"Mən qalib deyiləmsə, oyun hələ bitməyib"

"Daima ayaqlarımı yorğanıma görə yox, yorğanımı ayaqlarıma görə uzatmağa çalışmışam"

 

Həyatın elə çətin anları olur ki, insan yenidən ayağa qalxa bilmək üçün bir sözə, bir cümləyə belə möhtac qalır.

İllər öncə həmin anları yaşadığım bir dönəmdə təsadüfən qarşıma bir cümlə çıxmışdı: "Mən qalıb deyiləmsə, oyun hələ bitməyib". İlk oxuyanda çox xoşuma gəldiyindən bu cümləni kimin dediyini, bu iddianın haradan yarandığını öyrənmək istəyirdim. O vaxtlar İsmayıl Vəliyevi beləcə tanımışdım. Onun məqalələri, paylaşdığı videolar, həyatla bağlı məsləhətləri həmin dövrdə mənə çox kömək oldu. Əslində, mən motivasiya tipli yazılardan uzaq adamam. Ancaq onun motivasiya yazılarında məni özünə cəlb edən həyat hekayəsi vardı. Bir sözlə, onun həyat, çətinlik və uğur haqqında danışmağı sözü var idi.

İsmayıl Vəliyev 1984-cü ildə Gədəbəy rayonunda anadan olub. Həyatının ilkin dönəmlərində təhsildən uzaq olsa da, birdən-birə oxumaq qərarına gəlir və universitetə hazırlaşmağa başlayır. Ətrafında heç kim onun qəbul olunacağına inanmır və o, həqiqətən də universitetə qəbul oluna bilmir. Həm də nə az, nə çox, düz, üç il. Nəhayət, dördüncü cəhdində tələbə adını qazanır. Beləliklə, İsmayıl Vəliyevin uğur hekayəsi yazılmağa başlayır. Hazırda həm təhsilində, həm işində kifayət qədər uğurlu olan, təlimçi, bloqer kimi fəaliyyət göstərən müsahibim uğur haqqında düşüncə və yanaşmalarını bizimlə bölüşdü.

 

***

- Öz uğur hekayənizin olması sizə gördüyünüz işdə kömək edirmi? Axı insanlar uğur hekayəsi olan şəxslərdən öyrənməyə daha çox meyilli olurlar.

- İnsanın özü haqqında danışdığı, yazdığı, tədris etdiyi mövzularda öz şəxsi həyatından misallar paylaşması, əldə etdiyi nəticələri danışması daha fərqli olur. Sadəcə nəzəriyyə danışan birindən fərqli olaraq, paylaşdığı mesajın canlı nümunəsi olur bu insan. Bu da əlbəttə ki, o insanın sözünü daha təsirli edir. Mən özümü qeyri-adi səviyyədə uğurlu adam saymıram, amma bəlli, mənə maraqlı olan və haqqında danışdığım, yazdığım mövzularda özümün artıq nəticə əldə etmiş olmağım mən çox fayda verir.

- Sizcə, uğur nə deməkdir?

- Bu sualın cavabı çox çətindir. İnsan adətən bu gün uğrunda əziyyət çəkdiyi hədəfinə çatdıqda, uğur qazandıqda çox sevinə bilər, amma bir müddət sonra bu, o insan üçün çox mənasız bir nəticə kimi görünər. Bu hal insanların həyatında tez-tez təkrarlana bilər. Və məncə, belə də olmalıdır. Çünki insan həm keçən vaxt, həm də öyrəndiyi yeni bilgilər və qazandığı təcrübələrə görə öz dəyərlərini formalaşdırır. Bəzən hədəflərini dəyişir, tamamən fərqli istiqamətlərə yönələ bilir. Bu zaman isə dünən uğur adlandırdığı hər hansı bir şey artıq onun üçün uğur sayılmır. Məncə, uğur insanın başqalarının xoşuna gəlmək, bəyənilmək, sevilmək, alqış toplamaq kimi səbəblərdən azad bir şəkildə özünə sırf özü istədiyi, həm maddi, həm də mənəvi cəhətdən özü üçün mənalı bildiyi bir hədəf va ya hədəflər seçə bilməsidir. Təbii ki, bu seçim də özlüyündə çox çətindir. Ən əsası da seçimlərdən sonra gələn ikinci mərhələ - bu hədəflərinin reallaşdırılması asan deyil. Bu suala konkret cavabım isə belə olardı: üç-dörd yaxşı dost, sağlamlıq, insanlara möhtac olmadan yaşaya bilmək və bir də sevginin, sayğının olduğu bir münasibət. Bu, bəlkə də, ən doğru cavabdır.

- Bəzən motivasiya kitablarını nağıl hesab edənləri də görürük. Bəlkə bu yanaşmada şişirdilmiş uğur hekayələrinin də rolu var. Motivasiya mövzusu ilə sıx bağlı olan təlimçi kimi bu barədə nə düşünürsünüz?

- Motivasiya kitabları lazımlıdır, faydalıdır və oxuyan insanlara da mütləq faydası olur. Məncə, bunda problem yoxdur. Amma insanlar bu kitabları tək çıxış yolu, yeganə həll, axtardıqları cavabları tapacaqları tək mənbə olaraq görərlərsə, bu, çox təhlükəlidir. Nağıllardan daha təhlükəlidir. Sadəcə özünü o kitablara yönəltmək olmaz. Yoxsa bu yanaşma hər dəfəsində fəlakət gətirər.

- "Mən qalib deyiləmsə, oyun hələ bitməyib". Bildiyim qədərilə bu, sizin həyat sloqanınızdır. Bu ifadəni sizdən tez-tez eşidirik. Niyə məhz bu sloqan?

- Mənim gənclik və tələbəllik illərim çətin keçib. Çətin olmasının da səbəbkarı özüməm. Çünki daima ayaqlarımı yorğanıma görə uzatmağı deyil, yorğanımı ayaqlarıma görə uzatmağı düşünmüşəm, bunun üçün çalışmışam. Təbii ki, bu düşüncə tərzi ciddi risklər almağıma, tez-tez uğursuzluqla üzləşməyimə, təkliyə, ciddi maddi və mənəvi krizislərə səbəb olub. Xəyallarım və imkanlarım arasında daima çox ciddi bir boşluq, uçurum olurdu və mən bu boşluğu doldurmağa çalışarkən çox ağır sınaqlardan keçirdim. Tam da belə günlərdən birindən keçərkən bu deyim qarşıma çıxmışdı, gənc və çılğın vaxtım olduğu üçün çox xoşuna gəlmişdi. Mən də bütün əngəllərə qarşı bu deyimlə bir növ inqilab etmişəm, təslim olmayacağam demişəm. Bu deyim mənim üçün yaşadıqlarımı çox əla izah edən və hisslərimə tərcüməçi olan bir dost kimi olub. Bu səbəbdən dolayı bu ifadəni tez-tez işlədirdim. Son illərdə isə bu deyimə bir əlavə etmişəm. Və ilk dəfə buradan paylaşıram: Mən qalib deyiləmsə, oyun çoxdan bitib. Məsələ, oyun nə zaman bitdiyini anlayacaq qədər insanın cəld və müdrik bir qərar verə bilmə bacarığının olmasıdır. Çox çətindir, asan deyil, bu söhbətə sığışdıra bilməyəcəyim qədər geniş mövzudur. İkinci kitabımda bu mövzuda geniş şəkildə danışmışam.

- Söhbət yeni kitabdan düşmüşkən, bu kitabda hansı mövzulara toxunmusunuz?

- Bu kitab ilk kitabımdan çox fərqlidir. Mövzu da daha spesifikdir. Sırf bu mövzunu işləmək üçün bir çox fərqli elm sahələrindən - psixologiya, nevropsixologiya, davranış iqtisadiyyatı, pozitiv psixologiya, idman psixologiyası, hərbdə ən elit qüvvələrə xüsusi olaraq tədris edilən metodları araşdıraraq, öyrənərək, həmçinin, sahəsində dünyanın ən yaxşıları olan ekspertlərdən müsahibələr alaraq və bütün bunları birləşdirib müqayisə edərək bəhrələnmişəm. Kitabda insan davranışının dizayn olunması, dəyişdirilməsi, yeni vərdişlərin formalaşdırılması və mənfi vərdişlərin tərgidilməsi, insanın öz beynini şəkilləndirməsi və dəyişdirməsi, iradəsini gücləndirməsi kimi hər birimizə maraqlı və lazımlı olan mövzular işlənib.

 

İsmayıl Vəliyev

Müsahibəni apardı: Aytac SAHƏD

525-ci qəzet.- 2021.- 19 yanvar. S. 14.