Nizami
Gəncəvi məqamı
Dahi mütəfəkkirin məqbərəsi
milli ruhumuzun həqiqət məbədi kimi
Nizami dühası ilə təmas
məkanı
Bəşəriyyətin
dahi fikir adamı, "Düyünləmişdir mənim
yaxamı doğma Gəncə" deyərək, bütün
ömrü boyu öz elindən qırağa çıxmayan
Nizami Gəncəvinin son mənzili də bu qədim şəhərdə
qərar tutub. Tarixin təlatümləri ilə Gəncə
neçə dəfə öz yerini dəyişib və beləcə,
dahi şairimizin uyuduğu ərazi şəhərin lap kənarına
düşüb. Amma yəqin bu işdə bir hikmət də
var. Nizami Gəncəvinin məzarı üstündə
ucaldılan möhtəşəm türbə elə şəhərin
astanasında, həm də Azərbaycanın qərbi ilə
şərqini birləşdirən "ana yol
damarı"nın - ölkənin ən böyük magistral
avtomobil xəttinin yaxınlığında qərar tutub.
Sanki bu amil ona xidmət edib ki, Azərbaycanın dördbir tərəfində
yaşayan bütün insanlar, neçə-neçə nəsillərin
nümayəndələri öz ürəklərində əbədi
qərar tutmuş Nizami sevdasını izhar etmək
üçün ömürlərində heç olmazsa, bir dəfə
dahi şairimizin ulu məqamı ilə
"görüşüb", onun ruhuna ehtiram göstərməyə
fürsət tapa bilsinlər. Bu əlverişli "yol
mövqeyi" əlbəttə, ölkəmizin qonaqlarına
da aiddir.
Amma
xüsusən biz azərbaycanlılar üçün bu məkan
bəxtimizə düşən bir "Həqiqət məbədi"
anlamı daşıyır. Çünki burada HAQQ YOLUNU
NİZAMLAYAN bir dahi uyuyur.
1989-1991-cı
illərdə rekonstruksiya olunan, bir neçə il qabaq isə
özü və ətrafı əsaslı şəkildə
abadlaşdırılan Nizami məqbərəsinin qranit
tikilisinin uca nöqtəsinin yer səthindən
hündürlüyü 22,5 metrdir.
Nizami
Gəncəvi məqbərəsinin layihə müəllifi
tanınmış sənətkar, əməkdar memar, mərhum
Fərman İmamquliyevdir. Silindrik formalı monumental tikili olan
məqbərə Ukraynadan gətirilmiş qırmızı
sal qranit bloklarından inşa edilib. Nizami Gəncəvinin
adı qızıl xətlə məqbərənin
girişində həkk olunub. Abidənin ətrafında park
salınıb. Buradakı "Xəmsə qəhrəmanları"
adlı bədii-monumental kompozisiyaları isə əməkdar
rəssam, mərhum Qorxmaz Sücəddinov yaradıb. Nizami Gəncəvi
məqbərə kompleksi 2019-cu ildə ölkə
başçısının sərəncamı ilə Gəncə
Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə
qatılıb. Kompleksin direktoru Gülnarə
İsmayılovanın sözlərinə görə, hər
bir azərbaycanlının lap uşaqlıqdan tanış
olduğu qəhrəmanların ibrətamiz əhvalatlarını
əks etdirən bu incə zövqlü heykəltəraşlıq
nümunələrində Nizami hikmətinin ruhu insanı
özünə çəkir.
Qeyd
edək ki, Nizaminin 800 illik yubileyi ilə əlaqədar onun qəbri
üstündə 1947-ci ildə əhəng daşından
tikilmiş 15 metr hündürlüyündə olan məqbərə
20-ci əsrin 80-ci illərindən etibarən 60-cı illərdən
onun yaxınlığında fəaliyyətə başlayan
alüminium zavodunun havaya buraxdığı
aşılayıcı kimyəvi maddələrin təsirindən
bərbad hala düşmüşdü. Dahi mütəfəkkirin
məzarının onun adına yaraşan şəkildə
yenidən qurulması ideyası və təşəbbüsü
Ümummilli lider Heydər Əliyevə məxsus olub.
Məqbərənin keşməkeşli
tarixçəsi
Dahi
şairin son mənzilindən danışarkən, uzun illər
ərzində onun ətrafında cərəyan edən
keşməkeşli, hətta bəzi hallarda mistik hadisələri
xatırlamaq yerinə düşər.
Nizaminin
vəfatından sonra onun qəbri üstündə tikilən
və 19-cu əsrədək qalan türbə Azərbaycan ərazisində
əlamətdar məkanlardan olub. Bu türbə Qızıl
Arslan tərəfindən Şeyx Nizamiyə hədiyyə
edilmiş, Gəncə şəhərinə bitişik Həmdünya
kəndinin ərazisindədir və görünür, ona
görə də buralar "Şeyx düzü",
"Şıx düzü" adlandırılır.
"Şıx düzü"ndə aparılan arxeoloji
qazıntılar sübut edib ki, ərazi vaxtilə qədim Gəncə
şəhərinin və onun ətrafının
adlı-sanlı adamlarının dəfn edildiyi yer,
buraların bir növ fəxri məzarlığı olub. Uzun
illər ərzində Türkiyədən, İrandan,
İraqdan, eləcə də Yaxın və Orta Şərqin
digər müsəlman ölkələrindən Nizami məqamını
ziyarətə gəlirlərmiş. O cümlədən,
mövləvilər də Nizamini Şeyxlər Şeyxi
adlandıraraq, onu özlərinə mürşid
sayırmışlar.
Akademik
Həmid Araslı "Nizaminin vəqfi haqqında yeni sənəd"
məqaləsində qeyd edir ki, ölümündən sonra Nizaminin
qəbri ziyarətgaha çevrilib, şairin öz kəndinin
gəlirlərindən başqa, bizə məlum olmayan
hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən
də bu məqbərəyə vəqflər edilib. XVI əsrdə
bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə
və yoxsullara hər gün yemək verən, müdərrisləri
təmin edən bir xeyriyyə ocağı olub.
Orta əsrlərdə
bu ərazilərdə tez-tez vaqe olan təlatümlər Nizami
məqbərəsinə də təsirsiz
ötüşmür və onun zahiri quruluşunda öz
ziyanlı izlərini qoyur.
Daha
sonra, 1804-cü ildə Gəncə xanlığı süqut
edir. 1826-cı ildə isə Cavad xanın oğlu Uğurlu
xan və Qacar şahzadəsi Abbas Mirzənin birləşmiş
ordusu ilə rus qoşunları arasında "Şıx
düzü"ndə baş verən məşhur Gəncə
döyüşü zamanı məqbərə bərbad vəziyyətə
düşür. Və o düşən-bu düşən,
neçə onilliklər, qərinələr ərzində məqbərənin
bəxti gətimir ki, gətirmir.
1.
Nizami məqbərəsinin qalıqları (1920-ci illər)
1875-ci
ildə İsgəndər bəy Axundov "Kavkaz" qəzetində
yazırdı ki, Şeyx Nizami məqbərəsinin
tağı uçulub tökülüb, üstündə
ilan və kərtənkələlər sürünən kərpic
günbəz indi çovğun və istilərdən onun məzarını
qoruya bilmir.
1879-cu
ildə Həcc ziyarətinə gedən Seyid Əzim
Şirvani yolüstü məqbərəni ziyarət etmiş
və gördüyü acınacaqlı mənzərədən
sarsılmışdı:
Ey
Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə
izzü ehtişamı dağılan...
Bu
arada, 1881-ci ildə Tiflisdə arxeoloqların qurultayı
keçirilir, tədbirə rusiyalı və avropalı
mütəxəssislər toplaşır. Qurultay keçirilən
ərəfədə avropalı arxeoloqlar fürsət
tapıb Gəncəyə gəlir, Nizaminin qəbri ilə
maraqlanırlar. Onlar məqbərənin kənarından
lağım ataraq, məzardan bəzi şeyləri
çırpışdırırlar.
Sonralar
- 1923-cü ildə alim Mirabbas Mirbağırzadə
"Kommunist" qəzetində dərc olunan "Şeyx
Nizaminin qəbri" adlı məqaləsində
yazırdı: "40-45 il bundan əvvəl avropalı bir heyət
gəlib lağım ataraq Nizaminin qəbrindən
yazılı başdaşını aparmışdır.
Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər,
əski məqbərənin günbəzindən uçub
tökülən qədim Kufi yazılı kərpiclər də
yox olmuşdur".
19-cu
əsrin sonlarında ayrı-ayrı ziyalı və imkanlı
şəxslər təmirlə bağlı müəyyən
işlər görsələr də, ulu Şeyxin məqbərəsi
beləcə, ürəkaçan olmayan halətdə 20-ci əsrə
qədəm qoyur.
2.
Nizami Gəncəvinin qədim məqbərəsinin sxemi.
Ötən əsrin 20-ci illərində təşkil
olunmuş arxeoloji ekspedisiyasının materilallarından.
"Molla
Nəsrəddin" jurnalı 1908-ci ildə bununla
bağlı mal-qara tapdağı olmuş məqbərənin
acınacaqlı vəziyyətini əks etdirən və
"Camaat! Bu əzim gümbəz şairi-məşhur Nizami
Gəncəvinindir... Gəncənin fəxri olan bu mübarək
yadigarı qoyunların ziyarətindən qoruyaq" ifadələri
ilə şərh olunan karikatura (rəssam Şmerlinq) da
vermişdi.
Məqbərənin
taleyindən narahat olan ziyalılar hərəkətə
keçirlər. Elə həmin "Molla Nəsrəddin"
jurnalının təşəbbüsü ilə bu məqsədlə
xeyli sərmayə toplanır. 1909-cu ildə gəncəli
müəllim Mirzə Məhəmməd Axundzadə
"Şeyx Nizami" adlı kitabça nəşr etdirir və
gəlirini məqbərənin bərpasına ianə
edir.
"Yelizavetpolskiye
qubernskiye vedomosti" qəzeti (28.05.1909) yazır: "Əsgər
ağa Adıgözəlovun (Gorani - Z.M.) və Ələkbər
bəy Rəfibəyovun başçılığı ilə
görkəmli müsəlman şairi Şeyx Nizaminin
dağılmış abidəsini bərpa etmək məqsədilə,
yeni ədəbi cəmiyyət yaradılıb".
Azərbaycanın
sovetləşməsindən sonra Nizaminin qəbri ilə
bağlı məsələdə canlanma hiss olunur. 1922-ci ildə
Gəncədə "Nizami komissiyası" yaradılır.
Amma komissiya o dövrün ifrat bolşevik ab-havasına uyaraq,
"qaş düzəltmək əvəzinə, vurub göz
çıxarır", Nizaminin məzarını Gəncə
şəhərinin mərkəzinə köçürmək
qərarına gəlir. Bu məqsədlə müxtəlif təşviqat
tədbirləri təşkil edərək, ianələr də
yığılır.
Nizaminin
sümüklərini dəfn etmək üçün şəhərin
lap mərkəzində, Şah Abbas məscidinin
qabağındakı alış-veriş meydanının
ortasında qırmızı kərpicdən bir qəbir yeri də
hazırlanır. 1923-cü ilin mart ayında məqbərənin
içərisində qazıntı işlərinə
başlanılır. Əvvəlcə, məqbərənin
giriş hissəsində bir qəbir aşkar olunur. Qəbirdən
çıxan sümüklər çox incə və ağ
olur. Onları yeşiyə yığıb,
qazıntını davam etdirirlər. Bir qədər də dərinliyə
getdikdə, günbəz və bünövrə
qalıqları üzə çıxır. Metr yarım dərinlikdə
isə yerin altına açılan və üst qatları
uçmuş bir lağım görünür və orada
uçub içəriyə tökülmüş
daş-torpağı təmizlədikdən sonra aydın olur
ki, Nizaminin cənazəsi kəfənə büküldükdən
sonra üstündən tirmə ilə sarınıb və
palıddan hazırlanmış dörd ayaqlı bir tabuta
qoyulub. Tabutun özünün də tirmə ilə
sarınması cənazənin çox böyük ehtiram və
hörmətlə dəfn edildiyindən xəbər verirdi.
Tabutun taxta parçalarının üzərindən
qoparılmış tirmə parçaları hazırda Nizami
adına Ədəbiyyat Muzeyində saxlanılır.
3.
Nizami Gəncəvinin məzarı. 1932-ci il.
Diqqət
və maraq doğuran məsələlərdən biri də
şairin məzarının tipi və forması ilə
bağlıdır. Mirabbas Mirbağırzadə "Şeyx
Nizami" ("Yeni fikir", Tiflis 25.11.1923) adlı məqaləsində
yazır: "Nizaminin cənazəsi qoyulan yer qazılıb
abirma, adəti-vəchilə qəbirlərdən olmayıb,
türklər tərəfindən sapma qəbir deyilən əski
üsulca yeraltı bir daxmadan ibarət imiş".
Beləliklə,
Şeyx Nizaminin son mənzili də qədim türk
üslubunda qurulmuş kurqan-qəbirdən ibarət olub və
onun üzərində XIII-XIV əsr memarlıq abidələri
tərzində qülləvari türbə olub.
Gəncədəki
qazıntıların "səsi bir qədər sonra
çıxır". Qeyri-peşəkar insanlar tərəfindən
aparılan özbaşına qazıntı işlərinə
məşhur alim, akademik Bartold "Özbaşına
qazıntı və şərqşünaslıq" adlı
məqaləsində öz ciddi etirazını bildirir. Azərbaycan
Arxeologiya Komitəsinin İdarə Heyəti 26 avqust 1923-cü
il tarixli iclasında Gəncə Arxeoloji Cəmiyyətinin
üzvlərinə töhmət elan edir.
Dadaş
Bünyadzadənin işə qarışması ilə
köçürülmə prosesinin dayandırılması
ilə məsələ öz həllini tapır. Əli Razi
Şamçızadə "Kommunist" qəzetinin
1924-cü il 8 oktyabr tarixli nömrəsində "Bədbəxt
şair" başlıqlı məqaləsində bu barədə
yazırdı: "Tiflisdən (Azərbaycan artıq
SSRİ-nin tərkibinə Zaqafqaziya Federasiyasının
üzvü kimi daxil edildiyindən bu şəhər
üç respublikanın bir növ, ümumi paytaxtı idi -
Z.M.), yoldaş Dadaş Bünyadzadədən teleqraf
alındı ki, Şeyx Nizamini yerindən tərpətməyin,
öz qəbrində qalsın. Məqbərəsinin
planını çəkib göndəriniz, bütün məsarif
öhdəmədir".
Bundan
sonra Arxeologiya Komitəsi Mirabbas Mirbagırzadəni
oktyabrın 3-də Gəncəyə ezam edir və o,
oktyabrın 6-da verilən tapşırığı yerinə
yetirərək, Şeyx Nizaminin 6 aya qədər açıq
havada, taxta qutunun içində saxlanılan sümüklərini
yığıb yenidən köhnə qəbrində dəfn
etdirir.
Mirabbas
Mirbağırzadə gördüklərini "Şeyx
Nizami" adlı məqaləsində belə təsvir edirdi:
"Sümüklər, uzun yeşik kimi yapılmış adi
bir taxta qutunun içində idi. Üç yerdən
mismarlanmış qapağını açdım. Şeyx
Nizaminin sümüklərini həmin qızın ağ
sümükləri ilə qarışmış
gördüm. Qəbirdən çıxarılan sandıq
taxtasının parçaları və mıxları da qalan
başqa şeylərlə bərabər sümüklərlə
qarışmış idi. Şeyx Nizaminin qafa tası bir-birindən
ayrılmış və ufaq-ufaq olmuşdu. Sümüklər
də çürüməyə başlamış və qəhvə
rəngini almışdı..."
Yeni
məqbərənin tikilməsi məqsədi ilə şairin
qəbrini ətraflı tədqiq etmək üçün
1925-ci il iyunun 19-da bilavasitə Dadaş Bünyadzadənin
tapşırığı ilə görkəmli arxeoloq alim,
tatar əsilli Cəmil Aleksandroviç-Nəsifi Gəncəyə gəlir. O, Gəncədə
Nizaminin qəbrini tədqiq etməklə bərabər, qəbrin
açılmasında iştirak etmiş şair Əli Nəzmi
ilə görüşür və ondan qəbirlə
bağlı bir çox maraqlı məlumatlar alır.
C.Aleksandroviç-Nəsifinin tədqiqatlarının nəticələri
onun "Gəncə və Nizaminin qəbri" məqaləsində
ətraflı işıqlandırılıb və elə
yuxarıda təqdim etdiyimiz faktların çoxu da oradan
iqtibas edilib.
Amma
Nizaminin məzarı üstündə məqbərə
inşa edilməsi məsələsi yenə yubanır. Bu
mövzuda 1926-cı ildən elan edilən müsabiqədə
bir neçə layihə gözdən keçirilsə də,
1932-ci ildə nədənsə, böyük mütəfəkkirin
məzarı üstünə yalnız yeni qəbirüstü
daşlar qoyulur və Şeyx Nizami Gəncəlinin (üzərinə
məhz belə yazılıb) səhrada tənha qəbir təsiri
bağışlayan başdaşı üzərinə bu
abadlaşdırılmanın Xalq Maarif
Komissarlığının Baş Elmi İdarəsi tərəfindən
icra edildiyi qeyd olunur. Nəhayət, 1940-cı ildə
yuxarıda qeyd olunan ağ əhəng daşından tikiləcək
layihənin icrasına başlanılır.
Qarşıdan
isə Nizaminin 800 illik yubileyi gəlirdi. İ.Stalinin Nizami
yaradıcılığına və fəlsəfəsinə
xüsusi rəğbəti dahi şairin yubileyinin möhtəşəm
keçiriləcəyini təmin edirdi. Artıq Nizaminin
portretinin yaradılması üzrə rəssamların
müsabiqəsi də yekunlaşmışdı - Qəzənfər
Xəlilovun çəkdiyi əsər dahi şairin obrazı
kimi təsdiq olunmuşdu.
Lakin
həmin il, yəni 1941-ci ildə faşist Almaniyasının
SSRİ-yə qəfil hücumu bu yöndə planları
pozdu. Məqbərənin tikintisi təxirə
düşdü. Amma Nizaminin şərəfinə artıq
neçə-neçə elmi və bədii əsərlər
yaranmışdı, ciddi araşdırmalar gedirdi. Ağır
şəraitə baxmayaraq, blokadadakı Leninqradda Azərbaycanın
bu böyük övladının 800 illik yubileyinə həsr
olunmuş yubiley tədbirinin keçirilməsi tarixi bir hadisə
oldu.
Dahi
mütəfəkkirimizin yubileyi faşizm üzərində qələbədən
iki il sonra, 1947-ci ildə
bütün SSRİ miqyasında geniş şəkildə qeyd
olundu. Elə məqbərənin inşası da həmin il
başa çatdırıldı.
Nizaminin
hüzurunda uca mətləbli söhbətlər
Şeyx
İlyas Yusif oğlu özünə Nizami təxəllüsünü
əbəs yerə seçməyib. O, əsərləri ilə
dünyanın ilahi nizam qanunlarını müfəssəl
izah etməklə və insanlığı bu nizama
çağırmaqla bu adı alıb. Böyük "nizam
strateqi" Nizami Gəncəvi, bizim xasiyyət, şəxsi
keyfiyyət, eləcə də cəmiyyətdəki mövqelərimizdən
asılı olmayaraq, mütləq şəkildə hər
birimizin qəlbində müqəddəs bir nur damlası kimi
qərar tutub və həmin nur zərrəsi ən ziddiyyətli
anlarda belə hər birimiz üçün nizamlayıcı
enerji rolu oynaya bilər desək, yanılmarıq. Nizamini dərk
edən, onun əsərlərini oxuyan insan heç vaxt bədbəxt
ola bilməz. Çünki bu ulu şəxsiyyət bəşəriyyətin
hələ yeni-yeni öz orta çağlarına qədəm
qoyduğu bir dönəmdə fenomenal nəzəri bilgi və
əməli nizam üsullarını öz əsərlərində,
həm də gözəl poetik dillə, insana təlqin edib.
Onun əsərlərində verdiyi
yaradanla yaradılışın, təbiətlə
insanın, canlı aləmlə maddiyyatın, fikir ilə davranışın
harmoniyası məsələlərini bütün dövrlər
üçün, bütün dövrlərdə yaşayan
insanlar üçün keçərli olan "optimal
proqram" hesab etmək olar.
Dahi
mütəfəkkirimizin ideyalarını daim öz ürəyində
gəzdirərək, ondan başqalarının könlünə
də qığılcım payı verənlər heç də
az deyil.
Onlardan
biri Nizami sevdası ilə səyyahlıq etmiş
Əlişir Əhmədlidir. "Mən gənclik illərimdə,
otuz ildən də çox olan müddət bundan qabaq, dahi
Nizaminin 850 illiyi münasibətilə, heç kimin göstəriş
və məsləhəti olmadan, ürəyimin hökmü ilə,
o vaxt hələ mövcud olan SSRİ məkanına təkbaşına
uzunmüddətli səyahətə çıxmışam.
Bir ucu Pribaltikadan, digər ucu
Kamçatka və Uzaq Şərqədək, olduğum
yerlərdə keçirdiyim yüzlərlə
görüşlərdə, toplantılarda, radio və
televiziya studiyalarındakı, mətbuatdakı müsahibələrdə Azərbaycan
xalqının mənəvi qüdrətinin simvolu olan Şeyx
Nizami Gəncəvini, onun əsərlərini, fəlsəfəsinin
mahiyyətini onlarla xalqın nümayəndələrinə təbliğ
etmişəm, millətimizin insansevərliyini, mənəvi dəyərlərini
təlqin etmişəm. Bunları əks etdirən "Nizami
nurlu səyahət" adı altında 15 kitab yazıb,
öz gücümə nəşr etdirmişəm. Bu səyahətdən
bir neçə il sonra isə Füzulinin yubileyi ilə
bağlı Yaxın Şərq ölkələrini gəzmiş,
həmin məqsədlərimi yenə də davam etdirmişəm.
Bütün bu əzmi mənə Nizami dühasından gələn
tükənməz enerji bəxş edib. Bu gün də 60
yaşımda, Şeyx Nizaminin 880 illiyinə öz töhfəmi
verməyə hazıram", - deyə o bildirir.
Digər
bir həmsöhbətimiz isə 86 yaşlı fizik,
riyaziyyatçı, şair və nizamişünas,
bütün ömrü boyu dahi mütəfəkkirimizin
çoxşaxəli elmi nəzəriyyələrinin yorulmaz təbliğatçısı
olmuş Sabir Həsənzadədir. Onun söhbəti insan
ömrünün qanunauyğunluqlarını Nizaminin öyrətdiyi
kimi tam razılıqla qarşılamaq fəsəfəsinin
ruhuna uyğundur: "Mən dərk edirəm ki,
ömrümün son anlarıdır. Artıq günlərimin
çoxunu yataqda keçirirəm... Uşaqlığımdan
Nizami dünyasının vurğunu olmuşam. Yəni
şüurlu ömrümü Nizami ilə
başlamışam. Onu son dəfə ziyarət etməklə
də ömrü yekunlaşdırmaq istəyirəm. Həyatı
Nizami ilə dərk edib, Nizami ilə başa vuran nə bəxtiyardır!
Başlanğıcda da, sonda da Nizamidir! Mənim şəxsi qənaətimə
görə, Nizami peyğəmbər olmasa da, bu dünyaya
xüsusi missiyanın yerinə yetirilməsi üçün
gəlib. Onun əsərlərində insanlara anladılan
humanist və elmi qanunauyğunluqların izahını da bir
növ, "Quran"ın bəşər övladı
qarşısında qoyduğu məqsədlərə
çatmaq üsulları hesab edirəm".
...
Azərbaycan Prezidenti İlham Əliyev qədəm
qoyduğumuz yeni ili dahi şair və mütəfəkkirimizin
adı ilə bağladı. 2021-ci ilin Azərbaycanda
"Nizami Gəncəvi ili" elan edilməsi zəfər
sevinci yaşayan və əməllərində dahi mütəfəkkirin
ümumbəşəri ideyalarınıa sadiq millətimizdə böyük ruh yüksəkliyi və
qürur hissləri yaradıb.
Bir
neçə gün əvvəl
"Nizami ili"nin ilk tədbiri Gəncədə, Müdafiə
Nazirliyi tərəfindən
keçirildi. Nizaminin məqbərəsini ziyarət edərkən
qalib Ordumuzun zabitləri Vətən müharibəsindəki
tarixi zəfərimizlə səsləşən "Nizami
ili"nin ilk tədbirinin hərbçilərimiz
iştirakı ilə keçirilməsində böyük
hikmət olduğunu qeyd etdilər.
Doğrudan
da, millətimizin Ali Baş Komandan ətrafında sıx birləşərək,
qələbə ilə başa vurduğu Vətən
müharibəsindən sonra "Nizami ili"nə qədəm
qoyması tariximizin yeni, daha böyük uğurlar gətirəcək
erasının başlanğıcına işarədir.
Çünki hər bir yaxşı işinin başlanğıcında
Nizaminin ruhu durur!
Gəncə
Zakir MURADOV
525-ci qəzet.- 2021.-
19 yanvar. S. 12-13.