstəqil və peşəkar media institutları, ictimai-siyasi təsisatlar bizim zəif yerlərimiz sırasındadır. Son vaxtlar bu istiqmətdə dövlətin müəyyən addımlar atması təsadüfi deyil. "Ölkəmizi növbəti, uğurlu mərhələyə adlada biləcək əsas şərtlər hansıdır?" sualına belə cavab verərdim: Güclü lider, mərkəzləşdirilmiş hakimiyyət, çevik idarəçilik - hansı ki, bu, İlham Əliyevin şəxsində və fəaliyyətində təmin olunur, liberal iqtisadiyyat - dövlət bu sahədə ciddi iradə nümayiş etdirir, güclü və komplekləşmiş ordu və nəhayət, peşəkar və müstəqil media. Deyərdim ki, hazırda peşəkar və müstəqil media Azərbaycan dövləti üçün üçün peşəkar və güclü ordu qədər gərəklidir.

- Yəqin razılaşarsınız ki, müstəqil və peşəkar mediadan birmənalı danışmaq bir qədər mübahisəlidir?

- Mətbuat xüsusi münasibət, həssaslıq tələb edən sahədir. Məncə, bir neçə sual var ki, onlar yenidən müzakirə edilib, yenidən dəyərləndirilsə, cavablandırılsa, yaxşı olardı. Dediyim hansı sullardır:

Dövlət mətbuata yardım etməlidirmi? Əlbəttə, indi əvvəl etdiyi yardımdan daha artıq dəstək verməlidir. Dövlətin mətbuata diqqət göstərməyi, pul ayırmağı məqbul və lazımlı bir addımdır. Amma mətbuata, mətbuatda gedən proseslərə, hakimiyyətin mətbuatla əməkdaşlığına hesabdar düşüncəsiylə yanaşmaq olmaz. Təəssüf ki, yarandığı gündən, 12 il ərzində KİVDF də məhz elə hesabdarlıq xidməti göstərirdi. Baxmayaraq ki, bu qurum yarananda ondan gözləntilər çox böyük idi. KİVDF sadəcə dövlətdən ayrılan maliyyə resursunu qəzetlər arasında paylaşdırırdı. Başqa heç nə.

Dövlət sözə nəzarət etməlidirmi? Əlbəttə, etməlidir. Çünki söz enerji daşıyıcısıdır. Bu enerjiylə qeyri-adekvat davranış dağıdıcı səmtə yönəlir. Bunu son günlər Amerika nümunəsində gördük. Donald Trampın tvitləri ABŞ dövləti üçün qorxulu fəsadlar gətirməyə başlamışdı. Dərhal müdaxilə olundu, onun sosial şəbəkələrdəki hesabları donduruldu.

Daha bir sual: dövlət, hakimiyyət informasiya məkanını idarə etməlidirmi? Birmənalı olaraq bəli. Amma bu idarəçilik KİV strukturlarını, onun rəhbərlərini idarə etmək, nəzarətə götürmək anlamında tətbiq edilməməlidir. Son hadisələr sübut etdi ki, bu cür idarəçilik müsbət sonluq vermir. Hakimiyyət informasiya məkanındakı təşəbbüsü ələ almalıdır, informasiyanı idarə etməlidir. Uzağa getməyək, Vətən müharibəsində, 44 gün ərzində Azərbaycan dövləti, hakimiyyəti təkcə yerli ictimai düşüncənin yox, dünyanın diqqət mərkəzindəydi. Və bu diqqət indi də davam etməkdədir. Niyə? Çünki Azərbaycan hücumçu tərəf idi. Günün nəbzini Azərbaycanın Ali Baş Komandanı tənzimləyirdi. Hətta elə bir emosional ovqat yaranmışdı ki, Prezident İlham Əliyevin sosial şəbəkə hesablarındakı paylaşımları müqəddəs xəbərlər kimi izlənilirdi. Bu temp indi də davam edir və onu sona kimi saxlamaq günün bir nömrəli vəzifəsi olmalıdır. Biz bu gün qalib dövlətik. Qalib ölkənin paytaxtında keçirilən hər görüş, reallaşan hər tədbir, deyilən hər kəlmə, adi poetik nümunə başqa paytaxtlarda çox həssaslıqla izlənilir və müzakirə olunur. Necə ki, 10 dekabrda, Bakıda düzənlənən qələbə paradında Türkiyə dövlətinin rəhbəri Ərdoğanın dediyi kiçik bayatı parçası az qala geosiyasətin leytmotivi kimi əks-səda doğurmuşdu.

Hakimiyyət mətbuatdan təbliğat ruporu kimi istifadə etməlidirmi? Təbii ki, qeyd-şərtsiz istifadə etməlidir. Ancaq açıq və birbaşa təbliğat tezislərindən mümkün qədər yayınmaq şərtilə. Çoxillik təcrübə sübut edir ki, açıq və birbaşa təbliğat əksər hallarda əks effekt verir. Prezidentin bir neçə ay əvvəl etdiyi çıxışlarından bir məqam informasiya texnoloqları üçün yaxşı nümunə ola bilər. Cənab Prezident Ermənistanın baş nazirini korrupsiyada, söz azadlığını sıxışdırmaqda günahlandırmışdı. Və nəticə olaraq, görün, necə bir mənzərə alındı. Bizim bəzi yerli müxaliflər Azərbaycan Prezidentinə təkzib etmək naminə Paşinyanı müdafiə etməyə qalxdılar. Başladılar ki, Paşinyan demokratdır, təmiz adamdır və sair. Hansı məqsədə xidmət etməyindən asılı olmayaraq, Paşinyanı demokrat, təmiz adam hesab etmək heç kimə rəğbət qazandırmaz, necə ki, qazandırmadı. Əksinə, ikrah hissi oyatdı.

Bir problem də diqqətdən kənar qalmamalıdır. Nəzərə alaq ki, bütün dünya, o cümlədən, Azərbaycan insanı emosiyalarla yaşayır və yönləndirilir. Buna görə də ümumi informasiya siyasətində yeknəsəklik yaradan səbəblər aradan qaldırılmalıdır.

- Onlar hansı səbəblərdir?

- Fikrimi izah etmək üçün bir neçə faktı xatırladım. Sizin "525-ci qəzet", səhv etmirəmsə, 2000-ci ilin əvvəlləriydi, bir təşəbbüs göstərib İlham Əliyevin çıxış və müsahibələrindən ibarət kitab nəşr etmişdi. Təəssüf ki, bu xeyirxah jesti heç də hamı xeyirxahlıqla qarşılamadı. Bəzi "ideoloqlar"deyinirdilər ki, ya bizim birimizin adını redaktor yazardız, ya da kitab bizim ön sözümüzlə çap olunaydı. Niyə? Axı bu, nə tendensiyaydır? Başqasının zəhmətini mənimsəmək, başqasının təşəbbüsünü oğurlamaq və qarşısını almaq? Biz informasiya siyasətindəki yeknəsəkliyi aradan qaldırmaq istəyiriksə, rəqabət mühiti yaranmalıdır. Bu mühitin yaranması üçün əsas şərtlərdən biri də təşəbbüslərə açıq olmaqdır. Ona görə də ideoloji mühitə impuls verə, informasiya məkanına yeni rəng qata biləcək istənilən təşəbbüsə qucaq açmaq lazımdır, özü də böyük ürək və səxavətlə. Yalnız çox cılız, kasıb mənəviyyat sahibləri başqasının şöhrətinə şərik olmaq iddiasıyla yaşayırlar. Belə biabırçı cəhdlərin qarşısı qətiyyətlə alınmalıdır.

Bildiyiniz kimi, 2021-ci il "Nizami ili" elan olunub. Ümummilli lider Heydər Əliyevin Nizami Gəncəviylə bağlı müsahibəsini xatırlamaq lap yerinə düşərdi. O deyirdi ki, mən "Xəmsə"nin rus dilinə tərcümə edilib çap olunması təşəbbüsünü qaldırdım və buna nail oldum. Kitab çapa hazırlananda nəşriyyatdan mənə təklif gəldi ki, kitab mənim ön sözümlə çıxsın. Mən etiraz etdim, dedim ki, bu, mənim işim deyil. Nə olsun ki, bu ideyanı mən vermişəm. Bu ideyaya mən bir yerə qədər müəlliflik edə bilərəm, qalanı alim və naşirlərin işidir, hər kəs öz işini görməlidir. Çox ibrətamiz nümunədir. Və elə rəqabət mühitini münbitləşdirən şərtlərdən bir də hər kəsin öz işiylə məşğul olmasıdır. Nə yazıq ki, bizdə ideoloji işlə və informasiya siyasətinə məsul olanlar çox zaman öz işlərindən başqa nə ilə desən məşğul olublar.

- KİVDF-nin bazasında yaranmış yeni agentliyin perspektivini necə dəyərləndirərdiniz? Yeni qurum hansı KİV-in inkişafına necə dəstək verə bilər?

- Burada bir incəlik var. Unutmayaq ki, hakimiyyətin və mətbuatın fəaliyyəti fərqli prinsiplərə söykənir. Hakimiyyət direktivlərlə idarə edir və idarə olunur, normativ düşüncədən çıxış edir. Mətbuat isə bir sənaye sahəsi olmaqla bərabər, yaradıcı düşüncəylə tənzimlənir. Praktiki baxımdan yaradıcı düşüncəylə direktiv düşüncənin anlaşması təzadlı görünür. Belə demək mümkünsə, bu iki tərəf arasında bir "sülhməramlı vasitəçi"yə ehtiyac var. Vaxtilə bu məqsədlə "KİV haqqında" qanun qəbul edilib. Təəssüf ki, bu qanun hakimiyyət və mətbuat arasındakı anlaşmanı tənzimləyə bilmədi. Sonra KİVDF yarandı. Əfsus, o da vasitəçilik missiyasının öhdəsindən gələ bilmədi və nəticədə KİVDF-nin bazasında yeni qurum yarandı. Məncə, belə bir quruma ehtiyac var idi. Nəzərə alaq ki, hazırda dövlətin dəstəyi olmadan mətbuatın ayaq üstdə durması heç cür təsəvvür olunmur. Mən yeni agentliyin iki istiqamətdə xüsusi çalışmasını gözləyirəm. KİV  haqqında yeni, mükəmməl qanun layihəsi və müstəqil medianın müstəqil iqtisadi bazasının yaradılması üçün təkliflər hazırlanmalıdır.

- Elə bu müstəqil maliyyə mənbəyinin olmaması mətbuatın başlıca problemi deyilmi?

- KİV üçün müstəqil və şəffaf maliyyə mənbəyi yalnız reklam bazarı ola bilər. Bu sahədə isə ciddi sıxıntılar var. Məhz hələ ki, reklam bazarının formalaşmaması "Mediaya dəstək fondu"nun vacibliyini şərtləndirən əsas amillərdən biridir. Sanki bu fond həm də bu sahədəki boşluğu doldurub reklam bazarı funksiyasını yerinə yetirməyə məhkumdur.

- Çap mediası ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Çap mediası ilə bağlı mənzərə məyusluq doğurur. Amma mən həmişə çap mediasının qorunub-saxlanmasının tərəfdarı kimi çıxış etmişəm. Düzdür, bu gün qəzetlər kifayət qədər satılmır, oxunmur. Bu, təkcə qəzetlərlə bağlı problem deyil axı. Guya kitab oxunur, satılır? Qəzet, kitab həmişə yüksək kalorili "qida növü" sayılıb. Və bir qayda olaraq, bu "qida növü"ndən orta təbəqə daha çox istifadə edir. Orta təbəqənin oturuşması isə zamana bağlı məsələdir. İnsan cəmiyyəti öz cahil keçmişindən mətbuat, yazılı mətnlər vasitəsilə aralanıb. Qəzet, kitab oxumayan cəmiyyətin hansı gələcəyi ola bilər? Cəmiyyətimiz sürətlə yazılı mətnlərdən uzaqlaşır. Məlumatların etibarlılığı anlayışı yoxa çıxıb. Kim kimdən nə eşidirsə, onu əsas götürür, onu danışır və onu da başqasına ötürür. İndi hər şey sosial şəbəkələr üzərindən öyrənilir və təqdim olunur. Qəzetlə, kitabla ünsiyyətin öz energetikası var. Sosial media, onlayn mütaliə o energetikanı əvəz edə bilməz. Qəzetə, kitaba qayıdış mütləq baş verməlidir.

- Sizcə, onlayn media vəzifəsinin öhdəsindən gələ bilmir?

- Bu sahədə sabitlik çoxdan pozulub, qeyri-müəyyənlikdir. Sosial media, sosial şəbəkələr, onlayn media, sərhədlər harda bitir, harda başlayır, dəqiq hökm vermək olmur. Status konkretliyi yoxdursa, vəzifənin yerinə yetirilməsindən danışmaq çətindir. Əvvəllər sosial şəbəkələrə qarşı dözümsüzlük vardı. Hətta bəzən sosial şəbəkədə olmağı bekarçılığın, avaralığın parlaq əlaməti hesab edirdilər. Sosial şəbəkələr günümüzün reallığıdır, artıq şəxsi həyatımızın, cəmiyyətimizin, ölkə təsərrüfatının ayrılmaz hissəsinə çevrilib. Bu həqiqəti hər kəs qəbul etməkdədir. Böyük əksəriyyət sosial şəbəkələrdə fəallıq göstərir. Amma indi daha əcaib vəziyyətlə üz-üzə qalmışıq. Bu da sosial şəbəkələrin arxasınca sürünməkdir.

Bu gün sosial şəbəkələr əsası oldu-olmadı hakimiyyət resurslarını camaatın ağzını yummağa vadar etmək istiqamətində inadla fəaliyyət göstərir və çox vaxt da buna nail ola bilirlər. Bu, çox təhlükəlidir. Əlbəttə, bu, birdən-birə baş verməyib. İlk olaraq, qeyri-peşəkarlıq sosial medianın sayəsində özünün avtonomiyasını yaradıb. Bu avtonomiya şişib, böyüyüb, tədricən sərhədlərini genişləndirib, "separatçı xəbər rejimi" qura bilib. İndi əsas vəzifə bu "separatçı rejim"i zərəsizləşdirməkdən ibarətdir. Onlayn media dediyimiz xəbər saytları bu işin öhdəsindən təkbaşına gələ bilməz. Buna görə də çap mediasının dirçəldilməsi qaçılmazdır. Ümumiyyətlə, çap mediası olmadan ictimai fikirdən, ictimai rəydən söhbət gedə bilməz.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 19 yanvar. S. 11.